2020-ci il noyabrın 10-u Cənubi Qafqazın müasir tarixində dönüş nöqtəsi oldu. Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış üçtərəfli Bəyanat 44 günlük Vətən müharibəsinə son qoydu və onun hərbi-siyasi nəticələrini təsbit etdi. Lakin bu sənədin tarixi əhəmiyyətini yalnız 2020-ci ilin noyabrında baş vermiş hadisələr çərçivəsində qiymətləndirmək mümkün deyil. Ötən altı ildə təkcə Bəyanatın qəbul edildiyi şərait deyil, regionun siyasi reallıqları da əsaslı şəkildə dəyişib.
Milli Məclisin deputatı Sevinc FƏTƏLİYEVA qəzetimizə açıqlamasında dedi ki, 10 noyabr sənədini qiymətləndirərkən, ilk növbədə, onun imzalandığı şərait nəzərə alınmalıdır: “Döyüş meydanındakı vəziyyət, Şuşanın azad edilməsi və hərbi-strateji qüvvələr nisbətinin dəyişməsi danışıqlar üçün tamamilə yeni şərtlər yaratmışdı. Əgər 2020-ci ilin sentyabrınadək onilliklər boyu davam edən diplomatik proses faktiki olaraq mövcud status-kvonun qorunmasına xidmət edirdisə, Vətən müharibəsinin nəticələri qüvvələr balansını köklü şəkildə dəyişdirdi. Məhz Azərbaycanın hərbi uğurları Ağdam, Kəlbəcər və Laçın rayonlarının döyüş əməliyyatları davam etdirilmədən geri qaytarılmasına şərait yaratdı. Beləliklə, Bəyanat ərazi məsələsinə dair bərabər mövqeyə malik iki tərəf arasında əldə edilmiş kompromisi deyil, bölgədə yaranmış yeni vəziyyətin nəticəsini təsbit edirdi. Bununla yanaşı, hərbi əməliyyatların dayandırılmasına dair razılaşma ilə hərtərəfli sülh müqaviləsi arasında fərq qoymaq vacibdir”.
Deputat qeyd etdi ki, müharibədən sonrakı dövrün əsas problemlərindən biri üçtərəfli Bəyanatın ayrı-ayrı müddəalarının tam icra edilməməsi oldu. Bu, ilk növbədə, Qarabağ ərazisində erməni silahlı birləşmələrinin mövcudluğunun davam etməsinə aid idi. Silahlı infrastrukturun saxlanılması, separatçı qurumların fəaliyyətini davam etdirməsi və əvvəlki siyasi gündəliyi qoruyub saxlamaq cəhdləri müharibədən sonrakı nizamlanmanın məntiqinə birbaşa zidd idi. Azərbaycan bu məqamlara dəfələrlə diqqət çəkirdi. “İkinci problem Laçın yolunun fəaliyyəti ilə bağlı idi. Sənədə əsasən, bu yol Ermənistanla Qarabağın erməni sakinləri arasında əlaqəni təmin etmək üçün nəzərdə tutulmuşdu. Lakin Azərbaycan tərəfinin dəfələrlə qeydə aldığı kimi, həmin marşrutdan silah-sursatın, hərbi təyinatlı yüklərin və şəxsi heyətin daşınması üçün istifadə edilirdi. Yola nəzarət, təhlükəsizlik və ondan istifadə qaydaları ilə bağlı məsələlər tədricən əsas gərginlik mənbələrindən birinə çevrildi. Nəqliyyat kommunikasiyalarının açılması məsələsi də az əhəmiyyət daşımırdı. Bəyanatın doqquzuncu bəndi iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqənin təmin olunmasını nəzərdə tuturdu. Siyasi leksikona Zəngəzur dəhlizi kimi daxil olmuş bu istiqamət üzrə öhdəliklərin praktiki icrası isə sonrakı illərdə təmin edilmədi”, – deyə o əlavə etdi.
Prinsipial dönüşün 2023-cü ilin sentyabrında baş verdiyini deyən S.Fətəliyeva bildirdi ki, lokal xarakterli antiterror tədbirləri nəticəsində erməni silahlı birləşmələri tərksilah edildi, separatçı strukturların fəaliyyətinə son qoyuldu. Azərbaycan Qarabağ bölgəsinin bütün ərazisi üzərində dövlət nəzarətini bərpa etdi. Baş verənlərin siyasi əhəmiyyəti hərbi əməliyyatın bilavasitə nəticələrindən daha geniş idi. 2023-cü ilin sentyabrınadək Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü ilə onun ərazisinin bir hissəsində mövcud olan faktiki idarəetmə sistemi arasında ziddiyyət qalırdı. Tam dövlət nəzarətinin bərpası ilə həmin ziddiyyət aradan qaldırıldı. Nəticədə sonrakı danışıqların predmeti də dəyişdi. Qarabağın siyasi statusu məsələsi dövlətlərarası gündəlikdən birdəfəlik çıxarıldı. Ön plana ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədin delimitasiyası, təhlükəsizliyin təmin edilməsi və iki qonşu dövlət arasında normal münasibətlərin əsaslarının yaradılması məsələləri keçdi.
S.Fətəliyeva vurğuladı ki, növbəti mühüm mərhələ 2025-ci il avqustun 8-i oldu. Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevin, ABŞ Prezidenti Donald Trampın və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən görüşdə Birgə Bəyannamə imzalandı. Eyni zamanda, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri sülh sazişinin razılaşdırılmış mətnini parafladılar. Vaşinqton razılaşmaları mühüm siyasi mərhələ oldu. Çünki bu razılaşmalar silahlı münaqişənin nəticələrinin idarə olunmasından dövlətlərarası sülhün hüquqi əsaslarının yaradılmasına keçidi təsbit etdi. Lakin sənədin paraflanması ilə yekun imzalanması arasında prinsipial fərq var. 2026-cı ilin noyabrına olan vəziyyətə görə, sülh sazişi hələ imzalanmayıb və qüvvəyə minməyib. “Üçtərəfli Bəyanatın doqquzuncu bəndinin sonrakı inkişafı xüsusi diqqətə layiqdir. 2020-ci ildə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin bərpası başlıca olaraq müharibədən sonrakı nizamlanmanın tərkib hissəsi kimi qiymətləndirilirdi. Altı ildən sonra bu məsələ daha geniş geoiqtisadi əhəmiyyət qazandı. Artıq söhbət yalnız ayrı-ayrı ərazilər arasında nəqliyyat bağlantısının təmin edilməsindən deyil, həm də beynəlxalq ticarət üçün əlavə marşrutun formalaşdırılmasından, Cənubi Qafqazın tranzit imkanlarının genişləndirilməsindən və onun Avrasiya logistika sistemində rolunun gücləndirilməsindən gedir. Bu istiqamətə 2025-ci ilin Vaşinqton razılaşmaları çərçivəsində nəzərdə tutulan TRIPP layihəsi mühüm təkan verdi. Bununla belə, 2020-ci il Bəyanatında nəzərdə tutulan ilkin nəqliyyat modeli ilə Vaşinqtonda razılaşdırılmış yanaşmanın tam eyni olmadığını nəzərə almaq lazımdır. Yeni mexanizm dövlətlərin suverenliyinə və yurisdiksiyasına hörmət prinsipinə əsaslanır, layihənin praktiki icrası üçün ayrıca razılaşmaların əldə olunmasını nəzərdə tutur”, – deyə o bildirdi.
S.Fətəliyeva vurğuladı ki, 2020-ci ilin noyabrı ilə 2026-cı ilin noyabrında regionda mövcud olan vəziyyəti müqayisə etdikdə bir neçə fundamental dəyişikliyi qeyd etmək olar: “İlk növbədə, Azərbaycan-Ermənistan danışıqlarının predmeti köklü surətdə dəyişib. Onilliklər ərzində münaqişənin məntiqini müəyyənləşdirən əraziyə nəzarət məsələsi öz yerini dövlətlərarası tanınma, sərhədlər, təhlükəsizlik və iqtisadi münasibətlərlə bağlı məsələlərə verib. Xarici aktorların iştirakının konfiqurasiyası da dəyişib. Rusiya sülhməramlı kontingenti missiyasını başa vurub, ATƏT-in Minsk prosesi rəsmən fəaliyyətini dayandırıb, ABŞ isə yeni nəqliyyat və sülh gündəliyinin irəli aparılmasında mühüm rol qazanıb. Eyni zamanda, Azərbaycan və Ermənistan arasında birbaşa razılaşmaların əhəmiyyəti artıb. Bu, beynəlxalq dəstəyi istisna etmir, lakin öhdəliklərin yerinə yetirilməsinə görə əsas məsuliyyəti dövlətlərin öz üzərinə qoyur. Nəhayət, Azərbaycanın regional əhəmiyyəti də dəyişib. Bu gün ölkəmizin rolu təkcə 2020 və 2023-cü illərin hərbi-siyasi nəticələri ilə deyil, həm də enerji, logistika, regional təhlükəsizlik və beynəlxalq əməkdaşlıq sahələrindəki imkanları ilə müəyyənləşir. Bununla belə, uzun illər davam etmiş münaqişənin bütün nəticələrinin artıq aradan qaldırıldığını söyləmək hələ tezdir”.
Deputatın sözlərinə görə, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat ilkin əsas funksiyasını yerinə yetirib: genişmiqyaslı hərbi əməliyyatları dayandırıb və sonrakı nizamlanma üçün keçid şəraiti yaradıb. Nəticə etibarilə 2020-ci il noyabrın 10-nun tarixi əhəmiyyəti yalnız həmin gün müharibənin başa çatması ilə ölçülmür. Həmin tarix bütövlükdə regionun gələcəyini dəyişmək üçün şəraitin yaranması ilə əlamətdardır.
Əsmər QARDAŞXANOVA,
“Azərbaycan”