Prezident İlham Əliyev regionlara səfərləri zamanı yaranmış ənənəsinə sadiq qalaraq Naxçıvanda da yeni obyektlərin təməlini qoydu və açılışını etdi. Bu səfər bir sıra ilklərlə də yadda qaldı. O cümlədən Naxçıvan Regional DOST Mərkəzinin açılışı oldu. Bu, muxtar respublikanın ilk DOST-udur.
Naxçıvan Regional DOST Mərkəzinin açılışı dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq DOST xidmətləri şəbəkəsinin ölkəboyu genişləndirilməsi istqamətində növbəti mühüm addımdır. Bu o deməkdir ki, Azərbaycan dövləti bütün sahələrdə olduğu kimi, sosial sahədə də ölkədə müasir, innovativ xidmətlər infrastrukturunun tam formalaşmasını əsas prioritetlərdən biri hesab edərək bu istiqamətdə mühüm irəliləyişlərə imza atır.
Xatırladaq ki, DOST mərkəzlərinin yaradılması dövlət sosial xidmətlərinin göstərilməsində bu gün dünyada qabaqcıl təcrübələr sırasında olan uğurlu islahat nümunəsidir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası sosial sahələr üzrə xidmətlərin "bir pəncərə"dən, müasir və çevik, tam şəffaf şəkildə, vətəndaş məmnunluğuna uyğun təqdim olunmasına imkan verib. DOST modelinə keçilməsi sosial sahədə köklü islahat tədbiri, aparılan sosial islahatlar proqramının ən mühüm nailiyyətlərindən biridir və Azərbaycanın bu sahədə yeni brendinə çevrilib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə DOST Agentliyi və ilk DOST mərkəzinin acılışı 7 il əvvəl, 2019-cu il mayın 9-da olub. Sonralar yeni DOST mərkəzləri, filialları və məntəqələri yaradıldı. Ötən dövrdə Bakı şəhərində 5 Regional DOST Mərkəzi, habelə Abşeron, Bərdə rayonlarında Regional DOST Mərkəzləri istifadəyə verilib. Naxçıvan Regional DOST Mərkəzinin açılışı ilə ölkəmizdə DOST mərkəzlərinin sayı 8-ə çatıb. Eyni zamanda hazırda Şuşada, Tərtərdə, Neftçalada, İmişlidə DOST qəbul şöbələri fəaliyyət göstərir, habelə Kəlbəcər ilə Füzulidə qəbul məntəqələri, Zəngilan rayonunun Ağalı kəndində isə Smart DOST məntəqəsi vətəndaşlara xidmət göstərir.
DOST mərkəzləri şəbəkəsinin bütün ölkəni əhatə etməsi üçün işlər hazırda davam edir. Ümumilikdə 2030-cu ilədək ölkə üzrə 18 DOST mərkəzinin, o cümlədən 60 şöbə və məntəqədən ibarət geniş xidmət şəbəkəsinin formalaşdırılması, o cümlədən 2026-2027-ci illərdə Naxçıvan MR-in bütün rayon mərkəzlərində DOST qəbul şöbələrinin yaradılması nəzərdə tutulur.
Dövlətimizin başçısı Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsi zamanı Naxçıvan Regional DOST Mərkəzinin açılışını da qeyd edib: "Bu gün, eyni zamanda sosial təminatla əlaqədar DOST Mərkəzinin açılışını qeyd edə bilərəm. Onun yanında "ASAN xidmət" mərkəzi dayanır. O da vaxtilə mənim göstərişimlə yaradılmışdır ki, insanlara daha gözəl xidmət göstərilsin".
Naxçıvan Regional DOST Mərkəzinin açılışı zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev mərkəzdə yaradılmış şərait barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verərkən bildirilib ki, mərkəzdə əhaliyə 164 sosial xidmət göstəriləcək. Ümumilikdə mərkəzdə 117 işçi və 50 könüllü fəaliyyət göstərəcək və burada gün ərzində orta hesabla 500-600 vətəndaşın qəbulu nəzərdə tutulur. Mərkəz pensiya, əmək və məşğulluq, sosial müavinətlər, əlillik, övladlığagötürmə və digər sosial xidmətlərin Naxçıvan MR sakinlərinə vahid məkanda, şəffaf formada, rahat, operativ və əlçatan şəkildə təqdim edilməsinə imkan yaradır.
Qeyd edək ki, Naxçıvan Regional DOST Mərkəzində tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin fərdi ehtiyaclarına uyğun reabilitasiya xidmətləri və vasitələri ilə təmin edilmələri üçün ixtisaslaşmış reabilitasiya müəssisələrinə göndərişlərin verilməsi işləri də aparılacaq. Bu da reabilitasiya xidmətlərinin Naxçıvan MR sakinləri üçün daha əlçatan olmasına imkan verir.
Son illər dövlət başçısının tapşırıqları əsasında aparılan sosial islahatlar çərçivəsində bu sahədə də mühüm addımlar atılıb. Müasir reabilitasiya sistemi qurulub, yeni xidmətlərin tətbiqi nəticəsində reabilitasiya xidmətləri göstərilənlərin illik sayında 2018-ci ilə nisbətən 7 dəfədən çox artıma, sosial xidmətlərin dairəsinin əhəmiyyətli dərəcədə genişləndirilməsinə nail olunub. Dövlət büdcəsi hesabına əliliyi olan şəxslərə verilən reabilitasiya vasitələri növlərinin sayı 57-dən 130-a çatdırılıb. Təkcə bu il əlilliyi olan şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müxtəlif növlərdə 318 min reabilitasiya vasitəsilə təmin edilib.
Eyni zamanda 2016-cı ilin Aprel döyüşlərində yaralanmış hərbçilərimiz Heydər Əliyev Fondunun layihəsi çərçivəsində qısa zaman ərzində Almaniya, İslandiya, İngiltərənin dünyada müasir protez istehsalçıları kimi tanınan şirkətlərinin yüksək-texnologiyalı məhsulları ilə təmin ediliblər. Möhtəşəm Zəfərimizlə yekunlaşan Vətən müharibəsindən sonra dövlət başçısının tapşırığı ilə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra edilən genişmiqyaslı sosial dəstək paketinin bir istiqaməti kimi postmüharibə dövründə 500-dən çox hərbçimiz 624 yüksəktexnologiyalı protezlə təmin olunublar.
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində əlilliyi olan şəxslər, digər həssas qrupların yaradıcı potensialı, bacarıqları inkişaf etdirilir. Mərkəz onların cəmiyyətə inteqrasiya imkanlarını artırır, inklüziv cəmiyyətin inkişafına mühüm töhfə verir. 2021-ci ilin oktyabr ayında Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə açılışı olan bu Mərkəz Cənubi Qafqazda ilk dəfə olaraq kifayət qədər əhatəli, çoxşaxəli fəaliyyət istiqamətlərini özündə birləşdirir və ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanıdır. Mərkəzdə təlimlərə cəlb edilən həssas qruplardan olan şəxslərin yaradıcılıq potensiallarının üzə çıxarılması və iqtisadi fəallıqlarının dəstəklənməsi məqsədilə yaradılmış "dostart.az" portalı vasitəsilə onların əl işlərinin onlayn satışı həyata keçirilir.
Naxçıvan MR-də də DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin yaradılması nəzərdə tutulur. Naxçıvan Regional DOST Mərkəzinin açılışı zamanı Prezidentə həmin mərkəzin layihəsi barədə də məlumat verilib. Əlilliyi olan şəxslərə hazırda 13 istiqamət üzrə göstərilən sosial bacarıqların inkişafı xidmətlərinin Naxçıvan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində daha da genişləndirilərək 20-yə çatdırılacağı qeyd edilib.
Deyilənlərə əlavə edək ki, son illər Azərbaycanda həyata keçirilən sosial islahatlar müxtəlif beynəlxalq təşkilatlar tərəfindən 300-dən artıq mükafat və sertifikata, o cümlədən bu il BMT-nin "Hamı üçün inklüziv və bərabər sosial təminat xidmətləri" təşəbbüsünə görə Dövlət Xidmətləri Mükafatına layiq görülüb. Həmçinin DOST modeli dünyanın qabaqcıl təcrübələri sırasına daxil edilib və bir sıra ölkələr (Moldova, Özbəkistan və Serbiya) DOST konsepsiyasına böyük maraq göstərirlər. DOST Agentliyi ötən dövrdə 60-dan çox beynəlxalq mükafat və sertifikatla təltif olunub.
Flora SADIQLI,
"Azərbaycan"