09 May 2025 08:45
1423
Mədəniyyət
A- A+
O, iki faşizmə qarşı savaşmışdı

O, iki faşizmə qarşı savaşmışdı


78 yaşında ermənilərin qurbanına çevrilən Kazım Məmmədovun həyat hekayəsi 


Azərbaycan xalqı faşizm təhlükəsinin dünyanın başını aldığı ilk zamanlardan  mübarizəyə qalxıb. Sözün əsl mənasında İkinci Dünya müharibəsində yaşlısından gəncinə, qadınından uşağına qədər hər kəs müsəlləh əsgərə çevrilib. 

İkinci Dünya müharibəsində xalqımız 600 min oğul və qızını ön cəbhəyə yola salıb, Azərbaycan diviziyaları Qafqazdan Berlinədək başdan-başa qəhrəmanlıqlarla dolu döyüş yolu keçiblər. Yüzlərlə həmyerlimiz partizan dəstələrinin tərkibində faşizmə qarşı uğurlu mübarizə aparıb. Həzi Aslanov, Mehdi Hüseynzadə, Aliyə Rüstəmbəyova kimi minlərlə igid Azərbaycan övladının şücaətləri bu gün də dillərdə dastandır. 

Bu tarixi qələbənin qazanılması uğrunda düşmənlə çarpışan igid oğul və qızlarımızdan 300 mindən çoxu döyüşlərdə qəhrəmanlıqla həlak olub. 

Müharibə zamanı göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən artıq əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.


"Qırmızı bayraq" ordeni ilə təltif olunub


Alman faşizminə qarşı qəhrəmanlıqla savaşan igid azərbaycanlı oğullardan biri də 1915-ci ildə Kəlbəcər rayonunun Sınıqkilsə kəndində (indi Hacıkənd) doğulan Kazım Bağır oğlu Məmmədov olub. 16 may 1941-ci ildən etibarən ordu sıralarına qatılıb. İkinci Dünya müharibəsinin sonuna qədər döyüşlərdə iştirak edən baş serjant K.Məmmədov Əlahiddə Sahil Ordusunun 12-ci Qvardiya atıcı alayında, 166-cı atıcı diviziyasında kəşfiyyatçı vəzifəsində xidmət edib.

O, Tula, Qomel, Brest, Pskov,Vilnüs və digər şəhərlərin müdafiəsində iştirak edib. 1943-cü ilin iyununda ağır yaralansa da, müalicədən sonra döyüş bölgəsinə qayıdıb. 23 aprel 1945-ci ildən Qafqaz eskadronunun tərkibində xidmət etməyə başlayıb. Kazım Məmmədov döyüşlərdə şəxsi şücaəti ilə seçildiyinə görə "Qırmızı ulduz" ordeninə layiq görülüb. Eyni zamanda o, "İgidliyə görə", "Döyüş xidmətlərinə görə", "Stalinqradın müdafiəsinə görə", "Varşavanın azadlığına görə" "1941-1945-ci il müharibəsində Almaniya üzərində qələbəyə görə" medalları ilə təltif edilib. Müharibənin sonuna qədər igidliklə döyüşən Kazım Məmmədov qalib döyüşçü kimi Reyxstaqın divarına imzasını atıb. 

Müharibə bitdikdən sonra - 1946-cı ildə 31 yaşında Kəlbəcərə qayıdan Kazım Məmmədov doğulduğu rayonda bir müddət müxtəlif vəzifələrdə, daha sonra isə kənd sovetinin sədri kimi fəaliyyət göstərməyə başlayıb. 

Ürəyində alman faşizminə qalib gəlməyin böyük qürurunu daşıyan və köhnə Azərbaycan kişilərindən olan qədd-qamətli, zabitəli, hökmlü, sözün əsl mənasında yeriyəndə yer-yerindən silkələnən Kazım Məmmədov daha bilməyib ki, zalım fələk  onu qarşıda daha amansız, daha qəddar faşizmlə qarşılaşmağa hazırlayır - erməni faşizmi ilə...


Girov düşdüyü o məşum an...


Baxanda qəzəb və kədər hissindən az qala ürəyimizin partlayacağı bir videogörüntü var internet şəbəkələrində. Həmin görüntüdə 1993-cü ildə erməni quldurlarının kəlbəcərli mülki şəxsləri girov götürmə anları əks olunub. Terrorçu əsl xislətini əks etdirdiyi kimi, "tülkü" ləqəbli və artıq cəhənnəmə vasil edilmiş Monte Melkonyan da var həmin videoda. Təpədən-dırnağa silahlanmış erməni faşistləri səsucaldıcı ilə kəlbəcərlilərə rayonu tərk etmək üçün 10 saat vaxt verdiklərini deyərək, günahsız insanları düşürdükləri bu faciəvi vəziyyəti həyasızlıqla ələ salırlar. Videoda görünür ki, sonra erməni qatilləri əlində ağ bayraq qaldıraraq  onlara yaxınlaşan azərbaycanlı yaşlı qadını, eyni zamanda macal tapıb rayonu zamanında tərk etməyi bacarmayan 78 yaşlı kişini - yuxarıda haqqında bəhs etdiyimiz və atamın əmisi olan Kazım Məmmədovu girov götürürlər. 

Elə erməni vəhşilərinin əlinə keçdiyi həmin andan etibarən digər girovluqda olan soydaşlarımız kimi, Kazım Məmmədovun da bu dünyadakı cəhənnəm həyatı başlayır... 

6 aylıq erməni girovluğundan sonra ölkəmizə qayıdanda Kazım əmini heç doğmaları da tanıya bilmədi. Zavallı yaşlını o qədər ac saxlamış, işgəncə, əzab vermişdilər ki, quruca sümükləri qalmışdı, nə yeriyə bilirdi, nə danışa... İki Dərin çuxura düşmüş gözləri isə şüşə kimi idi və boşluğa zillənmişdi. Sanki onlar canlı insana yox, ölüyə məxsus idilər... 

Girovluqdan azad olunduğu 1993-cü ilin oktyabrından 1995-ci ilə - vəfatına qədər Kazım əmiyə gah Tərtərdəki, gah Qazaxdakı qardaşı uşaqları baxdılar. 

Həmin dövrdə bir müddət də bizdə - Qobustan rayonunda müvəqqəti məskunlaşdığımız evdə qalan Kazım əminin necə dəhşətli əzablar çəkdiyinə uşaq yaşlarımda gözlərimlə şahid oldum. 


Dəhşətli işgəncələr, tükürpərdici xatirələr...


Qansız ermənilər ac saxladıqları, işgəncəyə məruz qoyduqları Kazım Məmmədovu girovluqdan azad edəndə də murdar xislətlərinə xas davranaraq onun qanına benzin vurmuşdular. 

O, girovluqda gördüyü bütün bu zülmlərə görə ağlını da itirmişdi, gecə-gündüz qorxu ilə qışqırır, yatmaq nədir, bilmirdi. Arada 5-10 dəqiqəlik hafizəsi, huşu yerinə gələndə isə ermənilərin həm ona, həm də Kəlbəcərdən və digər işğal edilmiş rayonlarımızdan girov götürülmüş azərbaycanlılara verdikləri dəhşətli işgəncələrdən danışırdı: "Bir gün girovluqda olan say-seçmə gənc oğlanlarımızdan 10 nəfərini yığıb gözlərimizin qarşısında torpağa uzatdılar. Sonra isə tankla diri-diri üzərlərindən keçdilər..."

Həmin zaman onunla birgə girovluqda olmuş şəxslər sonradan danışırdılar ki, erməni qatillər girovlarımızı döyəndə, işgəncə verəndə,  təhqir edəndə Kazım əmi onların bu vəhşiliyinə səssiz qalmamış, heç nədən çəkinməyərək bu qaniçənlərə layiq olduqları sözləri demiş, əsası ilə vururmuş. Buna görə də erməni vəhşiləri avtomatın qundağı ilə yaşlı kişinin başına vurub və ağzındakı qızıl dişləri də bu üsulla tökərək götürmüşdülər... 

"İkinci Dünya müharibəsində alman faşizminin qəddar üzünü görmüşdüm, amma 6 aylıq erməni girovluğunda yaşadıqlarımdan, şahid olduqlarımdan anladım ki, dünyada erməni faşizmindən amansız, qansız faşizm yoxdur. Onlar faşist də deyillər, elə bil insan cildinə girmiş iblisdirlər..."

Bu ifadə də erməni faşizminin qurbanına çevrilərək ruhi və fiziki sağlamlığını itirən, ölüm həddinə çatdırılan Kazım əminin huşunun özünə qayıtdığı qiymətli dəqiqələrdə anlatdığı qandonduran gerçəkliklərdən biridir...  

Erməni vəhşiliyi nəticəsində düçar olduğu xəstəliklərə, dəhşətli ağrı və əzablara tab gətirməyən Kazım əmi 1995-ci ildə bu həyata əbədi olaraq gözlərini yumdu.

Görünür, bu da amansız taleyin ironiyasıdır ki, 1941-1945-ci il müharibəsində dünyanın alman faşizmindən qurtulması uğrunda igidliklə döyüşən, "Qırmızı bayraq" ordeninə layiq görülən Kazım Bağır oğlu Məmmədov özü ömrünün ixtiyar çağında erməni faşizminin qurbanına çevrildi...


"Dəmir yumruq" erməni faşizminin başını əzdi 


Erməni qatillərin İkinci Dünya müharibəsində alman faşizminə qarşı vuruşmuş insanlarımıza xüsusi qəddarlıq nümayiş etdirmələri ilə bağlı çoxsaylı nümunə var. Onlardan biri də Kəlbəcərdə 18 aprel 1993-cü ildə törətdikləri Başlıbel qətliamı zamanı kahada yaxaladıqları əslən Laçından olan 70 yaşlı Hüseyn adlı kişini məhz II Dünya müharibəsi veteranı olduğunu eşitdikdən sonra aparıb kənddə diri-diri yandırmalarıdır... 

Əslində, erməni faşist Qaregin Njdenin qanından olanlardan bundan artıq nə gözləyəsən ki... 

O da təsadüfi deyil ki, faşist Njdeyə Ermənistanın paytaxtı İrəvanda abidə qoyulub, adı küçələrə verilib... Həmçinin ermənilər bu qaniçən haqqında filmlər çəkərək digər ölkələrdə yayımlamağa cəhd edirlər...

Bu gün faşizm üzərində çalınan tarixi Qələbədən 80 il ötür. 1941-1945-ci illər ərzində həm ön, həm də arxa cəbhədə misilsiz qəhrəmanlıq və fədakarlıq göstərərək faşizm üzərində qələbənin əldə olunmasına böyük töhfələr verən Azərbaycan xalqı da 9 May - Qələbə Gününü bayram  kimi qeyd edir. 

44 günlük Vətən müharibəsindəki parlaq qələbədən sonrakı 5 ildə isə biz 9 May Gününü həm də 2020-ci ildə qazandığımız parlaq Şuşa Zəfəri və 2023-cü ildə keçirilən 23 saatlıq antiterror tədbirləri sayəsində "dəmir yumruq"la erməni faşizminin başını əzməyimizin qürur hissi ilə böyük coşqu və təntənə ilə keçiririk. 

Əminik ki, qisasları alındığı, qanları yerdə qalmadığı üçün torpaqlarımızın azadlığı uğrunda qurban getmiş bütün vətən övladlarımızın da ruhu artıq şaddır. 


Yasəmən QƏNAƏTQIZI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!