Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni geosiyasi reallıq
2020-ci ilin Vətən müharibəsi və 2023-cü ilin lokal xarakterli antiterror tədbirləri nəticəsində regionda beynəlxalq hüquqa əsaslanan yeni siyasi reallıqlar yaranıb. Prezident İlham Əliyevin məharətli hərbi və siyasi-diplomatik strategiyası sayəsində şanlı ordumuz torpaqlarımızın qanunsuz hərbi işğalına son qoydu və bununla Azərbaycan Birləşmiş Millətlər Təşkilatının (BMT) ən ali vəzifəsi sayılan beynəlxalq sülhün və təhlükəsizliyin təmininə ciddi töhfə verdi. Azərbaycan BMT üzvü olan ölkələr arasında azsaylı dövlətlərdən sayılır ki, beynəlxalq hüququn hamılıqla tanınan, amma uzun illər pozulmuş prinsiplərini də öz resursları hesabına təmin etdi.
Zəfərdən qısa müddət sonra 198 dövlətin dəstəyi ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Bakıda keçirilməsinə nail olmaq yaranmış siyasi və hüquqi reallıqların beynəlxalq birlik tərəfindən qəbulu və Azərbaycan Prezidentinin düşünülmüş xarici siyasət kursunun uğurlu nəticəsidir.
Cənab Prezidentin rəhbərliyi altında qlobal arenada praqmatik, müstəqil və prinsipial xarici siyasət həyata keçirən Azərbaycan etibarlı tərəfdaş kimi qəbul edilir. Prezident İlham Əliyev 7-ci çağırış Milli Məclisin açılış iclasında etdiyi çıxışında vurğuladı ki, "Tarixi Zəfərimizdən sonra xarici siyasətimizdə daha sərbəstik. Müstəqil, prinsipial xarici siyasət əsas istiqamətimizdir". Bu gün Azərbaycanın 20-dən çox dövlətlə strateji tərəfdaşlıq münasibətləri var.
2025-ci ildə də Azərbaycanın beynəlxalq münasibətlər sistemində uğurlu fəaliyyətinin təmini, o cümlədən beynəlxalq tədbirlərin təşkili məqsədilə dövlət büdcəsində 754,2 milyon manat məbləğində vəsait ayrılması nəzərdə tutulub. Bu vəsaitin 238 milyon manatı beynəlxalq və ölkə səviyyəli tədbirlərin təşkili üçün planlaşdırılır. Bu da ötən illə müqayisədə 17.6 faiz, manatla ifadədə 37.1 milyon manatlıq bir artım nümayiş etdirir.
Azərbaycan hərbi və diplomatik gücünü paralel olaraq artırır
Vətən müharibəsindən sonra beynəlxalq mövqelərini daha da möhkəmləndirən Azərbaycan hərbi-texniki məhsullarımızın ixrac coğrafiyasını genişləndirməklə yeni tərəfdaşlar qazanır, həmçinin hərbi-sənaye kompleksini müasirləşdirir və bir ilk olaraq yerli özəl sektoru da bu sahəyə cəlb edir.
Suverenliyimizin tam bərpasından sonra aparılan fəal xarici siyasət sayəsində ölkəmizə dost dövlətlərin sayı bütün qitələrdə artır. Vaxtilə əlaqələrimizin olmadığı bölgələrlə indi ciddi təmaslar qurulur. Bunun üçün əsas meyarlar prinsipial olaraq dəyişməz qalır: Azərbaycan dövlətinin suverenliyinin tam bərpasına olan münasibət, iki və çoxtərəfli formatda bir-birinin daxili işlərinə qarışmamaq və qarşılıqlı hörmət əsasında əməkdaşlığın inkişafı. Ənənəvi dost dövlətlərlə isə əlaqələr daha da gücləndirilir, münasibətlərdə yeni şəbəkələşmə vasitəsilə mövqeyimiz qlobal və regional miqyasda daha da möhkəmləndirilir.
Buna ən aktual misal, 2024-cü il 19 dekabr tarixində Qahirədə İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Zirvə toplantısı zamanı Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına üzv qəbul edilməsidir. Azərbaycanın namizədliyinə qardaş və müttəfiq Türkiyə və strateji tərəfdaş Pakistanla yanaşı, dost ölkələr - Misir, İran, İndoneziya, Malayziya, Nigeriya və Banqladeş tərəfindən də dəstək göstərilməsi bu ölkələrlə etibarlı əməkdaşlıq münasibətlərimizə verilən dəyərdir.
Türkiyənin təşəbbüsü ilə 1997-ci il İstanbul Bəyannaməsi ilə təsis edilmiş D-8 təşkilatı fəaliyyət göstərdiyi 30 il ərzində ilk dəfə idi ki, təşkilatın sıralarına yeni üzvün qəbulu ilə bağlı qərar verdi. Bu qərarın beynəlxalq arenada nüfuzu artmaqda olan və davaml iqtisadi inkişafa malik dövlətimizə münasibətdə verilməsi Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş xarici siyasət kursunun növbəti uğurudur. D-8 təşkilatına üzvlük Azərbaycanın qlobal və regional miqyasda daha geniş təsir imkanları əldə etməsi üçün platforma rolunu oynayacaq və paralel olaraq D-8 təşkilatının gücünün ölkəmizin resursları hesabına artmasına töhfə verəcək.
İslam Əməkdaşlıq Təşkilatının nüfuzlu üzvlərindən olan Azərbaycan digər D-8 təşkilatı üzvü dövlətlərlə birlikdə islam həmrəyliyinin daha da gücləndirilməsi üçün öz səylərini artıracaq. Hələ 2013-cü il oktyabrın 28-də dövlətimizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü qismində təşəbbüsü ilə BMT tarixində ilk dəfə olaraq "Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi" mövzusunda iclas keçirildi. Digər bir faktı da vurğulamaq yerinə düşər, belə ki, 2017-ci ilin "İslam həmrəyliyi ili" elan olunmuş ölkəmizdə mədəniyyət paytaxtımız Şuşa şəhəri 2024-cü il üçün "İslam mədəniyyətinin paytaxtı" seçilib.
Qərbin Azərbaycana qarşı qərəzli münasibəti
Prezident İlham Əliyevin Milli Məclisin VII çağırış açılış iclasındakı nitqində qeyd etdiyi kimi, İkinci Qarabağ müharibəsinin yaratdığı siyasi və hüquqi nəticələri qəbul etmək istəməyən qüvvələr və yaxud sözdə qəbul edib, əməldə əks fəaliyyət göstərən beynəlxalq aktorlar var. Həmin dairələr bu regionda Azərbaycanın artan təsirini və müstəqil siyasətini narahatlıqla qarşılayırlar. Bu qüvvələr konstruktiv dialoqu təşviq etmək əvəzinə gərginliyi gücləndirmək və əldə edilmiş nəticələri sarsıtmaq riski daşıyan fəaliyyətlər həyata keçirirlər. Qərbin bir sıra dairələri həm iqtisadi, həm də siyasi təzyiq alətlərindən istifadə edərək, region və onun sərhədlərindən kənardakı resurslara və geostrateji dəhlizlərə nəzarət etməyi planlaşdırırlar. Onlar regionda davamlı gərginlik yaradaraq Cənubi Qafqazın hər üç dövlətinə nəzarəti ələ keçirmək, beləliklə, Qafqaz regionunda öz geosiyasi mövqelərini gücləndirmək niyyəti güdürlər. Bu qüvvələr öz bədnam niyyətlərinə nail olmaq üçün Ermənistandan alət kimi istifadə edirlər, onun Azərbaycana qarşı təcavüzkar siyasətini canlandırmağa çalışırlar. Ermənistandan alət kimi sui-istifadə işğal dövründə bir formada, postmünaqişə dövründə isə modifikasiya olunmuş digər formada həyata keçirilir.
Ermənistan silahlanır, həm də kənar qüvvələr tərəfindən də silahlandırılır. İkinci Qarabağ müharibəsi bitdikdən sonra Ermənistan hökuməti hər il hərbi büdcəni artırmaqda davam edir. Kapitulyasiyadan sonrakı ildə Ermənistanın hərbi büdcəsi 600 milyon ABŞ dolları olmuşdusa, 2024-2025-ci fiskal ilində Ermənistanın Hindistandan alacağı silahların dəyəri 600 milyon ABŞ dollarına bərabərdir. Lokal xarakterli antiterror tədbirlərin keçirildiyi 2023-cü ildə Ermənistan 2021-ci illə müqayisədə 100 faizdən çox artım edərək hərbi büdcəsini 1.28 milyard dollara çatdırıb. Cari ildə Ermənistanın hərbi xərcləri 1.37 milyard dolları keçib. Postsovet məkanında ümumi daxili məhsulda hərbi xərclərin ən yüksək göstəricisi olan ölkə də 4.2 faiz olmaqla məhz Ermənistandır.
Son vaxtlar Ermənistan-ABŞ hərbi əməkdaşlığı da dərinləşməkdədir. Bu iki ölkənin hökumət nümayəndələri ABŞ-Ermənistan Strateji Dialoqunun Tərəflərin Strateji Tərəfdaşlıq səviyyəsinə qaldırılması üzərində işləyir. Planlanan Strateji Tərəfdaşlıq münasibətlərinin vacib istiqamətlərindən biri kimi də hərbi, təhlükəsizlik sahəsində əməkdaşlıqdır. 2023-cü ilin iyul ayında Pentaqon nümayəndəsi Ermənistan Müdafiə Nazirliyinə təyin olunub. Həmçinin iyulda Ermənistanda "Eagle Partner 2024" adlı birgə Ermənistan-ABŞ hərbi təlimləri keçirilib. ABŞ Beynəlxalq İnkişaf Agentliyi USAID Ermənistana yardımları faktiki iki dəfə artıraraq 250 milyon dollara çatdırıb.
Ermənistanın dövlət kimi xarici siyasət, hərbi və iqtisadi sahələrdə xaricdən xroniki asılılığı mövcuddur. Bu sahələrdə fəaliyyət göstərərkən prinsipiallıq, davamlılıq göstərə bilmir, iqtisadi resursları çatmır, siyasi iradə ortaya qoya bilmir. Bu da nəticədə Ermənistandan digər güclər tərəfindən alət kimi istifadə edilməsinə şərait yaradır.
Şərti dövlət sərhədində yerləşdirilən və faktiki olaraq NATO missiyasına çevrilən missiya ləğv edilməlidir. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı yer almış ərazi iddiasının ləğvi üçün müvafiq dəyişiklik edilməlidir.
Azərbaycan tərəfinın davamlı barışığın əldə edilməsi üçün təklif etdiyi məsələdən biri də Azərbaycan Prezidentinin "Rossiya seqodnya" beynəlxalq informasiya agentliyinə müsahibəsində səsləndirdiyi müxtəlif hüquqi platformalarda qaldırılmış beynəlxalq məhkəmə iddialarından qarşılıqlı olaraq əl çəkmək təklifidir. Azərbaycan və Ermənistan Beynəlxalq Ədalət Məhkəməsində İrqi Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı qarşılıqlı olaraq iddia qaldırıb. Azərbaycanın Haaqada yerləşən Daimi Arbitraj Məhkəməsində Ermənistana qarşı qaldırdığı iddialar var. Belə ki, Avropanın canlı təbiətinin qorunması haqqında 1979-cu il Bern Konvensiyası və 1994-cü il Enerji Xartiyası Müqaviləsi üzə ciddi beynəlxalq hüquqi pozuntularına görə, Azərbaycan Ermənistana qarşı 2023-cü ildə dövlətlərarası arbitraj prosesi qaydasında iddia qaldırıb. Vaxtilə işğal altında olmuş ərazilərdə ətraf mühitin məhvinə, enerji resursları üzərində ölkəmizin suveren hüquqlarını tanımaqdan imtina etməsinə və digər beynəlxalq öhdəlikləri pozmasına görə Ermənistandan Azərbaycana tam kompensasiya ödənilməsi və maliyyə təzminatının qarşılanması tələb edilir. Ermənistanın 30 illik işğal dövründə Azərbaycana vurduğu ziyan 150 milyard dollardan çox qiymətləndirilir.
İdeoloji və informasiya təxribatları - təhlükəsizliyin təmini məsələsi
44 günlük Vətən müharibəsinin gedişində Prezident İlham Əliyev dünyanın ən böyük media qurumlarına 30-dan çox müsahibə verməklə bunu real mübarizə və diplomatik silah üsuluna çevirə bildi. Təcavüzlə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdıran və münaqişə ilə bağlı dünyanın fikrini dəyişdirməyə müvəffəq olan Azərbaycan Prezidenti informasiya müharibəsində də qalib gəldi.
Postmüharibə dövründə dövlətimizin və cəmiyyətimizin qarşısında duran vacib vəzifələr həmçinin ideoloji və informasiya təhlükəsizliyinin təmini ilə bağlıdır. Belə ki, Vətən müharibəsi və lokal xarakterli antiterror əməliyyatları nəticəsində yaranmış yeni geosiyasi reallıqlar fonunda Azərbaycana qarşı ideoloji təxribatlar artmağa başlayıb. Bu təxribatlar müxtəlif platformalar - mətbuat, sosial-şəbəkələr, parlamentlər, qeyri-hökumət təşkilatları vasitəsilə həyata keçirilir. Beynəlxalq birliyin iqlim dəyişikliyinin nəticələri ilə mübarizəyə dair aktual məsələləri müzakirə etdiyi bir vaxtda COP29 keçirildiyi günlərdə Aİ-nin kiçik üzv dövləti olan Lüksemburqun Deputatlar Palatasından ölkəmizə qarşı növbəti dəfə platforma kimi sui-istifadə edildi. Noyabrın 20-də Azərbaycanı əsassız ittihamlarla hədəfə alan qətnamə qəbul edildi. Ölkəmizə qarşı şiddətli qarayaxma kampaniyasının aparıldığı, ədalətsiz və qeyri-obyektiv münasibətin tüğyan etdiyi siyasi məkan isə Avropa Parlamentidir.
Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının cari ilin 21 dekabr tarixdə yaydığı hesabatında bildirilir ki "böyük maliyyə vəsaitinə və siyasi gücə malik dövlətlər hədəflərində olan başqa bir dövlətə beynəlxalq insan hüquqları təşkilatları vasitəsilə müxtəlif mövzularda dayanmadan hücumlar edir, bəyanatlar verdirir, beynəlxalq nüfuzunu zədələməyə çalışır, sanksiya və başqa vasitələrlə təhdid edirlər". Xüsusilə COP29 ərəfəsində 200-ə yaxın nəzarətdə olan media qurumu Azərbaycanla bağlı neqativ məlumatlar tirajlayıb. Belə ki, hesabatda ötən dövr ərzində aparılan media kampaniyası çərçivəsində dünyanın ən azı 25 nüfuzlu və 180-ə yaxın o qədər də populyar olmayan media qurumunun Azərbaycanla bağlı neqativ məlumat yaydığı qeyd edilib. Ölkəmiz əleyhinə aparılan qarayaxma kampaniyasına qarşı mübarizə kompleks yanaşma tələb edir. Hesab edirəm ki, qarayaxmalar ilk növbədə ölkənin imicinə, beynəlxalq mövqelərinə zərbə vurmağa hesablandığından qarayaxmalarla mübarizədə başlıca yol həm də ictimai diplomatiya və elm sahəsində fəaliyyətin genişləndirilməsidir.
Şanlı Zəfərimizdən sonra intensivləşən parlament diplomatiyasının rolu
44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın qalib dövlət kimi təmsilçiliyi çərçivəsində xarici siyasətin parlament ölçüsü sahəsində də postmüharibə dövrünün reallıqlarının təbliği aparılır. Dövlətimizin vahid xarici siyasət kursunun həyata keçirilməsinə həm ikitərəfli, həm də çoxtərəfli formatda aktiv parlament diplomatiyası vasitəsilə verilən töhfələri qeyd etmək istərdim. Vətən müharibəsindən sonrakı illərdə Milli Məclis 100-ə yaxın dövlətin və 40-dan çox beynəlxalq təşkilatın iştirakı ilə 30-dan artıq beynəlxalq tədbirə evsahibliyi edib. 80-dən çox ölkəyə isə iki və çoxtərəfli formatda görüşlər və danışıqlarda iştirak məqsədilə səfərlər həyata keçirilib. Hazırda Milli Məclis Türk Dövlətlərinin Parlament Assambleyasına, Asiya Parlament Assambleyasına, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə uğurla sədrlik edir.
Perspektivlər
Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, İkinci Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd ediblər.
Azərbaycan Prezidentinin Avropa paytaxtlarından birinə səfəri çərçivəsində beynəlxalq mətbuata müraciətlə dediyi "Azərbaycan xalqı döyüş meydanında öz ərazi bütövlüyünü, suverenliyini və ləyaqətini bərpa etmişdir" fikri qalib dövlətimizin hər bir vətəndaşını yeni çağırışları dəf etmək üçün bundan sonra da əzmkarlıq, vətənpərvərlik və peşəkarlıq göstərməyə səsləyir.
Prezident İlham Əliyevin qlobal və regional miqyasda sülhü və konstruktiv əməkdaşlığı özündə ehtiva edən beynəlxalq təşəbbüsləri beynəlxalq birlik tərəfindən yüksək dəyərləndirilir və dövlətimizin mövqelərinin yüksəlməsinə xidmət edir. Cənab Prezidentin rəhbərliyi altında qlobal arenada praqmatik, müstəqil və prinsipial xarici siyasət həyata keçirən Azərbaycan etibarlı tərəfdaş kimi qəbul edilir. Şərqlə Qərb arasında birləşdirici halqa rolunu oynayan Azərbaycan qlobal əhəmiyyətli təşəbbüsləri və kritik məsələlərə sərgilədiyi obyektiv mövqe sayəsində öz beynəlxalq nüfuzunu dinamik şəkildə artırır.
Rizvan NƏBİYEV,
Milli Məclisin deputatı