Avropa və Avstraliyadan olan alimlər Amazon hövzəsinin aşağı atmosfer qatında ozonun toplanmasının yerli meşələrin hər il udduğu karbon qazının miqdarını əhəmiyyətli dərəcədə azaltdığını müəyyən ediblər. Böyük Britaniyanın Ekseter Universitetinin məlumatına görə, bu təsirin miqyası quraqlıq dövrlərində iki dəfəyə qədər artır.
Ekseter Universitetinin tədqiqatçısı Florens Braun bildirib ki, meşə yanğınları atmosferə yalnız böyük miqdarda CO₂ buraxmır, həm də aşağı atmosfer qatında ozonun səviyyəsini artırır. Ozon isə bitkilərin yarpaqlarına zərər vuraraq onların karbon qazını udmaq qabiliyyətini zəiflədir. Tədqiqatçıların hesablamalarına görə, bu itkilər meşə yanğınları zamanı hər il məhv olan biokütlənin təxminən dörddə birinə bərabərdir.
Alimlər qeyd edirlər ki, son illərdə dünyada ekstremal hava hadisələrinin tezliyi və intensivliyi artıb. ABŞ-nin qərbi, Avstraliya və Braziliyada müşahidə olunan uzunmüddətli quraqlıqlar və onların ardınca baş verən meşə yanğınları buna nümunədir. Bu hadisələr geniş meşə sahələrinin məhv olması ilə yanaşı, çoxsaylı heyvanların tələf olmasına da səbəb olub. Alimlərin fikrincə, ekstremal hava hadisələrinin artmasının əsas səbəblərindən biri qlobal istiləşmədir.
Tədqiqatçılar bildirirlər ki, meşə yanğınları atmosferə yalnız karbon qazı deyil, həm də müxtəlif azot oksidləri buraxır. Bu maddələr atmosferdə digər birləşmələrlə reaksiyaya girərək ozonun əmələ gəlməsinə səbəb olur. Stratosferdə yerləşən və Yer kürəsini ultrabənövşəyi şüalanmadan qoruyan ozon təbəqəsindən fərqli olaraq, aşağı atmosferdəki ozon bitkilər üçün zərərli çirkləndirici hesab olunur. O, yarpaqlardakı stomatalara zərər vurur və bitkilərin CO₂-ni mənimsəmək qabiliyyətini zəiflədir.
Bu təsiri qiymətləndirmək üçün alimlər 1997–2024-cü illərdə Amazon hövzəsində baş verən meşə yanğınları zamanı ozonun yaranmasının bitkilərin məhsuldarlığına təsirini araşdırıblar. Bunun üçün onlar həmin dövrdə NASA-nın peyk sistemləri vasitəsilə əldə edilmiş atmosfer azot oksidləri ilə bağlı məlumatları Terra peykinin topladığı bitki məhsuldarlığı göstəriciləri ilə müqayisə ediblər.
Nəticələr göstərib ki, meşə yanğınlarının bitki örtüyünün məhsuldarlığına mənfi təsiri əvvəlki hesablamalarda, xüsusilə uzunmüddətli quraqlıq və istilik dalğalarının müşahidə olunduğu dövrlərdə əhəmiyyətli dərəcədə az qiymətləndirilib. Alimlərin hesablamalarına görə, quraqlıq və yüksək temperatur ozonun bitkilərin yarpaqlarına mənfi təsirini təxminən iki dəfə gücləndirir. Bu təsir nəzərə alınmadıqda, Amazon meşələrinin karbon qazını udma qabiliyyəti ildə təxminən 77 milyon ton CO₂ artıq qiymətləndirilə bilər.
Tədqiqatçılar hesab edirlər ki, əldə olunan nəticələr Amazon meşələrinin karbon balansını və onun qlobal iqlim sisteminə təsirini qiymətləndirərkən nəzərə alınmalıdır.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”