Bu baxımdan COP29-un atəşkəs çağırışı bəşəriyyətin və ekologiyanın xilas yoludur
COP29 sədrliyi rəsmi olaraq öz flaqman təşəbbüsünə - COP Atəşkəs Çağırışına start verəndən bəri artıq neçə gündür səsimizə onlarca ölkə, yüzlərlə qeyri-dövlət qurumu səs verib. Bu mötəbər tədbirə evsahibliyi edən ölkəmiz onun keçirildiyi ay ərzində atəşkəsə əməl olunmasına çağırıb.
COP29 naminə Birgə Atəşkəs Çağırışında deyilir ki, bütün bəşər siyasi fərqliliyi bir kənara qoyaraq birlikdə olmalıdır. Münaqişələrin vüsətli artması fonunda bu amal həmişə olduğundan daha vacibdir.
Məlumdur ki, münaqişələr istixana effekti yaradan qaz emissiyalarını artıraraq torpağı, suyu və havanı çirkləndirməklə ətraf mühitə olmazın zərbə vurur. Münaqişələr nəticəsində ekosistemin məhv edilməsi və ətraf mühitin çirklənməsi isə iqlim dəyişməsini daha da gücləndirir. Odur ki, iqlim danışıqları hamını bir araya gətirməlidir.
Biz müharibənin ekologiyaya, iqlimə vurduğu "yara"ları çox görmüşük, bunun ağrısını çox hiss etmişik. Erməni vandalları 30 il ərzində torpaqlarımızı oda qalayıb, meşələrimizdəki, bağlarımızdakı ağacları baltalayıb, çaylarımızı çirkləndiriblər. Düşmən həmçinin hər tərəfi minalayıb, təbii sərvətlərimizi talan edib. Barbarlar işğal etdikləri ərazilərdə, sözün əsl mənasında, ekoloji terror törədiblər. Prezident İlham Əliyev onların bu vəhşiliklərini ekosid - ətraf mühitə qarşı genosid adlandırıb. Biz olanları heç vaxt unuda bilmərik. Mənfur düşmənin bizi 30 il ərzində nələrdən məhrum etdiyini dünya da bilməlidir.
Bir çox çayımız işğalçıların əlində olduğu üçün onların suyundan faktiki olaraq istifadə edə bilmirdik. Ermənilər yayda suyu kəsirdilər ki, yaxınlıqdakı rayonlar suvarma suyu ala bilməsin, qışda isə suyu buraxırdılar ki, bu da daşqınlara səbəb olurdu. Tərtərçay, Həkəri, Bazarçay, Zabux, Bəsitçay, Köndələnçay... Bunların hamısını ermənilər vəhşicəsinə istismar edirdilər.
Dünya Oxçuçayın da böyük fəlakətindən xəbərsiz deyil. İşğal etdikləri torpaqlarımızın təbii sərvətlərini gəlir mənbəyinə çevirən düşmən öz korrupsioner tərəfdaşları ilə birlikdə bu gözəl, şəffaf sulu çayımıza qarşı əsl ekosid törədib. Dövlət başçısı hələ xeyli əvvəl bu məsələni haqlı olaraq çox ciddi şəkildə qaldırıb. "Məsələni qaldıranda bizə söz verildi ki, bu fəlakəti törədən şirkət gəlib bunu təmizləyəcək. Amma artıq bundan bir il vaxt keçib, bizə heç bir təklif verilmir. Oxçuçayı zibilləyən, zəhərləyən "Cronimet" şirkətidir. Bu, böyük şirkətdir və bəzi xarici mətbu orqanlarında gedən məlumatlara görə, korrupsiya sxemləri əsasında Serjik Sarkisyanın keçmiş xunta rejiminin nümayəndələri ilə bunların qanunsuz biznes əlaqələri olub və onlar birlikdə orada o mis kombinatını işlədiblər. Ondan sonra Ermənistan hökuməti korrupsiyalaşmış həmin o erməni nümayəndələrindən bu kombinatın payını alıbdır. Ancaq bu fəlakəti törədən "Cronimet" şirkəti buna cavab verməlidir, yoxsa yox? Mən demişəm ki, beynəlxalq məhkəmələrdə məsələ qaldırılmalıdır. İndi mən çox şey demək istəmirəm, biz artıq hüquqi iddia ilə də çıxış edəcəyik, hazırlıq işləri gedir, beynəlxalq mütəxəssislər cəlb olunub. Biz erməniləri törətdikləri vəhşiliklərə görə bütün dünyada ifşa edəcəyik. O cümlədən xarici şirkətləri, hansılar ki bizim təbii yataqlarımızı istismar ediblər. Qızıl yataqlarımızı, digər yataqlarımızı qanunsuz istismar edən xarici şirkətlər hesab edirlər ki, bizdən yaxa qurtaracaqlar? Yox! Biz onları məhkəməyə gətirəcəyik, onları biabır edəcəyik. Oxçuçay suyunu sarı rəngə boyayan "Cronimet" şirkəti gəlsin o zibilini təmizləsin. Yoxsa hesab edirlər ki, vaxt keçdi və biz hər şeyi unutduq. Biz heç nəyi unutmamışıq və unutmayacağıq".
Onu da unutmayacağıq ki, ermənilər müharibə zamanı Şuşadan qaçarkən növbəti vəhşiliklərini törədib və su xətlərini də partladıblar. İşğal dövründə isə 17 bulağın 17-sini də yararsız vəziyyətə salıb, qurudublar. Əslində, bu vəhşilikləri ilə bir daha göstəriblər ki, Şuşa heç vaxt onların şəhəri olmayıb.
Düşmənin Bəsitçay Dövlət Təbiət Qoruğunun 100 hektar çinar meşəsinə vurduğu zərbə də unudulası deyil. Eləcə də buradakı digər qarışıq meşələrə vurulan ziyan. Düşmənin Kəlbəcərdə, Zəngilanda, Ağdamda və digər bölgələrimizdə nadir növ ağacları məhv etməsi vəhşilikdən başqa bir şey deyil. Və belə vəhşiliklər yüzlərlədir.
Biz bütün bu zərbələrə məruz qaldığımız üçün yəqin bilirik: "Yalnız sülh və iqlim fəaliyyətinə üstünlük verməklə planetimizi gələcək nəsillər üçün qoruya bilərik!"
COP29-un çağırışı beynəlxalq ictimaiyyət üçün ümumi bir çağırışdır. Qoy bu atəşkəs çağırışı bəşər həmrəyliyinin simvoluna çevrilsin!
Flora SADIQLI,
"Azərbaycan"