03 May 2023 07:49
3149
SİYASƏT
A- A+
Müstəqil xarici siyasət quruculuğunda Heydər Əliyev strategiyası

Müstəqil xarici siyasət quruculuğunda Heydər Əliyev strategiyası

 

Xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin memarı, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi dünya azərbaycanlıları tərəfindən böyük ehtiram, minnətdarlıq və sevgi ilə qeyd olunur. Cənab Prezident İlham Əliyevin sərəncamı ilə "Heydər Əliyev İli" elan olunan cari ildə yalnız ölkəmizdə deyil, xarici dövlətlərdə də Ulu Öndərin əbədiyaşar xatirəsi hörmət və rəğbətlə anılır, onun şanlı irsi ölməz xatirələrdə yaşadılır.


Əlbəttə ki, Ulu Öndər Heydər Əliyev haqqında, onun Azərbaycan tarixində yeri, dövlət quruculuğunda müstəsna rolu, ölkəmizin beynəlxalq ictimaiyyətin müstəqil və tamhüquqlu bir üzvünə çevrilməsində əvəzedilməz xidmətlərini bir yazıda toplamaq mümkün deyil. Çünki söhbət həyatını xalqına və dövlətinə, onun inkişafına, müstəqilliyinin möhkəmləndirilməsinə həsr edən, özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi ilə xüsusi seçilən dahi şəxsiyyətdən gedir. 
30 il bundan öncə, 1993-cü ilin iyun ayında xalqın tələbi ilə hakimiyyətə qayıdan, beləliklə də, müstəqil Azərbaycanın qurucusuna çevrilən Heydər Əliyev şəxsiyyəti nəinki ölkəmizdə siyasi sabitlik və təhlükəsizliyin bərqərar olmasına nail oldu, həmçinin dahi liderin rəhbərliyi altında həyatın bütün sahələrində olduğu kimi, Azərbaycanın milli maraqlarına əsaslanan müstəqil xarici siyasət kursunun təməli qoyuldu. 
Dövlət müstəqilliyi qazanandan sonra ölkənin qarşısında duran mühüm vəzifələrdən biri milli mənafelərə əsaslanan səmərəli və praqmatik xarici siyasət kursunun müəyyən edilərək həyata keçirilməsi idi. Bu istiqamətdə ilk öncə müstəqil xarici siyasətin təməlində dayanan vətənpərvərlik, Azərbaycanın tarixi yaddaşının bərpası istiqamətində Ulu Öndər tərəfindən atılmış qətiyyətli addımlar, milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş tədbirlər əsas rol oynadı. Beynəlxalq təşkilatlarla yanaşı, xarici dövlətlərlə bərabərtərəfli əlaqələrin inkişafı, dünyanın güc mərkəzləri ilə dəqiq və nəticəyə hesablanmış, Azərbaycanın dövlət maraqlarının qorunduğu münasibətlər sisteminin formalaşdırılması məhz Ulu Öndərin təməlini qoyduğu xarici siyasət ilə bağlıdır. 

 

Xarici siyasət strategiyasının başlıca vəzifələri və prioritetləri

 

Ulu Öndər Heydər Əliyev 1993-cü ilin 15 iyun tarixində Milli Məclisin Sədri seçilərkən, yəni Qurtuluş Missiyasının başlandığı gün parlamentin tarixi iclasında çıxışında xarici siyasətin başlıca vəzifələrini və istiqamətlərini, region və dünya dövlətləri ilə əlaqələrin əsas istiqamətlərini müəyyənləşdirdi. Azərbaycanın müstəqilliyini təmin edən atributlardan biri xarici siyasət olduğunu nəzərə alaraq, o, daim qeyd edib ki, dövlətimizin sağlam xarici siyasəti olmalıdır, düşünülmüş xarici siyasəti olmalıdır, uzaqgörən xarici siyasəti olmalıdır. Bildirdi ki, bu, elə bir xarici siyasət olmalıdır ki, Azərbaycanı dünya dövlətləri birliyinə bağlasın, Azərbaycanın bütün dövlətlərlə əlaqəsini, Azərbaycanın mənafeyini təmin etsin və Azərbaycanı de-fakto dünya miqyasında müstəqil dövlət kimi tanıtmağı təmin edə bilsin. 
Ümummilli Lider hakimiyyətə qayıdışından sonra Azərbaycanın dövlətçilik mənafelərini hər şeydən uca tutaraq, müxtəlif ölkələrin Qafqaz və bilavasitə Azərbaycan Respublikası ilə bağlı maraqlarını və bu bölgədə nüfuz dairəsi uğrunda mübarizələrini nəzərə alaraq, çevik manevrlər və xüsusi taktiki gedişlər etdi. Həmin dövrün mürəkkəbliyi və çətinliyi fonunda ölkəmizin həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi təmin olundu, o cümlədən enerji resurslarının dünya bazarlarına çıxarılması, nəqliyyat infrastrukturunun inkişafı, xüsusilə keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı işğalçı tərəfə beynəlxalq təzyiqin gücləndirilməsi istiqamətində praqmatik və hərtərəfli xarici siyasət strategiyasının əsası qoyuldu.  
Sözsüz ki, Heydər Əliyevin xarici siyasət strategiyasının bir nömrəli prioriteti, Ulu Öndərin Milli Məclisdəki 1993-cü il 15 iyun tarixli çıxışında da qeyd etdiyi kimi, "Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumaq, möhkəmləndirmək, inkişaf etdirmək" olmuşdur. Məlumdur ki, bu yolda dövlətimizin qarşısında duran ən böyük təhdid Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti və onun ağır nəticələri idi. Ümummilli Lider "Müstəqilliyi, suverenliyi təmin etmək üçün Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş torpaqları geriyə qaytarılmalıdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunmalıdır, müharibə qurtarmalıdır, sülh yaranmalıdır" deyərək keçmiş münaqişənin həllini ən vacib məsələ kimi xarici siyasət gündəliyində müəyyən etmişdi. Bu istiqamətdə atılmış mühüm addımlardan biri, heç şübhəsiz ki, Azərbaycanın ağır siyasi və iqtisadi vəziyyəti, habelə Ermənistanın davam edən hücumları kontekstində atəşkəsin əldə edilməsi oldu. 1994-cü ilin mayında Ermənistanla Azərbaycan arasında atəşkəs əldə edildi. 
1993-1995-ci illərdə Azərbaycan Prezidentinin bir sıra xarici ölkələrə səfərləri, keçirdiyi görüşlər, eləcə də dünyanın ayrı-ayrı dövlətlərindən respublikamıza gələn nümayəndələrlə aparılan danışıqlar Ermənistanın Azərbaycana təcavüzü haqqında həqiqətlərin beynəlxalq aləmə çatdırılması baxımından əhəmiyyətli rol oynadı. Dünya birliyinin Azərbaycana münasibətdə mövqeyindəki təkamül ATƏT-in 1994-cü il Budapeşt və 1996-cı il Lissabon sammitlərində xüsusilə aydın şəkildə özünü göstərdi. Lissabon sammitində ilk dəfə olaraq, Ermənistan istisna olmaqla ATƏT-in bütün iştirakçı dövlətləri münaqişənin həll edilməsində Azərbaycanın milli mənafelərini əks etdirən prinsipləri açıq şəkildə dəstəklədilər. Bu sammit zamanı Ermənistan tarix boyu unutmayacağı təzyiqlərlə üzləşdi. Bu, Azərbaycanın xarici siyasətinin böyük uğuru idi. 
Münaqişənin həlli ilə bağlı aparılan məqsədyönlü siyasət nəticəsində çoxsaylı beynəlxalq təşkilatlar, o cümlədən BMT Təhlükəsizlik Şurası tərəfindən mühüm qərar və  qətnamələr qəbul edildi. Bu sənədlər öz-özlüyündə münaqişənin həllində birbaşa açar rolunu oynamasalar da, onlar birmənalı şəkildə münaqişənin həllinin möhkəm hüquqi bazasını təşkil edirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu məsələ ilə bağlı illər sonrakı çıxışını xatırlatmaq istərdim. 2020-ci ilin 10 dekabr tarixində keçirilən Zəfər paradındakı nitqində dövlət başçısı qeyd etdi ki, "Biz uzun illər bütün beynəlxalq tədbirlərdə bu məsələ ilə bağlı həqiqətləri çatdırırdıq, böyük iş aparılmışdır və bu işin səmərəsi oldu. Baxmayaraq ki, biz ərazi bütövlüyümüzü döyüş meydanında qazandıq, hesab edirəm ki, son illər ərzində apardığımız siyasi və diplomatik səylər öz bəhrəsini verdi, bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı və bunu dəstəklədi". 
Beləliklə də, Ulu Öndərin xarici dövlətlərə etdiyi çoxsaylı səfərlər, bu səfərlər çərçivəsində digər dövlətlərə ölkəmizin mövqeyi haqqında birinci şəxs tərəfindən məlumatın verilməsi ölkəmizin üzləşdiyi informasiya blokadasının sındırılmasına gətirib çıxardı, Azərbaycan həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırıldı.
Ulu Öndər Heydər Əliyev 1994-cü ilin sentyabrında BMT Baş Assambleyasının ali kürsüsündən, habelə 1995-ci ilin oktyabrında BMT-nin 50 illiyi münasibətilə Baş Assambleyada çıxışlarında Azərbaycandakı mövcud siyasi-iqtisadi vəziyyət ilə yanaşı, dünya birliyinə münasibətdə Azərbaycan siyasətinin prinsiplərini bəyan etdi. Ulu Öndərin ali beynəlxalq kürsülərdə etdiyi çıxışlarında təcavüzün pislənilməsi ilə yanaşı, sülh gündəliyinin önə çəkilməsi dahi Heydər Əliyevin praqmatik və uzaqgörən siyasətinin bariz nümunəsi olmuşdur. Bu xüsusda 1995-ci ildə BMT Baş Assambleyasında Ulu Öndərin səsləndirdiyi fikirləri yada salmaq istərdim: "Azərbaycan xalqının iradəsini ifadə edərək bəyan edirəm ki, biz Yer kürəsinin hər hansı bir nöqtəsində və hər hansı bir formada təcavüzkarlığı pisləyirik. Biz sülh istəyirik. Biz bütün dünyada sülh istəyirik, biz regionda sülh istəyirik, bütün qonşu dövlətlərlə sülh və mehriban münasibətlər istəyirik". Göründüyü kimi, hazırkı postmünaqişə mərhələsində xarici siyasət gündəliyimizdə aktuallıq təşkil edən sülh dialoqunun əsasları da Ulu Öndər müdrikliyindən qaynaqlanır.
Heydər Əliyevin xarici siyasət strategiyasının prioritetləri sırasında qonşu dövlətlər başda olmaqla, dünyanın bir çox dövlətləri ilə qarşılıqlı faydalı ikitərəfli münasibətlərin qurulması və xarici siyasətimizin coğrafiyasının genişlənməsi də önəmli yer tutmuşdur. Hazırda Azərbaycanın genişlənən, hərtərəfli beynəlxalq əlaqələrinin əsasında Ümummilli Lider Heydər Əliyevin xarici siyasət konsepsiyasının durduğu şübhəsizdir. İndi Azərbaycanın dünyanın müxtəlif ölkələrində səfirliklərinin, baş konsulluqlarının, o cümlədən beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliklərinin aktiv fəaliyyət göstərməsi bu konsepsiyanın təməllərinin bəhrəsidir. 
Azərbaycan Respublikasının xaricdə diplomatik missiyalarının ümumi sayı artıq 89-a çatıb (66 səfirlik, 6 daimi nümayəndəlik, 9 baş konsulluq, 8 səfirlik və təmsilçilik ofisi). Həmçinin Azərbaycanda 88 ölkənin və beynəlxalq təşkilatın nümayəndəlikləri, 15 xarici dövlətin konsulluqları akkreditə olunub. Birmənalı şəkildə qeyd edə bilərik ki, bu rəqəmlər ölkəmizin hərtərəfli beynəlxalq əlaqələrinin göstəricisidir.
Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzunun daha bir göstəricisi onun beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətinin dəstəklənməsində və Azərbaycanın çoxtərəfli diplomatiyasında öz əksini tapır. Ümummilli Lider Heydər Əliyev çoxtərəfli səviyyədə dövlətimizin mövqeyinin möhkəmləndirilməsi, nüfuzunun artırılması istiqamətində mühüm işlər görmüş, onun fəaliyyəti nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sisteminin güvənilən və uğurlu subyektinə çevrilmişdir. Azərbaycanın aparıcı beynəlxalq təşkilatlara üzv olması və onların tribunasından çıxışların səsləndirilməsi, müxtəlif beynəlxalq təşkilatlarla formalaşdırılan geniş müqavilə-hüquq bazası, regional və qlobal əhəmiyyətli təşəbbüslərin, o cümlədən layihələrin həyata keçirilməsinin əsasının qoyulması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 
Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində bir sıra beynəlxalq təşkilatlar, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, UNESCO, Avropa İttifaqı, NATO, MDB, İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və başqaları ilə geniş əlaqələr qurulmuş və inkişaf etdirilmişdir ki, bu da ölkəmizin beynəlxalq sferada mövqeyinin möhkəmləndirilməsinə xidmət etmişdir.
2011-ci ilin oktyabr ayında Azərbaycan tarixində ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. BMT-yə üzv dövlətlərin 155-nin dəstəyi nəticəsində ölkəmizin BMT TŞ-yə seçilməsi Azərbaycanın dünyada qazanmış olduğu hörmət və qlobal təhlükəsizliyə töhfəsinin göstəricisi idi. Bu gün Azərbaycan dünyada BMT-dən sonra ikinci ən böyük siyasi platforma hesab olunan Qoşulmama Hərəkatına sədrlik edir və Qoşulmama Hərəkatına Azərbaycanın sədrlik müddətinin daha bir il uzadılması barədə qərar Hərəkat çərçivəsində Azərbaycana göstərilən etimadın nümunəsidir. Bu gün bir çox ölkə və beynəlxalq təşkilatın rəhbərləri Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin nümunəvi olduğunu qətiyyətlə vurğulayırlar. 
Heydər Əliyevin şah əsərlərindən və Azərbaycan xalqına, dövlətçiliyimizə ərməğanlarından biri də əsasında xalqımızın milli maraqlarının dayandığı milli neft strategiyasıdır. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində dövrün çətinliklərinə baxmayaraq, "Əsrin müqaviləsi"nin imzalanması ilə uğurlu enerji siyasətimizin əsası qoyuldu. "Əsrin müqaviləsi"nin imzalanması ilə ölkəmizin inkişafı üçün yeni imkanlar yarandı, həmçinin Azərbaycana böyük həcmdə investisiyalar qoyulmağa başlandı və Xəzər dənizində tarixdə ilk dəfə olaraq beynəlxalq əməkdaşlıq prosesi başladı. Heydər Əliyevin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrildi və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edildi. Bu çərçivədə digər vacib məqam da odur ki, məhz Ümummilli Lider ölkəmizdə neftdən əldə edilən gəlirin gənclərin təhsilinin inkişafına yönəldilməsi, başqa sözlə desək, "qara qızıl"ın insan kapitalına çevrilməsi strategiyasının əsasını qoyub. Bu siyasətin nəticəsində çoxsaylı azərbaycanlı gənclər qabaqcıl xarici təhsil müəssisələrində oxumaq imkanı qazanıblar. 
Heç şübhəsiz ki, Ulu Öndərin qoyduğu bu möhkəm təməl üzərində bu gün möhtərəm cənab Prezident İlham Əliyevin daha da genişləndirdiyi və strateji düşüncəni özündə ehtiva edən enerji siyasəti, həm ənənəvi enerji resurslarının inkişaf etdirilməsi, həm də Azərbaycanın bölgədə və Avropada alternativ enerji resurslarının əsas mənbəyi və ixracatçısına çevrilməsi üzrə həyata keçirdiyi işlər Azərbaycanın daha da inkişafının əsas şərtlərindəndir.

 

Heydər Əliyevin ən böyük arzusu

 

Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu işğal altında olan torpaqlarımızın işğaldan azad olunması, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması idi. Ümummilli Lider hər zaman böyük əminliklə torpaqlarımızın azad olunacağına və xalqımızın öz yurd-yuvalarına, Şuşaya, Laçına və digər dədə-baba torpaqlarımıza qayıdacağını bildirirdi. 
Bu missiya Ulu Öndər irsinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən yerinə yetirildi. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində zəfər qazanaraq işğal altında olan torpaqlarımızı azad etdi. 30 ilə yaxın müddətdə Ermənistan işğalına və talanına məruz qalmış ərazilərimizin işğaldan azad edilməsi, bu ərazilərdən etnik təmizlənməyə məruz qalmış məcburi köçkünlərimizin öz doğma torpaqlarına geri qayıtması həm böyük siyasi, həm böyük strateji, həm də çox böyük mənəvi əhəmiyyət daşıyır. 
Böyük qələbə nəticəsində azad edilmiş torpaqlarımız dövlət başçısı İlham Əliyevin rəhbərliyi və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəal iştirakı ilə yenidən dirçəlir. Bu gün üçrəngli bayrağımız işğaldan azad olunmuş torpaqlarımızda qürurla dalğalanır, Azərbaycan azad etdiyi ərazilərini qarış-qarış yenidən qurur və bərpa edir. Bu nəcib işlərdə Heydər Əliyev Fondu yaxından iştirak edir. 
Azərbaycanın postmünaqişə dövründə regionda sülh səyləri xarici siyasət xəttimizdə yeni dövrün başlanğıcının göstəricisidir. 30 ilə yaxın davam etmiş hərbi işğala son qoyulması nəticəsində xarici siyasətimizin qarşısında ən böyük çağırış olan keçmiş münaqişənin həll olunması, regionda yeni reallıqların və gündəliyin yaranması xarici siyasətimizin üfüqlərinin genişlənməsində də mühüm rol oynayıb. 
Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ikitərəfli, o cümlədən çoxtərəfli platformalarda ölkəmiz üçün səmərəli nəticələr verən, hazırkı mürəkkəb konyunkturada bərabərhüquqlu münasibətlərin inkişafına istiqamətlənən müstəqil və prinsipial xarici siyasət kursunun icrası nəticəsində ölkəmizin beynəlxalq nüfuzu daha da artmaqdadır. 
Əminik ki, Azərbaycan Prezidentinin rəhbərliyi altında Azərbaycan dövləti və xalqı bundan sonra da ölkəmizin müstəqilliyini daha da möhkəmləndirəcək, bəzi mənfur xarici dairələrin öz çirkin planlarını Azərbaycanda həyata keçirməsinə imkan verməyəcək, daim həmrəylik, milli birlik, vahid amal uğrunda yumruq kimi bir olacaqdır. 
Bütün bu nailiyyətlərimizin əsasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən Ulu Öndər Heydər Əliyevin siyasi kursu dayanır. 
Əminik ki, Ulu Öndərimizin ruhu şaddır və Azərbaycan var olduqca Ümummilli Lider Heydər Əliyev də var olacaq.
Anadan olmasının 100-cü ildönümündə müstəqil dövlətimizin banisi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevi dərin hörmət və minnətdarlıqla yad edirik.

Ceyhun BAYRAMOV,
Azərbaycan Respublikasının xarici işlər naziri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Gürcü portalında “Gürcüstan Azərbaycanla ikitərəfli münasibətləri yüksək qiymətləndirir” sərlövhəli məqalə dərc olunub  

18:21
18 Dekabr

Donald Tramp Kanadanın ABŞ-a birləşməsinin üstünlüyündən danışıb

18:13
18 Dekabr

Gürcüstanın Baş naziri Avropa Şurasının Baş katibi ilə görüşüb

17:58
18 Dekabr

Moldova Prezidentinin andiçmə mərasimi dekabrın 24-də keçiriləcək  

17:36
18 Dekabr

Faktiki hava: Şahdağ və Qaxda qar yağır

16:58
18 Dekabr

Türkiyədə FETÖ-yə qarşı antiterror əməliyyatı keçirilib

16:57
18 Dekabr

Adilbek Kasımaliyev Qırğızıstan Nazirlər Kabinetinin yeni sədridir 

16:56
18 Dekabr

“Apple” yeni məhsul üzərində çalışır

16:55
18 Dekabr

Kənd təsərrüfatı heyvanlarının sığorta haqqı azaldılıb

16:55
18 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar 6218 nəfərin namizədliyi irəli sürülüb  

16:53
18 Dekabr

Cənubi Koreya ABŞ-Şimali Koreya danışıqlarının bərpası ehtimalını nəzərdən keçirir  

16:47
18 Dekabr

İrakli Kobaxidze: “Makkeyn İnstitutu” Gürcüstanda istədiyinə nail ola bilmədi  

16:41
18 Dekabr

Azərbaycan və Türkiyə arasında elektron icazənin tətbiqi ilə ilk yükdaşımaları həyata keçirilib

16:37
18 Dekabr

Bələdiyyə seçkilərində seçicilərin məlumatlandırılması üçün 6 milyon 52 min 721 bildiriş çap olunacaq  

16:21
18 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

16:17
18 Dekabr

2025-ci ildə “Yüksəliş” müsabiqəsinin keçirilməsi üçün Gənclər və İdman Nazirliyinə bir milyon manat ayrılıb - SƏRƏNCAM  

16:06
18 Dekabr

Dağlıq rayonlarda yollar buz bağlayacaq - Xəbərdarlıq

15:39
18 Dekabr

Milli Məclis: İsveçrə Parlamenti Milli Şurasının qərəzli mövqeyi tamamilə yolverilməzdir

15:18
18 Dekabr

Süni intellekt xəstəliyi tapılmayan uşağa diaqnoz qoyub

15:17
18 Dekabr

Maştağa qəsəbəsində ağacəkmə aksiyası keçirilib

15:09
18 Dekabr

TƏBİB-in icraçı direktoru: Qızılcaya yoluxma halları əhəmiyyətli şəkildə azalıb  

15:07
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!