17 Mart 2026 09:30
128
Mədəniyyət
A- A+
Novruz tonqallarının işığında...

Novruz tonqallarının işığında...


Azərbaycan xalqının minilliklərdən süzülüb gələn zəngin mənəvi irsi içərisində baharın gəlişini müjdə verən Novruzun xüsusi yeri var. Bu bayram yalnız təqvim hadisəsi deyil, təbiətin oyanışını, həyatın yenilənməsini və insanın ruhunda baş verən mənəvi saflaşmanı ifadə edən dərin fəlsəfi məna daşıyır. Baharın nəfəsi ilə torpaq canlanır, ağaclar tumurcuqlayır, həyat yenidən doğulur. Elə buna görə də xalq təfəkküründə Novruz baharın özü, ruzi və bərəkət, ümid və barış, yeni arzuların başlanğıcı kimi qəbul edilir.

Novruz minilliklər boyu formalaşmış zəngin adət-ənənələri, mərasimləri və rəmzləri ilə Azərbaycan xalqının mədəni yaddaşında mühüm yer tutur. Bu bayramın kökləri qədim dünyanın təbiətə bağlı həyat tərzinə, insanın torpaq, su, od və yel kimi təbii ünsürlərlə harmoniyasına dayanır. Təsadüfi deyil ki, Novruza aparan yol xalq təqvimində dörd müqəddəs çərşənbə ilə müşayiət olunur. Su, Od, Yel və Torpaq çərşənbələri təbiətin mərhələli oyanışını, kainatın ilkin ünsürlərinin yenilənməsini simvolizə edir. Hər bir çərşənbə xalq inanclarında, mərasimlərində və folklorunda özünəməxsus məna və rəmzi çalarlar daşıyır. Xalq inanclarına görə, kainatın əsasını təşkil edən bu dörd ünsür baharın gəlişi ərəfəsində bir-bir oyanaraq təbiətə yeni nəfəs verir. Bu ardıcıllıq insan düşüncəsində də özünəməxsus fəlsəfi məna qazanır: əvvəlcə su həyat gətirir, sonra od istilik və işıq verir, yel təbiəti hərəkətə gətirir və nəhayət, torpaq oyanaraq bütün varlığa həyat bəxş edir.

İlk çərşənbə - Su çərşənbəsi xalq arasında "əzəl çərşənbə" kimi də tanınır. İnanca görə, həmin gün sular yenilənir, bulaqlar, çaylar və arxlar canlanır. İnsanlar səhər tezdən axar su üstünə gedir, su ilə üzlərini yuyur, bir-birinə su çiləyərək təmizliyin və paklığın rəmzi kimi qəbul edirlər. El arasında deyildiyi kimi: "Su axar, dərd aparar". Bu gün sanki su yalnız torpağı deyil, insanın qəlbini də saflaşdırır.

Ardınca gələn Od çərşənbəsi qədim türk dünyagörüşündə müqəddəs sayılan odla bağlıdır. Həyətlərdə tonqallar qalanır, insanlar odun üzərindən atlanaraq köhnə ilin ağırlığını və dərdini geridə qoymaq istəyirlər. Tonqalın alovu qaranlığı və soyuğu qovur, yeni günün işığını müjdələyir. Bu mərasim xalq yaddaşında belə ifadə olunur:


Ağırlığım-uğurluğum odda qalsın,

Od məni paklasın, dərd məndən uzaq olsun.


Üçüncü Yel çərşənbəsidir. Xalq inanclarına görə, həmin gün yel oyanır, küləklər əsir və təbiəti hərəkətə gətirir. Yel əsdikcə ağacların budaqları tərpənir, sanki təbiət baharın gəlişinə hazırlaşır. Xalqımızın yaddaşından süzülüb gələn bu deyim də bunu təsdiqləyir: "Yel əsməsə, yarpaq tərpənməz".

Dördüncü və sonuncu Torpaq çərşənbəsi, yaxud İlaxır çərşənbə hesab olunur. Bu gün artıq baharın nəfəsi daha aydın hiss edilir. Xalq inanclarına görə, torpaq oyanır, nəfəs alır və yeni həyatın başlanğıcını xəbər verir. Əkinçi üçün bu gün torpağın bərəkət və bolluq vəd edən başlanğıcı deməkdir. İnsanlar evlərini, həyətlərini səliqəyə salır, ağac əkir, torpaqla bağlı işlər görür, sanki təbiətin dirçəlişinə qoşulurlar.

Tarix boyu Novruz bayramı xalqımızın milli kimliyinin mühüm rəmzlərindən olmuşdur. Lakin sovet hakimiyyəti dövründə bu bayramın keçirilməsi müəyyən dövrlərdə qadağan edilmişdi. Sovet ideologiyası insanları milli köklərindən və ənənələrindən uzaqlaşdırmaq, onların düşüncəsini vahid ideoloji çərçivəyə salmaq məqsədilə Novruz kimi qədim bayramların keçirilməsini məhdudlaşdırmışdı. Buna baxmayaraq, Azərbaycan xalqı bu bayramı heç vaxt unutmamışdı. Qadağalara rəğmən insanlar Novruzu gizli şəkildə qeyd edir, öz adət-ənənələrini, milli kimliyini qoruyub saxlayırdılar.

1960-cı illər Azərbaycanda milli düşüncənin yenidən oyanmağa başladığı dövr idi. Həmin illər respublikaya rəhbərlik edən Vəli Axundov və görkəmli ictimai xadim Şıxəli Qurbanov Sovet İttifaqında siyasi ovqatın nisbətən yumşaldığını hiss edərək Novruz bayramının yenidən açıq şəkildə qeyd olunması üçün təşəbbüs göstərdilər. Azərbaycana rəhbərlik edən Heydər Əliyev dövründə isə milli-mənəvi dəyərlərə qayıdış prosesi daha da gücləndi. Novruz bayramı rəsmi səviyyədə qeyd olunmağa başladı. Artıq insanlar bu bayramı açıq və təntənəli şəkildə qeyd edir, qədim adət-ənənələr yenidən dirçəldilirdi. Bu illər xalqın öz köklərinə, milli kimliyinə və mədəni irsinə dönüş dövrü kimi yadda qaldı.

Müstəqil Azərbaycanın bu günündə Novruz bayramı milli birlik və həmrəyliyin rəmzi kimi qeyd olunur. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva hər il Novruz bayramını xalqla birlikdə qarşılayır, bu qədim bayramın ruhunu və mənəvi dəyərini yaşadırlar. Xüsusilə son illərdə Novruz tonqallarının işğaldan azad edilmiş Qarabağ torpaqlarında qalanması böyük rəmzi məna daşıyır. Bu torpaqlarda alovlanan Novruz tonqalları həm tarixi ədalətin bərpasının, həm də torpağın yenidən dirçəlişinin rəmzi kimi xalqın qəlbini sevinc və qürur hissi ilə doldurur.

Beləliklə, Novruz yalnız təqvimdə bir bayram günü deyil, xalqımızın minilliklər boyu qoruyub saxladığı mənəvi sərvət, həyat fəlsəfəsi və milli kimliyinin parlaq təcəssümüdür. Su, od, yel və torpaq kimi müqəddəs ünsürlərin oyanışı ilə başlayan bu mərasimlər insanı təbiətlə yenidən qovuşdurur, qəlblərə ümid, evlərə bərəkət gətirir. Zaman dəyişsə də, əsrlər keçsə də, Novruz bayramı Azərbaycan xalqının yaddaşında yenilənmənin, birlik və ümidin əbədi rəmzi kimi yaşayır.


Sevda AXUNDOVA,

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktor müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Norveçli diplomatlar İrandan təxliyə olunub

11:12
17 Mart

BMT-nin Baş katibi müsəlmanlara qarşı nifrət ritorikası ilə mübarizəyə çağırıb  

11:11
17 Mart

Azərbaycan nefti bahalaşıb 

10:56
17 Mart

DİN və FHN Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət ediblər 

10:55
17 Mart

İran: Hörmüz boğazındakı gərginliyə görə məsuliyyət daşımırıq

10:35
17 Mart

Keçmiş məcburi köçkün: Bu gün çox sevincliyəm

10:29
17 Mart

Doğma yurduna qayıdan keçmiş məcburi köçkün: Prezidentimizə təşəkkür edirik 

10:29
17 Mart

Ayda maqnit sahəsinin sirri ilk dəfə izah olunub  

10:16
17 Mart

BƏƏ İrandan gələn hücumlar səbəbindən hava məkanını bağlayıb  

10:09
17 Mart

Fransada mer seçkiləri keçirilib

09:50
17 Mart

Keçmiş məcburi köçkün: Biz müstəqil dövlətin azad vətəndaşları kimi öz doğma yurdumuzda yaşayacağıq  

09:46
17 Mart

İran münaqişənin diplomatik həllini hazırda nəzərdən keçirmədiyini bildirib

09:45
17 Mart

Hirkan qəsəbəsində əmək yarmarkası: 20 vakansiya, 30 müraciət

09:45
17 Mart

Paytaxtın abad məhəllələrində Novruz şənlikləri davam edir

09:40
17 Mart

Sumqayıtda "Kənddən şəhərə" yarmarkası təşkil edilib

09:35
17 Mart

Novruz tonqallarının işığında...

09:30
17 Mart

İlaxır çərşənbə - bərəkət və bolluq rəmzi Torpaq

09:25
17 Mart

Gəncədə beynəlxalq konfrans keçirilib

09:20
17 Mart

Kartofun qiyməti bu sahəyə marağı artırıb

09:17
17 Mart

Ramazan süfrəsində xoş arzular səslənib

09:15
17 Mart

Suya həyat deyiriksə, onun qədrini bilməliyik

09:10
17 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!