Müasir Azərbaycan dövlətinin siyasi inkişaf trayektoriyasının təhlili göstərir ki, ölkənin daxili sabitliyinin təmin edilməsi, beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, milli təhlükəsizlik arxitekturasının yenidən qurulması və post-münaqişə mərhələsində keyfiyyətcə yeni inkişaf fazasına daxil olması birbaşa Prezident İlham Əliyevin formalaşdırdığı liderlik modeli ilə bağlıdır. Bu liderlik modeli təkcə konkret tarixi mərhələlərdə qəbul edilən siyasi qərarların və icra olunan institusional islahatların məcmusu kimi deyil, dərin ideoloji, hüquqi, intellektual və strateji əsaslara söykənən kompleks dövlətçilik konsepsiyası kimi qiymətləndirilməlidir.
Prezident İlham Əliyevin siyasi kursunun əsas fərqləndirici xüsusiyyəti dövlət idarəçiliyinin uzun müddət postsovet məkanında müşahidə edilən reaktiv, situativ və böhran yönümlü yanaşmadan çıxarılaraq proaktiv, qabaqlayıcı və strateji planlaşdırmaya əsaslanan institusional sistemə çevrilməsidir. Dövlətçilik anlayışı bu liderlik fəlsəfəsində yalnız ərazi bütövlüyünün və suverenliyin təmin edilməsi və qorunması və inzibati nəzarətin təmin edilməsi ilə məhdudlaşmır; əksinə, sosial rifahın yüksəldilməsi, milli identikliyin möhkəmləndirilməsi, insan kapitalının inkişafı, beynəlxalq münasibətlərdə etibarlı tərəfdaşlıq və gələcək nəsillərin maraqlarının qorunması kimi çoxölçülü komponentləri özündə birləşdirir. Bu yanaşma müasir dövlətçilik nəzəriyyələrində qəbul edilən “funksional suverenlik” və “dayanıqlı inkişaf dövləti” modelləri ilə uzlaşır.
Azərbaycan dövlətçiliyinin inkişaf trayektoriyasının bu mərhələsində Prezident İlham Əliyevin liderlik modeli yalnız sülh dövrünün idarəçilik mexanizmi kimi deyil, eyni zamanda böhran, müharibə və təhlükəsizlik şəraitində effektiv qərarvermə modeli kimi özünü təsdiq edib. Bu baxımdan 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi müasir Azərbaycan dövlətçiliyinin tarixi dönüş nöqtəsi olmaqla yanaşı, sözügedən liderlik modelinin praktiki sınaq mərhələsi kimi də çıxış etdi. Vətən müharibəsi nəticəsində Azərbaycan dövləti beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanaraq özünün ərazi bütövlüyünü hərbi-siyasi müstəvidə təmin etdi, son iki əsrə yaxın müddətdə müxtəlif formalarda mövcud olmuş işğal və suverenlik məhdudiyyətlərinə real və dönməz şəkildə son qoymaq istiqamətində həlledici dönüş yaratdı.
44 günlük Vətən müharibəsində əldə edilən tarixi Qələbə spontan və ya situativ qərarların nəticəsi deyil, uzun illər ərzində həyata keçirilən ardıcıl və məqsədyönlü dövlət siyasətinin məntiqi yekunu idi. Ordu quruculuğu sahəsində aparılan sistemli islahatlar, hərbi-texnoloji modernləşmə, müdafiə sənayesinin inkişafı, iqtisadi potensialın gücləndirilməsi, diplomatik müstəvidə hüquqi əsasların formalaşdırılması və cəmiyyət daxilində milli birliyin təmin edilməsi bu Qələbənin əsas struktur sütunlarını təşkil etdi. Prezident İlham Əliyevin müharibə dövründə ortaya qoyduğu qətiyyətli siyasi iradə, vahid komandanlıq prinsipi və informasiya müharibəsində rasional strategiya onun liderlik modelinin böhran şəraitində də funksional və effektiv olduğunu açıq şəkildə nümayiş etdirdi.
Bu Qələbənin nəticələri yalnız hərbi-siyasi müstəvi ilə məhdudlaşmadı, Azərbaycan cəmiyyətinin kollektiv şüurunda dərin psixoloji və ideoloji transformasiya yaratdı. Uzun illər davam edən məğlubiyyət sindromu və qeyri-müəyyənlik hissi aradan qalxdı, qalib dövlət və qalib xalq şüuru formalaşdı. Bu transformasiya dövlətlə cəmiyyət arasında etimad münasibətlərini yeni keyfiyyət mərhələsinə çıxardı.
44 günlük Vətən müharibəsində əldə edilən nəticələr 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə məntiqi şəkildə tamamlandı. Bu mərhələdə artıq söhbət klassik mənada müharibədən deyil, dövlətin öz suveren ərazisində konstitusiya quruluşunun tam və dönməz şəkildə bərpa etməsindən gedirdi. Qeyri-qanuni silahlı birləşmələrin ləğvi və separatizmin aradan qaldırılması ilə Azərbaycan dövləti öz ərazisində yeganə legitim güc sahibi olduğunu faktiki və hüquqi müstəvidə təsdiqlədi. Bu hadisə müasir suveren dövlət anlayışının fundamental tələblərinə tam cavab verən siyasi akt kimi qiymətləndirilməlidir.
Tarixi kontekstdə yanaşıldıqda, 2020 və 2023-cü illərdə baş verən hadisələr Azərbaycan dövlətçiliyinin son iki əsrlik inkişaf trayektoriyasında struktur qırılma nöqtəsi təşkil edir. XIX əsrin əvvəllərindən etibarən bölgədə formalaşmış geosiyasi reallıqlar Azərbaycan xalqının dövlətçilik imkanlarını ciddi şəkildə məhdudlaşdırmış, müxtəlif mərhələlərdə suverenlik itkilərinə və ərazi parçalanmalarına səbəb olmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində isə ilk dəfə olaraq Azərbaycan dövləti öz ərazi bütövlüyünü özü təmin etdi, hərbi, siyasi və hüquqi baxımdan kənar aktorlardan asılı olmadan strateji qərarlar qəbul etdi və suverenliyini ölkənin bütün ərazisində eyni hüquqi məzmunla reallaşdırdı.
Bu tarixi-siyasi reallıq fonunda 2024-cü il 7 fevral tarixində keçirilən Prezident seçkiləri müasir Azərbaycan siyasi tarixində sırf prosedur xarakterli siyasi hadisə kimi deyil, dövlət suverenliyinin tam və dönməz şəkildə bərpa olunmasının siyasi-hüquqi təsdiqi kimi qiymətləndirilməlidir. Seçkilərin ölkənin bütün ərazilərində, o cümlədən uzun illər separatizm ideologiyasının mərkəzi olmuş Xankəndidə keçirilməsi göstərdi ki, Azərbaycan artıq post-münaqişə mərhələsini geridə qoyaraq post-separatizm və post-işğal dövlət quruculuğu mərhələsinə daxil oldu. Prezident İlham Əliyevin seçkidə məhz Xankəndidə səs verməsi isə separatizm ideologiyasının ideoloji və psixoloji müstəvidə də tam məğlubiyyətini simvolizə edən yüksək siyasi məsuliyyət aktı kimi çıxış etdi.
Prezident İlham Əliyevin liderlik modelinin təhlili göstərir ki, bu modelin əsas dayaq nöqtələrindən biri rasional qərarvermə mexanizminin institusional səviyyədə formalaşdırılmasıdır. Onun siyasi fəaliyyətində liderliyin fərdi xarizmaya və ya situativ təşəbbüslərə deyil, sistemli təhlilə, hüquqi əsaslandırmaya və uzunmüddətli strateji hesablara söykənməsi müasir idarəçilik nəzəriyyələri ilə uyğunluq təşkil edir. Fundamental ali təhsili, beynəlxalq münasibətlər sahəsində formalaşmış elmi-intellektual bazası, qlobal siyasi proseslərin struktur mexanizmlərinə dərindən bələdliyi və təcrübəsi Prezident İlham Əliyevin qərarlarının emosional impulslar üzərində deyil, rasional və ölçülmüş yanaşma üzərində qurulduğunu göstərir.
Bu rasional yanaşma həm daxili, həm də xarici siyasətdə ardıcıl şəkildə özünü büruzə verir. Daxili idarəetmədə qəbul edilən qərarlar çox vaxt ilkin mərhələdə geniş ictimai rezonans doğurmasa belə, orta və uzunmüddətli perspektivdə strateji nəticələr verməsi ilə səciyyələnir. Bu xüsusiyyət liderlik modelinin populizmdən uzaq olduğunu və siyasi legitimliyin qısa müddətli emosional dəstək üzərində deyil, davamlı nəticələr üzərində qurulduğunu təsdiqləyir.
Prezident İlham Əliyevin rəhbərliyi dövründə dövlət idarəçiliyinin institusional əsaslar üzərində yenidən qurulması xüsusi əhəmiyyət kəsb edir. Elektron hökumət sistemlərinin tətbiqi, ASAN xidmət modelinin yaradılması, rəqəmsal idarəetməyə keçid və inzibati struktur islahatları siyasi mədəniyyətin yeni keyfiyyət mərhələsinə keçdiyini göstərir. Bu dəyişikliklər dövlət-vətəndaş münasibətlərində etimadın güclənməsinə və dövlətin xidmət yönümlü model kimi formalaşmasına şərait yaradıb.
İnstitusional inkişaf prosesi paralel olaraq siyasi mədəniyyətin transformasiyası ilə müşayiət olunur. Siyasi dialoqun təşviqi, çoxpartiyalı sistemin təkamül yolu ilə inkişafı, parlament institutunun funksional rolunun gücləndirilməsi və ictimai iştirakçılıq mexanizmlərinin genişləndirilməsi siyasi sabitliyin inzibati təzyiq üzərində deyil, hüquqi institutlar və inklüzivlik prinsipi üzərində qurulduğunu göstərir.
Daxili siyasətdə sosial-iqtisadi inkişaf Prezident İlham Əliyevin liderlik modelinin əsas sütunlarından biri kimi çıxış edir. İqtisadi artım bu modeldə təkcə makroiqtisadi göstəricilərin yüksəlməsi ilə ölçülmür; onun sosial nəticələri, məşğulluğun artırılması, regional bərabərsizliyin azaldılması və sosial rifahın yüksəldilməsi əsas meyarlar kimi çıxış edir. Qeyri-neft sektorunun inkişafına yönələn siyasət iqtisadi təhlükəsizliyin təmin edilməsi ilə yanaşı, sosial sabitliyin möhkəmləndirilməsinə də xidmət edir. Bu yanaşma iqtisadi inkişafla sosial ədalət arasında tarazlığın qorunmasına əsaslanır.
Regionların sosial-iqtisadi inkişafına dair qəbul edilən dövlət proqramları da mərkəzlə əyalətlər arasında tarazlığın təmin edilməsinə, regionların iqtisadi potensialının reallaşdırılmasına və milli birliyin möhkəmləndirilməsinə yönəlmişdir. Regionların inkişafı dövlətçilik fəlsəfəsində periferik məsələ deyil, milli təhlükəsizliyin və sosial-iqtisadi inkişafın ayrılmaz tərkib hissəsi kimi qiymətləndirilir.
İnsan kapitalına yönəlmiş uzunmüddətli strategiya Prezident İlham Əliyevin liderlik modelinin ideoloji və praktiki əsaslarından birini təşkil edir. Təhsil və səhiyyə sahəsində aparılan islahatlar, sosial müdafiə mexanizmlərinin genişləndirilməsi, gənclərin inkişafına və innovativ potensialın reallaşdırılmasına yönələn proqramlar “Azərbaycan-2030” Milli Prioritetlərində sistemli şəkildə əksini tapıb. Bu yanaşma dövlətin gələcəyini təkcə təbii resurslarda deyil, insan potensialında gördüyünü nümayiş etdirir və müasir inkişaf nəzəriyyələrinin əsas prinsipləri ilə üst-üstə düşür.
Prezident İlham Əliyevin liderlik modelinin mühüm komponentlərindən biri də onun mənəvi və ideoloji əsaslarıdır. Humanizm, sosial həmrəylik və milli birlik anlayışları bu modeldə abstrakt şüarlar deyil, konkret siyasət mexanizmləri vasitəsilə reallaşdırılan dəyərlər kimi çıxış edir. Əfv və amnistiya təşəbbüsləri, sosial həssas qruplara göstərilən xüsusi diqqət, şəhid ailələri və qazilərə dövlət qayğısı dövlətlə cəmiyyət arasında emosional deyil, dəyər əsaslı bağlılığın formalaşmasına şərait yaradıb.
Prezident İlham Əliyevin lider-xalq münasibətləri modeli hüquqi legitimliklə yanaşı, ictimai etimad və mənəvi bağlılıq üzərində qurulub. Ardıcıllıq, verilən vədlərin icrası, milli maraqlara sadiqlik və böhran anlarında məsuliyyətli qərarların qəbulu cəmiyyətdə rasional etimad mühitinin formalaşmasına səbəb olub. Bu etimad populist çağırışlara deyil, real siyasi, sosial və iqtisadi nəticələrə əsaslanır və uzunmüddətli siyasi sabitliyin əsas təminatçılarından biri kimi çıxış edir.
Post-münaqişə dövründə həyata keçirilən dövlətçilik strategiyası Prezident İlham Əliyevin siyasi baxışlarının adaptiv və çevik xarakterini aydın şəkildə nümayiş etdirir. Azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri yalnız fiziki infrastrukturun yenidən qurulması ilə məhdudlaşmır; bu proses eyni zamanda hüquqi inteqrasiya, sosial adaptasiya, iqtisadi reinteqrasiyanı əhatə edir. Dövlət bu ərazilərə yalnız torpaq vahidi kimi deyil, sosial həyat məkanı və gələcək inkişaf platforması kimi yanaşır ki, bu da davamlı sülhün və uzunmüddətli sabitliyin əsas şərtidir.
Prezident İlham Əliyevin xarici siyasət kursu daxili idarəçilik fəlsəfəsinin beynəlxalq müstəvidə davamı kimi çıxış edir. Azərbaycanın xarici siyasəti milli maraqlara əsaslanan balanslaşdırılmış strategiya üzərində qurulub ki, bu da ölkənin qlobal güclər arasında seçim dilemmasının girovuna çevrilməsinin qarşısını alır. Azərbaycan nə regional, nə də beynəlxalq qarşıdurmalarda heç bir zaman alət rolunda çıxış etməyib, əksinə, müstəqil mövqeyini qoruyaraq etibarlı tərəfdaş statusunu möhkəmləndirib. Bu siyasət ölkənin beynəlxalq nüfuzunun artmasına və regional sabitlik proseslərində konstruktiv aktor kimi qəbul olunmasına gətirib çıxarıb.
Qoşulmama Hərəkatına sədrliyin fəal və prinsipial şəkildə həyata keçirilməsi Azərbaycanın qlobal Cənub ölkələri arasında siyasi çəkisini əhəmiyyətli dərəcədə artırdı. Eyni zamanda, Türk Dövlətləri Təşkilatının institusional baxımdan möhkəmləndirilməsi, Türkiyə ilə müttəfiqlik münasibətlərinin 2021-ci ilin Şuşa Bəyannaməsi ilə hüquqi çərçivəyə salınması və regional inteqrasiya təşəbbüsləri Azərbaycanın yeni geosiyasi reallıqlarda mövqeyini gücləndirdi. Qlobal miqyaslı tədbirlərə, o cümlədən COP29 kimi beynəlxalq tədbirlərə ev sahibliyi etməsi isə ölkənin artıq yalnız regional deyil, qlobal siyasi proseslərdə də söz sahibi olan dövlət kimi qəbul edildiyini göstərir.
Prezident İlham Əliyevin formalaşdırdığı liderlik modeli artıq nəzəri konsepsiya deyil, praktik nəticələri ilə özünü tam doğrultmuş müasir dövlətçilik nümunəsidir. Məhz Prezident İlham Əliyevin yeritdiyi müdrik, uzaqgörən və prinsipial siyasət nəticəsində Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib, milli təhlükəsizliyini təmin edib və tarixinin ən güclü mərhələsinə qədəm qoyub. Bu gün Azərbaycan güclü orduya, sabit cəmiyyətə, artan beynəlxalq nüfuza və gələcəyə hesablanmış inkişaf strategiyasına malik qalib və suveren dövlətdir ki, bu uğurların da təməlində Prezident İlham Əliyevin sınaqlardan çıxmış və zaman tərəfindən təsdiqlənmiş liderlik modeli dayanır. Prezident İlham Əliyevin müdrik liderliyi altında Azərbaycan bundan sonra da davamlı inkişaf edəcək, daha da güclənəcək və böyük uğurlara imza atacaqdır.
Vasif Qafarov
Milli Məclisin deputatı,
tarix elmləri doktoru