Siyasi arenada dövlətin və xalqın gələcəyi ilə bağlı məsuliyyəti öz üzərinə götürməyi, vaxtında və düzgün qərarlar qəbul edərək, onların icrasına dair qətiyyətli addımlar ataraq tarixi bir missiyanı yerinə yetirməyi bacaran şəxsiyyətlər xalqın əsl liderinə və siyasi fenomenə çevrilirlər. 2003-cü ildən ölkədə keçirilmiş seçkilərdə Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Əliyev Ümummilli Liderimizin siyasi irsini davam etdirərək dövlətimizi strateji hədəflərə doğru uğurla apardı.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrildi. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi yol xəritəsi güclü iqtisadi potensialın formalaşdırılmasını, müasir cəmiyyət quruculuğunu, qarşıya qoyulmuş bütün vəzifələri yerinə yetirmək qüdrətində olan Silahlı Qüvvələrin yaradılmasını, beynəlxalq aləmlə bərabərhüquqlu, qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan əlaqələrin inkişaf etdirilməsini və bütün bunların son hədəfi kimi Azərbaycanın müstəqil siyasətini, ərazi bütövlüyünün və suverenliyinin bərpasını nəzərdə tuturdu.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə əbədi həkk olundu. Otuz ilə yaxın işğal altında qalmış torpaqlarımız 44 gün ərzində azad edildi. Qarabağın tacı, döyünən ürəyi olan Şuşanın azad olunması tariximizə Zəfər Günü kimi yazıldı. İşğalçı Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış qətnamələrini Azərbaycan özü icra etdi. Qələbəni şərtləndirən mühüm amillərdən biri də Azərbaycan Prezidentinin diplomatiya müstəvisində çevik siyasəti oldu. Müharibə dövründə dövlət başçısı xarici mediaya otuzadək müsahibə verdi ki, bu da münaqişə və Qarabağla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı.
Qəhrəman ordumuzun 2023-cü il sentyabrın 19-da Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri hərb tariximizə daha bir parlaq səhifə kimi yazıldı, qarşıya qoyulan hədəflərə 24 saatdan da az müddətdə nail olundu. Bu, eyni zamanda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin, siyasi iradəsinin, müdrik qərarlarının məntiqi nəticəsi olmaqla, öz lideri ətrafında "dəmir yumruq" kimi birləşmiş xalqımızın gücünü və qələbə əzmini nümayiş etdirdi.
Azərbaycanın Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin, qeyri-qanuni erməni separatçı dəstələrinin silahı yerə qoyması, döyüş mövqelərindən, hərbi postlardan çıxması və tərk-silah olunması, separatçı rejimin özü-özünü buraxması, paralel şəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi ilə bütün ölkə ərazisində suveren hüquqlarımız tam və qəti şəkildə bərqərar oldu.
Prezident İlham Əliyev xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Azərbaycana Prezident kimi rəhbərlik etdiyi 21 ildə ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişlənib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmlənib. Prezident İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər görüb. Nəhəng infrastruktur layihələri həyata keçirilib. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin edib. Olimpiya idman komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafına, minlərlə məktəb tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi təhsilin zamanın tələblərinə uyğun qurulmasına mühüm töhfələr verib.
Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Neft-qaz sahəsində qazandığı uğurları davam etdirən ölkəmiz Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə start verdi. Bununla da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan "Cənub qaz dəhlizi" layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başladı. Xəzərin Azərbaycan sektorunda "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkəmizin dünya enerji sənayesində həlledici rolu olduğunu bir daha təsdiqlədi. Dövlət başçısının gərgin və uğurlu fəaliyyəti, ardıcıl səyləri ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərindən sonra Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP kimi transmilli qaz arteriyaları yaradıldı. Bununla da dünya enerji xəritəsində yeni mənzərə formalaşdı.
2017-ci ildə Prezident İlham Əliyevin şəxsi səyləri nəticəsində Xəzər dənizinin Azərbaycan sektorundakı Azəri-Çıraq-Günəşli neft yataqları blokunun işlənilməsində yeni dövr başlandı. "Əsrin müqaviləsi"nin müddəti 2050-ci ilədək uzadıldı. 2020-ci il dekabrın 31-də isə "Cənub qaz dəhlizi"nin son seqmenti olan Trans-Adriatik boru kəmərinin istismara verilməsi ilə Azərbaycan qazının tarixdə ilk dəfə olaraq Avropaya ixracına başlanıldı. Bütün bu irimiqyaslı neft-qaz layihələri ilə yanaşı, Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin və Ələt Azad İqtisadi Zonasının açılışı ilə Azərbaycan regionun ən böyük ticarət, logistika, "Şimal-Cənub", "Şərq-Qərb" və Orta dəhliz nəqliyyat marşrutlarının mərkəzinə çevrildi. Bu və digər layihələr ölkəmizə həm iqtisadi, həm də siyasi dividendlər qazandırmaqdadır.
Ötən dövr Azərbaycanda bütün sahələrin inkişaf etməsi ölkəmizin bölgədə və dünyada mövqelərinin güclənməsi ilə müşayiət olunub. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırıb. Bu gün Azərbaycan dünyanı həm də azad edilmiş ərazilərdə sürətli bərpa və yenidənqurma işləri ilə heyrətləndirir. Prezident İlham Əliyev azad edilmiş rayonlara çoxsaylı səfərləri zamanı strateji infrastruktur obyektlərinin açılışını edir, yenilərinin təməlini qoyur, düşmənin darmadağın etdiyi şəhərlərin və kəndlərin bərpası sürətlə davam etdirilir. Azad edilmiş ərazilərdə beynəlxalq hava limanlarının istifadəyə verilməsi həm də Böyük qayıdış proqramının sürətlənməsini təmin edir. Bu ərazilərin əlverişli coğrafi mövqeyi, ekoturizm imkanları, relyefi xarici turistlər üçün olduqca cəlbedicidir.
Bu baxımdan Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanları Qarabağın turizminə açılan qapı olacaq. Azad olunmuş şəhərlərə və kəndlərə 2026-cı ilə qədər ümumilikdə 140 min insanın köçürülməsi planlaşdırılır. Nəhəng vəsait və qüvvə tələb edən bu işləri Azərbaycan kənardan bir manat belə almadan özü görür. Bu həm də ölkəmizin ildən-ilə artan iqtisadi gücünün göstəricisidir.
Kamran BAYRAMOV,
Milli Məclisin deputatı