13 Mart 2026 09:05
134
Mədəniyyət
A- A+
Müəllimin acı taleyi

Müəllimin acı taleyi


1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti XI Ordu tərəfindən süquta uğradıldıqdan sonra ermənilərin canfəşanlığı ilə Azərbaycanda gah gizlin, gah da açıq-aşkar ziyalılara qarşı işgəncələr, həbslər, sürgünlər, soyqırımı həyata keçirilirdi. Belə haqsızlıqlara məruz qalan ziyalılarımızdan biri də Şəmkirin İrmaşlı kəndindən Kamal müəllim olmuşdur.

Kamal Allahverən oğlu Həsənov 1895-ci ildə ortabab kəndli ailəsində dünyaya göz açıb. Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında təhsil alan ilk şəmkirlilərdən olub. O, 1919-cu ildə seminariyanı bitirib Gəncə quberniyasının Zəyəm nahiyəsinin müxtəlif  kəndlərində müəllim işləyib. 

Bu o vaxtlar idi ki, Azərbaycanın qərb bölgəsində - Gəncədə, Dəstəfurda (indiki Daşkəsən), Gədəbəydə, Şəmkirdə, Zəyəmdə erməni-müsəlman çəkişmələri, milli münaqişələr həddini aşmışdı. Daşnaklar bolşeviklərlə birləşib azərbaycanlılara qarşı soyqırımı kampaniyasını gündən-günə gücləndirirdilər. Adamları dindirəndə rus dilində cavab verə bilməyənləri yerindəcə güllələyirdilər. Bu zaman İrmaşlının ucqar yerində - Qalaçada  dördsinifli məktəbdə dərs deyən Kamal müəllim çox adamın dadına, köməyinə çatırdı. Kəndə bir bolşevik məmuru gələndə dərhal Kamal müəllimi tapıb qabağa verirdilər. 

Kamal müəllim evli idi, qonşu qızı Həcərlə ailə həyatı qurmuşdu. 1923-cü ildə ilk övladı Xanım, 1925-ci ildə oğlu Əli dünyaya gəlmişdi. 1925-ci ilin payızında keçirilən yığıncaqda kənd camaatı bolşeviklərin namizədini yox, Kamal müəllimin kənd şurasının sədri olmasını təkid etdilər. Bolşevik və NKVD nümayəndələri nə qədər cəhd etsələr də, istədiklərinə nail ola bilmədilər. Müəllimliyi heç vaxt heç bir vəzifəyə dəyişmək arzusunda olmayan Kamal Həsənov kənd şurasının sədri işləyəndə onlarca insanı bolşevik təqibindən, işgəncədən, güllələnmədən, sürgündən və həbsxana zülmündən xilas etmişdi.

Dağ və aran İrmaşlının uşaqları pərakəndə halda, Varğada və Qalaçadakı şəraitsiz dördsinifli məktəblərdə oxuyurdular. Kamal müəllimin ən böyük arzusu kənddə məktəb tikdirmək idi. Bu barədə Gəncə Qəza Komitəsində  məsələ qaldırsa da, sözünə qüvvət verən olmamışdı. Buna baxmayaraq, hansı məclisdə olurdusa, hansı ağsaqqalla söhbət edirdisə, azyaşlı uşaqları məktəbə oxumağa göndərmələrini tövsiyə edir, onlara hər cür kömək edəcəyini deyirdi. 

Məhz bu kimi səbəblərdən bəzi məmurlar, erməni daşnakları Kamal müəllimə göz verib, işıq vermirdilər. Bir dəfə Zəyəmə yolu düşəndə (o zaman Zəyəm rayon mərkəzi hesab edilirdi və İrmaşdı ərazi vahidi kimi Zəyəmə tabe idi) yaxşı münasibətdə olduğu sıravi rusəsilli milis nəfəri ona yaxınlaşıb dedi: "Ay Kamal müəllim, bunlar səndən yaman yanıqlıdılar, ehtiyatlı ol, başqasını şura sədri qoymaq istəyirlər, ermənilərin əli ilə  səni aradan götürməyə çalışırlar". Kamal müəllim özü də bunu hiss edirdi. Gəncə Qəza Komitəsində, İnqilabi Hökumətin yığıncaqlarında, eləcə də Zəyəmdə məmurlar dəfələrlə yerli-yersiz Kamal Həsənovu erməniləri müdafiə etməməkdə günahlandırırdılar. 

O zaman daşnak yuvası olan Çardaxlıdan və keşiş Vahanın göstərişi ilə digər kəndlərdən olan erməni quldurlar tez-tez azərbaycanlıların dağda-dərədə otlayan qoyun-quzu sürülərinə basqın edir, çobanları öldürür, mal-qaralarını aparırdılar. Bu barədə Kamal müəllim Gəncə Qəza Komitəsinə və İnqilabi Hökümətə, milis idarəsinə dəfələrlə məlumat versə də,  nəticəsi olmamışdı. Bir gün yenə kəndə xəbər yayıldı ki, Çardaxlı erməniləri Atabəylə Yuxari İrmaşlının arasında - Bulannıq dərəsindəki Avdı bulağının yanında çobanları döyüb, qoyun sürüsünü əllərindən alıblar. Kamal müəllim bunu eşidən kimi atını minib birbaşa Avdı bulağına tərəf çapır. Yolda görür ki, iki nəfər kənd sakini al qanın içindədir. 

"Əyə, dığalar sürünü hara apardılar?"  soruşan Kamal müəllim dayanmadan atını çobanların göstərdiyi səmtə çapır. Çardaxlıya çathaçatda erməniləri haqlayır, beşaçılanla ikisini güllələyir, birini də ölümcül yaralayır, bir neçəsi də qaçıb aradan çıxır. Kamal müəllim sürünün ağzını döndərir kəndə sarı.

Yolda çobanlara köməyə gedən camaata rast gəlir, qoyun-quzunu sahiblərinə verib, deyir ki, gedirəm  Zəyəmə, İnqilabi Hökumətə məlumat verim. Məsələni rəhbərliyə danışıb, özünü milisə təqdim edir. Deyilənə görə, Kamal müəllim o gedən gedir. Kamal Həsənov 10 il müddətinə azadlıqdan məhrum edilir.

...Tiflisdə sürgünə göndərilən yüzlərlə "xalq düşməni"ndən Kamalı ayırıb dustaq daşıyan başqa bir vaqona mindirirlər. Tələbəlik illərində Tiflisdən Qoriyə gələndə həmişə bu platformadan qatara minib təxminən bir saatdan sonra Qoridə düşərdi. Odur ki, qatar tərpənəndə Kamal bildi ki, Batuma tərəf gedirlər. Səhərə yaxın qatar sürətini azaldıb dayananda Kamala elə gəldi ki, buradan da harasa uzaq bir yerə aparacaqlar. Amma vaqondan düşəndə gözlərinə inanmadı: "Bu ki, Qoridir", - deyib, səsini içinə qısdı, səhərin təmiz havasında doyunca içinə çəkdı. O qədər də böyük olmayan bu şəhərdə hər ünvan, hər tin ona tanış idi, yaxşı münasibətdə olduğu dostları çox idi. O sanki indi buraya həbsxanaya yox, ikinci dəfə təhsil almağa gəlmişdi.  Bu xəyallardan onu kanvoyun əmranə səsi ayırdı...

İrmaşlı kəndinin ziyalılarından Sədi Qarayev deyir ki, Kamal Həsənov Qori həbsxanasında olanda da təmkinliyi, tədbirliyi və xeyirxahlığı ilə seçilib. Orada xeyli azərbaycanlı olub, əksəriyyəti də rus dilini bilmirmiş, onlar rus məmurları ilə danışıqlarında həmişə Kamal müəllimi çağırtdırarmışlar. O zaman yeni quruluşu qəbul  etməyən və "xalq düşməni" kimi həbs edilən qaçaq Mayıl da Kamal müəllimlə bir yerdə olub. Malını-mülkünü şura hökumətinə vermədiyinə və yeni quruluşu bəyənmədiyinə görə, NKVD onu 5 il müddətinə azadlıqdan məhrum etməklə Qori həbsxanasına göndərmişdi. Amma Mayıl bu həbsxanadan heç 5 ay keçməmiş Kamal müəllimin köməyilə  qaçmışdı.

Həbsxanadan 1935-ci ildə buraxılan Kamal müəllim həyət-bacada təsərrüfat işləri və saxladığı 3-4 baş qoyun-quzu ilə ailəsini birtəhər dolandırırdı. Onun 1937-ci ildə dördüncü övladı Məhəmməd dünyaya gələndən sonra tez-tez NKVD işçiləri ya qapısına gəlir, ya da Zəyəmə çağırırdılar ki, sovet hökumətinin əleyhinə filankəsə belə demisən, filan yerdə belə danışmısan... Əslində, bunlar bir bəhanə idi, əsas səbəb o idi ki, Çardaxlı ermənilərinin Kamal müəllimə verilən cəzadan ürəkləri soyumamışdı, hərləyib-fırlayıb onu birdəfəlik aradan götürməyə çalışırdılar. Təəssüf ki, 2 ildən sonra buna nail olurlar. 

Yaxınlarının dedyinə görə, 1937-ci ilin oktyabr ayında, Kamal Həsənovu Tiflis həbsxanasından Ağstafaya gətirirlər. 15-20 dəqiqəlik "məhkəmə"dən sonra  İnqilabi Hökumətin  qərarı ilə o, "xalq düşməni" elan olunaraq Gəncə Fövqəladə üçlüyünün hökmü ilə sürgünə göndərilir. 

Kamal müəllimin əmiləri, dayıları indi həyatda yoxdur, hətta 4 övladı da dünyasını dəyişib. Onun taleyi, tərcümeyi-halı ilə bağlı əlimizə keçən yeganə nişanə, rəsmi sənəd əmisi oğlu, rəhmətlik Qəmbər kişinin sandığında 90 ildən bəri atası Səməddənqalma qəzetdə gördüyünüz bu fotoşəkildir. Müəllimin acı taleyini vərəqlədikcə ən yaxın qohumu Qəmbər kişi də bilməyib ki, Kamal müəllimin sonrakı aqibəti necə olub. İrmaşlı camaatına bircə o dəqiq məlumdur ki, Çardaxlı hayları ikisini güllələyib, birini də ölümcül yaraladığı quldur ermənilərin qisasını almaq üçün bolşeviklərin dəstəyilə onu əlli-ayaqlı itiriblər.


Rəhman SALMANLI, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan neftinin qiyməti 105 dolları ötüb 

10:40
13 Mart

XIII Qlobal Bakı Forumunun ikinci günü: “Çin və Qlobal İdarəetmə Təşəbbüsü”  

10:38
13 Mart

BMT Baş katibinin müavini ilə ətraf mühitin mühafizəsi sahəsində perspektivlər müzakirə olunub  

10:37
13 Mart

Ceyhun Bayramovla Pakistanın xarici işlər naziri arasında telefon danışığı olub

10:25
13 Mart

İrandan atılan üçüncü raket Türkiyənin hava məkanında məhv edilib

10:24
13 Mart

Bahar Muradova: Azərbaycanda gender bərabərliyinin təşviqi üçün Milli Fəaliyyət Planı qəbul edilib  

10:21
13 Mart

Britaniya qoşunları İraqdakı bazaya yönələn İran dronlarını vurub  

10:05
13 Mart

UEFA Avropa Liqası: 1/8 finalın ilk oyunlarında qapılara 13 qol vurulub  

09:58
13 Mart

İraqın Ərbil şəhərindəki hərbi bazaya hücum olub, 6 fransız hərbçisi yaralanıb  

09:56
13 Mart

Türkiyə Jandarm Qüvvələri Komandanlığı Daxili Qoşunlar Günü münasibətilə Azərbaycanı təbrik edib  

09:42
13 Mart

Azərbaycan- Aİ tərəfdaşlığı bütövlükdə Cənubi Qafqazın geosiyasi gələcəyi üçün çox əhəmiyyətlidir

09:39
13 Mart

Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır  

09:36
13 Mart

Qoca qitə lider böhranı yaşayır

09:15
13 Mart

Məsafədən cərrahiyyə

09:10
13 Mart

Müəllimin acı taleyi

09:05
13 Mart

Uçurum

09:05
13 Mart

Yel baba 

09:00
13 Mart

Qubanın Novruz adətləri

08:55
13 Mart

"Cıdır tamaşaları"

08:50
13 Mart

Qədimdən qədim yeni gün

08:45
13 Mart

Ermənistan geosiyasi dönüş nöqtəsindədir

08:40
13 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!