02 Noyabr 2022 04:04
1135
CƏMİYYƏT
A- A+
Müzəffər sərkərdəmizin rəhbərliyi ilə düşməni həm mühakimə etdik, həm də cəzalandırdıq

Müzəffər sərkərdəmizin rəhbərliyi ilə düşməni həm mühakimə etdik, həm də cəzalandırdıq

 

ƏLİYEV TALEH ZAMAN OĞLU
polkovnik-leytenant

1979-cu il avqustun 28-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kəndində anadan olub. 
1996-2000-ci illərdə Bakı Ali Birləşmiş Komandirlər Məktəbində (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi) artilleriya ixtisası üzrə ali təhsil alıb. "N" saylı hərbi hissədə taqım komandiri, cəbhənin Beyləqan və Füzuli istiqamətlərində döyüş tapşırığı yerinə yetirən hərbi hissələrdə taqım və batareya komandiri, qərargah rəisi, divizion komandiri, hərbi hissənin artilleriya rəisi vəzifələrində çalışıb. 
2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ali Hərbi Akademiyasının taktiki və əməliyyat kursunu, 2018-2020-ci illərdə Türkiyə Respublikasının Milli Müdafiə Universitetində KARSU və Qərargah Komandanlığı kurslarını bitirib. 
Aprel döyüşlərinin və Vətən müharibəsinin iştirakçısıdır.
"Azərbaycan Bayrağı" ordeni, "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", Azərbaycan Silahlı Qüvvələrinin 10, 90, 95 və 100 illik "Yubiley", 1-ci, 2-ci və 3-cü dərəcəli "Qüsursuz xidmətə görə", 2-ci və 3-cü dərəcəli "Xidmətdə fərqlənməyə görə", "Silahlı Qüvvələr veteranı" və "Müharibə iştirakçısı" medalları ilə təltif edilib.
III qrup II Qarabağ müharibəsi əlilidir. Ailəlidir. 3 övladı var.

 

Uşaq vaxtı hərənin bir arzusu olur. Mən də böyüyəndə müstəntiq olmaq istəyirdim. Fikirləşirdim ki, əsl günahkarları mühakimə edərək cəzalandırmaq müqəddəs peşədir. Amma böyüdükcə, Qarabağın işğalı ilə bağlı baş verən prosesləri gördükcə fikrimi dəyişdim və hərbçi olmaq qərarına gəldim. Hərbi mundiri geyindikdən sonra isə hiss etdim ki, ən müqəddəs peşə elə budur və and içdim ki, Vətənə, xalqa, dövlətə qürurla, şərəflə xidmət edəcəyəm. 
İllər sonra Müzəffər Ali Baş Komandanımız İlham Əliyev uşaqlıq arzumun gerçəkləşməsi üçün hərbçi kimi mənə şans yaratdı. Mən də bu fürsətdən yararlanaraq xalqıma qarşı ağır cinayətlər, qətliamlar törətmiş cinayətkarları həm hərbçi, həm də müstəntiq kimi mühakimə etdim, cəzalandırdım və ədaləti təmin etdim.
Buna görə də biz hərbçilər Vətən müharibəsi qəhrəmanları kimi, ilk növbədə, Müzəffər Ali Baş Komandanımıza təşəkkür edirik. Məhz Ali Baş Komandanımızın "Dəmir yumruq" əks-həmlə əməliyyatı ilə alnımızdakı qara ləkəni təmizlədik, əyilmiş qəddimizi dikəltdik. Bu gün Qarabağ torpaqlarında fəxarətlə, qürurla, başıuca xidmət ediriksə, birmənalı şəkildə, Silahlı Qüvvələrimizə və Ali Baş Komandanımıza minnətdar olmalıyıq.

 

Hərbçi olmaq istəyi həm də qisas yanğısı idi

 

Orta məktəbdə oxuduğum illərdə Birinci Qarabağ müharibəsi başlamışdı. Torpaqlarımız ard-arda işğal edilirdi. Televizora baxanda evlərindən, yurdlarından didərgin düşən insanların çəkdikləri ağrı-acını görürdüm. Evsiz-eşiksiz qalan soydaşlarımız qatar vaqonlarında yaşayırdılar. Hər gün evlərə şəhid cənazəsi gəlirdi, qışqırıq, ah-nalə səsindən qulaq tutulurdu. Bütün bunlar məni böyüyəndə müstəntiq olmaq arzumdan əl çəkməyə məcbur etdi. Dedim ki, hərbçi olub qisas alacağam. 
İllər keçdikcə hərbi mundiri geyinmək həvəsim daha da artdı və 1996-cı ildə gerçəkliyə çevrildi. İmtahan verib Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə daxil oldum. Dörd il burada artilleriya ixtisası üzrə hərbi biliklərimi zənginləşdirməklə yanaşı, öyrəndim ki, vətənə, torpağa, xalqa, dövlətçiliyə sevgi və bağlılıq ən ali dəyərlərdir. 2000-ci ildə ali təhsilimi başa vuraraq leytenant rütbəsində "N" saylı hərbi hissədə taqım komandiri kimi fəaliyyətə başladım.
Əlbəttə ki, torpaqlarımız işğalda olduğu üçün orduda olan bütün komandirlərin əsas vəzifəsi əsgərlərimizi peşəkar döyüşçü kimi hazırlamaqdan ibarət idi. Çünki Azərbaycan Ordusunun qarşısında mühüm vəzifə dayanırdı. Bu vəzifə hər birimizdən məsuliyyətli, vətənpərvər olmağı tələb edirdi. Taqım komandiri kimi tabeliyimdəki əsgərlərin vətənpərvər döyüşçü kimi formalaşması istiqamətində əlimdən gələni əsirgəmirdim. Bilirdim ki, istənilən an Ali Baş Komandan "İrəli!" əmrini verə bilər. 
Bir müddət sonra fəaliyyətimi başqa hərbi hissələrdə davam etdirdim. Müxtəlif vaxtlarda cəbhənin Beyləqan və Füzuli istiqamətlərində döyüş tapşırığı yerinə yetirən ayrı-ayrı hərbi hissələrdə taqım və batareya komandiri, qərargah rəisi, divizion komandiri vəzifələrində çalışdım.
Etiraf edim ki, illər öncə ordumuzun maddi-texniki bazası o qədər də güclü deyildi. Mövcud olan silahlarımızla, texnikalarımızla uzunmüddətli döyüş tapşırığı yerinə yetirmək qeyri-mümkün idi. Amma 2000-ci illərin əvvəllərindən başlayaraq Silahlı Qüvvələrimizdə vəziyyət dəyişməyə başladı. Daha sonra Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ordunun döyüş qabiliyyəti getdikcə yüksəldi. Ali Baş Komandan, ilk növbədə, ordunun maddi-texniki bazasının əhəmiyyətli dərəcədə möhkəmləndirilməsi, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atdı. 
Silahlı Qüvvələrin modernləşdirilməsi və ən son hərbi texnologiyaların orduda tətbiqi prosesi sürətləndi. Məhz bu diqqət sayəsində Azərbaycanda nizami ordu yaradıldı. Tez-tez hərbi hissələrə baş çəkib vəziyyətlə tanış olan Ali Baş Komandan hər çıxışında hərbçilərimizə əlavə stimul verirdi. Bütün bunlar zaman keçdikcə ordumuzda peşəkarlığı, döyüş qabiliyyətini, ruh yüksəkliyini artırdı və ordumuz ölkə qarşısında duran vəzifələri icra etmək üçün bütün imkanlara malik oldu. 

 

İlk sınaq, ilk uğur və böyük qələbəyə aparan yol

 

2016-cı ildə "N" saylı hərbi hissəyə divizion komandiri təyin edildim. Artilleriyaçılara hər an topun ipini çəkmək nəsib olmur. Amma mən özümü şanslı zabit sayıram. Çünki divizion komandiri təyin edildiyim vaxtdan cəmi 20 gün sonra döyüşdə topun ipini çəkmək nəsibimiz oldu. 
Aprelin 1-də düşmənin cəbhə xəttindəki təxribatlarına qarşı əks-həmlə əməliyyatları başladı. Ali Baş Komandanımız şərəfli missiyamızı həyata keçirmək üçün bizə şans yaratdı. Biz hərbçilər illərlə bu anı gözləyirdik və o gün yetişmişdi. 
Həmin gün rəhbərlik etdiyim diviziona döyüş tapşırığı verildi və cəbhənin Füzuli-Cəbrayıl istiqamətində təxribatlar törətməyə cəhd edən düşməni məhv etmək əmrini aldıq. Bu döyüşlərdə divizionumuz düşmənin yüzlərlə canlı qüvvəsini, hərbi texnikasını, komanda müşahidə məntəqəsini məhv etdi. 
Aprel döyüşləri bir zabit kimi mənim ilk böyük döyüş sınağım oldu. Təəssüflər olsun ki, aprelin 5-də atəşkəs elan olundu. Əgər atəşkəs elan olunmasaydı, çox böyük üstünlüklə düşməni darmadağın edərdik. 4 günlük savaş Azərbaycan Ordusunun gücünü göstərməklə yanaşı, həm də Ali Baş Komandanın uzun illərdir Silahlı Qüvvələrimizə göstərdiyi diqqəti, ordu-xalq birliyini nümayiş etdirdi. Məhz ordumuzun müasir silahlarla təchiz olunması, Ali Baş Komandanın diqqəti və xalqın yüksək dəstəyi sayəsində erməni təxribatının qarşısı yüksək peşəkarlıqla alındı və minlərlə hektar ərazi işğaldan azad edildi. 
Biz bu sınaqdan uğurla, üzüağ çıxdıq. Bu döyüşlər Ali Baş Komandanımızın qətiyyətli və qüdrətli sərkərdə olduğunu bir daha təsdiqlədi. Düşmən gördü ki, bu ordu istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir, çünki döyüşü idarə edə biləcək məğrur sərkərdəsi var. 
Təəssüflər olsun ki, bu döyüşdə uşaqlıq dostum, Ali Hərbi Məktəbdə birlikdə oxuduğum zabit yoldaşım Rasim Məmmədovu itirdim. Rasim ən yaxın sirdaşım idi, onun itkisi mənə çox ağır təsir etdi və içimdəki qisas yanğısını daha da alovlandırdı. Bu döyüşlərdən sonra tam olaraq qətiləşdirdim ki, artıq geriyə yol yoxdur, yalnız irəliyə doğru getməliyik.
Aprel zəfərindən sonra Ali Baş Komandanımız ordumuzun arsenalının daha da zənginləşdirilməsi, müasir texnikaların alınması istiqamətində çox ciddi addımlar atdı. Bu isə bizdə bir əminlik yaratdı ki, İlham Əliyev əzəli torpaqlarımızın bir qarışının belə düşmən tapdağında qalması ilə barışmayacaq və tezliklə Ermənistana daha ağır zərbələr endirəcək. 

 

Vətən müharibəsi - modern ordu, yeni hərbi taktika və sürətli hücum

 

2017-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Ali Hərbi Akademiyasının taktiki və əməliyyat kurslarına cəlb edildim. Bir ildən sonra - 2018-ci ildə Türkiyə Respublikasının Milli Müdafiə Universitetində KARSU və Qərargah Komandanlığı kurslarına göndərildim. Burada hərbi diplomatiyanı, müasir döyüş taktikaları ilə bağlı biliklərimi daha da zənginləşdirdim. 2 il burada təkmilləşmə kursu keçdim və çox böyük təcrübə topladım. 
2020-ci ilin iyul ayında çox ağır xəbər eşitdik. Tovuzda baş verən təxribatlar zamanı general Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin şəhid olması xəbərini aldıq. Polad Həşimovla İlqar Mirzəyev mənim komandirlərim olmuşdular. Çox acı çəkdim. Universitetin rəhbərliyinə müraciət etdik ki, bizə izin verin, Vətənə dönək. Komandirlər bizə təskinlik verərək bildirdilər ki, artıq təxribata layiqli cavab verilib və atəşkəs bərpa olunub. 
2020-ci ilin avqust ayında kursları bitirib Vətənə döndüm. Komandanlığın əmri ilə cəbhənin Füzuli istiqamətindəki "N" saylı hərbi hissəyə artilleriya rəisi təyin edildim. Zabit yoldaşlarım zarafatla dedilər ki, sən 4 il öncə divizion komandiri təyin ediləndən 20 gün sonra Aprel döyüşləri baş vermişdi, indi də, yəqin ki, tezliklə savaş başlayar. Və belə də oldu. 
Sentyabrın ortalarından kəşfiyyat məlumatları gəlirdi ki, düşmən yenə təxribatlara hazırlaşır. Biz də ciddi hazırlıq görürdük və sentyabrın 27-də bu təxribat baş verdi. Öz-özümə dedim ki, görəsən, yenə də 3-4 günlük savaş olacaq və atəşkəslə dayandırılacaq? Amma yanılmışdım, bu savaş böyük zəfərə aparan yol oldu. 
Ali Baş Komandanın "Dəmir yumruq" əks-həmlə əməliyyatı ilə Vətən müharibəsinə başladıq. Aprel döyüşləri qısa olsa da, mənə böyük təcrübə qazandırmışdı. Üstəlik, Türkiyədə keçdiyim kurslarda mənimsədiyim yeni taktiki gedişlər də təcrübəmi daha da zənginləşdirmişdi. Bütün bunların sayəsində tabeliyimdə olan artilleriya bölmələri düşmənə çox sarsıdıcı zərbələr vurur, taktikanı dəyişib manevrlər etməklə itkisiz irəliləyirdilər. 
Hər hücumun sonu müdafiə, hər müdafiənin sonu hücumdur. Mən bölmələrimizə bu iki taktikanı çox yaxşı izah etmişdim. Savaşda da iki taktikadan yararlandıq və bəhrəsini gördük. Artilleriya rəisi kimi mən döyüş zamanı ancaq tabor komandirləri ilə əlaqə saxlamalı, əmrləri onlara verməli idim. Amma elə bir sistem yaratmışdım ki, ən kiçik ölçülü minaatan batareyanın komandiri ilə də əlaqə yaradır, onlara da müvafiq göstərişlər, hərbi əmrlər verirdim. 
Füzulinin Alxanlı kəndindən istiqamət götürən şəxsi heyət o qədər səbirsizlənmişdi ki, sürətlə düşmən üzərinə yerimək istəyirdi. Hamı tələsirdi. Elə bilirdik ki, yenə döyüş dayandırılacaq və işimiz yarımçıq qalacaq. Ona görə də az vaxtda çox ərazimizi işğaldan azad etmək istəyirdik. 
Ali Baş Komandanın ordumuzun modernləşməsi istiqamətində atdığı addımlar, xaricdən alınan və öz müdafiə sənayemizin istehsal etdiyi hərbi texnikaların üstünlüyü açıq şəkildə döyüşdə özünü büruzə verdi. Bir taborumuz tamamilə mobilləşmiş zirehli maşınlardan ibarət idi və irəlilədikcə düşmənin canına vahimə düşürdü. Tanklarımız, piyadaların döyüş maşınları, zirehli texnikalarımız, "səhra pişikləri" adlanan hərbi avtomobillər sürətlə irəliyə doğru hərəkət edirdi. 
 Əlimizdə olan təkmilləşmiş modern sistemlər, radar aparatları bizə imkan verirdi ki, düşmənin bir top mərmisinin hansı istiqamətdən atıldığını həmin an müəyyənləşdirə bilək. Bu imkanlardan yararlanaraq həmin koordinatdakı düşmən artilleriyasını susdurur, həmin mövqeni darmadağın edirdik. Piyada qoşunlarımız, öndə gedən Xüsusi Təyinatlı Qüvvələrimiz də bizə arxayın olaraq sürətlə irəliləyirdilər. 
İlk nailiyyətimiz Füzulinin Qaraxanbəyli kəndi istiqamətində oldu. Bu istiqamət üzrə hərbi hissəmizə verilən tapşırıq uğurla reallaşdı. Biz düşmənin iki alayının orta xətti ilə irəliləyirdik. İki istiqamətdən bizə atəş açılırdı. Amma bölmələrimiz bu alaylara elə ağır zərbələr endirdilər ki, düşmən pərən-pərən düşdü. 

 

Döyüşdə ağlayan yox idi, döyüşdən sonra isə ağlamayan görmədim

 

27 gün Füzuli istiqamətində gedən döyüşlərdə müxtəlif əmr və tapşırıqları müvəffəqiyyətlə yerinə yetirdik. Oktyabrın 28-də biz yeni tapşırıq aldıq: Xocavəndin Tuğ kəndində möhkəmlənib artilleriya bölmələrimizi tam hazır vəziyyətə gətirməli idik. Orada Naxçıvanın Xüsusi Təyinatlı Qüvvələrinin komandiri, polkovnik Tehran Mənsimovla görüşdük. Biz xüsusi təyinatlıların irəliləməsi üçün düşmənin atəş nöqtələrini susdurmalı idik. Polkovnik Tehran Mənsimov bizimlə birlikdə irəlidə gedən qruplarını idarə etməli idi. 
Noyabrın 4-də Daşaltı istiqamətində hücuma keçdik. Bu dəfə biz yüksəklikdə, düşmən isə aşağıda idi. Dəqiq zərbələrlə atəş nöqtələrini bir-bir məhv etdik. Yolları atəş hədəfi altına götürdük. Missiyamız Daşaltını azad etdikdən sonra Laçın-Şuşa yolunu, yəni Laçın dəhlizini bağlamaq idi. Bu baş verəndən sonra xüsusi təyinatlılarımız Şuşaya doğru irəliləməli idilər. 
Daşaltıya enib, sonra yenidən yüksəkliyə qalxmalı idik. Yəni çox ağır, çətin tapşırıq almışdıq. Buna baxmayaraq, missiyamızı uğurla başa vurduq. Erməni hərbçilərinin çoxu gəldiyimizi görüb gecəykən kəndi tərk etmişdilər. Bütün texnikaları bizə qənimət kimi qalmışdı. 28 il əvvəl bizim ordumuz burada ağır məğlubiyyətlə üzləşmişdi və illər sonra intiqamımız alındı: ermənilər Daşaltıda məhv edildi. 
Bu döyüşlərdə Müzəffər Ali Baş Komandandan güc alan əsl qəhrəmanlar var idi. Çünki Ali Baş Komandanın hər çıxışı, hər sözü əsgərlərimizin dilində şüara çevrilmişdi. Ali Baş Komandanın xalqa müraciətləri hər bir əsgərin döyüş ruhunu artırırdı, qələbə əzminə əzm qatırdı. Ona görə də Daşaltı əməliyyatında hər kəs qürurla, yüksək döyüş əzmi ilə savaşırdı. 

 

Sonuncu missiya

 

Daşaltı əməliyyatından sonra Şuşaya doğru istiqamət götürdük. Artıq bütün diqqətlər Şuşada idi. Polkovniklər - Vilayət Quliyev, Tehran Mənsimov, Cahandar Əhmədov, Firuz Bədəlov və mən sıravi əsgərlərlə birlikdə əlimizdə avtomat Şuşaya doğru irəliləyirdik. Düşmən güllə yağdırsa da, biz sıldırımlarla yüksəkliyə doğru qalxırdıq. Mövqelənmək üçün yer yox idi. Düşmənin kəskin nişançıları ancaq biz zabitləri hədəfə alırdı. Atılan güllələrdən biri baş nahiyəmdən dəydi, elə zənn etdim ki, boynum qırıldı. Dəmir dəbilqənin ortasından dəyən güllə başımın üst hissəsini parçalamışdı. Uzanıqlı vəziyyətdə idim və bir neçə saniyədən sonra başımdan qan axmağa başladı. Sanitar əsgər ilk yardım göstərdi və qanaxmanın qarşısı bir az alındı. 
Artilleriya bölmələrimizin dəqiq atəşlərindən sonra yuxarıdakı erməni hərbçiləri geri çəkilməyə məcbur oldular. Polkovnik Tehran Mənsimov geri çəkilməyimi təkid etsə də, qayıtmadım. Amma bir az keçəndən sonra gördüm ki, huşumu itirirəm. Geri qayıtmaq məcburiyyətində qaldım və meşə ilə 4-5 kilometr piyada yol getdim, sonra avtomobillə məni Füzulidəki Diaqnostika Mərkəzinə apardılar. Başıma tikiş vuruldu və istədim ki, axşam geri qayıdım, amma həkimlər imkan vermədilər. Gecəni orada qaldım, səhəri gün - noyabrın 6-da Daşaltıya döndüm. Rabitədə komandanlara xəbər verdim ki, sağam, sağlamam və onlara yetişmək üçün yola çıxmışam. Beləliklə, qayıdıb yenə də bölmələrimi idarə etməyə başladım. 
Dərhal Şuşaya qalxdım. Artıq xüsusi təyinatlılarımız və döyüş yoldaşlarım qədim qalamızda idilər. Şuşanı məhəllə-məhəllə döyüşərək azad etmişdilər. Daşaltını isə bizim hərbi hissə döyüşərək düşməndən təmizləmişdi.
Müharibənin bitmə xəbərini Şuşada eşitdim. Ali Baş Komandanın xalqa müraciəti və Ermənistanın kapitulyasiya sənədini imzalaması bayrama çevrildi. Hər kəs sevinc içərisində idi, amma acımız da var idi. Çünki Şuşaya qədər döyüşüb, qələbə müjdəsini eşidə bilməyən şəhid qardaşlarımız oldu. İndi ruhları şaddır. Çünki missiyaları, tapşırıqları uğurla başa çatdı və qanları yerdə qalmadı.
Mən bu savaşda ağlayan bir hərbçi görmədim. Amma döyüşdən sonra ağlamayan da görmədim. Hamı bir-birinə sarılıb ağlayırdı. Bu gözyaşlarında həm zəfərin sevinci, həm də şəhid olan döyüş yoldaşlarımızın yoxluğunun acısı vardı... 
Əminəm ki, döyüş meydanında "Dəmir yumruq" əks-həmlə əməliyyatı ilə düşməni məhv edən Ali Baş Komandanımız tezliklə öz diplomatik bacarığı, hücum siyasəti ilə bu məsələni də həll edəcək: Zəngəzur dəhlizi açılacaq və mən də sonuncu missiyamı yerinə yetirəcəyəm. 
2020-ci il Azərbaycan tarixində şanlı, qızıl hərflərlə yazılan səhifə oldu və qələbə xalqımızın qürurunu özünə qaytardı. Azərbaycan tarixində özünəməxsus, şanlı səhifə olan bu zəfərin isə iki müəllifi var - Azərbaycan Silahlı Qüvvələri və Müzəffər Ali Baş Komandan İlham Əliyev. 
Azərbaycanın yeni tarixini yazan baş sərkərdəmiz bütün nailiyyətləri ilə yanaşı, həm də torpaqlarımızın xilaskarı oldu, çox qısa zaman ərzində Azərbaycanın uğur tarixini yazdı. Bütün çıxışlarında "Qarabağ Azərbaycandır!" deyən İlham Əliyev bu sözləri tariximizin gerçəkliyinə çevirdi. 
Buna görə də bizlər - Vətən müharibəsi qəhrəmanları baş qəhrəmanımıza - Ali Baş Komandanımıza minnətdarıq. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ISO 20121 standartının milli səviyyədə adaptasiyası WUF13-ün ən mühüm irs komponentlərindən biridir  

14:16
03 Aprel

Türk şəhid övladları Diasporla İş üzrə Dövlət Komitəsində olublar  

13:53
03 Aprel

Sabah hava yağıntılı olacaq

13:41
03 Aprel

AFFA prezidenti: Legioner limitinin ləğvindən sonra rəqabət və oyun keyfiyyəti artıb  

13:35
03 Aprel

Qırğızıstan İrana 129 tonluq humanitar yardım göndərir

13:26
03 Aprel

Azərbaycan Ordusunda Aprel döyüşlərinin 10-cu ildönümü qeyd olunub  

13:19
03 Aprel

Dövlət ehtiyatlarının idarə olunmasında rəqəmsal monitorinq sistemlərinin tətbiqi hansı mərhələdədir?  

13:12
03 Aprel

TDT ölkələri metrologiya sahəsində daha sıx əməkdaşlıq edəcək  

12:48
03 Aprel

Almaniyada vağzalda partlayışdan sonra 500 nəfər təxliyə edilib  

12:19
03 Aprel

Aİ komissarı: Avropa uzunmüddətli enerji şoku ilə üzləşir

12:17
03 Aprel

İran Küveytin neft zavoduna dronlarla hücum edib

12:17
03 Aprel

BMT-nin Baş katibi Quterreşi vəzifəsində kim əvəz edəcək?

12:14
03 Aprel

“Azərkosmos” və “Viasat” aviasiya üçün uçuşdaxili internet xidmətləri göstərəcək  

12:06
03 Aprel

Aprel döyüşləri ilə başlayan Zəfər yürüşü

11:56
03 Aprel

Hörmüz boğazı konfransı: 41 ölkə bölgəyə hərbi qüvvə göndərməkdən imtina edib

11:52
03 Aprel

FIFA rəsmisi: Biz Azərbaycana böyük etimad göstəririk

11:43
03 Aprel

Ötən il federasiya və akademiyalara 2,8 milyon manat ayrılıb

11:39
03 Aprel

UEFA-dan Azərbaycan klublarına 73 milyon manatdan çox vəsait ayrılıb

11:36
03 Aprel

Tramp ABŞ Baş prokuroru Pem Bondini işdən çıxardı

11:36
03 Aprel

UEFA İtaliyanı Avro 2032-dən məhrum etməklə hədələyir

11:29
03 Aprel

Rövşən Nəcəf: Ayxan Abbasovun gəlişindən sonra milli komandada intizam və inkişaf hiss olunur

11:23
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!