02 Sentyabr 2024 19:02
334
Səfərlər
A- A+

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərdə “İstisu” mineral su zavodunun açılışında iştirak ediblər  YENİLƏNİB  

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda “İstisu” mineral su zavodunun açılışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına və birinci xanıma zavod barədə məlumat verdi.

Bildirildi ki, “İstisu” mineral su zavodu uzun illər Kəlbəcərin müstəsna keyfiyyəti və sağlamlığa faydaları ilə tanınan termal su yatağından çıxan eyniadlı suyunu 30 illik müddətdən sonra yenidən istehlakçılara təqdim edir.

Qeyd edək ki, 1976-cı ildən etibarən Kəlbəcər rayonunda “İstisu” mineral suyunun istehsalına başlanılıb. Bununla da nadir və faydalı mineral tərkibə malik “İstisu” təbii mineral suyu geniş coğrafiyada şöhrət tapıb.

Prezident İlham Əliyev zavodu işə saldı.

Mənbəyini Azərbaycanın Kəlbəcər rayonunun mənzərəli dağlıq bölgəsində, dəniz səviyyəsindən 1600 metrdən çox yüksəklikdə yerləşən termal su yataqlarından götürən və təbii halda 60°C-dən yuxarı temperaturda çıxan “İstisu” mineral suyu regionun minerallarla zəngin nadir suyu kimi xarakterizə olunur. Lakin torpaqlarımızın Ermənistan tərəfindən işğalı ilə əlaqədar 30 il ərzində “İstisu” təbii mineral suyunun istehsalı dayanıb.

Təməli 2022-ci il iyunun 26-da Prezident İlham Əliyev tərəfindən qoyulan “İstisu” mineral su zavodunda işlər 2024-cü ildə tam başa çatdırılıb.

Dövlətimizin başçısı və birinci xanım zavodda istehsal prosesi ilə tanış oldular.

Bildirilib ki, “İstisu” mineral su zavodu müasir avtomatlaşdırılmış sudoldurma xətləri və robotlaşdırılmış anbar idarəetmə sistemləri ilə təchiz edilib. İstehsal xətləri Almaniyanın “Krones” şirkəti tərəfindən təchiz edilib və quraşdırılıb. Ən son texnologiyaların tətbiqi nəticəsində zavodda yüksəkkeyfiyyətli mineral su istehsal edilməklə yanaşı, suyun təbii xüsusiyyətlərini qoruyub saxlamaq da mümkün olub. “İstisu” zavodunun illik istehsal gücü 100 milyon şüşə butulkadan artıqdır.

Zavodda istehsal olunan su həm keyfiyyəti, həm də müasir standartlara cavab verməsi ilə seçilir. Beynəlxalq təsnifat meyarlarına görə, Kəlbəcər rayonunda yerləşən təbii mineral su “İstisu” - natrium bikarbonat və sulfatla zəngin mineral su kimi təsnif edilir. Tərkibində olan kalsium, maqnezium, bikarbonat, sulfat və digər faydalı elementlər orqanizmə müsbət təsir göstərir.

“İstisu” təbii mineral suyu, eyni zamanda, yerli və beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına cavab verir. Belə ki, mineral su AZS 216–2006, İSO 9001:2015 və İSO 22000:2018 standartlarına uyğun olaraq sertifikatlaşdırılıb.

İkinövbəli iş rejimində fəaliyyət göstərəcək müəssisədə təxminən 100 nəfər işlə təmin ediləcək. İşçilərin əksəriyyəti Kəlbəcər və Laçın rayonlarının sakinləridir.

Qeyd edək ki, “İstisu” mineral su zavodu ətraf mühitin qorunmasına da töhfə verir. Mineral su istehsalında əsas səylər uzunmüddətli uğur və rifahın əsasını təşkil edən resurslardan davamlı istifadəyə, ekoloji cəhətdən təmiz istehsal prosesinə və təbiətin mühafizəsinə yönəlib. Bu gün zavodun əsas məqsədi ətraf mühitə zərər vermədən yüksəkkeyfiyyətli məhsullar istehsal etməkdir. Bu məqsədlə zavodda tullantıların miqdarını minimuma endirməyə, həmçinin elektrik enerjisi resurslarından səmərəli istifadə etməyə imkan verən müasir texnologiyalar tətbiq olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video