Azərbaycan dünyada azsaylı ölkələrdəndir ki, idmana öz təqvimində xüsusi gün ayırıb və 5 Mart tarixini "Bədən tərbiyəsi və idman günü" olaraq elan edib. Məhz idman sahəsinə göstərilən yüksək qayğının əsas səbəbi idman siyasətinin daim diqqət mərkəzində olmasıdır. Bədən tərbiyəsi və idman günü dövlət başçısı cənab İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən təsis edilib.
5 mart tarixinin "Bədən tərbiyəsi və idman günü" kimi müəyyən edilməsinin səbəbi 29 il bundan əvvəl, yəni 1995-ci ilin həmin günündə Ümummilli Lider Heydər Əliyevin Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri, mükafatçıları ilə görüşməsi ilə bağlıdır. Bu görüş həm də ölkəmizin idman həyatında gələcəkdə atılacaq addımlarla yadda qaldı.
Respublikamızda bədən tərbiyəsi və idmanın inkişafı Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə respublikamıza rəhbərliyə başlamasından sonra dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Bu məqsədlə 1994-cü ildə Gənclər, İdman və Turizm Nazirliyi yaradıldı. Ulu Öndər mütəmadi olaraq idmançıları qəbul edərək, onlarla görüşdü, qayğılarının həlli istiqamətində göstərişlər verdi.
1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbərlik etməyə başlaması ilə ölkəmizin idman həyatında yeni mərhələyə start verildi. İdmanın inkişafı istiqamətində bütün zəruri addımlar atıldı, bölgələrdə olimpiya kompleksləri, idman zalları yaradıldı və maddi texniki baza formalaşdı. İdmançılarımızın yerli və beynəlxalq yarışlara cəlb edilməsi istiqamətində zəruri addımlar atıldı.
Bu siyasət İlham Əliyev respublika prezidenti seçildikdən sonra daha geniş vüsət aldı. Uğurlu idman siyasəti nəticəsində ölkəmiz dünyanın qabaqcıl idman ölkəsinə çevrildi. Ulu Öndərin idman sahəsində yaratdığı xoş ənənə cənab Prezident tərəfindən də davam etdirildi. Hər il idmançıların dövlət başçısı tərəfindən qəbul edilməsi, onların mükafatlandırılması onlara yüksək nailiyyətlər qazanmaları üçün stimul verdi. Görülən işlər intensivləşdikcə müsbət nəticələr də özünü göstərməyə başladı. Bundan sonra idmançılarımızın olimpiadalardan ölkəmizə medallarla dönməsi ənənə halını aldı və beynəlxalq yarışlarda himnimizin səslənməsi, bayrağımızın ucaldılması hər bir azərbaycanlının qüruruna səbəb oldu.
Heydər Əliyevin idmanla bağlı bir fikrini hər zaman xatırlayırıq. Ulu Öndər deyirdi: "İnanıram ki, idman, bədən tərbiyəsi Azərbaycanda getdikcə kütləvi xarakter alacaq". Ölkəmizdə həyata keçirilən mütərəqqi idman siyasəti nəticəsində Ulu Öndərin bu arzusu həyata keçdi. Prezident İlham Əliyevin diqqət və qayğısı idmanı yeniyetmə və gənclər arasında daha da kütləviləşdirdi. Belə ki, respublikamızın idman sahəsində qazandığı uğurlarla yanaşı, paytaxtda və bölgələrdə yaradılan idman kompleksləri və idman bazaları idmanın kütləviləşməsinə gətirib çıxardı. İdman zallarında məşq etmək hər kəs üçün əlçətan oldu. Ölkəmizdə müntəzəm olaraq keçirilən idman yarışları, idmançılarımızın yarışlarda qazandıqları çoxsaylı qələbələr bu sahədə əldə edilmiş tərəqqinin təzahürləridir.
Dövlət başçısının iştirakı ilə 2023-cü ilin 21 dekabr tarixində Xankəndi stadionunda azərbaycanlı azarkeşlərin iştirakı ilə futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın "Qarabağ" və Bakının MOİK komandaları arasında oyun keçirildi. Xankəndi şəhəri azad olunduqdan sonra burada kütləvi tədbir kimi ilk olaraq futbol yarışının keçirilməsi həm də idmana verilən qiymətdir. Dövlət başçısının şəhid övladları, qazilərlə birlikdə izlədiyi futbol matçı hər zaman yaddaşlarımızda qalacaqdır. Eləcə də, həmin gün dövlət başçısı artıq ənənə halını almış görüşlərdən birini idmançılarla keçirərək, onları ilin yekunlarına görə növbəti dəfə mükafatlandırdı.
İdman sahəsində qazanılan uğurlarla yanaşı, ölkəmiz ən böyük idman yarışlarının yüksək səviyyədə təşkilatçısına çevrilib. İndiyədək ölkəmizdə I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula-1, Euro2020-nin oyunları kimi mötəbər yarışlar keçirilib.
İdmanın kütləviləşməsinin və gənclərin idmana marağının artırılmasının, habelə vətənpərvər ruhda tərbiyənin uğurlu nəticəsini həm də ordumuzun Vətən müharibəsindəki qələbəsi göstərdi. Hərbi qulluqçularımızın fiziki cəhətdən hazırlıqlı olmaları, onların göstərdiyi şücaət diplomatik müstəvidə aparılan uğurlu danışıqlarla vəhdət təşkil edərək qalibiyyətimizi təmin etdi. Hazırda Azərbaycan Ordusunun hərbi qulluqçuları dünyanın ən hazırlıqlı hərbçilərinin sırasında yer alırlar.
Savaşda qazandığımız Zəfər idmançılarımız tərəfindən yarışlarda uğurla davam etdirilir. Şuşamızda, Laçınımızda, Xankəndimizdə və işğaldan azad olunmuş bütün ərazilərimizdə məğrurluqla dalğalanan şanlı bayrağımız idman yarışlarında da hər zaman qürurla ucaldılacaqdır.
Qarşıda bizi Fransanın paytaxtı Paris şəhərində baş tutacaq XXXIII Yay Olimpiya Oyunları gözləyir. Əminik ki, idmançılarımız ölkəmizi ən yaxşı səviyyədə təmsil edib, qələbələrlə vətənə dönəcəklər. Bu ölkədə himnimizi səsləndirməklə, bayrağımızı qaldırmaqla dövlətimizin və xalqımızın gücünü bir daha nümayiş etdirəcəklər.
Adil ƏLİYEV,
Milli Məclisin Sədr müavini,
Gənclər və idman komitəsinin sədri