10 May 2024 09:50
6379
Birinci vitse-prezident
A- A+
Nə yaxşı ki Mehriban xanım var...

Nə yaxşı ki Mehriban xanım var...

 

Heydər Əliyev Fondunun uşaqlara qayğı missiyası uğurlu nəticələr verir

 

"Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən bu gün haqqında yox, Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi də Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır". 
Bu fikirlər təsdiqləyir ki, Azərbaycanın gələcəyini sağlam, təhsilli, vətənpərvər uşaqların böyüdülməsində görən Ulu Öndər Heydər Əliyevin dövlət siyasətinin prioritetlərindən birini uşaq siyasəti təşkil edib. Bu istiqamətdə mühüm qanunlar qəbul olunub, işlər həyata keçirilib. 
Ulu Öndərin siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin gündəliyində də uşaqların inkişafı və gələcəyi ilə bağlı məsələlər vacib yer tutur. Təsadüfi deyil ki, ölkəmizdə aparılan sosial siyasətin əsas istiqamətlərindən birini sağlamlıq imkanları məhdud olan uşaqlara sosial xidmətlərin göstərilməsi təşkil edir. 
Ümummilli Liderin adını daşıyan, bu il fəaliyyətinin 20-ci ilini tamamlayan Heydər Əliyev Fondu da yarandığı ilk gündən bu sahəni daim diqqət mərkəzində saxlayır. Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə uşaq evləri, reabilitasiya və sağlamlıq mərkəzləri, təhsil ocaqları yaradılır, bərpa edilir, bir sözlə, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə qaytarılması üçün hərtərəfli işlər aparılır. Belə mərkəzlərdən biri də Saray qəsəbəsində yerləşən 2 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər  üçün sosial xidmət müəssisəsidir. 

 

Onların hər gəlişi uşaqlar üçün toy-bayramdır

 

2 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər  üçün sosial xidmət müəssisəsi 1974-cü ildən fəaliyyət göstərsə də, 2010-cu ildən ikinci yeni həyatına başlayıb. Bura Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir  və yenidənqurma işləri aparıldıqdan sonra müasir standartlara cavab verən sosial xidmət müəssisəsinə  çevrilib. "Saray 7 saylı ağıldankəm uşaqlar üçün internat evi" kimi fəaliyyət göstərmiş mərkəzin adı 2015-ci ildə dəyişdirilib. Burada 5-18 yaş arasında olan və təhsilə cəlb edilməyən, əlilliyi müəyyən olunmuş şəxslərə  stasionar və yarımstasionar (günərzi) formada sosial, məişət, tibbi, psixoloji, pedaqoji, hüquqi və iqtisadi xidmətlər göstərilir. Mərkəzdə mentor və metodistlər tərəfindən uşaq və yeniyetmələrin hərtərəfli inkişafı üçün psixoloji və loqopedik təlimlər, əmək, müalicəvi rəqs, musiqi, nağıl və mətbəx terapiyaları həyata keçirilir. Dördmərtəbəli binanın birinci mərtəbəsində bu işlərin həyata keçirilməsi üçün inkişaf mərkəzi, kitabxana, emalatxanalar və müxtəlif fəaliyyət otaqları yerləşir.
Bizi mərkəzlə tanış edən direktor Pərvanə Səfərova bildirdi ki, hazırda mərkəzin 86-sı oğlan, 42-si qız olmaqla 126 sakini, onların həyata inteqrasiyası üçün kömək edən 102 işçisi var: "Həssas qrupa daxil olan uşaqlar daim dövlətin qayğı və nəvazişini üzərlərində hiss edirlər. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva  və fondun vitse-prezidenti Leyla Əliyeva mütəmadi olaraq mərkəzə gəlir, sakinlərimizin sağlamlığı və inkişafı ilə yaxından maraqlanırlar. Onların hər gəlişi uşaqlarımız üçün toy-bayram olur. Mehriban xanım və Leyla xanım uşaqlarımızın hər birini tanıyır, onlara fərdi yanaşır, məşğul olurlar, hər gəlişlərində onlara sovqatlar gətirirlər. Bu diqqət və qayğını görən sakinlərimiz də onların gəlişinə xüsusilə hazırlaşır, hər dəfə yeni nailiyyət, yeni bacarıqlarını nümayiş etdirirlər".
P.Səfərova qeyd edir ki, əsas məqsədləri təhsil ala bilməyən, fiziki və əqli bacarıqları məhdud olan sakinlərin həyata, cəmiyyətə mümkün qədər inteqrasiyasını təmin etməkdir: "Bacardığımız qədər onların özünəxidmət qabiliyyətlərini inkişaf etdirməklə, hər birimizin həyata keçirdiyi, lakin onlara mümkünsüz görünən adi işləri aşılamaqla ətrafdakılardan asılılıq səviyyələrini aşağı salmağa çalışırıq. Təkcə ötən il 10 sakin ailəsinə reinteqrasiya olunub. Bu rəqəm belə diaqnozlu uşaqlar üçün olduqca böyük göstəricidir. Çox istərdik ki, uşaqlarımızın hər biri müəyyən bacarıq və vərdiş qazandıqdan sonra ailələri ilə  birlikdə yaşasınlar. Lakin təəssüf ki, bu, demək olar ki, mümkün deyil. Çünki onların 60-70 faizi yataq xəstəsidir. Digərlərinin əksəriyyəti ya valideynlərindən məhrum olub, ya da onların diqqətindən. Övladı mərkəzimizdə yaşayan hər bir valideynin hər bazar keçirilən görüş günlərinə gəlmələri sakinlərimizin əhvali-rühiyyəsində müsbətə doğru dəyişikliyə səbəb olur. Bu da uşaqların inkişafına təsirsiz ötüşmür".
Mərkəzin direktoru məlumat verir ki, müəssisəyə daxil olan uşaqlar yaş, cins və xəstəliklərinə görə qruplara bölünür, buna uyğun olaraq onlar üçün sosial işçilər tərəfindən qiymətləndirilmə aparılır, ilkin fərdi inkişaf planları tərtib edilir. Bu fərdi planlar hər üç aydanbir inkişafa əsasən dəyişilir, həm də sakinlərin ilkin və sonuncu vəziyyətini müqayisə etməyə kömək edir, növbəti addımları müəyyənləşdirməyə imkan verir: "Uşaqların əksəriyyəti bura gəldikləri ilk gün qaşıqdan belə istifadə etməyi, yaxud stulda oturmağı bilmirlər. Müəssisəyə gələn uşaqların yaş aralığı da psixoloji və fizioloji baxımdan çox həssasdır. Onlar ya yetkinlikdən öncəki, ya da yetkinlik dövründədirlər. Hormonal dəyişikliklər nəticəsində əsəbləri daha gərgin olur. Mərkəzin mütəxəssisləri onların bu çətin dövrü rahat keçirmələri üçün əllərindən gələni etməyə çalışırlar".

 

"Nail olduğumuz hər kiçik irəliləyiş böyük uğurdur"

 

Müəssisənin birinci mərtəbəsində 12 reabilitasiya otağı, digər 3 mərtəbədə isə 170 çarpayılıq yataq otaqları yerləşir. Mərkəzə gələn uşaqlara hər gün daxil olduqları qrupla birlikdə və ya fərdi şəkildə təyin olunmuş plan əsasında asılılıq səviyyələrinin aşağı salınması üçün sosial xidmətlər göstərilir.
Mərkəzin psixoloqu Zərinə Həsənova məlumat verir ki, benifisiarlar ilk gəldikdə onların psixoemosional vəziyyəti qiymətləndirilir, psixoloji yardıma ehtiyacı olan uşaqların vəziyyətinin stabilləşməsinə kömək edilir: "Mərkəzimizdə serebral iflic, əqli geriliyi və autizm spektr pozuntusu olan uşaqlar var. Biz onların inkişaf səviyyələrinə uyğun olaraq işlər aparırıq. Hazırda əlil arabasından istifadə edən benefisiarımız var ki, onunla apardığımız həm qrup, həm də fərdi halda reabilitasiya işləri nəticəsində müəyyən irəliləyişlər əldə etmişik. Həmin uşaq artıq yavaş-yavaş ayaq üstə dayana bilir, hətta bir-iki addım atmağa başlayıb. Xidmət göstərdiyimiz uşaqlarda aqressiv hallar da müşahidə olunur. Aqressiyanın korreksiyası və emosional balansın tənzimlənməsi istiqamətində terapiya otaqlarında işlər aparılır. Bütün bu işlər uşaqların əlillik dərəcələri nəzərə alınmaqla asandan çətin səviyyəyə doğru aparılır". 
Psixoloq bildirir ki, mərkəz mütəxəssisləri mütəmadi olaraq "dəyirmi masa"lar təşkil edib benefisiarların inkişaf dinamikası ilə əlaqədar müzakirələr keçirirlər. Eyni zamanda gecə və gündüz növbəsində fəaliyyət göstərən mütəxəssislər də  uşaqların real vəziyyəti ilə bağlı məlumat verir, aktlaşdırma işləri aparırlar. Bir sözlə, çoxprofilli kollektiv şəklində işləyirlər. 
Müəssisə sakinlərinin nitq inkişafı ilə məşğul olan loqoped Arzu Qurbanovanın da işi olduqca mürəkkəbdir. Belə ki, mərkəzdə sakinlərin əksəriyyətinin nitqi çox zəif, qüsurludur, bir çoxunun nitqi isə, ümumiyyətlə, inkişaf etməyib. Loqopedin işinin mahiyyəti uşaqların nitqini inkişaf etdirmək, bu, mümkün olmadıqda isə verbal nitq üzərində işləməkdir: "Uşaqlara istədiklərini, fikirlərini, hiss etdiklərini bizə çatdırmaları üçün qeyri-verbal nitq vasitəsilə jestləri öyrədirik ki, ən azından haralarısa ağrıyanda, su, yemək istəyəndə bunu ifadə edə bilsinlər. Fəaliyyətimizi çətinləşdirən məsələ isə benefisiarlarımızın yaşlarıdır. Belə ki, beş yaşa qədər nitq tamamilə formalaşır. Buna görə də yaş artdıqca nəticə əldə etmək üçün müddət uzanır. Uşağın diaqnozundan asılı olaraq nəticə almadıqlarımız da çoxdur. Buna görə də nail olduğumuz hər bir kiçik irəliləyiş bizim üçün böyük uğurdur".

 

Yaradıcılığın növü uşaqların bacarıqlarına görə seçilir

 

Reabilitasiyanın terapiya otaqlarında sakinlər müxtəlif yaradıcılıq növləri ilə məşğul olurlar. Hər yaradıcılıq sahəsinə görə ayrılmış bu otaqlarda benefisiarlar musiqi alətlərində ifa etməyi öyrənir, rəqs edir, kiçik motorikanın inkişafı üçün müxtəlif yaradıcılıq sahələri ilə məşğul olurlar. 
Əmək təlimatçısı Pərvanə Yasinova bildirir ki, müəssisə sakinləri qruplara bölünərək günün müxtəlif saatlarında art terapiya ilə məşğul olurlar. Onlar bu zaman həm uşaqların kiçik motorika bacarıqlarını inkişaf etdirir, həm də asudə vaxtlarını dəyərləndirirlər. Emalatxanalarda müəssisə sakinləri iplərlə, muncuqlarla naxışlar tikir, boya edirlər. Həftədə iki dəfə keçirilən mətbəx terapiyasında isə kəsici alətlərdən istifadə etmədən meyvə salatı edir, xəmirdən fiqurlar kəsərək peçenye hazırlayırlar. Yaradıcılığın növü uşaqların bacarıqlarına görə seçilir. Uşaqların əksəriyyəti eyni anda bir neçə növ ilə məşğul olurlar. İsti havalarda isə otaqları təbiət əvəz edir. Uşaqlar müəssisənin həyətyanı sahəsində art terapiyalar keçir, yelləncəklərdə yellənir, ağacları sulayır, bir sözlə, təbiətlə birbaşa təmasda olurlar.
2008-ci ildən bu müəssisədə çalışan Pərvanə Yasinova  mərkəzin təmir-bərpadan öncəki və sonrakı dövrünü müqayisə edir: "Mərkəzimiz demək olar ki, yenidən qurulub. Nə isitmə, nə isti-soyuq su, nə də ləvazimat çətinliyimiz yoxdur. Ehtiyac olduğu halda tibb mütəxəssisləri tərəfindən ilkin tibbi yardım göstərilir. Dövlət tərəfindən bütün tibbi ləvazimatlarla təmin edilmişik. Daha qəliz situasiyalarda isə xəstələrimiz ixtisaslaşmış tibb müəssisələrinə göndərilirlər. Bizim üçün gözəl şərait yaradıldığına görə diqqətimizi, gücümüzü kənar qayğılara deyil, yalnız benefisiarlarımızın inkişafına yönəldirik".

 

"Mən ana və bacı nəvazişini, sevgisini onlardan alıram"

 

Reabilitasiya mərkəzinin mütəxəssisləri qeyd edirlər ki, bacarıqsız uşaq yoxdur, üzə çıxarılmamış istedad var. Buranın fəal sakinlərindən biri Həbib Tağıyev 4 yaşından mərkəzdə yaşayır. Mərkəzin onun evi olduğunu söyləyən Həbib dostlarıyla maraqlı vaxt keçirir, mahnı oxuyur, rəqs edir, müxtəlif tamaşalarda iştirak edir, dama, domino və stolüstü tennislə məşğul olur. Stolüstü tennisdə xüsusilə fərqlənən Həbib bu bacarığı ilə ölkə sərhədlərini də aşıb. O, Belçikada və ABŞ-də keçirilən stolüstü tennis  üzrə xüsusi yarışlarda dəfələrlə iştirak edərək qızıl və gümüş medallar qazanıb.
Həbibin 22 yaşı olmasına baxmayaraq, o, hələ də müəyyən müddət burada yaşamağa davam edəcək. Qaydaya görə, 18 yaşı tamam olmuş benefisiarlar tədricən, hissə-hissə digər mərkəzlərə köçürülürlər. Amma mərkəz hələlik Həbibdən ayrılmaq istəmir. 
Mərkəzin digər istedadlı sakini Xəyalə Hüseynovanın isə 15 yaşı var.  Musiqi, rəsm və mətbəx kimi bir neçə yaradıcılıq növü ilə məşğul olan Xəyalə şeir söyləyir, dostları ilə birlikdə musiqi ifa edir. Asudə vaxtını necə keçirdiyini soruşduqda isə o, Mehriban xanım və Leyla xanım ilə növbəti görüşə hazırlaşdığını bildirdi: "Mən ana və bacı nəvazişini, sevgisini onlardan alıram. Hər dəfə yeni bacarıqlar öyrənib Mehriban xanıma göstərmək üçün səbirsizliklə onu gözləyirəm".

 

Günərzi qayğı mərkəzi

 

Sosial reabilitasiya mərkəzi yerində dayanmır, daim inkişaf edir, benefisiarlar və onların valideynlərinin həyatının asanlaşdırılması üçün mühüm addımlar atılır. Burada artıq iki ildir qeyri-stasionar, yəni günərzi qayğı mərkəzi də fəaliyyət göstərir. Mərkəzin yaradılmasında məqsəd müəssisələşmənin qarşısını almaq üçün uşaqların ailə mühitində böyümələridir. Günərzi mərkəzində sakin sayı 10 nəfərdir. Onlar valideynləri tərəfindən hər gün 9-da mərkəzə gətirilir, axşam 6-da isə evə aparılır. Burada uşaqlar gün ərzində 3-5 dəfə qidalanır, art terapiyalarda iştirak edir, günorta onlar üçün ayrılmış yataq otaqlarında dincəlirlər.
Günərzi mərkəzinin mentoru Balacaxanım Qasımova məlumat verir ki, uşaqları burada olduğu müddətdə valideynləri işə gedir və ya gündəlik işləri ilə məşğul olurlar: "Mütəxəssis olmadığın təqdirdə həssas təbəqəyə aid, əqli və fiziki məhdudiyyətli uşaqlarla daim məşğul olmaq çox çətindir. Burada uşaqlarımız yeni bacarıqlar öyrənir, onların sosial, funksional, qavrama bacarıqları inkişaf etdirilir. Müəssisəmizin psixoloq və mentorları valideynlərlə işlər aparır, ayda bir dəfə onlarla görüş təyin edilir. Bu görüşlərdə onlara evdə uşaqlarla necə rəftar etməli, onlara qulluq göstərmələri izah edilir. Habelə valideynlərin psixoloji vəziyyətlərinin stabilliyi üçün onlarla söhbətlər edilir, dəstək göstərilir. Bu dəstək və təlimlər yalnız valideynlərə deyil, həmçinin mütəxəssislərə də göstərilir. Mərkəzimizdə mentorlar mütəmadi olaraq ayda bir və ya bir neçə dəfə təlimlərdə iştirak edir, bilik və bacarıqlarını inkişaf etdirirlər".
Uşaqlar hər bir dövlətin və cəmiyyətin gələcəyidir. Azərbaycan dövlətinin də əsas vəzifələrindən biri xoşbəxt gələcəyə, sağlam cəmiyyətə nail olmaq üçün uşaqlara diqqət və qayğı göstərmək, onların hərtərəfli inkişafı üçün münbit şərait qurmaqdır. Eyni zamanda sağlamlıq imkanları məhdud uşaqlar da diqqət və qayğıdan kənarda qalmır. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən mühüm fəaliyyət nəticəsində bu uşaqlar da cəmiyyətimizə uğurla reinteqrasiya olunurlar. 

Ülkər XASPOLADOVA,
İlham BABAYEV (foto),
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

02:15
27 Dekabr

“Sazişlərin rəqabət qanunvericiliyinə uyğunluğunun təsdiqlənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

02:14
27 Dekabr

“Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 39.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, müraciət edilməsi və müraciətə baxılma Qaydası”nın təsdiq edilməsi haqqında

02:13
27 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 488 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nda dəyişiklik edilməsi haqqında

02:12
27 Dekabr

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti tabeliyində olan struktur idarələrə müxtəlif növ kabellərin satın alınması məqsədilə müsabiqə elan edir 

02:11
27 Dekabr

Vyanada təyyarə qəzası qurbanlarının xatirəsi anılır  

23:16
26 Dekabr

Zalsburq Azərbaycan Evində təyyarə qəzası ilə əlaqədar xatirə guşəsi yaradılıb  

22:38
26 Dekabr

Azərbaycanın Küveytdəki səfirliyində matəm günü ilə bağlı xatirə kitabı açılıb  

21:36
26 Dekabr

Aktau yaxınlığında təyyarənin qəzaya uğradığı yerdə ikinci “qara qutu” tapılıb

21:33
26 Dekabr

“Embraer 190” təyyarə qəzasında həlak olanlardan dördünün nəşi Aktaudan Bakıya gətirilib VİDEO  

21:08
26 Dekabr

AZAL: Təyyarə qəzasında həlak olanların hər birinin ailəsinə 40 min manat kompensasiya ödəniləcək VİDEO  

21:05
26 Dekabr

Bakı-Qroznı reysi ilə uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi Rumıniyada ehtiramla anılır  

21:02
26 Dekabr

Azərbaycanın ABŞ-dakı səfirliyində xatirə kitabı açılıb  

20:58
26 Dekabr

Təyyarə qəzası nəticəsində həlak olanların xatirəsi Gürcüstanda ehtiramla anılıb  

20:44
26 Dekabr

Aktauda qəzaya uğramış təyyarədən sağ çıxan sərnişin stüardessanın şücaətindən danışıb  

20:38
26 Dekabr

Səhiyyə nazirinin müavini: Üç nəfər ağır vəziyyətdə olan yaralının müalicəsi Aktau şəhərində davam edir

20:27
26 Dekabr

Tacikistanın xarici işlər naziri Azərbaycan səfirliyinə gedərək başsağlığı verib  

20:16
26 Dekabr

Təyyarə qəzasında həlak olan 4 nəfərin nəşi bu gün Bakıya gətiriləcək 

20:05
26 Dekabr

Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalodan  

19:56
26 Dekabr

Təyyarə qəzası ilə əlaqədar Milli Məclisin ünvanına çoxsaylı başsağlıqları gəlib  

19:36
26 Dekabr

Azərbaycanın Batumidəki baş konsulluğunda xatirə kitabı açılıb  

19:35
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!