Bütün dövrlərdə cəmiyyətin inkişafında maarifləndirmə mühüm rol oynayır. Buna görə də ziyalı insanlar maariflənmə işinə böyük önəm verirlər.
Azərbaycanda maarifçilik hərəkatı XIX əsrin ortalarından başlayaraq müxtəlif formalarda inkişaf etmişdir. Diqqətçəkən odur ki, maarifçilik hərəkatında kişilərlə bərabər savadlı, bilikli qadın ziyalılar da fəal iştirak edərək ön sıralarda addımlamışlar. Məqsədlərinə çatmaq üçün bu işdə öz vəsaitlərini belə əsirgəməmişlər.
Xalqının maariflənməsi işində fəal iştirak etmiş qadınlarımızdan biri də Gövhər hacı Məcid qızı Cəfərzadə (Gövhər Şövqiyyə) olmuşdur. Dövrünün savadlı, bilikli qadınlarından biri kimi tanınan Gövhər xanım maarifçi və publisist kimi də fəaliyyət göstərmişdir. Məqsədi, amalı savadsızlığın aradan qaldırılması və insanların maarifləndirilməsi olan Gövhər Cəfərzadə XX əsrin əvvəllərində, daha dəqiq desək, 1912-ci ildə böyük əziyyətlər bahasına Şamaxıda şəxsi vəsaiti hesabına ikisinifli qız məktəbi açmağa nail olmuşdur. Bununla da qadın maarifçiliyinin ilk nümayəndələrindən biri kimi tarixə düşmüşdür.
Təəssüflər olsun ki, bu maarifçi qadın haqqında mənbələrdə məlumat o qədər də çox deyil. Əldə olan məlumatlardan öyrəndiklərimiz yalnız odur ki, Gövhər Cəfərzadə 1883-cü ildə Şamaxı şəhərində anadan olub. Qızlar üçün məktəb olmadığına görə ilk təhsilini evdə alıb. Anası Əsəd xanım elmə, biliyə meyilli qadın olub. Buna görə də həm öz qızının, həm də digər qızların təhsil almasına müsbət yanaşıb. Qızı məktəb açanda anası Əsəd xanım da onun maarifçilik ideyalarına hörmətlə yanaşıb, bacardığı qədər fəaliyyətinə dəstək olub, kömək göstərib. Amma həmin dövr başqa bölgələrdə olduğu kimi, Şamaxıda da qızların təhsil alması üçün elə də əlverişli şərait yox idi. Şəhərdə ayrıca olaraq qız məktəbi fəaliyyət göstərmirdi. Şamaxı camaatının gələcəyi üçün narahat olan maarifpərvər ziyalılar oğlanlarla bərabər qızların da təhsil almasını, elm öyrənməsini istəyirdilər. Onlar xalqın, cəmiyyətin tərəqqisini elmdə, bilikdə görürdülər. Ona görə də qızların da təhsil alması, savadlanması üçün zəruri addımlar atmağa çalışırdılar.
Belə ziyalılardan biri də Gövhər Şövqiyyə idi. Qızlar məktəbinin açılmasına, fəaliyyət göstərməsinə dövrünün tanınmış şair və yazıçıları, ömürlərini xalqının yolunda şam kimi əritmiş Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Qafur Rəşad Mirzəzadə, Sultan Məcid Qənizadə və Mahmud bəy Mahmudbəyov kimi maarifçi ziyalılar böyük dəstək vermişdilər. Gövhər xanımın əsasını qoyduğu "Məktəbi-Şövqiyyə" məktəbi 1918-ci ilə qədər fəaliyyət göstərmişdir.
Məktəb əvvəlcə kiçik bir otaqda yerləşib. İlk günlər gələnlər az olsa da, sonrakı günlər burada 20-dən çox qız təhsil almağa başlayıb. Məktəbdə ana dili, hesab, tarix və coğrafiya fənlərindən dərslər keçirilib. Gövhər xanım dərslərdə "Xacəyi-sibyan", "Gülzar", "Əlifba" və "Balalara hədiyyə" kimi kitablardan istifadə edər, şagirdlərə şeir və hekayələr də əzbərlətdirərmiş. Təhsil almağa gəlmiş qızlar şeirləri maraqla əzbərləyərmişlər. Gövhər Şövqiyyə dərs zamanı musiqi və səhnəciklərdən də istifadə edərmiş. Təhsil almağa böyük maraq göstərən qızlar Mirzə Ələkbər Sabirin və Abbas Səhhətin şeirləri əsasında mahnı oxumağı da xoşlayarmışlar.
Dərslərdən sonra Gövhər xanım tez-tez məktəbdə oxuyan qızların valideynləri ilə görüşər, övladlarının təhsili və tərbiyəsi ilə bağlı söhbətlər apararmış. Növbəti dərslərdə valideynlərinin verdiyi təklifləri nəzərə alarmış. Çalışarmış ki, məktəbinə gələn qızlar dərslərini yaxşı oxusunlar, elmə, biliyə hərtərəfli yiyələnsinlər. Gövhər xanımın çalışqanlığı və yorulmaz fəaliyyəti nəticəsində açdığı məktəb Şamaxıda qadınların maariflənməsində mühüm rol oynamışdır.
Gövhər Şövqiyyə yalnız dərs deməklə kifayətlənmirdi. Həmin dövrdə nəşr olunan dövri mətbuatda işıqlı maarifçilik fikirləri ilə çıxış edirdi. 1911-1912-ci illərdə Gövhər xanımın "Məktəb" və "İşıq" jurnallarında maarif, mədəniyyət və qadın azadlığı məsələlərinə həsr olunmuş məqalələri dərc edilmişdi. Həmin məqalələr dövrün tanınmış ziyalıları tərəfindən rəğbətlə qarşılanırdı.
Gövhər Şövqiyyənin pedaqoji fəaliyyəti, məktəb açması, maarifçiliklə məşğul olması, qızlara təhsil verməsi bəzi dindar mühafizəkarların narazılığına səbəb olmuşdu. Bu narazılıq o həddə çatmışdı ki, məktəb bir müddət gizli fəaliyyət göstərmişdi. Bundan təngə gələn Gövhər xanım işlərini qaydasına qoymaq üçün Qafqaz müftisinin yanında imtahan verərək məktəbin rəsmi fəaliyyətinə icazə almışdı. Amma qara qüvvələr müxtəlif bəhanələrlə məktəbin fəaliyyətinə maneçilik törətməkdə davam etmişlər. Buna görə məktəb uzun müddət fəaliyyət göstərə bilməmişdi. Bir müddətdən sonra isə Gövhər xanım qızlar məktəbini bağlamağa məcbur olmuşdu.
Açdığı qızlar məktəbi bağlandıqdan sonra da Gövhər xanım maarifləndirmə işlərindən qalmamışdı. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gövhər Cəfərzadə ali təhsil almışdı. Bundan sonra Ucarda müəllimlik etmiş, bir müddətdən sonra Bakıya qayıtmışdı. Ömrünün sonuna kimi maarifçilik işindən ayrılmayan Göhvər xanım 1924-1936-cı illərdə Bakıda Azərbaycan dili və ədəbiyyat müəllimi işləmiş qadınların savadlı, bilikli olmasına çalışmışdı. Bu məqsədlə də savad kurslarında qadınlara dərs demiş, onlara bilik vermiş, elm öyrətmişdi.
Ömrünü xalqının maariflənməsi işinə həsr etmiş Gövhər Cəfərzadə 1936-cı ildə dünyasını dəyişmişdir.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"