Karib dənizində yerləşən Saint Martin adasından gəlmişəm. Bu ada qismən Niderland Krallığı, qismən isə Fransa tərəfindən idarə olunur. Yəni, biz Karib dənizində Avropadakı administrasiya ilə idarə olunan xalqıq. Kolonializm baxımından Fransa və Niderlandın idarəsində olan cəmiyyətik. Burada bizə öz reallıqlarımızı dünyaya çatdırmaq imkanı verildiyi üçün, həmçinin təşəbbüs qrupunun göstərdiyi qonaqpərvərliyə və dəvətə görə təşəkkür edirik.
AZƏRTAC xəbər verir ki, bu sözləri COP29 çərçivəsində ölkəmizə gələn “One Saint Martin” təşkilatının prezidenti Rhoda Arrindell jurnalistlərə açıqlamasında söyləyib.
Onun sözlərinə görə, bəziləri dünyada artıq koloniyaların qalmadığını, hər kəsin azad olduğunu bildirsə də, Saint Martin adasında yaşayan insanlar üçün reallıq tamamilə fərqlidir: “Məsələn, biz özümüz təbii fəlakətlərdən sonra bərpa prosesinin necə olacağına qərar verə bilmirik. Bir fırtınadan sonra pulsuz yardıma belə ehtiyacımız olarsa, bərpa işləri üçün hansı mənbələrdən istifadə edəcəyimizə özümüz qərar verə bilmirik. Fransa Respublikası və ya Niderland Krallığının çərçivələrinə uyğunlaşmalıyıq. Çox vaxt Avropa ölkəsinin maraqları Karib xalqının maraqları ilə üst-üstə düşmür, buna görə də biz onların iradəsindən asılı vəziyyətdə qalırıq. Bu baxımdan, COP29-da iştirakımızdan çox məmnunuq, çünki bu, bizim iqlim dəyişikliyi ilə bağlı narahatlıqlarımızı ifadə etmək üçün böyük platformadır”.
“Açıq şəkildə ifadə etmək istəyirəm ki, biz artıq çox yorulmuşuq. Koloniya statusunda olduğumuz üçün səsimizi ucaltmağa çalışdıqda, Niderland Krallığı və ya Fransa Respublikası bunu “daxili məsələ” kimi göstərir və beləliklə, bizim səsimiz boğulur. Bu səbəbdən rəhbərlik etdiyim “One Saint Martin” təşkilatı olaraq, eyni zamanda, bir xalq olaraq birləşmək və səsimizi çatdırmaq üçün regional təşkilatlara qoşulmuşuq. Həmçinin Karib Dənizi Hövzəsi Ölkələri Birliyinin Reparasiya Komissiyasının assosiativ üzvüyük. Bu platformalar bizə bölgənin və ümumilikdə dünyanın kolonial zülmdən azad olunması ilə bağlı mövqeyimizi ifadə etmək imkanı yaradır. Qeyd edim ki, hazırda 17-dən çox ərazi Avropanın, əsasən Niderland və Fransanın müstəmləkəsi olaraq qalır”, - deyə o əlavə edib.