Qazaxıstan güclü aviasiya yanacağı təchizatı infrastrukturu yaratmalı, regionun aparıcı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilməlidir. Bu barədə Prezident Kasım-Jomart Tokayev parlament palatalarının birgə iclasında bildirib.
AZƏRTAC Qazaxıstan Prezidenti aparatının məlumatına istinadla xəbər verir ki, dövlət başçısı ölkənin regionun aparıcı neft və qaz istehsalçısı kimi güclü aviasiya yanacağı təchizatı infrastrukturu yaratmağa borclu olduğunu qeyd edib.
Prezident, həmçinin Avropa İttifaqı liderləri ilə danışıqlar zamanı Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına xüsusi diqqət yetirildiyi Brüsselə son səfərini xatırladıb.
Kasım-Jomart Tokayevin sözlərinə görə, Orta Dəhliz boyunca yükdaşımaları son altı ildə beş dəfə artaraq ildə 4 milyon tonu keçib. Bu, əsasən dəniz nəqliyyatının inkişafı və təkmilləşdirilmiş liman infrastrukturu sayəsində mümkün olub.
Dövlət başçısı vurğulayıb ki, parlamentin qanunvericilik dəstəyi sənayenin inkişafına güclü təkan verib. 2023-cü ildən bəri sənayenin hərtərəfli inkişafına yönəlmiş səkkiz qanun qəbul edilib və bir sıra beynəlxalq müqavilələr təsdiqlənib.
“Əminəm ki, ardıcıl addımlar atan Qazaxıstan özünü etibarlı enerji donoru kimi təsdiqləyəcək, regionun aparıcı nəqliyyat və logistika mərkəzlərindən birinə çevriləcək”, - deyə Prezident bildirib.
Kasım-Jomart Tokayev hökumətin bu sahəyə müstəsna diqqət yetirməli olduğunu qeyd edib. O əlavə edib ki, ölkənin qarşısında daha bir vacib və təxirəsalınmaz vəzifə durur: genişmiqyaslı tikinti.
Prezident dəmir yolları və magistral yollarının, hava limanlarının, qatar stansiyalarının, böyük su təmizləyici və təchizatı qurğularının, istehsal və sənaye zavodlarının, şəhər binalarının və digər obyektlərin sürətlə inşasının vacibliyini vurğulayıb.