07 Yanvar 2025 08:40
178
CƏMİYYƏT
A- A+
Natiq Qasımovun cəsurluq yağan məğrur baxışları

Natiq Qasımovun cəsurluq yağan məğrur baxışları


İgidlər və onların göstərdikləri qəhrəmanlıqlar heç vaxt unudulmur, yaddan çıxmır. Çünki qəhrəmanları unudulmağa qoymayan, yaddaşlarda yaşadan onların zaman-zaman göstərdikləri şücaət və igidliklərdir. Bir an içində göstərilən qəhrəmanlıq onları əbədi olaraq ürəklərdə, qəlblərdə yaşadır, nəsillərə tanıdır. Belə bir səadət isə heç də hamıya nəsib olmur. Qəlblərdə, ürəklərdə əbədi olaraq yaşamaq, xalqın tarixi yaddaşında layiqli yer tutmaq yalnız və yalnız qəhrəmanların taleyinə yazılır, cəsurların qismətinə düşür. 

Həyatda hər şey bənzərsiz olduğuna görə qəhrəmanlarımız da göstərdikləri igidlikləri ilə bir-birilərinə oxşamırlar. Onlar iştirakçısı olduqları döyüşlərdə düşdükləri şəraitdən, qarşılaşdıqları vəziyyətdən, yerinə yetirdikləri tapşırıqların xüsusiyyətindən asılı olaraq müxtəlif qəhrəmanlıqlar göstərirlər. Qəhrəman olmaq üçün isə çox zamana ehtiyac yoxdur, buna bir an da bəs edər. Müdafiəsinə qalxdıqları torpaq uğrunda canlarından keçir, amma məğlub olmur, dayandıqları mövqelərdən geri çəkilmirlər. Bax qəhrəmanları ürəyimizdə, qəlbimizdə yaşadan da budur. 


Əsrlərə sığmayan qəhrəmanlıq


Azərbaycan zaman-zaman təkcə yeraltı və yerüstü sərvətləri ilə deyil, saysız-hesabsız igid oğulları ilə də tanınıb. İnsanların cəsarəti, igid olduqları daha çox müharibələrdə üzə çıxır. Qəhrəman çətin və gərgin anlarda tanınır. Başqa müharibələrdə olduğu kimi, Qarabağ uğrunda gedən döyüşlərdə də neçə-neçə qəhrəmanımız üzə çıxdı, tanındı və adları əbədi olaraq xalqımızın yaddaşına həkk olundu. Bu gün Azərbaycanın Milli Qəhrəmanları Mübariz İbrahimovu, Şirin Mirzəyevi, Elmar Edilovu, Asif Məhərrəmovu (Fred Asif), Yusif Mirzəyevi, Polad Həşimovu, Murad Mirzəyevi, Natiq Qasımovu və onlarla başqalarını kimi tanımır ki?! Hamı onların qəhrəmanlıqları qarşısında baş əyir. 

Adlarını çəkdiyimiz və çəkmədiyimiz bu oğullar müxtəlif illərdə, müxtəlif döyüşlərdə göstərdikləri igidlikləri ilə adlarını tariximizə yazıblar. Xalqımız onların hər birinin igidliyi, qəhrəmanlığı ilə fəxr edir və qürur duyur. Bu cəsur oğulları daim xatırlamağı, onların keçdikləri şərəfli döyüş yollarını qələmə almağı, gələcək nəsillərə tanıtmağı özümüzə borc bilirik. Çünki bu oğulların keçdiyi şərəfli döyüş yolları xalqımızın qəhrəmanlıq salnaməsinin iftixar dolu səhifələridir. 

Əminliklə demək olar ki, Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun keçdiyi şərəfli döyüş yolu da gələcək zabit və əsgərlər üçün ən yaxşı nümunə olacaq.  Böyüməkdə olan nəsillər zaman-zaman ona oxşamağa çalışacaq, onun döyüş yolunu şərəflə davam etdirəcəklər. 21 yaşa yenicə keçmiş əsgər Natiq Qasımovun Birinci Qarabağ müharibəsində göstərdiyi misilsiz qəhrəmanlıq və şücaət olduqca heyrətamizdir. Onun döyüşlər zamanı göstərdiyi igidlik, qəhrəmanlıq hər kəsin ürəyini titrədir. İnsan hansı qəlbə, hansı ürəyə, məğrurluğa, dəyanətə, qətiyyətə sahib olmalıdır ki, bu cür qeyri-adi qəhrəmanlıq, bənzərsiz igidlik göstərsin.


Həm torpaq, həm də bayraq uğrunda vuruşan qəhrəman


Qəhrəmanın həyat yoluna nəzər yetirəndə öyrənirik ki, o, 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. 1975-ci ildə ailəsi Mingəçevir şəhərinə köçüb. Buna görə də Natiq orta təhsilini bu şəhərdə başa vurub. Çağırış yaşı çatanda yaşıdları ilə bərabər ordu sıralarına yollanıb. Rusiyanın Krasnoyarsk vilayətindəki Daxili Qoşun hissəsində xidmət edib. N.Qasımov 1991-ci ildə əsgəri borcunu başa vurub doğmalarının yanına qayıdanda Qarabağ uğrunda qanlı döyüşlər gedirdi. Sinəsində Vətən üçün döyünən ürək gəzdirən Natiq həmin günlərdə könüllü olaraq döyüşlərə yollanmış, Qarabağın azadlığı uğrunda vuruşmağa tələsmişdi. "Qarabağ şahinləri" dəstəsinin tərkibində ermənilərə qarşı cəsarətlə döyüşmüşdü. 

1992-ci il mart ayının ilk günləri idi. İkinci ay idi ki, Natiq ömrünün 21-ci ilinə qədəm qoymuşdu. Artıq ermənilər dünyanı sarsıdan Xocalı soyqırımını törətmiş, onlarla insanın qanını tökmüşdülər. İşğalçılar fevral ayının 25-dən 26-na keçən gecə bu qədim Azərbaycan şəhərinə hücum edərək günahsız, silahsız sakinləri qarlı meşələrdə, dağlarda amansızcasına qətlə yetirmişdilər. Min illərin tarixinə şahidlik edən Xocalını odlara qalamışdılar. Xalqımızı sarsıdan Xocalı faciəsindən sonra zabit və əsgərlər silahlarından daha möhkəm yapışmışdılar. Onların ürəyi qisas və intiqam ilə döyünürdü. Cəsarətlə vuruşan əsgərlər düşməndən Xocalıda amansızcasına öldürülmüş şəhidlərin intiqamını almaq istəyirdilər.

Natiqgil Xocalı rayonunun Pirlər kəndi istiqamətində döyüşürdülər. O, yeddi əsgər yoldaşı ilə Alban kilsəsinin yerləşdiyi əlverişli yüksəklik uğrunda ölüm-dirim savaşına qalxmışdı. Gərgin çəkən döyüşdən sonra onun əsgər yoldaşlarının altısı da şəhid oldu. Sağ qalan yeganə əsgər Natiq Qasımov düşməndən qorxub geri çəkilmədi. Əlverişli mövqedə yerləşən Alban məbədini özünə səngər seçərək erməni işğalçıları ilə döyüşünü davam etdirdi. Natiq harada döyüşürdüsə, üçrəngli Azərbaycan bayrağını da özü ilə aparıb mövqedəki uca zirvədən asırdı. Bayraq yenə də, erməni işğalçıları ilə təkbaşına döyüşən cəsur əsgərin başının üzərində dalğalanırdı. Natiq bayrağı kilsənin üstündən asmışdı. Bu anlarda o həm bayraq, həm də torpaq uğrunda vuruşurdu. Beş-on gün əvvəl xocalılıların qanı bu torpağa tökülmüşdü. İndi Natiq həmin torpaq uğrunda böyük ürəklə döyüşürdü. Qəlbi Vətən eşqi ilə döyünən cəsur əsgər 5 gün gecə-gündüz vuruşaraq düşmənləri abidəyə yaxın buraxmadı. Ermənilər kilsədə xeyli döyüşçünün olduğunu zənn edirdilər. Sonda onlarla bacarmayacaqlarını, itki verəcəklərini görən daşnaklar hiyləyə əl atdılar. Bir müddət əvvəl tutduqları əsirlərindən birini kilsənin içində döyüşənlərin yanına göndərib təslim olmayacaqları təqdirdə Xocalıdan olan 22 nəfər qadın və uşaqları güllələyəcəklərini bildirdilər. Başqa yolun qalmadığını görən, Xocalı sakinlərinin güllələnməsinə razı olmayan Natiq martın 12-də kilsənin üzərindəki Azərbaycan bayrağını da özü ilə götürərək ermənilərə təslim oldu. Kilsədə onlara qarşı yalnız bir əsgərin döyüşdüyünü görəndə ermənilər bu qəhrəmanlıq qarşısında heyrətə gəlib mat qaldılar. Çünki qəsbkarlar kilsədə xeyli əsgərin olduğunu düşünürdülər.


Tarixə şahidlik edən fotolar


Erməni işğalçıları cəsur əsgər Natiq Qasımovu əsir götürəndə rusiyalı və italiyalı jurnalistlər - Konstantin Smirnov və Enriko Sarzin də bu hadisəyə şahidlik ediblər. Qəhrəmanımızı canlı-canlı görüblər, onun səsini eşidiblər. Natiqin şəklini çəkən jurnalistlər də onun qəhrəmanlığına, igidliyinə heyran qalıblar. Elə bu heyranlıqla da qəhrəmanın düşmənlər tərəfindən əsir görtürülməsini və dindirilməsini an-an fotoaparatın yaddaşına köçürüblər. Bir müddətdən sonra isə Natiqin əsir götürülməsini əks etdirən bu şəkillər dünyanı dolaşmağa başlayıb. 

Hər çəkilən şəkil bir tarixdir. Yaxşı deyiblər ki, şəkil çəkildiyi anın tarixini əbədi olaraq yaddaşında saxlayır. Qəhrəman Natiq Qasımovun çəkilən şəkilləri də özündə 12 mart 1992-ci ildə Xocalı rayonunun Pirlər kəndi yaxınlığındakı Alban kilsəsində 5 gün düşmənlə davam edən təkbaşına döyüşdən sonra ermənilərin hiyləgərliyi nəticəsində aldadılıb əsir götürülən anları əbədiləşdirib. Nə yaxşı ki, bu şəkillər çəkilib, nə yaxşı bu anlar lentə alınıb. Yoxsa qəhrəmanımızı bu qədər yaxından tanıya bilməyəcək, onun igidliyindən xəbər tutmayacaqdıq. Çünki ermənilər Qarabağ müharibəsində onun kimi neçə-neçə cəsur oğullarımızı izsiz, soraqsız ağır işgəncələrlə öldürüblər ki.

33 il əvvəl soyuq bir qış günündə Natiqin Qarabağda çəkilmiş şəkillərinə baxanda heyrətlənməyə bilmirsən. Qəhrəmanımızın həyatının anlarını, dəqiqələrini özündə əks etdirən bu şəkillər gələcək nəsilləri heyrətləndirə-heyrətləndirə bütün zamanlarda xatırlanacaq. Şəkillərdə 21 yaşlı Azərbaycan əsgərinin baxışlarına baxdıqca bir anlıq düşünürük ki, Natiq ermənilərin hiyləgərliyi nəticəsində silahını yerə qoyduqdan sonra sanki döyüşünü ötkəm yerişi, iti baxışları ilə davam etdirib. Hər an onu güllələməyə, didib parçalamağa hazır olan düşmənlərin əhatəsində oturan köməksiz, ümidsiz, yalqız, ölümün bir addımlığında dayanan 21 yaşlı bu cəsur əsgərin, mərd Azərbaycan balasının baxışları diqqət çəkir. Bu baxışlarda qorxu, yalvarış görünmür. Bu baxışlardan onun əsirlikdə olduğunu, düşmən qarşısında dayandığını hiss etmək mümkün deyil. Bu baxışlardan igidlik, qəhrəmanlıq, cəsarət və məğrurluq yağır.

Belə qəhrəmanlığı, belə igidliyi indiyə qədər yalnız və yalnız kitablardan oxumuş, filmlərdə görmüşdük. Heç filmlərdəki əsirlər də onun kimi belə məğrur dayanmırlar. O, erməni cəlladlarının əhatəsində çox rahat, çox arxayın oturaraq bu qatillərin gözlərinin içinə şəstlə baxır. Sanki heç əsirlikdə deyil. Çünki o, qəhrəman, igid Azərbaycan əsgəri idi, 21 yaşında ölümü ləyaqətlə qəbul edən azərbaycanlı balası idi. Təbiidir ki, bunu bəziləri bacarmazdı. Bunu yalnız silahlanıb könüllü olaraq Qarabağı erməni işğalçılarından azad etməyə yollanmış mərd Azərbaycan oğlu, cəsur Azərbaycan əsgəri bacarardı.

Natiq sanki döyüşü yarımçıq qalsa da, bu məğrur baxışları ilə erməni işğalçılarının məğlub etməyə çalışmışdı. Düşmənlər sakitcə oturub bütün diqqətlərini, baxışlarını Natiqə yönəltmişdilər. Cəsur əsgərin ətrafına yığışan ermənilər marığa yatmış tülküyə oxşayırdılar. Nə qədər özlərini tülkülüyə vursalar da, üzlərindəki heyrəti sezməmək mümkün deyil. Bu heyrətdən duyulan, oxunan odur ki, daşnaklar həyatlarında ilk dəfədir belə cəsur insanla qarşılaşırlar. Bu cəsurluqdan heyrətə gələrək Azərbaycan əsgərinin rəşadəti, hünəri və qəhrəmanlığı qarşısında bu cür məğlub duruma düşüblər. 


Erməniləri məğlub edən məğrur baxışlar


Bir görün Azərbaycan xalqının qatı düşməni, dabanından başınadək daşnak olan, əli neçə-neçə azərbaycanlı əsirin qanına batmış Vitali Balasanyan da Natiqin üzünə necə də matdım-matdım heyranlıqla baxır. Bu baxışlardan onun ilk dəfədir belə bir cəsur hərbçi gördüyü hiss olunur. 21 yaşlı Natiq Qasımov məğrur baxışları ilə qatil, cəllad Balasanyana da qalib gəlir. Ötkəmli yerişi, məğrur baxışı, qətiyyətli cavabları ilə bu cəlladı da məğlub edir.

Natiqin əlində üçrəngli bayrağımızı tutub düşmənlərin arasında şəstlə yeridiyini, cəsarətlə addımladığını, məğrurcasına baxdığını görəndə ürəyimiz iftixarla dolur. Belə cəsur bir övlad böyütdüyünə görə valideynlərinə ürəkdən "çox sağ olun" deyirik, qarşılarında baş əyirik. 

Əsgər Natiq Qasımovun Ermənistan hərbçiləri tərəfindən əsir götürüldüyü zaman çəkilən şəkillər Rusiyada nəşr edilən "Oqonyok" jurnalının 1992-ci il 14 və 15-ci nömrələrində "Strax" (Qorxu) adlı məqalə ilə birgə verilmişdi. Məqaləyə qoyulan bu adla razılaşmaq mümkün deyil. Çünki şəkil çəkilən anlarda Natiqin üzündə zərrə qədər də olsun qorxu hissi görsənmir. Qorxaq əsgər 5 gün təkbaşına düşmənə qarşı vuruşarmı? Təbiidir ki, yox! Əslində, müəllif məqaləsinin adını "Qorxmazlıq" qoymalıydı.

Bu fikirlərin həqiqət olduğunu əsaslandırmaq üçün xatırladaq ki, Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının yaydığı məlumatda Natiq Qasımovun qəhrəmanlığı və şücaəti düşmən hərbçiləri arasında vahimə və psixoloji gərginlik yaratdığı üçün özünü səhra komandiri adlandıran Vitali Balasanyan erməni əsgərlərinin qarşısında müharibə qanunlarına zidd olaraq dəfələrlə ağır və dəhşətli işgəncə verərək onun qətlə yetirildiyi bildirib.


Ucalıqdan enməyən qəhrəman


Natiq Qasımovun həyat hekayəsi "Oqonyok" jurnalında dərc olunan məqalə ilə yekunlaşmayıb. Böyük Britaniyanın "Broken Pot Media" şirkətinin əməkdaşları onun haqqında "Oğul" adlı sənədli film də çəkiblər. Filmin rejissoru və ssenari müəllifi Karan Sinqhdir. Rejissor bu filmi çəkməyə 3 il vaxt sərf edib. Bu illər ərzində Karan Sinqh Ermənistan, Azərbaycan, İtaliya, Böyük Britaniya, Rusiya kimi ölkələrə səfərlər etmiş, şahidlərlə tanış olaraq onlardan müsahibələr götürmüşdü. 2022-ci ildə ekranlara çıxan film böyük rezonans doğurmuşdu. Filmdə Natiq Qasımovun erməni zabitləri tərəfindən dindirilən zaman şəklini çəkdiyi italyan müharibə fotoqrafı Enriko Sarsinin də müsahibəsinə xeyli yer ayrılıb. Filmi izləyənlər bir daha şahidi olublar ki, Natiqin qatili Vitali Balasanyandır. Amma özünü tülkülüyə qoymuş Vitali ona göstərilən şəklə baxanda yalan danışaraq Natiqi tanımadığını bildirib. Hətta ona göstərilən fotolarda özünü görsə də, hadisə yerində olduğunu boynundan atıb. Bu daşnak özünü də "tanımayıb". Ancaq digər şahid ermənilər rejissora şəkillərdəki şəxsin Vitali olduğunu bildiriblər. Şahidlərin etirafları əsasında zamanında çəkilmiş fotoşəkillərdən məlum olur ki, Vitali Balasanyan şəxsən Natiqin dindirilməsində iştirak etmiş və əsirin ölüm əmrini də o vermişdir. Müsahibə götürülən erməni əsgərlərindən biri isə Natiqin doğranıldığını deyir. Bu cavabdan dəhşətə gələn rejissorun "necə yəni doğranıldı?" sualına isə erməni sonradan "öldürüldü" cavabını verir. Amma artıq gec idi. Çünki əsl həqiqət erməni şahidin dilindən çıxmışdı.

Prezident İlham Əliyevin 25 iyun 2024-cü il tarixli sərəncamı ilə ərazi bütövlüyümüzün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Natiq Səlim oğlu Qasımova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib.

Azərbaycan Prezidenti İlham Əliyev sərəncamı imzaladığı günün sabahı - iyun ayının 26-da sosial media hesabında Milli Qəhrəman Natiq Qasımovla bağlı paylaşım etmişdi.

Üstündən neçə illər keçməsinə baxmayaraq, insanlığa ləkə olan erməni işğalçıları Milli Qəhrəmanımız Natiq Qasımovu işgəncə ilə öldürəndən sonra onun meyitini harada basdırdıqları barədə məlumat vermirlər. Bunu həm Azərbaycan xalqından, həm də dünya ictimaiyyətindən gizlətməyə çalışırlar. Şəhid ailələrinə daim qayğı göstərən Azərbaycan Prezidenti İlham Əliyev bu vacib məsələni də daim diqqətində saxlayır. Dövlət başçımız qəhrəmanımızın meyitinin qalıqlarınının tapılması məqsədilə "İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun müdafiəsi" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına məktub ünvanlamışdı. Məktubda Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımov haqqında fikir bildirilmişdir. Qeyd olunmuşdur ki, ermənilər Natiq Qasımovun qalıqlarının yeri barədə məlumatları verməkdən imtina edirlər. 

Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun ruhu şaddır. Çünki döyüşlər zamanı üstündə gəzdirdiyi üçrəngli bayraq bu gün bir zamanlar onun uğrunda cəsarətlə vuruşduğu Xocalıda, Şuşada, Xankəndidə, bütövlükdə Qarabağda əzəmətlə dalğalanır. Belə kövrək və qürurverici anlarda özümüzdən asılı olmadan ürəyimizdən dilimizə bu sözlər süzülür: "Sən döyüşlərdə göstərdiyin qəhrəmanlığınla, igidliyinlə daim ürəklərdə yaşayacaqsan, Natiq! Azərbaycan xalqı səni heç vaxt unutmayacaq. Çünki sən igidliyinlə, məğrurluğunla, cəsarətinlə, məğlubedilməzliyinlə xalqımızın qəlbində qəhrəmanlıq abidəsi ucaltmısan. Sən heç vaxt bu ucalıqdan enməyəcəksən!"


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kubada silah anbarında partlayış baş verib, 13 əsgər itkin düşüb  

12:09
08 Yanvar

Türkiyə mediası Prezident İlham Əliyevin müsahibəsinə geniş yer ayırıb  

12:08
08 Yanvar

Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb  

12:06
08 Yanvar

Küveyt Dövlətinin Baş naziri Əhməd Abdullah əl-Əhməd əl-Sabahdan

12:03
08 Yanvar

Xaçmazda kitabxana binası yanıb, 2 mindən çox kitab məhv olub

11:11
08 Yanvar

Təyyarə qəzasında həyatını itirmiş vətəndaşların kredit borcları silinib

11:10
08 Yanvar

Ukrayna mediası Azərbaycan Prezidentinin yerli televiziya kanallarına müsahibəsini geniş işıqlandırıb  

11:08
08 Yanvar

Avropanın ən yaxşısı seçilən azərbaycanlı: Mənim üçün gözlənilməz oldu

10:48
08 Yanvar

Hakan Fidan: Suriyalıların vətənlərinə qayıtmaları üçün orada bərpa-yenidənqurma işlərinə başlanılmalıdır  

10:47
08 Yanvar

“Konstitusiya və Suverenlik İli”ndə Azərbaycanı yeni uğurlar gözləyir

10:39
08 Yanvar

AZAL bugünkü Bakı-Kazan reysini ləğv edib

10:39
08 Yanvar

Azərbaycan neftinin qiyməti 80 dollara yaxınlaşır

10:12
08 Yanvar

Faktiki hava açıqlanıb

09:56
08 Yanvar

Türkiyədə 168 siyasi partiya fəaliyyət göstərir

09:45
08 Yanvar

Elin Süleymanov Aİ-nin iqlim mövzusunda ikili standartlarını tənqid edib

09:43
08 Yanvar

Gürcüstanın XİN başçısı: Makronun Gürcüstanda seçkilərin saxtalaşdırılması barədə dedikləri həqiqəti əks etdirmir  

09:37
08 Yanvar

Yeni virus sürətlə yayılır

09:15
08 Yanvar

Fransada dövlət strukturu dəyişdirilə bilər

09:10
08 Yanvar

Gəncədə Milad bayramı qeyd olunub

09:05
08 Yanvar

Mədəniyyətimizin hamisi

09:00
08 Yanvar

Dünya etiraf edir

08:55
08 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!