25 May 2023 09:00
695
SİYASƏT
A- A+

Nəhəng enerji potensialına malik iqtisadi güc

 

İlham Əliyevin yaratdığı qüdrətli Azərbaycanı Avropada belə adlandırırlar

 

Tarixinin ən qüdrətli Azərbaycanının qazandığı böyük uğurlardan biri də Avropanın enerji təminatında açar rolunu oynamasıdır. Azərbaycanın gələcək uğurlarının zəmanəti olan qlobal enerji layihələri bu gün Avropanın enerji xəritəsini tamamilə dəyişib. Açıq dənizlərə çıxışa malik olmasa da, Azərbaycan artıq mühüm nəqliyyat-tranzit şəbəkəsini yaradıb. Tərəfdaşları ilə birgə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft-qaz kəməri çəkməklə yeni rekordlara imza atıb. 
Bütün bunlar dünyanın geosiyasi və geoiqtisadi gündəmini düzgün qiymətləndirən, tam müstəqil siyasət yürüdərək sözünün sahibi, etibarlı tərəfdaş olduğunu isbatlayan İlham Əliyevin qlobal təşəbbüsləri sayəsində reallaşıb. Elə Prezidentin mayın 21-22-də Litvaya rəsmi səfəri çərçivəsində də Azərbaycanın mövcud enerji potensialı və bu istiqamətdə həyata keçirdiyi qlobal layihələr geniş müzakirə mövzusu olub. 

 

Azərbaycanın qaz təchizatının kifayət qədər şaxələndirilmiş coğrafiyası var

 

Bu bir həqiqətdir ki, hazırda Rusiya-Ukrayna müharibəsinə görə rəsmi Moskvaya tətbiq edilən sanksiyalar üzündən Avropanın enerji təminatında əsas ümidi Azərbaycana qalıb. Ötən ilin iyul ayının 18-də "Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu"nun imzalanması da bir daha təsdiqlədi ki, Avropanın bu gün Azərbaycan qazına böyük ehtiyacı var. 
Həmin sənədin imzalanma mərasimində Avropa Komissiyasının prezidenti xanım Ursula Fon der Lyayen də Azərbaycanı Avropa üçün enerji sektorunda etibarlı tərəfdaş adlandırıb. Əlbəttə ki, Azərbaycanın nailiyyətlərinin bu cür qiymətləndirilməsi böyük şərəfdir. Həqiqətən də, real hədəf olan yerdə Azərbaycan bir çox Avropa ölkələrini neft, neft məhsulları, neft-kimya məhsulları ilə təchiz edir.
Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Azərbaycana qaz təchizatı və ya mövcud qaz təchizatının artırılması ilə bağlı bir çox Avropa ölkəsindən müraciət olunub. Təbii ki, ölkəmiz tərəfdaşlarının ehtiyaclarını qarşılamaq üçün əlindən gələni əsirgəmir. Çünki hazırda Azərbaycanın qaz təchizatının kifayət qədər şaxələndirilmiş coğrafiyası var. Bəzi ölkələr artıq Azərbaycandan elektrik enerjisi almağa başlayıb. Lakin Avropada yeni mənbələrdən təbii qaza olan tələbatın artması ilə əlaqədar, hazırda Azərbaycan kəmər imkanlarını genişləndirməyi planlaşdırır. Belə ki, 16 milyard kubmetr tutumu olan TANAP-ın 32 milyard kubmetrədək, 10 milyard kubmetr tutumu olan TAP-ın isə 20 milyard kubmetrədək genişləndirilməsi nəzərdə tutulur. Bu əlbəttə ki, Avropadan tələbatın artması ilə əlaqədardır. 

 

Ölkəmiz Macarıstana və Slovakiyaya qaz təchizatına başlamağı planlaşdırır

 

Bu ilin aprelin 25-də Sofiyada "Bulgartransgaz" (Bolqarıstan), "Transgaz" (Rumıniya), FGSZ (Macarıstan) və "Eustream" (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı imzalanan Anlaşma Memorandumu" da bu proseslərin tərkib hissəsi oldu. 
Bu sazişi dəyərləndirərkən İlham Əliyev bildirdi ki, imzalanmış anlaşma memorandumu icra olunduqdan sonra Avropada enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcək və Azərbaycan üçün daha çox Avropa ölkəsinə böyük həcmdə qazı ixrac etməyə fürsət yaradacaq. Bu gün Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana və İtaliyaya ixrac edilir. Bu ildən başlayaraq qazımız Rumıniyaya da çatdırılır. İlham Əliyev bir daha bəyan etdi ki, əgər bütün lazımi interkonnektorlar olarsa, bu ilin sonundan etibarən ölkəmiz Macarıstana və Slovakiyaya qaz təchizatına başlamağı planlaşdırır.
İlham Əliyevin Litvaya rəsmi səfəri çərçivəsində Azərbaycanın mövcud potensialı bu ölkənin Prezidenti Gitanas Nauseda tərəfindən də dəyərləndirildi: "Biz Avropa İttifaqının Azərbaycan ilə enerji sahəsində əməkdaşlığını müsbət qiymətləndiririk. Bu əməkdaşlıq Avropa İttifaqının enerji bazarına müsbət təsir göstərmiş, həmçinin Avropa İttifaqının qış ayları üçün təchizatını təmin etmişdir".
Ölkəmizin Litvanın mühüm tərəfdaşı olduğunu deyən Prezident qeyd etdi ki,  onlar da qarşılıqlı faydalı imkanların axtarılmasında maraqlıdırlar: "Biz Azərbaycanı nəhəng enerji potensialına malik və şaxələndirməyə can atan inkişaf edən iqtisadi güc kimi görürük. Azərbaycan iqtisadiyyatının informasiya texnologiyaları, logistika, istehsal, qabaqcıl ərzaq sənayesi, bərpaolunan enerji kimi müxtəlif sahələri litvalı iş adamlarını cəlb edir",  - deyə Gitanas Nauseda ölkəmizin imkanlarını belə qiymətləndirdi. 

 

Azərbaycanın ixrac etdiyi qazın həcmi ildən-ilə artır 

 

Prezident İlham Əliyev mətbuata bəyanatında bir daha Avropa Komissiyası ilə Azərbaycan arasında Bakıda enerji sahəsində strateji tərəfdaşlıq üzrə anlaşma memorandumunun imzalandığını xatırladaraq sənədin uğurla icra edildiyini bildirdi. Dövlət başçısı ölkəmizin imkanlarını bir daha litvalı iş adamlarının diqqətinə çatdırdı: "Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır. Nəql edilən, yəni ixrac edilən qazın həcmi ildən-ilə artır və artacaq".
Dövlət başçısı litvalı həmkarı ilə eyni zamanda hər iki ölkədəki bərpaolunan enerji növlərinin yaradılması ilə də bağlı fikir mübadiləsi apararaq müəyyən razılığa gəldiklərini də söylədi və bildirdi ki, həm Litvada, həm Azərbaycanda bu sahəyə çox böyük diqqət göstərilir. Ona görə də yaxın gələcəkdə bu sahədə də ikitərəfli əməkdaşlıq mümkün olacaq.
İlham Əliyev iki ölkənin nəqliyyat-tranzit imkanlarını da dəyərləndirərək dedi ki, ölkələrimizi birləşdirən və ümumiyyətlə, qitələri birləşdirən Avrasiya qitəsində daha da rahat nəqliyyat-kommunikasiya imkanlarını yaratmaq üçün iki dövlətin payına böyük vəzifələr düşür. Ona görə də, müvafiq qurumların bu məsələ ilə bağlı ciddi məşğul olmasına göstəriş verilib. Çünki dünyada hökm sürən yeni geosiyasi reallıq bunu diktə edir.
Prezident bir daha vurğuladı ki, Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmi ildən-ilə artır. Müasir infrastrukturumuz buna imkan yaradır: "Xəzər dənizini, Cənubi Qafqazı Baltik dənizi ölkələri ilə birləşdirən nəqliyyat marşrutları da bəllidir. Sadəcə olaraq, biz birgə səylərlə həmin birləşmə layihələrini həyata keçirərək bu sahədə də uğurlu əməkdaşlığa nail olacağıq".

 

Azərbaycan 2027-ci ilə qədər Avropaya təbii qaz təchizatını iki dəfə artıracaq

 

Litvanin hökumət üzvləri və investorları qarşısındakı çıxışında İlham Əliyev bir daha Azərbaycan və Litvanın imkanlarından bəhs edərək iş adamlarına çağırış etdi.
Prezident bildirdi ki, hər iki ölkənin böyük potensialı var: "Hər iki ölkədə - Baltik və Xəzər dənizlərində çox böyük külək enerjisi potensialı var. Hər iki ölkə bu məsələni gündəliyimizə daxil edib. Bizə gəldikdə, bizdə enerji təhlükəsizliyi mövcuddur. Lakin, bununla belə, biz ixrac məqsədləri üçün daha çox təbii qaza qənaət etmək və elektrik enerjisinin istehsalı üçün təbiətimizin günəş və külək enerjilərindən istifadə etmək istərdik". 
Dövlət başçısı bir daha ötən ilin iyulunda Avropa Komissiyası və Azərbaycan Enerji sahəsində Strateji Tərəfdaşlıqla bağlı Anlaşma Memorandumunun imzalanmasını xatırladaraq dedi ki, məhz bu sənəd əsasında 2027-ci ilə qədər Avropaya təbii qaz təchizatının iki dəfə artırılması planlaşdırılır. 
2021-ci ildə Avropaya təbii qaz təchizatı 8 milyard kubmetr olub, bu il isə 12 milyard kubmetr olacaq. 2027-ci ilə qədər isə 20 milyard kubmetrə çatdırılacaq: "Fikrimcə, bu, minimal həddi təşkil edir, çünki potensial çoxdur. Biz mövcud yataqlardan daha çox qaz hasil edirik. Bu yaxınlarda Xəzərdə ən iri yataqlardan birində hasilatın başlanmasını elan edəcəyik. Həmçinin bərpaolunan enerji mənbələrinə qoyulan sərmayələr təbii qaza ixrac məqsədləri üçün qənaət etmək imkanını yaradacaq".

 

Azərbaycanın yeni hədəfi - "yaşıl hidrogen"in ixracı

 

Bu gün Litva və Azərbaycan öz regionlarında mühüm daşımalar qovşağıdır. Bu imkanları dəyərləndirən İlham Əliyev hesab edir ki, iki ölkə Xəzər və Baltik regionları arasında şəbəkə qurmalıdır və bu, mümkündür. Çünki Avropanın enerji xəritəsinə nəzər salsaq, o, əsasən, Azərbaycanın təşəbbüsləri sayəsində kəskin şəkildə dəyişib. Neft və qaz boru kəmərləri tamamilə yeni vəziyyət yaradır. 
Eyni sözləri daşımalara da aid etmək olar. Azərbaycan qonşuları və tərəfdaşları ilə yeni bağlantılar yaradıb. Ölkəmiz Xəzərdə daha çox yük daşıya biləcək əlavə gəmilərin tikintisinə investisiyalar qoyur: "Buna görə, hesab edirəm ki, biznes dairələrə bu fürsəti dəyərləndirmək üçün münasib vaxtdır. Yubanmaq lazım deyil, çünki birmənalı olaraq çox böyük daşımalar imkanları, xüsusən də hazırkı geosiyasi vəziyyətdə əlavə dəyər gətirəcək".
Azərbaycan Prezidenti düşünür ki, ölkə iqtisadiyyatı xeyli şaxələndiriləcək və enerji sektorundan asılılıq azalacaq. Baxmayaraq enerji sektoru enerji təhlükəsizliyimizdə və Avropanın enerji təhlükəsizliyində öz mühüm rolunu oynamağı davam etdirəcək: "Buna görə Avropanın etibarlı təchizatçısı kimi Azərbaycan bu gün nefti, təbii qazı və elektrik enerjisini ixrac edir. Biz hidrogeni, o cümlədən "yaşıl hidrogen"i ixrac etməyi planlaşdırırıq. Bütün bunlar bizim Avropa İttifaqı ilə əməkdaşlığımızın strateji çərçivəsinin bir hissəsidir. Biz Azərbaycanın və Avropa Komissiyasının daha yaxın olmaq səylərinə verdikləri daimi dəstəyə görə litvalı dostlarımıza və tərəfdaşlarımıza minnətdarıq".
Bir sözlə, prezidentlərin fikirlərindən bir daha aydın olur ki, Azərbaycanla Litvanın logistika imkanlarının əlaqələndirilməsi, enerji istehsalı sahəsində əməkdaşlığının gücləndirilməsi bütövlükdə Xəzər və Baltik regionları arasında şəbəkənin qurulmasına imkan yarada bilər.  Yəni belə bir şəbəkənin yaradılması Avropa və Asiyanın həm logistika mənzərəsini, həm də enerji təminatı xəritələrini yeniləyə bilər. 
İlham Əliyevin Litvada keçirilən biznes forumda bu mövzuda səsləndirdiyi ideyalar yəqin ki, xarici investorlarda ciddi maraq doğurmaya bilməz. Tezliklə bu istiqamətdə müxtəlif layihələrin reallaşmasına şahidlik edə bilərik. 

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video