Makrondan bezən fransızlar çıxış yolu axtarırlar
Fransadakı siyasi böhran dərinləşir. Hökumətdəki çaşqınlıq, prezidentin aşağı reytinqi və mənfi iqtisadi proqnozlar fonunda dövlət quruluşunun yenidən formalaşdırılması ideyası gündəmə gəlir.
Fransa siyasi qeyri-müəyyənlik vəziyyətinə yuvarlanmaqda davam edir. Mişel Barnye hökuməti parlament tərəfindən buraxılana qədər cəmi 91 gün (ölkə tarixində ən az müddətli hökumət) fəaliyyət göstərdi. Fransua Bayrunun rəhbərliyi altında yeni kabinetin də aqibətinin eyni olacağı proqnozlaşdırılır. Solçu "Yenilməz Fransa" partiyasının lideri Jan-Lyuk Melanşon "yeni hökumət yəqin ki, sələfləri kimi yanvarın ortalarında etimadsızlıq səsverməsindən sonra yıxılacaq" - deyib.
Barnyeyə qarşı etimadsızlığa səbəb büdcə qanun layihəsini müxalifətin təsdiqi olmadan qəbul etmək cəhdi idi. Ölkənin əsas maliyyə sənədi qəbul edilmədiyi üçün Bayru hökuməti də sələfləri kimi ikiqat təzyiq altında işləməyə məhkumdur. Yeni baş nazirin iki od arasında qalaraq bir həll yolu tapa biləcəyi böyük sual altındadır.
Büdcə ilə bağlı problem ölkədə hökm sürən xaosun səbəbi deyil, nəticəsidir. Səbəb Fransa iqtisadiyyatında yaranan mənfi tendensiyalardadır. Beşinci respublikanın dövlət borcu 3 ay ərzində 71 milyard avro artaraq indiyədək əlçatmaz olan 3,3 trilyon avro və ya ÜDM-in 113,7 faizini təşkil edib (2024-cü ilin iyun ayının sonundakı 112,2 faizlə müqayisədə). Büdcə kəsiri 6 faizdir və onun üçdə biri sosial ödənişlərdən ibarətdir. Onları azaltmaq və ya kompensasiya etmək lazımdır. Solçular bunu vergilər və biznes üçün əlavə öhdəliklərin, sağçılar miqrantlar, eləcə də bəzi dövlət qulluqçuları üçün güzəşt və üstünlüklərin azaldılması yolu ilə etmək istəyirlər.
Lakin bu, sistemli problemin həlli deyil və ola da bilməz. Keçmiş iqtisadiyyat naziri Antuan Armandın dediyi kimi, ekstremal fiskal vəziyyət zamanla daha da pisləşəcək.
Hazırda Fransada müzakirə mövzusu Emmanuel Makron və onun reytinqlərində davam edən enişdir. "Politico"nun məlumatına görə, prezidentin etimad səviyyəsi onun bütün hakimiyyəti dövründə ən aşağı səviyyəyə - 22 faizə düşüb. BFM TV auditoriyasının 68 faizi isə onun dərhal istefasının tərəfdarıdır.
Millətçi siyasətçi Marin Le Pen deyir: "Makron üçün hər şey bitib. Mənim sözlərim kəskin deyil, bu, institusional reallıqdır. O, hətta baş nazir təyin etmək imkanını da itirib".
Bu kontekstdə Fransanın iqtisadi vəziyyəti prezidentin siyasətinin nəticəsi kimi görünür. Makron vəzifəyə gəldikdən sonra dövlət borcu 1 trilyon avro artıb. Üstəlik, son 20 ildə dövlət xərcləri və onunla birlikdə borc yalnız artmışdır. Bu il Dövlət Borclarının İdarə Olunması Agentliyi kreditlərin ödənilməsi üçün əlavə olaraq 285 milyard avroluq istiqraz buraxacaq.
Bu mənzərə həm də xarici siyasətin uğursuzluqları ilə tamamlanır: Afrikada Fransanın post-müstəmləkə sisteminin süqutu və Ukraynada ümidsiz "strateji qeyri-müəyyənlik". Digər bir məqam isə xarici ərazilərdəki problemlərdir - Yeni Kaledoniya, Martinik və Mayot...
Bu şəraitdə öz aktuallığına görə ənənəvi olan başqa bir fikir yenidən gündəmə gəlib - Fransanın dövlət strukturunda dəyişiklik. Yəni, beşinci respublika altıncı respublikaya çevrilməlidir.
Bu konsepsiya fransız solçulara məxsusdur. Onun məğzi, ilk növbədə, mövcud nizam-intizamı tənqid etməkdən ibarətdir. Prezidentin hazırkı səlahiyyətləri ona hakimiyyətdə qalmağa və öz siyasətini həyata keçirməyə imkan verir - hətta o, ölkə parlamentində siyasi təsirini tamamilə itirdiyi halda belə. Bu sistemin əsas elementi Fransa hökumətinin başçısını təyin etmək hüququdur. Beləliklə, Fransua Bayru bir il ərzində Fransanın dördüncü baş naziri olub.
Altıncı respublika ideyasını təbliğ edən Jan-Lyuk Melanşon belə bir "prezident monarxiyası"na son qoymağa və hökumət başçısının təyin edilməsi səlahiyyətinin parlamentə verilməsinə çağırır. Başqa sözlə, prezident respublikasından parlament respublikasına keçid labüddür. Bu təqdirdə indiki kimi halların yaranmasına imkan verilməyəcək. Yəni, heç kim prezidenti dəstəkləmir, amma o, idarə etməkdə və təyin etməkdə davam edir.
Bu fikir Fransa vətəndaşlarına yaxındır. "Public Senat" telekanalının keçirdiyi sorğunun nəticələrinə görə, respondentlərin 56 faizi hesab edir ki, beşinci respublikanın vaxtı bitib. 85 faiz dövlət institutlarında sistemli islahatların aparılmasının tərəfdarıdır, 76 faiz majoritar sistemin ləğv edilməsini (yəni kiçik və regional partiyalar üçün parlamentdə təmsil olunmaq imkanı verilməsini) istəyir, 56 faiz isə yenidən seçilmək hüququ olmadan bir beşillik prezidentlik müddətinin tərəfdarıdır.
Eyni zamanda ekspertlər vurğulayırlar ki, dövlət quruculuğunda aksentlərin dəyişdirilməsi iqtisadi problemlər üçün effektiv çarə ola bilməz, xüsusən də vaxtilə prezident postuna qəsdən bu qədər geniş səlahiyyətlər verilmiş Fransada.
Rizvan CƏFƏROV,
"Azərbaycan"