Bu, həm də Azərbaycanın hesabına mümkün olmuşdur
Beynəlxalq aləmdə baş verən hadisələrin mövcud dünya düzəninin pozulmasına və bir çox problemlərə səbəb olması məlum faktdır. Onlardan biri də qlobal ticarət marşrutları ilə bağlıdır. Belə hal öz növbəsində dünyada təchizat zəncirində və ticarətdə ləngimələrə və azalmalara gətirib çıxarıb.
İki aparıcı qütb arasında qlobal ticarət marşrutlarına nəzarət etmək istəyi ön plana çıxıb. Mövcud marşrutlarda Qərb bloku söz sahibi idi. Daha doğrusu, bu yollara nəzarət ABŞ-nin başçılıq etdiyi siyasi güclər tərəfindən nəzarətə alınmışdır. Lakin son dövrdə baş verən hadisələr nəticəsində "cəbhə"də dəyişiklik baş verib. Qırmızı dənizdən keçib Süveyş kanalı vasitəsilə aparılan ticarət marşrutuna indi Yəməndəki husilər nəzarət edir. Onlar dost bilmədikləri ölkələrin bayraqları altında üzən gəmilərə atəş açır. O üzdən dünya ticarətinin aparıldığı bu önəmli marşrutla yükdaşımaların həcmi aşağı düşüb.
Rusiya-Ukrayna müharibəsi isə Şərqdən Avropaya uzanan ticarət marşrutunun tam bağlanmasına səbəb olub. Hazırda həmin marşrutla yük daşınmır və problemin nə vaxt həll olunacağı məlum deyil. Odur ki, yaranmış vəziyyətdən çıxış yolu axtarmaq zərurəti yaranıb. Məlum olub ki, indiki halda çıxış yolu Orta dəhlizdən istifadə etməkdir.
Əvvəllər bu nəqliyyat marşrutunun perspektivlərinə o qədər əhəmiyyət verilmirdi. Bunun iki əsas səbəbi vardı. Birincisi, hesab olunurdu ki, Çindən Avropaya uzanan Orta dəhlizin keçdiyi ölkələrdə dəmir yolu infrastrukturu müasir dövrün tələblərinə cavab vermir. Bu səbəbdən Azərbaycanın təşəbbüsü ilə Qazaxıstan, Gürcüstan və Türkiyə bu məsələni birgə həll etdilər. İkincisi isə yüklərin dənizaşırı olması idi. Yəni yüklərin bir sahildən digərinə keçirilməsi vaxt tələb edirdi. Bu problemin həllini də ölkəmiz öz üzərinə götürdü. Azərbaycan vaxt itirmədən çox sayda müasir tipli gəmi-bərələr inşa etdi. Üstəlik, dəniz üzərindən gətirilən yüklərin boşaldılması üçün müasir tələblərə cavab verən Ələt Beynəlxalq Ticarət Limanını tikib istifadəyə verdi. Beləliklə, bu iki problem yüksək səviyyədə həll olundu və yüklərin sürətlə və təhlükəsiz daşınmasına imkan yarandı.
Hazırda Avropada və dünyanın digər yerlərində Orta dəhlizə yeganə ümid yeri kimi baxırlar. Bu, dünyanın yükdaşımalar üzrə fəaliyyət göstərən nüfuzlu qurumlarının rəhbərləri tərəfindən də etiraf edilir. Beynəlxalq Nəqliyyat Forumunun (ITF) baş katibi Kim Yanq Tae bildirir ki, Orta dəhliz Avropadan Asiyaya standart marşrutlara sərfəli alternativdir. Baş katib indiki halda Orta dəhlizi Asiya və Avropanı birləşdirən ən real variantlardan biri kimi görür. Deyir ki, Azərbaycan, Türkiyə və Qara dəniz hövzəsi ölkələri həqiqətən bu dəhlizin inkişafına xüsusi əhəmiyyət verir: "Bu barədə müzakirələr indi çox aktualdır, çünki ənənəvi marşrutlarda çoxlu sayda qeyri-müəyyənliklərlə üzləşirik".
Avropa Komissiyasının mobillik və nəqliyyat üzrə baş direktorunun müavini Maya Marçiçin fikirləri də maraqlıdır. Xanımın sözlərinə görə, Orta dəhliz indiki halda daha böyük əhəmiyyət kəsb edir: "Xüsusən Ukraynada müharibədən sonra davamlı həll yolu tapmalıyıq. Söhbət təkcə infrastrukturun inkişafından getmir. Rəqəmsallaşma da əsas elementdir. Bakıda imzalanan bəyannamə əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfə verib ki, bu da bizə tam dayanıqlı dəhlizin yaradılması üzərində işləməyə imkan yaradır. Əlbəttə, müəyyən problemlər var, lakin birgə iş onları aradan qaldırmağa və bu marşrutun böyük potensialını açmağa imkan verir.
Dünyada əhalinin və istehsalın sürətlə artması ticarət dövriyyəsinin yüksəlməsinə səbəb olur. O üzdən qlobal ticarət marşrutlarının əhəmiyyəti daha da artır. Beynəlxalq Dəmir Yolları İttifaqı (UIC) yükdaşıma tələbinin qarşıdakı illərdə daha da artmaqda davam edəcəyini proqnozlaşdırır. "Polşa Dövlət Dəmir Yolları" Səhmdar Cəmiyyətinin baş icraçı direktoru Kşiştof Maminski deyir ki, dəmir yolu aşağı karbonlu və yüksək səmərəli nəqliyyat növü kimi 21-ci əsrin qlobal çağırışlarına cavab verə bilər: "Amma bu gün dəmir yolu ilə daşımaların payı azalır. 2008-2022-ci illər arasında qlobal miqyasda dəmir yolundan avtomobil yoluna doğru qlobal keçid 7 faiz olub və dövlət xərcləri 31 faiz azalıb. Orta dəhlizin daha da optimallaşdırılması indiki halda daha da aktual xarakter alıb".
Xatırladaq ki, Orta dəhliz Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropa ölkələrinə qədər uzanır. Ötən il bu marşrutla 2,7 milyon ton yük (2022-ci ilə nisbətən 86 faiz çox) daşınıb. Cari ildə isə yük axını 4 milyon tonu ötə bilər.
Rüstəm KAMAL,
"Azərbaycan"