Qaliblər ikinci turda bəlli olacaqlar
Fransada böyük şəhərlərin merləri seçilirlər. İlk turdan sonra Parisdə sosialist Emmanuel Qrequar, Nitsada ifrat sağçı namizəd, Havrda isə keçmiş Baş nazir Eduard Filip öndədirlər. Bir çox namizədin son qələbəni təmin etmək üçün ifrat sağçı və ya ifrat solçularla ittifaq qurması gözlənilir.
Builki bələdiyyə seçkiləri ilə 2020-ci ilin səsverməsi arasındakı əsas formal fərq seçkilərin nisbətən yüksək fəallığıdır. 6 il əvvəl, koronavirus pandemiyasının ən qızğın vaxtında mer seçkilərində seçicilərin 45 faizdən az hissəsi iştirak etmişsə, indi bu rəqəm 57 faizi keçib.
Səsvermə proporsional sistemdən istifadə etməklə aparılıb. İkinci tura keçmək üçün partiya siyahısı ən azı 10 faiz səs toplamalı idi. Ən çox diqqət Parisə yönəlmişdi. Paytaxtın hazırkı meri sosialist Anne İdalgo üçüncü müddətə namizədliyini irəli sürməyib.
Birinci turda sosialist Emmanuel Qrequar əhəmiyyətli bir fərqlə (38,3 faiz) qalib gəlib. Sağçı namizəd və keçmiş ədliyyə naziri Rəşidə Dati səslərin 26 faizini toplayaraq ikinci yeri tutub. Sofiya Şikiru (ifrat solçu "Yenilməyən Fransa" partiyası, 11,3 faiz), mərkəzçi Pyer-İv Burnazel (11,2 faiz) və Sara Knafo (ifrat sağçı "Rekonkista"partiyası, 10 faiz həddini çətinliklə keçib) da 2-ci turda mübarizəni davam etdirmək hüququ qazanıblar.
Seçkilərin taleyi ikinci turda həll olunacaq və namizədlər artıq indidən mümkün koalisiyalar haqqında danışırlar. Məsələn, Qrequar rəqibi Datini ifrat sağçılarla birləşib-birləşməyəcəyini demədiyinə görə tənqid edib. Öz növbəsində, "makronçu" Burnazel sağçıları yalnız millətçilərlə əməkdaşlıq etmədikləri halda dəstəkləməyə hazır olduğunu açıqlayıb. Bu arada Rəşidə Dati bildirib ki, indi bölünmə vaxtı deyil və o, solçu təriqətçilərin hakimiyyətdə olmasını istəməyənlərin hamısını birliyə çağırıb.
Əvvəllər prezident seçkilərində iştirak etmək niyyətini açıqlayan keçmiş Baş nazir Eduard Filip Havrda əhəmiyyətli bir fərqlə liderlik edir. Sorğulara görə, onun mərkəz sağçılar arasında 2027-ci ildə keçiriləcək prezident seçkilərinin ikinci turuna çıxmaq üçün ən yaxşı şansı var.
Birinci turda Eduard Filip səslərin 43,8 faizini toplayıb. Kommunist Æan-Pol Lekok 33,2, ifrat sağçı siyasətçi Frank Keller isə 15,3 faiz səs qazanıblar.
Rizvan CƏFƏROV,
"Azərbaycan"