Son illər dünyada ticarət yollarının dəyişməsi və yeni iqtisadi reallıqların yaranması Avrasiya məkanında nəqliyyat və logistika məsələlərini ön plana çıxarıb. Bu prosesdə ən çox diqqətçəkən marşrutlardan biri Orta dəhlizdir (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu). Azərbaycan isə əlverişli coğrafi mövqeyi və həyata keçirdiyi infrastruktur layihələri ilə bu strateji dəhlizin tam mərkəzində, əsas aparıcı rolda çıxış edir.
Qlobal əməkdaşlığın ünvanı
Bu günlərdə Bakının evsahibliyi etdiyi "Qara dəniz və Xəzər Yük Forumu 2026: Dəhlizlər, İnfrastruktur, İnvestisiyalar" adlı 5-ci Beynəlxalq Konfrans kimi mötəbər tədbir də bir daha sübut etdi ki, Azərbaycan Orta dəhlizin önəmli qovşaqlarından biri olmasının fonunda qlobal əməkdaşlığın əsas müzakirə mərkəzlərindən birinə çevrilib.
Ötən il "Orta dəhliz boyunca: bağlantı, maliyyə və enerji" mövzusuna həsr olunmuş 6-cı Xəzər Biznes Forumunun iştirakçılarına müraciətində Prezident İlham Əliyev Azərbaycanın sözügedən dəhlizin inkişafında oynadığı əhəmiyyətli rola belə vurğu etmişdi: "Azərbaycanın əlverişli coğrafi mövqeyi - iki qitənin tam ortasında yerləşməsi bizə bağlılıq məsələlərində mühüm rol oynamağa imkan verir. Bu gün artıq fəxrlə deyə bilərik ki, Azərbaycanın uzunmüddətli baxışı və yorulmaz səyləri nəticəsində Asiya və Avropa arasında daha yaxşı sinerjini təmin edən Orta dəhliz kimi irimiqyaslı layihənin reallaşması mümkün olmuşdur. Orta dəhlizin tam istismara verilməsi Azərbaycanın iqtisadi potensialı ilə yanaşı, ölkəmizdə mövcud olan siyasi sabitlik və təhlükəsizlik amili ilə də şərtlənmişdir".
Vurğulandığı kimi, Azərbaycanın Orta dəhlizin əsas tərəflərindən biri olması onun strateji mövqeyi ilə yanaşı, ölkədə yaradılan infrastrukturla birbaşa bağlıdır. Ölkəmiz Xəzər dənizində ən böyük beynəlxalq ticarət limanını tikib, Bakı-Tbilisi-Qars dəmir yolunu istifadəyə verib və beynəlxalq yollarını tam modernləşdirib. Eyni zamanda ölkəmiz Xəzər dənizində ən böyük ticarət donanmasına sahibdir ki, bu da yüklərin dəniz üzərindən maneəsiz və sürətli daşınmasına şərait yaradır. Gömrük və sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, logistika mərkəzlərinin rəqəmsallaşdırılması xərcləri və daşınma vaxtını azaldaraq dəhlizin rəqabət qabiliyyətini artırır.
Bütün bunlar Azərbaycanı Orta dəhlizdə əsas dövlətlərdən birinə çevirir.
Sülh və iqtisadi inkişaf platforması
Orta dəhliz yalnız nəqliyyat marşrutu deyil, ABŞ, Çin və Avropa İttifaqı kimi böyük güclərin maraqlarının kəsişdiyi və dəstəklədiyi sülh və iqtisadi inkişaf platformasıdır. Buna görədir ki, sözügedən dünya nəhəngləri ayrı-ayrılıqda Azərbaycanla ikitərəfli əlaqələrə böyük önəm verirlər.
ABŞ-Azərbaycan əlaqələri strateji tərəfdaşlıq zirvəsinə yüksəlib. Ötən il 8 avqust Vaşinqton Sammitindən sonra ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vensin Bakıya səfəri çərçivəsində ticarət, energetika, süni intellekt, nəqliyyat və təhlükəsizlik sahələrini əhatə edən Strateji Tərəfdaşlıq Xartiyası imzalandı.
Azərbaycan və ABŞ hökumətləri arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasında Azərbaycan və ABŞ-nin Orta dəhlizi əsas götürərək quru, dəniz və hava nəqliyyatı infrastrukturunun inkişafı, enerji və data bağlantısı, ticarət və tranzitin asanlaşdırılması, gömrük nəzarəti və sərhəd keçidi, beynəlxalq multimodal logistika və digər əlaqəli sahələrdə əməkdaşlıq yolu ilə regional bağlantıları təşviq etmək üçün birgə işləmək niyyətindədirlər. Sənəddə həmçinin Zəngəzur dəhlizi (TRIPP) xüsusi qeyd olunur.
Azərbaycanın ən böyük tərəfdaşlarından biri Çindir. Əlaqələri dinamik dərinləşən iki ölkə arasında iqtisadi əməkdaşlığın mühüm istiqamətlərindən birini Orta dəhlizin inkişafı təşkil edir. Avropa ilə Asiyanı birləşdirən bu mühüm nəqliyyat marşrutu yüklərin təhlükəsiz və sürətli daşınması baxımından böyük əhəmiyyətə malikdir. Çinin "Bir kəmər, bir yol" təşəbbüsünün əsas hissələrindən biri olan Orta dəhliz ölkələrimizin çoxşaxəli əlaqələrinə də şərait yaradır.
Avropa İttifaqı da Çin, Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropanı birləşdirən bu marşrutun inkişafında maraqlıdır.
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen iyulun 1-də Bakıda mətbuata bəyanatında deyib ki, Cənubi Qafqaz Avropanı, Xəzər regionunu və Mərkəzi Asiyanı birləşdirən dünyanın ən möhtəşəm kəsişmələrindən biridir: "Onun strateji əhəmiyyəti artmaqda davam edir. Azərbaycan burada əsas rol oynaya bilər. Regional əməkdaşlığı və sabitliyi irəli aparmaq üçün çox az sayda ölkənin sizin ölkəniz kimi yerləşməsi var. Azərbaycan öz strateji coğrafiyasını artan iqtisadi, siyasi və regional nüfuzu ilə düşünülmüş şəkildə birləşdirir. Məhz buna görə biz Avropa İttifaqı-Azərbaycan Bağlantı Tərəfdaşlığının başlanılmasını təklif edirik. Bu, nəqliyyat, enerji və rəqəmsal bağlantını əhatə etməklə Yüksəksəviyyəli Bağlantı Dialoqu ilə sıx bağlıdır".
Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına daha qısa və təhlükəsiz çıxış yolları axtarışı Orta dəhlizə olan marağı yüksək həddə çatdırıb. Region dövlətləri üçün Xəzər dənizi və Cənubi Qafqaz üzərindən keçən bu marşrut iqtisadi müstəqilliyin və ticarət şaxələndirməsinin əsas zəmanətidir.
Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında qurulan sıx siyasi dialoq və qardaşlıq münasibətləri nəqliyyat-logistika sahəsində praktiki layihələrlə tamamlanır. Xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolunun genişləndirilməsi və Zəngəzur dəhlizi layihəsinin reallaşma mərhələsinə qədəm qoyması Mərkəzi Asiyanın Avropaya çıxış imkanlarını bir qədər də artırır. Bu infrastruktur şəbəkəsi region ölkələrinə öz təbii resurslarını və sənaye məhsullarını Türkiyə və Avropa bazarlarına daha az xərclə və sürətlə çatdırmaq imkanı verir.
Bütün bunlar göstərir ki, Azərbaycan sadəcə yolların kəsişdiyi coğrafiya deyil, həm də qitələri, iqtisadiyyatları və xalqları birləşdirən sülh və tərəfdaşlıq mərkəzidir.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"