28 Iyun 2024 09:00
263
Mədəniyyət
A- A+

Özünün memarı olan insan

 

İnsanı ən yaxşı tanıdan nə onun haqqında yazılan məqalələr, oçerklər, kitablar, nə də deyilən təntənəli sözlərdir. Yalnız özüdür, əməlidir, sənəti ilə şəxsiyyəti arasına sərhəd çəkməməsidir. Qədim yunan fəlsəfəsində "İnsan öz əməyinin məhsuludur" deyilir, yəni hər kəs özünün memarıdır. Məsələn, dünyaşöhrətli alim Xudu Məmmədov kimya elmi ilə vətən anlayışını bir reaksiyada elə birləşdirmişdi ki, yaratdığı kristal quruluşunun hər dənəsindən bir Azərbaycan parlayırdı - folkloru, ozanı, bayatısı, memarlığı, xalça mədəniyyəti, şeiri, mahnısı, rəqsi…
Əməli, zəhməti ilə şəxsiyyətinin vəhdətini yaradan insanlardan biri yurduna, vətəninə sadiq, uzun illər dövlət vəzifələrində çalışaraq, ölkəsinə, elinə-obasına yorulmadan xidmət edən vətənpərvər ziyalımız, el ağsaqqalımız İrşad Əliyevdir. Vaxtilə XI-XII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş İrşad Əliyev istər xalq arasında, istərsə də ziyalılar içində öz dəst-xəti, vətən sevdası, ensiklopedik biliyə malik olması, prinsipiallığı, eyni zamanda səmimiyyəti, insanlara qayğıkeşliyi, canıyananlığı və incə yumoru ilə seçilmişdir. Goranboylular və rəhbər vəzifələrdə çalışdığı rayonların əhalisi onu kara gələn vətən oğlu kimi tanıyır və sevirdilər. Rəhbərlik etdiyi hər rayonda yeniliklər edir, o bölgəni dirçəltmək üçün gecə-gündüz demədən ağır zəhmətə qatlaşır, insanların dolanışığının yaxşılaşması üçün əlindən gələni edirdi. Çünki gəncliyindən üzü bəri əməyin və zəhmətlə qazanılan çörəyin nə demək olduğunu yaxşı bilirdi. 
Hələ1988-ci illərdən - ədalətsiz Qarabağ müharibəsi başlayandan Goranboy rayonu düşmənlə üz-üzə dayanmışdı. Silahın, sursatın, döyüş texnikasının tapılmadığı o ağır illərdə Goranboyun bir qarış torpağının düşmən tapdağı altında qalmasına imkan verməyən, erməni qəsbkarları ilə qanlı döyüşlərdən dəfələrlə qalib çıxan qəhrəman goranboyluların başında İrşad Əliyev vardı. Hansı vəzifədə olmasına baxmayaraq, bir əsgər kimi İrşad müəllim döyüşçülərlə çiyin-çiyinə verib düşmənin Kürün sahillərinə qədər torpaqlarımızı zəbt etmək kimi kirli niyyətini gözündə qoymuşdu. 
1991-92-ci illərdə ilk dəfə onun haqqında ağızdolusu, odlu-alovlu danışan Goranboy döyüşlərinin iştirakçısı, kəşfiyyat komandiri, sonralar Kəlbəcər uğrunda gedən döyüşlərdə şəhid olmuş zabit qardaşım Mahirdən eşitdiyim sözlərdən sonra şəxsən İrşad müəllimlə tanış oldum, onun zəngin bioqrafiyaya malik, təmkinli, bacarıqlı bir məmur, xalqını-dövlətini səmimi-qəlbdən sevən sadə, qayğıkeş və sədaqətli soydaşımız kimi tanıdım. İrşad müəllimin ömrü gerçəkdən bütöv bir salnamədir, gənc məmurlar üçün örnək ömürdür. 
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı olduğu 1991-1992-ci illərdə əynində hərbi geyim daim hərbi mövqelərə, döyüşçülərin yanına gedir, ehtiyaclarını öyrənir, eyni zamanda vaxtlı-vaxtında kənd təsərrüfatı və rayonun digər problemləri ilə məşğul olur, əhalinin, xüsusilə də döyüş bölgələrinin ərzaqla, əldə olan tenika, az-çox silah-sursatla təminatını həyata keçirirdi. Şəhid qardaşım Mahir danışırdı ki, İrşad müəllim bütün döyüşçülərə, şəxsən onun döyüşçülərinə də ata qayğısı göstərir, ən kiçik problemləri ilə maraqlanır, tez-tez rayonun fəalları ilə birlikdə yanlarında olurdu. 
Bu o vaxtlar idi ki, hər cür güclü silaha malik erməni ordusunun qarşısına xalqımız əliyalın, heç bir müdafiə tədbiri olmadan çıxırdı, təbii ki, buna görə şəhidlərimiz də çox olurdu. İrşad müəllim rayona rəhbər gəldikdən dərhal sonra xüsusi təyinatlı zabitlər müdafiəyə cəlb olunur, istehkamlar qurulur, döyüş postları yaradılırdı. Goranboyun müdafiəsi onun üçün birinci sırada dururdu, rəhbər təyin olunduğu günün ertəsi Müdafiə Şurası - Qərargah yaradıldı, üzvləri seçildi, hər üzv Goranboyun müdafiəsi üçün bir vəzifəyə təyinatlandırıldı. O günədək vətənpərvər cavanların özlərinin təşkil etdiyi özünümüdafiə dəstələri qərargaha birləşir və İrşad Əliyev tərəfindən idarə olunan özünümüdafiə qüvvələrinə çevrilir. Bundan sonra təkcə zabitlər, yüksək rütbəli hərbçilər deyil, kəndlərin əhalisi də öz yurdlarının qorunmasında iştirak edir, bu rəhbərlə düşmənə aman verilməyəcəyinə əmin olurdular. İnsanlar onu özlərinə mənəvi dayaq, arxa, ümid yeri bilirdilər, ən əsası ona güvənirdilər. O, bəzən özü əməliyyat şəraitinə rəhbərlik edir, rayonun digər vəzifəli şəxsləri də bu mübarizədə iştirak edirdilər. O vaxt mətbuatda da bu barədə yazılar dərc olunurdu. Müsahibələrinin birində o, Goranboyun müdafiəsi ilə bağlı suala belə cavab vermişdi: "Goranboyun işğal edilməməsində, Todan kəndinin müdafiəsində və ermənilərin Gəncəyə çıxışının qarşısının alınmasında Xüsusi Təyinatlı Dəstələrin cəsur üzvlərinin böyük əməyi olmuşdur. Çünki o zaman nə ordumuz var idi, nə də ciddi müdafiə qüvvələrimiz, bu ağır vəzifəni yalnız Xüsusi Təyinatlı Dəstə öz üzərinə götürdü…" Xüsusi Təyinatlı Dəstənin döyüşçüləri rayon rəhbəri, həm komandir, həm də döyüşçü kimi İrşad Əliyevə inanıb, onun döyüş tapşırığına və vətən çağırışına əməl edirdilər. 
Ən ağır günlərdə İrşad müəllimin ailəsi də müharibə qanunları ilə yaşayıb, rayonu tərk etməmişdilər. Ailənin bu nümunəvi hərəkəti əhali arasında xofun, həyəcanın qarşısını almışdı. Nəticədə rayon camaatı arasında birlik, ünsiyyət, döyüş ruhu yaranmışdı ki, bu ruh sona qədər davam etdi, yuxarıda dediyimiz kimi, Goranboyun bir qarış torpağı düşmən tapdağına keçmədi. 
İrşad Əliyev 1944-cü il iyunun 30-da Goranboy rayonunun Gürzalılar kəndində anadan olmuşdur. Torpağı, saf suyu, təmiz havası, iqlimi, zəhmətkeş insanlarının həyat tərzi bu kənddən çıxan bir çox insanın xarakterinə, həyatına öz müsbət təsirini göstərmişdi. Belə zəhmətkeş, halal ruzi ilə keçinən ailələrin birində böyüdüyü üçün uşaqlıqdan zəhmətə alışmışdı. Bəlkə də zəhmətə, əməyə sevgi, torpaqla ünsiyyət aqrar sahəyə marağına ordan səbəb olmuşdu. Ən yaxşı öyrədən həyatdır, yaşadığın həyatın özü, çünki ən doğrunu öyrədir. İrşad müəllim də əvvəlcə həyatın, sonra da məktəbin ən savadlı, öyrənməyə həvəsli şagirdi olmuşdu. Bu, doğrudan da, belədir, həyat məktəbindən kəsilməyən şagirdlərin gələcəyi çox parlaq olur. Uşaqlıqdan məsuliyyətli və çox qabiliyyətli olub İrşad Əliyev, idmanla da məşğul olub, məktəbin təşkilatçısı kimi, müəllimlərin hörmətini qazanıb. Ona yarızarafat "gələcəkdə Gürzalıların kolxoz sədri olacaqsan" deyirlərmiş. 
O, 1970-ci ildə Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirir. Ailənin maddi sıxıntısı olduğundan gənc İrşad qiyabi təhsil alır. Amma qiyabi oxumaq da işinə yarayır, tələbəlik illərində kolxozda çalışır, ailəsinin dolanışığına yardım etməklə yanaşı, aqrar sahəni dərindən öyrənir, həm həyat təcrübəsi artır, həm iş təcrübəsi. Bu da onun mütəxəssis kimi yetişməsinə təkan verir. Sonralar savadlı tələbə kimi irəli çəkilir, ictimai-siyasi işlərdə də çalışır. İnstitutu qurtaran ili - 1970-ci ildə rayon Komsomol Komitəsinin ikinci katibi seçilir. 
1972-ci ildən təhsilini Bakı Ali Partiya Məktəbində (hazırda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) davam etdirir və oranı da "Fərqlənmə diplomu" ilə bitirir. 1974-cü ildə təhsilini başa vurub rayona dönür. Həmin gündən özü keçmiş Şaumyan Rayon Partiya Komitəsində təlimatçı, yoldaşı Bəyaz xanım isə orta məktəbdə Azərbaycan dili müəllimi kimi işə başlayırlar. Buradan da böyük bir ömür və əmək fəaliyyətinin yolu başlayır. 
1979-cü ildən rayon Partiya Komitəsinin ikinci katibi seçilir. Hər bir uğurun arxasında bilik, bacarıq, ağır zəhmət dayanır. Bəllidir ki, keçmiş Şaumyan rayonunda ermənilər çoxluq təşkil edir, burada at oynadırdılar. Bu da tez-tez azərbaycanlıların öz yurdlarında haqq və hüquqlarının pozulması ilə nəticələnir, əhali gözümçıxdıya salınırdı. İrşad Əliyev rayon Partiya Komitəsində müxtəlif vəzifələrdə çalışdığı müddətdə o ərazidə yaşayan və hüquqları pozulan soydaşlarımızın rifahının yaxşılaşması uğrunda mübarizə aparır, erməniləri yerində oturdurdu. 
Biliyi və bacarığı sayəsində aqrar sahədə xeyli irəliləyiş əldə olunmuşdu. Kənd təsərrüfatının bir şox sahəsi inkişaf edir, bu da rayon əhalisinin sosial rifahına müsbət təsir edirdi. Yaxşı deyiblər, çörəyi ver çörəkçiyə, birini də üstəlik.
O dövrün bir çox ziyalısı kimi, İrşad Əliyevin də həyatında Ulu Öndər Heydər Əliyevin böyük rolu olmuşdur. Ulu Öndərlə onun ilk görüşü 1981-ci ilin 27 iyul tarixinə təsadüf edir. Bu o vaxtlar idi ki, İrşad Əliyev Kiyevdə Zabitlərin Ali Hərbi Hazırlıq Kursunu bitirib Bakıya dönmüşdü. Həmin tarixi görüşdən sonra Mərkəzi Komitənin Təşkilat şöbəsinə təlimatçı təyin olunur. 
İrşad müəllim həyatından keçən o işıqlı xətt haqqında hər zaman həyəcanla və qürurla danışıb: "Heydər Əliyev mənimlə xeyli söhbət etdi, verdiyi sualları qısa və sərrast cavablandırmağa çalışırdım. Sonda məndən soruşdu ki, bir məsləhət yerin varmı? Cavab verdim ki, indiyədək məsləhət yerim atam olub, artıq o, mənə həyatımı müstəqil şəkildə qurub, planlarımı özüm tərtib edib həyata keçirməyi tövsiyə edib. Bundan sonra rəhbərimiz Sizsiniz. Sizin məsləhətiniz mənim üçün qanundur. O qədər böyük şəxsiyyət idi ki, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə getməzdən bir neçə gün əvvəl mənə və mənim kimi yataqxanada yaşayan bir neçə təlimatçıya mənzil verdi. Bu yaxşılıq, bu böyüklük heç vaxt unudulmaz…" 
Ona böyük etimad göstərilmişdi, o da bu etimadı doğrultmaq üçün əlindən gələni edir, vicdanla çalışırdı. Hələ gəncliyindən yenilik tərəfdarı idi, çalışdığı hər sahəyə yaradıcı yanaşırdı. Təkcə üzərinə düşən vəzifəni yerinə yetirmirdi, həm də iş metodunda yeniliklər edirdi. Çünki təbiətən yaradıcı insan idi. Onun haqqında danışan insanlar, dövrünün görkəmli ziyalıları deyir ki, İrşadı başqalarından fərqləndirən cəhət özünəməxsus olmasıdır. Daim insanların içərisində idi, əməlləri və hərəkətləri ilə insanlara nümunə olurdu. Yüksək təşkilatçılıq qabiliyyəti vardı, tələbkardı, bir də ən çox istedadlı insanları fərqləndirmək kimi üstün xüsusiyyətə sahib idi. Vətəni, yurdu, eli-obası uğrunda həyatını qurban verməyə hazır idi İrşad müəllim. Vəzifədə işlədiyi illərdə kabinetinin qapısı insanların üzünə açıq olub həmişə. Bütün əmək fəaliyyəti dövründə - istər müxtəlif rayonlara - Balakən, Ucar, Goranboy, Beyləqan, Kürdəmir - rəhbərlik etdiyi dövrlərdə olsun, istərsə də kənd təsərrüfatı naziri işlədiyi zamanlarda Azərbaycan kişisinə məxsus sözübütöv və sözünün sahibi olub. 
1983-1985-ci illərdə Balakən Rayon Partiya Komitəsinin, 1985-1991-ci illərdə Ucar Rayon Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışıb. Ayağını basdığı hər bir rayonun tərəqqisi üçün, insanların rifahının yaxşılaşması üçün əlindən gələni əsirgəməyib, həmin rayonun əhalisini də əməyə, zəhmətə cəlb edib. Ən birinci məqsədi insanların inamını qazanmaq, ümidlərinə işıq olmaq idi. Məlumdur ki, o vaxtlar rayonların problemləri həddən artıq çox idi. Onların həlli ilə yalnız bilikli, planlı və hazırlıqlı kadrlar məşğul ola bilirdi, yəni bişmiş adamlar, işin içini bilən və yuxarıda dediyimiz kimi, həyat məktəbindən ən üst səviyyədə dərs almış kadrlar öhdəsindən gələ bilirdi bu işin… İrşad Əliyev ən başından belə mütəxəssis olub, lap uşaqlığından, gəncliyindən üzərinə düşən işin məsuliyyətini dərk edib və işini yarıdıb. 
1991-1992-ci illərdə Goranboy Rayon Partiya Komitəsinin birinci katibi, sonra Goranboy Rayon İcra Hakimiyyətinin başçısı olub. İrşad Əliyevin Goranboydakı fəaliyyəti haqqında yuxarıda keçici olaraq, çox qısa bəhs etdik. Onun əmək fəaliyyəti, xüsusilə Goranboyun alınmaz qalaya çevrilməsində qəhrəman bir əsgər kimi bir neçə cəbhədə döyüşməsi jurnalist Vəsimə İsmayılqızının "Bu, İrşad Əliyevdir" adlı 700 səhifəlik kitabında geniş bəhs olunub. 1992-1994-cü illərdə Azərbaycan Respublikasının Daimi yaşayış yerlərini məcburi tərk etmişlərlə iş üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışmışdır. 
1993-1994-cü illər ölkəmizin ağır günləri idi. Xalqın istəyi ilə Heydər Əliyev yenidən hakimiyyətə gəlmişdi. Xaos içində dağılmış, düzəni pozulmuş bir ölkənin yenidən dirçəlib yaşamağa ehtiyacı vardı. İlk növbədə iqtisadiyyatın əsasını təşkil edən kənd təsərrüfatını düşdüyü böhrandan çıxarmağa böyük cəsarət və zəhmət tələb olunurdu. Aqrar sahə gerçəkdən unudulmuş, kəndlərdə əkin-biçin, heyvandarlıq unudulmaq üzrə idi. Bir tərəfdən də kənd təsərrüfatının əsasını təşkil edən rayonların bir çoxu işğal edilmiş, əhalisi yollarda, çadırlarda məskunlaşmışdı. Amma mütləq bir çıxış yolu vardı, çünki xalqın başına gələn rəhbər nə edəcəyini yaxşı bilir, kadr seçimində düzgün qərar verirdi. 
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə 1994-cü il oktyabrın 14-dən İrşad Nadir oğlu Əliyev Azərbaycan Respublikası kənd təsərrüfatı naziri vəzifəsinə təyin edildi. Bu vəzifəyə təyin olunana qədər İrşad müəllim neçə-neçə belə ağır sınaqlardan çıxmış, mürəkkəb bölgələrin rəhbəri olmuş, hamısından bacarıqla çıxmış, biliyi və prinsipiallığı sayəsində yüksək nəticələrə nail olmuşdur. Ən əsası odur ki, belə mürəkkəb bir dövrdə Heydər Əliyev ona inanmışdı, güvənmişdi. Bundan sonra əsas məqsədi aqrar islahatların həyata keçirilməsi olacaqdı. Başlıca məqsəd əhalinin ərzaq təminatını həll etməkdir. O dövr üçün bu, çox çətin məsələ idi, qeyd etdiyimiz kimi, hər şey əldən-ovucdan getmişdi, sıfırdan başlamaq lazım idi. Nazirin özünün dediyi kimi, yeni islahata getməliydik, başqa yolumuz yoxdur. Bunun üçün İrşad müəllim təcrübəsindən istifadə etdi, xalqa güvəndi, çünki kənd adamları işi biləndir, təcrübəlidir, onların dəqiq təkliflərlə çıxış edəcəklərinə əmin idi. Heydər Əliyevin müəllifi olduğu aqrar islahatların on il ərzində ən fəal icraçısı oldu, gördüyü işlər Azərbaycan iqtisadiyyatının inkişafına və əhalinin sosial rifahının yaxşılaşmasına xidmət etdi. 
Ağıllı, fədakar və qətiyyətli olan bu insan icra etdiyi bütün vəzifələrdən əlavə, vətəninin, yurdunun böyük vətəndaşıdır. Ölkəmizdə kənd təsərrüfatı sahəsini onun qədər dərindən bilən mütəxəssis azdır. Özü kəndlə nəfəs alan adamdır. Onun nazirliyə rəhbərlik etməsi qısa müddətdə ölkədə torpaq islahatlarının uğurla aparılmasına kömək oldu. Ulu Öndər Heydər Əliyev siyasi kursunu ləyaqətlə həyata keçirən mütəxəssis kimi, İrşad Əliyev kəndin və kəndlinin tərəqqi etməsi, torpağı becərməsi sayəsində rifah içində yaşaması üçün çox işlər görmüşdür. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə İrşad Nadir oğlu Əliyev 2005-2012-ci illərdə Beyləqan, 2012-2014-cü illərdə isə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. 
Atalarımız doğru deyib, cəmiyyət ailədən başlayır. İrşad müəllim Azərbaycan xalqının qədim dəyərlərinə malik güclü kişi, dəyərli ailə başçısıdır. Onun bütün fəaliyyətini bir kənara qoyub ailəsinə dəyər verəcək olursaq, qarşımıza gözəl bir Azərbaycan mənzərəsi açılacaq. Yoldaşı, ali təhsilli Bəyaz müəllimə keçən bu uzun illərdə həmişə İrşad müəllimin yanında olub, səbri, təmkini, qayğısı ilə ona mənəvi dəstək verib. Üç övladı, nəvə-nəticələri var. İrşad müəllimə bundan sonra da cansağlığı, ömür-gün yoldaşı Bəyaz xanımla nəvə-nəticə toyu etməyi arzulayırıq. 
Bir məziyyətini xüsusi vurğulamaq istəyirəm, İrşad müəllim etibarlı dost, səmimi insan, ən kritik məqamlarda incə yumorla vəziyyəti yüngülləşdirəcək nadir şəxsiyyətlərdəndir. Dostluğa, insanlığa dəyər verən adamlar heç zaman naqis hərəkət etmirlər, əksinə, insanların güvən yeri olurlar. Bu mənada İrşad müəllim gerçəkdən güvəniləcək örnək şəxsiyyətdir. "Azərnəşr"in 30 illik unudulmaz direktoru, görkəmli ziyalımız, rəhmətlik Azər Mustafazadənin sayəsində mən də İrşad müəllimlə dost oldum və bu dostluqdan qürur duyuram. 
Əziz və ləyaqətli İrşad müəllim, Sizi Azərbaycan kişisinə məxsus şərəflə yaşadığınız 80 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, bundan sonra da uzun illər bilik və bacarığınızı gənc nəslə təlqin etməyinizi arzu edirik. Çünki İrşad Əliyev ömrü gerçəkdən də yetişməkdə olan gənc nəslimizə örnək olacaq ömürdür! 

Əlövsət AĞALAROV,
"Azərnəşr"in baş redaktoru, Əməkdar jurnalist

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video