25 İyun 2023 09:40
769
SİYASƏT
A- A+
Ordu vətənin dirəyidir

Ordu vətənin dirəyidir

 

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 105 il əvvəl - 26 iyun 1918-ci ildə Milli Ordunun yaradılması haqqında qərar qəbul etmişdir. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il mayın 
22-də imzaladığı fərmanla isə ölkəmizdə həmin gün Silahlı Qüvvələr Günü elan olunmuşdur. 
1998-ci il iyunun 25-də Azərbaycan Ordusunun yaradılmasının 80 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində Ulu Öndər Heydər Əliyev demişdir: "Biz 26 iyun gününü bayram elan etmişik. Bu, tam əsaslıdır, məqsədəuyğun, qanunauyğundur. Çünki 80 il öncə məhz bu gün Azərbaycan Xalq Cümhuriyyətinin - ölkəmizin müstəqilliyini elan edən xalq cümhuriyyətinin, müstəqil Azərbaycanı qurub-yaradan, hələ Gəncədə fəaliyyət göstərən hökumətin ilk addımlarından biri Azərbaycan Milli Ordusunun yaranması haqqında verdiyi qərar olmuşdur. Həmin qərara, addıma böyük hörmət əlaməti olaraq biz 26 İyun gününü Azərbaycan Silahlı Qüvvələri, Ordusu günü elan etmişik".
1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik və yeganə parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Azərbaycan xalqı özünün çoxəsrlik tarixində müstəqil dövlətini qurdu, ictimai-siyasi quruluşun müvafiq modelini təsis etdi. Yenicə yaradılmış dövlətin qarşısında duran başlıca vəzifələrdən biri də ölkənin müstəqilliyini və ərazi bütövlüyünü qorumaq, daxili düşmən qüvvələri zərərsizləşdirmək və xarici müdaxilələrin qarşısını almaq üçün Silahlı Qüvvələrin yaradılması idi. Milli Ordunun təşkili həyati zərurətdən irəli gəlirdi və bu, dövlətin qarşısında dayanan təxirəsalınmaz vəzifələrdən biri sayılırdı.
Milli Şuranın 28 may 1918-ci il tarixli qərarına əsasən, Fətəli xan Xoyskinin sədrliyi ilə yaradılmış birinci müvəqqəti hökumətin tərkibində təsis edilmiş hərbiyyə naziri vəzifəsinə Xosrov bəy Sultanov təyin edildi. Hökumətin 26 iyun 1918-ci il tarixli qərarı ilə Müsəlman Korpusunun adı dəyişdirilərək "Əlahiddə Azərbaycan Korpusu" adlandırıldı və bununla da milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addım atıldı. Həmin tarixdə hökumətin digər qərarı ilə Əlahiddə Azərbaycan Korpusu nəzdində xüsusi tapşırıqlar üzrə general vəzifəsi təsis edildi.
1918-ci il iyulun əvvəllərində Azərbaycan Korpusunun hissələri iki türk diviziyasının - 5-ci Qafqaz və 15-ci Çanaqqala diviziyalarının hissələri ilə birgə Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusunun tərkibinə daxil edildi. Başda general-leytenant Nuru Paşa olmaqla Qafqaz İslam Ordusunun qərargahı Gəncə şəhərində yerləşdirildi. 
Arxiv sənədlərinə əsaslanaraq qeyd olunmalıdır ki, ölkəmizdə Silahlı Qüvvələrin yaradılması son dərəcə ağır hərbi-siyasi şəraitdə aparılırdı. 1918-ci ilin yayında Azərbaycanda siyası vəziyyət ikihakimiyyətliliyin mövcudluğu ilə xarakterizə edilirdi. Ölkənin şərq hissəsi (Bakı quberniyası) Bakı Soveti və onun icraiyyə orqanı olan Bakı Xalq Komissarları Sovetinin (XKS) təsiri altında, qərb hissəsi (Yelizavetpol quberniyası) isə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə tabe idi. Əsasən erməni bolşevik-daşnaklardan ibarət olan Bakı Xalq Komissarları Soveti Azərbaycanın milli hökumətini nəinki tanımadı, hətta ona qarşı mübarizə elan etdi. Bakı XKS və onun ordusu Gəncə üzərinə yürüşə keçərək ölkədə vətəndaş müharibəsini yenidən alovlandırdı. Ölkədə sovet hakimiyyəti qurmaq adı altında Azərbaycan türklərinə divan tutulmağa başlandı. Bakı, Şamaxı, Quba, Lənkəran, Salyan, Naxçıvan, Qarabağ və digər bölgələrdə dinc əhaliyə qarşı misli görünməmiş qırğınlar törədildi. 
Erməni-daşnak qüvvələrinin törətdiyi bu azğınlığın qarşısının alınmasında xalqımızın hərbi köməyə ehtiyacı var idi. 1918-ci il iyunun 4-də Osmanlı İmperatorluğu hökuməti ilə Azərbaycan Respublikası arasında dostluq müqaviləsi imzalandı. Müqaviləni Azərbaycan tərəfindən Milli Şuranın sədri M.Ə.Rəsulzadə və xarici işlər naziri M.H.Hacinski, Türkiyə tərəfindən xarici işlər naziri Xəlil bəy və Qafqaz cəbhəsinin baş komandanı Vahib Paşa imzaladılar. İmzalanmış həmin müqaviləyə əsasən, Türkiyə tərəfindən Azərbaycana lazımi hərbi yardım göstərildi. Azərbaycan-Türkiyə qoşun hissələrinin birgə səyi nəticəsində əsasən ermənilərdən ibarət olan qırmızı ordunun I Qafqaz korpusunun Gəncəyə doğru hücumunun qarşısı alındı. Azərbaycan-Türkiyə birləşmiş qoşunları ilə Bakı XKS-nin qoşunları arasında ilk döyüş iyunun 16-18-də Göyçaydan bir qədər şərqdə yerləşən Qaraməryəm kəndi yaxınlığında baş verdi. Nazirlər Şurası 1918-ci il iyunun 19-da Azərbaycan ərazisində hərbi vəziyyətin tətbiq edilməsi barədə qərar qəbul etdi. Hökumətin 1918-ci il iyunun 23-də qəbul etdiyi qərarla ölkədə hərbi dövrün qanunları tətbiq olundu. Müvəqqəti Hökumət 1918-ci il iyulun 3-də əsgərliyə çağırış yaşının müəyyən edilməsi haqqında qərar qəbul etdi. Həmin qərara görə 19 yaşına çatmış gənclər hərbi mükəlləfiyyətli hesab olunurdu. Daha sonra 1918-ci il iyulun 11-də 1894-1899-cu illərdə anadan olmuş və müsəlman dininə mənsub vətəndaşların ordu sıralarına çağırılması barədə qərar qəbul edildi. "Azərbaycan" qəzetinin 15 sentyabr 1918-ci il tarixli nömrəsində hərbi xidmətə çağırışın müvəffəqiyyətlə keçirilməsi haqqında məlumat dərc edilmişdir. Həmin məlumatda bildirilirdi: "Əyalətlərdən alınmış məlumatlara görə, əsgərliyə çagırış müvəffəqiyyətlə keçirilir. Yaşın düzgün təyin edilməsi ilə bağlı yaranmış vəziyyət bir qədər çətinlik törədir. Bakıya yaxın kəndlər döyüş qabiliyyəti olan bütün kişiləri cəbhəyə çıxarmışdılar. Nuxa və Ərəş qəzalarından əsgərliyə yeni çağırılmış şəxslər isə artıq çoxdandır ki, Bakı ətrafında gedən döyüşlərdə iştirak edirlər".
Türk və Azərbaycan qoşunları ilə Bakı XKS-nin qoşunları arasında Göyçay ətrafında gedən dördgünlük (27 iyun-1 iyul) qızğın döyüşlərdən sonra əsasən ermənilərdən ibarət olan qırmızı ordunun I Qafqaz korpusunun Gəncəyə doğru hücumunun qarşısı alındı və Qafqaz İslam Ordusu Bakı istiqamətində əks-hücuma keçdi. İyulun sonlarında Şamaxı, Qarasu, Hacıqabul, Ələt, Qobu, Xırdalan, Sumqayıt və Səngəçal, avqustun 3-də isə Quba azad edildi. 
Qafqaz İslam Ordusunun Bakıya doğru əks-hücumu Bakıdakı siyasi və iqtisadi böhranı daha da dərinləşdirdi və nəticədə Bakı Soveti və onun icraiyyə orqanı olan Bakı XKS iyulun 31-də öz səlahiyyətlərindən imtina etməli oldu. Bakıda hakimiyyət sağ eser-menşevik-daşnak blokunun əlinə keçdi və həmin blok avqustun 1-də "Sentrokaspi Diktaturası və Fəhlə, Əsgər Deputatlarının Müvəqqəti İcra Komitəsinin Rəyasət Heyəti" adlı hökumət təşkil etdi. Avqustun 5-də Azərbaycan-türk qoşun birləşmələri səhər tezdən şəhərin yuxarı dağlıq hissəsində yerləşən Badamdar yüksəkliyini ələ keçirərək Bibiheybətə doğru endi və oranı erməni daşnaklarından təmizləməyə nail oldu. Xilaskar qoşunun digər dəstələri isə Bibiheybətə doğru Şıxov kəndi tərəfindən irəlilədi. Avqustun 5-6-da Bibiheybət, Badamdar, Qurd qapısı, Binəqədi, Biləcəri və digər bölgələrdə gedən ağır döyüşlərdən sonra Qafqaz İslam Ordusu sentyabrın 14-dən 15-nə keçən gecə həlledici hücuma keçdi. Sentyabrın 15-də Azərbaycan-Türkiyə birgə qüvvələri Bakını azad etdi. 
1918-ci il sentyabrın 15-də çıxan "Azərbaycan" qəzetində Azərbaycan hökumətinin adına Nuru Paşadan aşağıdakı məzmunlu teleqramın daxil olduğu barədə məlumat verildi: "Allahın mərhəməti ilə Bakı şəhəri 15(9) 34-də (müsəlman tarixi ilə 1334-cü il nəzərdə tutulur) saat 9 radələrində bizim hissələr tərəfindən alındı. Qafqaz müsəlman ordusunun komandanı general-leytenant Nuru". 1918-ci il sentyabrın 15-də Türkiyənin Gürcüstandakı hərbi nümayəndəsi general-mayor Abdul Kərim Paşa Bakının azad edilməsi ilə bağlı Tiflisdən Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəsi M.Y.Cəfərova göndərdiyi təbrik telefonoqramında isə qeyd edilirdi: "Fədakarcasına döyüşmüş türk və Azərbaycan qoşunlarının Bakını alması münasibəti ilə sizi böyük hörmətlə təbrik edirəm".
Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması və ərazi bütövlüyünün bərpa edilməsi, habelə genişlənməkdə olan erməni daşnak-bolşevik təcavüzünün qarşısının alınmasında 1918-ci il iyunun 4-də Osmanlı İmperatorluğu Hökuməti ilə Azərbaycan Respublikası arasında imzalanmış dostluq müqaviləsinin müstəsna əhəmiyyəti olmuşdur. Qeyd etmək kifayətdir ki, Bakını düşmən qüvvələrdən məhz Azərbaycan-Türkiyə birgə qüvvələri azad etmişdir. 
1919-cu il 15 sentyabr tarixli "Azərbaycan" qəzeti Bakının azad olunduğu günün böyük əhəmiyyətini qiymətləndirərək yazmışdır: "Əgər biz 28 mayı müstəqilliyimizin elan olunduğu rəsmi gün hesab ediriksə, 15 sentyabr Azərbaycan qoşunlarının, Azərbaycan hökumətinin Bakıya daxil olduğu günü - müstəqilliyin faktiki olaraq əldə olunduğu və dövlətin əsasının qoyulduğu gün kimi hesab etmək mümkündür. Bu gün mütəşəkkil daşnak-bolşevik qüvvələrinin yalnız Azərbaycanın və digər Zaqafqaziya respublikalarının müstəqilliyinə qarşı deyil, Zaqafqaziyada türk xalqlarının varlığına qarşı yönəltdikləri ölümcül təhlükənin qarşısının alındığı gündür.
Türk qoşunları Azərbaycanın köməyinə imperialist və istila məqsədləri ilə deyil, öz qardaşlarını xilas etmək üçün gəldilər, Azərbaycan torpaqlarında təmənna güdmədən və fədakarcasına öz qanlarını axıdıb qardaşları qarşısında öz borclarını yerinə yetirərək getdilər. Qədirbilən Azərbaycan xalqı türk qoşunlarının son dərəcə mühüm xidmətlərini unutmayacaq və Bakıya onlarla birgə daxil olmasını Azərbaycan xalqının tarixinin ilk səhifələrinə yazacaqdır". 
Bakının azad edilməsi uğrunda gedən döyüşlərdə minlərlə türk və azərbaycanlı əsgər və zabitlər, yerli əhali həlak olmuşdur. Onlar Şəhidlər xiyabanında dəfn edilmişlər. Azərbaycanın müxtəlif bölgələrində, Bakıdakı Şəhidlər xiyabanında türk şəhidlərinin xatirəsinə abidələr ucaldılmışdır. Qədirbilən xalqımız Bakının azad edilməsi uğrunda gedən döyüşlərdə canlarından keçmiş qəhrəman insanların, əsgər və döyüşçülərin şücaətlərini heç vaxt unutmur, böyük hörmət və ehtiramla yad edir. 
Bakı erməni-bolşevik-daşnak qüvvələrindən təmizləndikdən sonra respublikada ordu quruculuğu və müdafiə sahəsində görülən işlər bir qədər də sürətləndirildi. Azərbaycan Xalq Cümhuriyyəti Qarabağ bölgəsində mövqelərini möhkəmləndirmək məqsədilə general-leytenant Nuru Paşa başda olmaqla Qafqaz İslam Ordusunu bu bölgəyə göndərdi. Hökumətin 1918-ci il oktyabrın 6-da keçirilmiş iclasında Nazirlər Şurasının sədri F.X.Xoyski nazir portfellərinin yenidən bölüşdürülməsinin nəticələrini elan etdi. İ.X.Ziyadxanov hərbi işlər üzrə müvəkkil təyin olundu.

Ardı var

Rafiq SƏFƏROV,
Milli Arxiv İdarəsi Sənədlərin nəşri və istifadəsi şöbəsinin baş məsləhətçisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

COP29-un bağlanış plenar iclası keçirilir

20:29
23 Noyabr

İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırıblar VİDEO  

19:21
23 Noyabr

Prezident vətəndaşların hərbi xidmətə çağırılması və hərbi qulluqçuların ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb  

19:09
23 Noyabr

Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında

18:57
23 Noyabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

18:32
23 Noyabr

Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib - Sərəncam  

18:08
23 Noyabr

Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında

17:54
23 Noyabr

Azərbaycan ilə Braziliya arasında turizm əlaqələri müzakirə olunub  

17:47
23 Noyabr

Bu gün dahi bəstəkar Üzeyir Hacıbəylinin anım günüdür

17:33
23 Noyabr

Avropada yeni qaz böhranı proqnozlaşdırılıb  

16:51
23 Noyabr

Mikrobioloqlar unikal virus aşkar ediblər

16:47
23 Noyabr

Adamyuyan maşın istehsal edilib  

16:27
23 Noyabr

Nino Tandilaşvili: COP29-da kənd təsərrüfatı nazirlərinin iclası çox yüksək səviyyədə təşkil olunmuşdu  

16:11
23 Noyabr

Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu bəyanat yayıb  

15:49
23 Noyabr

“Bloomberg”: Avropanı yeni qaz böhranı gözləyir  

15:48
23 Noyabr

Azərbaycan və Özbəkistan birgə uşaq geyimləri brendi yarada bilər  

15:25
23 Noyabr

Müdafiə naziri: Ordunun gücü və hərbçilərin peşəkarlığı istənilən təxribatlara qarşı məsuliyyət hissini artırır  

15:18
23 Noyabr

Neandertalların tükənmə səbəbləri məlum olub  

15:14
23 Noyabr

COP29 məkanında daha bir aksiya keçirilib 

15:12
23 Noyabr

Sonia Basinia Kwami: İqlim dəyişikliyinin təsiri ağırdır  

15:09
23 Noyabr

Hindistanlı nazir havanın çirkli olmasına görə hökuməti fövqəladə vəziyyət elan etməyə çağırıb  

15:08
23 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!