Fransa şakərindən əl çəkə bilmir. COP29 əleyhinə təbliğat aparmaqda yarışa girən ölkələr sırasında "lider"lik edir. Maraqlısı budur ki, rəsmi Paris ya anlamır, ya da ölkəmizə qarşı kin, nifrət hissi Makron və onun komandasını o qədər kor edib ki, COP-un təsisçisinin Azərbaycan olmadığını nəzərə almır. BMT-nin təsisçisi olduğu bu beynəlxalq tədbirə evsahibliyi də elə beynəlxalq ictimaiyyətin razılığı ilə qərara alınır. Fransanın bu gün COP əleyhinə apardığı çirkin təbliğat Azərbaycandan çox, üzvü olduğu BMT-nin əleyhinə yönəlib.
Bəşər tarixində Fransa ordusunun törətdiyi qətliamların sayı və miqyası iqlim dəyişikliklərinin sürətlənməsinə də öz "töhfə"sini verib. Görünən odur ki, rəsmi Paris dünya qarşısında öz günahlarını yumaq, dünya ictimaiyyəti ilə həmrəy olmaq əvəzinə, hələ də ölkəmizi hədəfə almaqla diqqəti bəd əməllərindən yayındırmağa çalışır.
Azərbaycan son 21 ildə sürətlə inkişaf edən dövlət kimi nüfuzlu beynəlxalq təşkilatların tədbirlərinin keçirildiyi ən etibarlı məkandır. Ölkəmiz həm də beynəlxalq aləmdə sülhün və sabitliyin ünvanı kimi tanınıb. İftixarla deyə bilərik ki, bu gün Bakı dünyanın mərkəzinə çevrilib. Dünyanın təqribən 200 ölkəsinin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərar verməsi ölkəmizə olan inam və etimadın ən yaxşı nümunəsidir.
Bədxahlarımızın əleyhimizə kampaniya aparmaqlarına baxmayaraq, COP29-da 196 ölkə, 80 prezident, vitse-prezident, baş nazir və 72 mindən çox iştirakçı qeydiyyatdan keçib. Hazırda Bakıda yüksək səviyyədə COP29 tədbirləri davam edir. Bakı öz qonaqlarını yüksək səviyyədə qəbul edir.
Dövlətimizin başçısı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimindəki çıxışında ölkəmizin sürətli inkişafı, qarşıda duran perspektivlər barədə məlumat vermiş, COP29-u boykot etmək istəyənlərə ciddi mesajlar göndərərək demişdir: "Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin Ermənistan tərəfindən 30 illik işğalına, etnik təmizləməyə və bir milyon azərbaycanlının öz doğma torpaqlarından qovulmasına baxmayaraq, biz özünü təmin edən iqtisadiyyata və müstəqil siyasətə malik güclü ölkəni qura bildik. Dörd il öncə biz İkinci Qarabağ müharibəsində tarixi Qələbəni qeyd etdik. Bir il əvvəl biz BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquqa və BMT-nin Təhlükəsizlik Şurasının 30 il kağız üzərində qalmış qətnamələrinə uyğun olaraq, suverenliyimizi tam bərpa etdik. Biz həmin qətnamələri özümüz icra etdik, beynəlxalq hüququ, ədaləti bərpa etdik və Ermənistanın işğalına son qoyduq. COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr, Qlobal Cənub və Qlobal Şimal arasında ümumi anlaşmaya nail olmaq üçün əlindən gələni edəcək".
Dövlətimizin başçısı çıxışında bu məqamı da xüsusi vurğuladı: "Müxtəlif ölkələrə məxsus bəzi media orqanlarında, demək olar ki, hər gün iqlim sammitinin əleyhinə yalan və böhtanla dolu məqalələr dərc edilir, əsassız fikirlər səsləndirilir. Belə araqarışdıranlar hələ də qəbul etmək istəmirlər ki, iqlim sammiti baş tutub və yüksək səviyyədə davam edir".
Fransanın bugünkü vəziyyəti özü qazdığı quyuya düşən nadanın vəziyyətinə bənzəyir. Bu ölkənin törətdiyi qanlı cinayətlərin əhatə dairəsi o qədər genişdir ki, bunu ölkəmiz əleyhinə aparılan çirkin təbliğatla ört-basdır etmək mümkün deyil. Bəd əməlləri qara kabus kimi hər yerdə qarşısına çıxır.
Afrika ölkələrinin və dənizaşırı ərazilərin COP29-da iştirak edən nümayəndələri Bakıda işlərinə "Yaşıl və müstəmləkəsiz dünya naminə həmrəylik" adlı dinc aksiya keçirməklə, Fransa və Niderlandın müstəmləkəçilik siyasətinə etirazla başladılar. COP29 çərçivəsində təşkil olunan aksiyanın iştirakçıları bildiriblər ki, müstəmləkəsiz və "yaşıl dünya" naminə həmrəylik davamlı inkişafın və müstəmləkə ölkələrinin muxtariyyətinin ayrılmaz olduğu ideyasına əsaslanır.
Onilliklər boyu müstəmləkəçilikdən, iqtisadi istismardan, mədəniyyətlərinə və ətraf mühitlərinə hücumlardan əziyyət çəkən bu ölkələr istər iqlim dəyişikliyi, istərsə də meşələrin qırılması və ya torpağın deqradasiyası kimi mövcud ekoloji böhranlara çox həssas ölkələrdir. Aksiyaçılar təbii sərvətlərinin müstəmləkəçi güclərin xeyrinə talan edilməsinə, yerli əhalinin yoxsullaşdırılmasına, ekosistemlərin zəiflədilməsinə etirazlarını bildiriblər. Onlar Fransa və Niderland kimi müstəmləkəçi dövlətlərin və transmilli korporasiyaların deqradasiya etdiyi ekosistemlərin bərpası üçün məsuliyyət daşıdıqlarını və buna görə ekoloji təzminat ödəməli olduqlarını vurğulayıblar.
Müstəmləkə altında olan bu ölkələrin nümayəndələri inkişaf etmiş ölkələrdə kolonializmin təsirləri və əvvəllər müstəmləkə olmuş ölkələrin üzləşdiyi ekoloji problemlər haqqında məlumatlılığın artırılmasına və insanların maarifləndirilməsinə çağırış ediblər. Afrika, Cənub-Şərqi Asiya, Sakit okean və Latın Amerikasında onlarla ölkəni işğal edən, sərvətlərini talayan, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törədib, fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırımına məruz qoyublar.
Prezident İlham Əliyevin COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin sammitində etdiyi çıxışda Fransanın neokolonializm siyasətini ifşa edərək Avropa İttifaqına üzv dövlətə Afrika və ada dövlətlərində yürütdüyü müstəmləkəçilik siyasətindən əl çəkməsi üçün bir daha çağırış etdi.
İnsan hüquqlarından utanmadan dəm vuran Fransanın cəmiyyət və təbiət əleyhinə törətdiyi qanlı cinayətlərin xəritəsinə baxanda təəccüblənməmək mümkün deyil. 1966-1996-cı illərdə Parisin Fransa Polineziyasında apardığı 196 nüvə sınağı nəticəsində radiasiya səviyyəsi 4900 faizdən çox artıb, Əlcəzairdə keçirilmiş 17 nüvə sınağı ilə ümumiyyətlə, planetin ekosistemini faciəli bir vəziyyətə gətirib.
Dünya kolonializm tarixinin qanlı cinayətlərinin əksəriyyəti məhz Fransa tərəfindən törədilib. Afrika, Cənub-Şərqi Asiya, Sakit okean və Latın Amerikasında onlarla ölkəni işğal edən, sərvətlərini talayan, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törədib, fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırımına məruz qoyublar.
Əlcəzairi 132 il işğal altında saxlayan Fransa dövləti 1,5 milyon insanı qətlə yetirib. Mərakeş, Tunis, Mali, Cibuti, Nigeriya, Çad, Seneqal, Vyetnam, Qəmər adaları, Haiti və digər ölkələr bu gün də fransız ordusunun törətdiyi ağır fəsadları həyatlarında hiss edirlər.
Dünyaya insan haqlarından "dərs" keçmək iddiasında olan Parisin İnsan Muzeyində müstəmləkə müharibələrində XIX əsrdə qətlə yetirilən döyüşçülərin 18 min ədəd kəllə sümüyü saxlanılır və nümayiş etdirilir. Həmin kəllə sümükləri arasında əlcəzairli döyüşçülərin də sümükləri var. Əlcəzairin həmin sümükləri geriyə qaytarmaq tələbi Fransa tərəfindən hələ də yerinə yetirilmir.
Fransız Qvianasında sosial vəziyyət getdikcə pisləşir, əhalinin təxminən yarısı yoxsulluq durumundadır, işsizlik səviyyəsi hər il artır. Bu ərazidə təbii sərvətlər talan edilir və torpaqların 90 faizi Fransa dövlətinin mülkiyyətindədir. Martinika və Qvadelupa iki böyük fəlakətlə üz-üzədir. Yerli əhali gizli və qanunsuz məskunlaşma yolu ilə assimilyasiya edilir. Fransa Qəmər Adaları İttifaqının Mayot adası üzərində suverenliyini tanımaqdan imtina edir. Yeni Kaledoniyada əhalinin yarısının iştirakı olmadan referendum keçirilir və bu minvalla xalqın müstəqil olmaq hüququ əlindən alınır. Etnik azlıqlar konsepsiyasını qəbul etməyən Fransa Korsika dilini qadağan edir. BMT bunu ayrı-seçkilik və beynəlxalq hüququn pozulması kimi qiymətləndirsə də, bu beynəlxalq təşkilatın Təhlükəsizlik Şurasının üzvü olan Fransa öz maraqları naminə beynəlxalq hüquq normalarını kobud şəkildə pozur. Eyni zamanda BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan öz qərəzli, qeyri-obyektiv siyasətini yürütmək üçün sui-istifadə edir, müxtəlif regionlarda geosiyasi intriqalarla məşğul olur.
Qanlı cinayətlərlə zəngin müstəmləkəçilik tarixinə görə utanmalı olan, törətdiyi vəhşiliklərə görə üzr istəmək əvəzinə, kolonializm tarixindən əl çəkə bilməyən Fransa Avropadan kənarda, Sakit və Atlantik okeanlarında dənizaşırı ərazilərdə yaşayan xalqların azadlıq arzularına və hüquqlarına bu gün də hörmət etmir, onların arzularının reallaşmasının qarşısının alınması üçün hər vəchlə çalışır.
Yeni Kaledoniyada kanakların təkcə bu il keçirdikləri legitim etiraz aksiyalarına qarşı divan tutan Emmanuel Makron hökuməti 13 nəfərin həyatına son qoyub, 169 nəfəri yaralayıb, 1700 insanı isə həbsə atıb. Martinika və Qvadelupada isə 38 nəfər həbs olunub. Öz hüquqlarını tələb edən bu günahsız insanlara qarşı Fransanın tətbiq etdiyi cinayət hərəkətləri Avropa Komissiyasının, Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin gözü qarşısında baş verir. Avropanın heç bir təsisatı Fransaya "gözündə tir var" demir. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borel isə "X" sosial şəbəkəsində Avropa İttifaqını bağ, dünyanın qalan hissəsini cəngəllik kimi təsvir edir. Yəni Borel hesab edir ki, Avropadan kənar ölkələr cəngəllikdir və bu əraziləri vəhşi qanunlarla idarə etmək lazımdır.
Təbii ki, XXI əsrdə Fransanın bu vəhşi davranışı və öz hərəkətlərinə haqq qazandırması Borellərin də onların cinayətlərinə şərik olması deməkdir. Həm də Borelin bu təsviri Fransanın cinayətlərinə haqq qazandırmaqla yanaşı, COP29 keçirərək qlobal problemlərin aradan qaldırılması üçün təşəbbüslərlə çıxış edən Azərbaycana qarşı riyakar siyasətin davam etdirilməsidir.
Elşən QƏNİYEV,
"Azərbaycan"