03 İyul 2024 08:01
989
SİYASƏT
A- A+
Naxçıvandan Şuşaya

Naxçıvandan Şuşaya

 

Prezident İlham Əliyev türk dünyasının birliyini davamlı möhkəmləndirir

 

Ötən əsrin sonlarında baş verən geosiyasi dəyişikliklər nəticəsində dünyanın siyasi xəritəsində yeni müstəqil türk dövlətlərinin yaranması və qloballaşan dünyanın çağırışları ilə üzləşməsi türkdilli xalqların daha çox birlikdə hərəkət etməsi zərurətinin yaranmasına gətirib çıxarmışdır. O dövrdən başlayaraq, türkdilli dövlətlərin başçılarının zirvə görüşləri ortaq mənəvi irsin qorunması və təbliği baxımından mühüm rol oynamışdır. 
Türkdilli dövlətlərin başçılarının zirvə görüşlərinin keçirilməsi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) yaradılması, Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) təsis edilməsi nəticəsində türkdilli ölkələr arasında olan əməkdaşlıq yeni təşkilati mərhələyə daxil olmuşdur.  Türk dövlətləri siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin güclənməsinə xidmət edən sistemli fəaliyyətin əsasını qoymaqla əbədi qardaşlıq bağlarının möhkəmlənməsinə zəmin yaratdılar.
Adətən, deyirlər ki, tarix şəxsiyyəti yaradır, amma böyük şəxsiyyətlər də öz əməlləri ilə tarix yazır, onu istiqamətləndirirlər. Ulu Öndər Heydər Əliyev dövrün və zamanın gərdişini yönəldən dövlət rəhbəri kimi Azərbaycanın beynəlxalq aləmdə, o cümlədən türk dünyasında aparıcı mövqelərə çıxmasında, ümumtürk həmrəyliyinin təmin olunmasında böyük rol oynamışdır. Dahi lider Heydər Əliyevin 1993-cü ildə ölkə rəhbərliyinə qayıdışı nəticə etibarilə təkcə Azərbaycan dövlətçiliyi üçün deyil, eyni zamanda yeni müstəqillik əldə etmiş digər türk dövlətlərinin inkişafı üçün də önəmli hadisə idi. Çünki həmin dövrdə əlbir olan xarici qüvvələrin səyləri ilə gənc Azərbaycan dövlətinin məhv edilməsi postsovet məkanındakı digər türk respublikaları üçün də acınacaqlı nəticələr doğura bilərdi. Azərbaycan dövlətinin iflası həmin ölkələrin də böyük güclərin geosiyasi əsarətinə keçməsinə, yeni imperiya boyunduruğuna düşməsinə yol aça bilərdi. Dahi şəxsiyyət Azərbaycanın müstəqilliyini və dövlətçiliyini qorumaqla digər türk dövlətlərinin bərabərliyi, gələcək tərəfdaşlığı üçün tarixi xidmət göstərmiş oldu.
Məhz buna görə Ulu Öndər Azərbaycanın siyasi rəhbərliyinə qayıtdığı gün, 1993-cü ilin 15 iyununda Ali Sovetdə proqram xarakterli çıxışında xarici siyasətin önəmli istiqaməti kimi türkdilli dövlətlərlə işbirliyinin vacibliyini qeyd etmişdi: "Xarici siyasət sahəsində görüləsi işlər çoxdur. Birinci növbədə, yaxın qonşularımızla sıx münasibətlər yaradılmalıdır. Bu baxımdan, Türkiyə ilə əlaqələr, şübhəsiz ki, önəmli yer tutur. Eyni zamanda keçmiş Sovetlər İttifaqına daxil olan türkdilli ölkələrlə əlaqələrimiz sürətlə inkişaf etməlidir. Bizim bu dövlətlərlə əlaqələrimiz uzun illər çox yaxın olub. Bu əlaqələri qırmaq olmaz, əksinə, inkişaf etdirmək lazımdır". 
Bundan sonra Azərbaycanın dünyaya açılmasında, o cümlədən türk dövlətləri ilə münasibətlərdə real addımlar atıldı. Ümummilli Lider Heydər Əliyev sonralar bu inteqrasiyanın mahiyyətini türk ideoloqu İsmayıl bəy Qaspralının məşhur kəlamı ilə belə ifadə etmişdi: "XX əsrin əvvəllərində türk xalqlarını yaxınlaşdırmaq, onları vahid siyasi, iqtisadi və mədəni gücə çevirmək istəyən görkəmli şəxsiyyətlərimiz "Dildə, fikirdə və əməldə birlik" şüarı ilə çıxış edirdilər. Biz uzun mübarizələrdən sonra XX əsrin sonunda bu imkana nail olmuşuq. Şübhəsiz, indiki şəraitdə türkdilli dövlətlərin qarşılıqlı əməkdaşlığı bu sahədəki uğurlarımızı daha da artıracaqdır".
Ümumiyyətlə, türkdilli ölkələr arasında əlaqələr hər keçən gün güclənməkdə və inkişaf etməkdədir. Türkdilli xalqları ortaq mədəniyyət, adət-ənənələr, milli-mənəvi və dini dəyərlər, tarixi köklər, etnik əlaqələr birləşdirir və bu amillər qarşılıqlı səmərəli fəaliyyət üçün əsas təməldir. Bu əlaqələrin əhatə dairəsi çoxşaxəlidir. Beynəlxalq Türk Mədəniyyət Təşkilatı olan TÜRKSOY türk dünyasının milli-mənəvi irsinin qorunması, inkişafı və təbliği istiqamətində mühüm vəzifəni həyata keçirir. Məlumdur ki, türkdilli dövlətlər coğrafi-strateji baxımından dünyanın əhəmiyyətli bölgəsində yerləşirlər. TÜRKSOY-un ardından Türk Şurası və TÜRKPA-nın yaradılması regionda türkdilli ölkələrin hərtərəfli qarşılıqlı fəaliyyəti üçün önəmli təkan verir, regional təhlükəsizlik təhdidlərinə qarşı mübarizə aparır, ticarət və investisiya imkanlarının möhkəmlənməsinə köməklik edir.
Türk Şurası türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu ildə Azərbaycanın qədim şəhərlərindən biri olan Naxçıvanda keçirilən Zirvə görüşündə cənab Prezident İlham Əliyevin evsahibliyində imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılmışdır. Bu da Azərbaycanın türkdilli dövlətlər arasında nə qədər inamlı və əvəzsiz körpü rolu oynadığının bariz nümunələrindən biri kimi göstərilə bilər. Ortaq tarix, ortaq dil, ortaq kimlik və ortaq mədəniyyət kimi dörd əsas sütun üzərində qurulmuş olan Türk Şurası özünü bu ümumiliklərlə məhdudlaşdırmır. Daha doğrusu, təşkilat üzv dövlətlər arasında iqtisadiyyat, elm, təhsil, nəqliyyat, gömrük, turizm və digər müxtəlif sahələr kimi mövcud ikitərəfli əməkdaşlıq sahələrini genişləndirərək regiona fayda verməsi üçün çoxtərəfli əməkdaşlığa çevrilmək niyyəti daşıyır. Təşkilat, eyni zamanda tarixi İpək yolunun bərpası, regional Türk Diasporu mərkəzlərinin qurulması kimi əhəmiyyətli mövzularda önəmli qərarlar qəbul etmişdir.  Naxçıvanda keçirilən IX Zirvə toplantısında Prezident İlham Əliyev demişdi: "...Naxçıvanın türk dünyasında çox böyük xüsusi yeri vardır. Naxçıvan çox böyük tarixə malik olan diyardır. Naxçıvanın strateji əhəmiyyəti, tarixi, mədəniyyəti, tarixi abidələri bizim böyük dəyərlərimizdir, böyük sərvətimizdir. O da həqiqətdir ki, Azərbaycanın müstəqilliyinin formalaşması, müstəqilliyinin bünövrəsinin qoyulması da məhz Naxçıvanda həyata keçirilmişdir. O vaxt, hələ Sovet İttifaqı zamanı da Heydər Əliyevin fəaliyyəti nəticəsində Naxçıvanda, burada görülən işlər bütövlükdə Azərbaycanın müstəqilliyi üçün çox böyük əhəmiyyət daşıyırdı...". 
Böyük Atatürk vaxtilə deyirdi ki, "Naxçıvan Türkün qapısıdır". Bu gün öz inkişafı ilə Naxçıvan türk dünyasının elm, mədəniyyət və maarifçilik mərkəzinə çevrilib. Naxçıvan türk dünyasına böyük dühalar bəxş edən bir diyardır. Türk dünyasının böyük oğlu, türkdilli xalqların birliyinin təmin olunmasında mühüm xidmətləri olan Ümummilli Lider Heydər Əliyev, memar Əcəmi Naxçıvani, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, tanınmış rəssam Bəhruz Kəngərli kimi dahilərin vətənidir Naxçıvan. Bütün bunların nəticəsidir ki, Türk Şurası Gənc Liderlərinin ilk forumu da Naxçıvanda keçirilmişdir. Naxçıvanda keçirilən bu forum eyni soykökə, ortaq mədəniyyətə və tarixə malik olan türkdilli ölkələrin gəncləri arasında əlaqələrin daha da möhkəmləndirilməsi və inkişafı, eləcə də idman sahəsində əməkdaşlığın qurulması üçün geniş imkanlar açmışdır. Elm, təhsil və mədəni inkişaf tarixən türk xalqlarını birləşdirib. "Kitabi-Dədə Qorqud" və "Manas" dastanları, Orxon-Yenisey, Qobustan və Gəmiqaya yazılı abidələri türk xalqlarının milli varlığının, təfəkkürünün və birliyinin ifadəsi olub. Mövlana Cəlaləddin Rumi, Xoca Əhməd Yasəvi, Baba Nemətullah Naxçıvani kimi görkəmli mütəfəkkirlər ümumtürk mədəniyyətinin möhkəmlənməsinə öz töhfələrini vermişlər. 
Cənab İlham Əliyev türkdilli dövlətlər arasında coğrafi bağlılığın bərpa edilməsinə, bütün türk dünyasının birlik arzusunun reallığa çevrilməsinə misilsiz töhfələr verən liderdir. Türk Şurasının Naxçıvandan başlanan inkişaf yolunda dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan təşkilatın inkişafına, onun sıralarının genişlənməsinə, beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinə və əlaqələrinin artmasına önəmli töhfələr verib. Azərbaycan 2019-2021-ci illərdə Türk Şurasına uğurla sədrlik edib, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev təşkilatın fəaliyyətinin gücləndirilməsi, türkdilli ölkələr və xalqlar arasında dostluğun, qardaşlığın və əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində ciddi səylər göstərib, Türk Şurasının digər mötəbər beynəlxalq təşkilatlarla, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı ilə səmərəli əməkdaşlıq münasibətlərinin davam etdirilməsinə, Ümumdünya Səhiyyə Təşkilatı ilə faydalı əməkdaşlıq çərçivəsinin qurulmasına misilsiz töhfələr verib. Azərbaycanın Türk Şurasına sədrliyi ölkəmiz üçün olduqca tarixi bir dövrə təsadüf edib, Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazanaraq öz ərazi bütövlüyünü gerçəkləşdirib. Ölkəmizin tarixi Zəfəri türk dünyasında birliyin və həmrəyliyin daha da gücləndirilməsində mühüm rol oynayıb. Hazırda regionda həyata keçirilən beynəlxalq və regional layihələr türkdilli dövlətlər arasında bağlılığa öz töhfəsini verməkdədir. 
Bəli, Naxçıvanın bütün türk dünyasının qapısı kimi səciyyələndirilməsi isə heç də təsadüfi deyildir. Türkdilli ölkələri bir araya gətirən Türk Dövlətləri Təşkilatının (TDT) yaşı elə də çox deyil. Biz fəxr edirik ki, türkdilli dövlətlərin institusional strukturunun formalaşması təşəbbüsü Prezident İlham Əliyevdən gəlib və bu tarixi prosesin təməli qədim Azərbaycan torpağı olan Naxçıvanda qoyulub. 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə görüşündə Azərbaycanın dövlət başçısının təşəbbüsü ilə  "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi"i imzalanıb. 2021-ci ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı olub və əhəmiyyətli beynəlxalq təşkilata çevrilib. Bu, təkcə ad dəyişikliyi deyil, həm də yeni baxışın və yeni inkişaf vektorunun göstəricisidir.
Türk dünyasında uzaqgörən, məqsədyönlü, prinsipial Lider kimi şöhrət qazanan İlham Əliyev 2009-cu ilin oktyabrında türkdilli dövlət başçılarının Naxçıvan Zirvə görüşündə deyirdi: "Vaxtilə Azərbaycanın tarixi torpağı, əzəli torpağı Zəngəzur bölgəsinin Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi demək olar ki, böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Yəni türk dünyasının vahid bir ailə kimi, vahid bir qüvvə kimi fəaliyyəti on illiklər ərzində dayandırılmışdır". Bu gün isə Zəngəzur dəhlizinin yaradılması təkcə iqtisadi deyil, həm də böyük siyasi əhəmiyyət daşıyan tarixi hadisədir. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasını birləşdirən körpü rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda digər ölkələr, o cümlədən Ermənistan üçün əlavə imkanlar yaradacaq. Göründüyü kimi, türk dünyasını birləşdirən körpü rolunu oynayacaq Zəngəzur dəhlizi, həmçinin regional inkişaf üçün də yeni üfüqlər açacaq, bölgədə davamlı sülhə, əməkdaşlığa və təhlükəsizliyə böyük töhfələr verəcək. Azərbaycanı regionun nəqliyyat qovşaqlarının mərkəzinə çevirəcək, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək Zəngəzur dəhlizi həm də Azərbaycanın Türkiyə və türk dünyası ilə güclü bağının yaranmasında əhəmiyyətli rolunu daha da gücləndirəcək. Naxçıvanla birbaşa nəqliyyat əlaqəsinin yaradılması ümumilikdə işğaldan azad olunmuş ərazilərimizin dirçəlişi üçün unikal imkanlar açacaq.
2023-cü il sentyabrın 25-də modern inkişafının yeni dövrünü yaşayan Naxçıvanın ictimai-siyasi həyatında daha bir mühüm hadisə yaşandı. Türk dünyasının qapısı adlandırılan qədim yurdumuz iki qardaş liderin - Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşünə və tarixi sənədlərin imzalanmasına layiqli evsahibliyi etdi. Həmin gün dünyanın diqqəti Naxçıvana yönəlmişdi. Çünki Azərbaycan və Türkiyə prezidentlərinin son zamanlardakı həssas dönəmlərdə qarşılıqlı səfərləri, dəstək bəyanatları artıq ənənə halını almışdı. Ölkəmizin suverenliyinin təmin edildiyi bir məqamda cənab Ərdoğanın həm BMT kürsüsündə Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizəsini müdafiə etməsi, ardınca Naxçıvana səfəri çox mühüm siyasi hadisə olmaqla bərabər, strateji tərəfdaşlığın yüksələn xətlə inkişaf etdiyini bir daha təsdiqlədi.
Bir sözlə, Türkiyə Prezidentinin Naxçıvan səfəri zamanı iki dost, qardaş, müttəfiq ölkənin sarsılmaz birliyi, həmrəyliyi bir daha bütün dünyaya nümayiş etdirildi. 
 Bu gün türk dünyasının birliyi daha da güclənir və Naxçıvandan başlayan bu hərəkat getdikcə genişlənir. Dünyada baş verən geosiyasi dəyişikliklər fonunda türk dövlətlərinin birliyinin gücləndirilməsinin əhəmiyyəti özünü daha aydın şəkildə büruzə verir ki, bu da regional və beynəlxalq sabitlik, təhlükəsizlik və əməkdaşlıq kontekstində müstəsna əhəmiyyət daşıyır.
5-6 iyulda türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşü də əminik ki, qardaş xalqların birliyinin möhkəmlənməsinə əsaslı töhfələr verəcək. Naxçıvandan Şuşaya doğru gedilən şərəfli türk həmrəyliyi yolu Azərbaycanın və şəxsən Prezident İlham Əliyevin bu prosesdə oynadığı əlahiddə rolu növbəti dəfə təsdiq edəcək.

Arzu ABDULLAYEV,
Naxçıvan Dövlət Universitetinin prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!