13 Noyabr 2024 08:50
290
SİYASƏT
A- A+
“Yaşıl işıq” Bakıda yandırıldı

“Yaşıl işıq” Bakıda yandırıldı


BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi tarixi hadisədir. Belə nüfuzlu və qlobal xarakterli tədbirə evsahibliyinin Azərbaycana həvalə olunması ölkəmizin böyük etimad və hörmət sahibi olduğunu bir daha sübut edir. Azərbaycan bu beynəlxalq hörmətə məhz Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində nail olub.

Son iki gündür dünyanın ən mötəbər KİV-ində əsas manşet mövzusu COP29-dur.  İnformasiya portallarında COP29-da iştirak etmək üçün BMT, Avropa İttifaqı və digər nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin, eləcə də bir çox ölkənin dövlət və hökumət başçısının Azərbaycana səfərə gəldiyi barədə məlumat verilir. 

Tirajlanan xəbərlərdə, reportajlarda xüsusilə vurğulanır ki, ali qonaqların, bu qədər yüksəkvəzifəli şəxslərin COP29-da iştirakı Azərbaycana olan etimadın və tədbirin yüksək səviyyədə təşkilinin bariz nümunəsidir. Dünən planetin aparıcı media orqanları COP29-un  birinci günündə əldə olunan ilk böyük uğurdan - karbon kreditlərinin yaradılması standartları üzrə konsensusa nail olunmasından yazıb.

"Financial Times" nəşrinin məqaləsində qeyd olunur ki, COP29 iqlim sammitində BMT-nin tullantılara dair qaydaları ilə idarə olunan çoxmilyardlıq karbon bazarlarının işə salınması ilə bağlı razılaşma əldə olundu. Ölkələr gələcəkdə də iqlim dəyişikliyi ilə mübarizənin davam edəcəyini göstərməyə çalışırlar. İlk danışıqlarda əldə edilən irəliləyiş COP29-un karbon emissiyalarını təmsil edən ticarət alətləri üçün qlobal bazarda qaydaları qəbul etməyə təkan verdi. 

"Reuters" Agentliyinin əməkdaşları Virginiya Furnett və Keyt Abnetin müəllifləri olduqları məqalədə isə qeyd olunur ki, iki həftə davam edəcək COP29 iqlim sammitində ölkələr bazar ertəsi günü istixana qazı emissiyalarını azaldan layihələri maliyyələşdirəcək BMT-nin dəstəklədiyi qlobal karbon bazarının işə salınması üçün vacib olan karbon krediti keyfiyyət standartlarına icazə verdilər. "Yaşıl işıq" Bakıda, Azərbaycanda BMT-nin konfransının birinci günündə erkən razılaşma ilə yandırıldı. Hökumətlər iqlim maliyyəsi sazişini imzalamaq niyyətindədir.

Məqalədə meksikalı iqlimşünas, hazırda "Abatable" şirkətinin məsləhətçisi Xuan Karlos Brunun sözlərinə istinadla qeyd olunur ki, karbon kreditləri nəzəri olaraq ölkələrə və ya şirkətlərə planetin istənilən yerində CO2 emissiyalarını azaldan və ya onu atmosferdən çıxaran layihələr üçün ödəniş etməyə və öz emissiyalarını kompensasiya etmək məqsədilə həmin layihələrin yaratdığı kreditlərdən istifadə etməyə imkan verir.

Agentlik qeyd edir ki, qlobal karbon bazarlarını dəstəkləyən bir işçi qrupu olan Beynəlxalq Emissiya Ticarət Assosiasiyası BMT-nin dəstəklədiyi bazarda ümumi ticarətin 2030-cu ilə qədər ildə 250 milyard dollar qazana biləcəyini və hər il 5 milyard metrik ton karbon hasilatını azalda biləcəyini vurğulayıb.

"Bloomberg" Agentliyinin müxbiri Con Eyngerin müəllifi olduğu materialda qeyd olunur ki, iqlim müzakirəçiləri COP29 iqlim sammitinin birinci günündə Birləşmiş Millətlər Təşkilatı tərəfindən idarə olunan qlobal karbon bazarı üçün qaydaları razılaşdırmaqla irəliləyişə nail oldular.

"The Guardian" bu mühüm razılaşma ilə əlaqədar dərc etdiyi məqalədə COP29-un prezidenti Muxtar Babayevin sözlərini sitat gətirir: "Biz bu müsbət məqamı alqışlayırıq. Bu, Bakıda aparacağımız bütün müzakirələrimizin uğuru üçün kompromis ruhudur". Məqalədə qeyd olunur ki, karbon bazarları iqlim siyasətində qütbləşdirici qüvvədir. Bu konsensusun tərəfdarları bildirirlər ki, o, planetin xilası üçün mühüm fondların yönəldilməsinə kömək edəcək. Karbon bazarı qaydalarına dair razılığa gəlmək səyləri - COP jarqonunda 6-cı maddə kimi tanınır.

Böyük Britaniyanın  BBC Agentiyi isə dərc etdiyi məqalədə vurğulayıb ki,  Azərbaycanda COP29 iqlim sammiti açılıb. İki həftəlik iş müddətində konfransda iştirak edən ölkələr, xüsusilə, iqlim dəyişmələri ilə mübarizə üçün maliyyənin inkişaf etmiş ölkələr tərəfindən artırılıb-artırılmayacağına qərar verməli olacaqlar.  COP29 rezonanslı bəyanatlarla başlayıb. COP29-un prezidenti Muxtar Babayev deyib ki, dünya "fəlakət yolundadır" və  Bakı Sammiti bütün dünyada iqlim məqsədləri üçün "həqiqət anı"nı təmsil edir. 

Məqalədə o da qeyd olunub ki, COP29-un gündəminin ən mühüm bəndi iqlim proqramlarını maliyyələşdirmək üçün inkişaf etməkdə olan ölkələrə ildə bir trilyon dollara qədər vəsaitin ayrılması barədə razılığa gəlməkdir. Hazırda belə maliyyələşdirmənin həcmi 100 milyard dollardır və onun müddəti bu il başa çatır. 2020-ci ildən bəri zəngin və ya inkişaf etmiş ölkələr bu öhdəlikləri müntəzəm yerinə yetirmirlər. 

COP29-un Böyük Britaniyanın "Hi Impact" yayım şirkəti ilə əməkdaşlıq çərçivəsində hazırlanan "Daily Show" televiziya proqramının canlı yayımına başlanılıb. Qlobal auditoriyanın diqqətini bu ilin ən əlamətdar hadisəsi olan COP29 konfansına cəlb etmək üçün nəzərdə tutulmuş 30 dəqiqəlik "Daily Show" televiziya proqramında tədbirin gündəlik məsələləri işıqlandırılacaq. Həmçinin dünya liderləri, elm adamları, ictimai xadimlər və iqlim sahəsinin novatorçuları innovativ formatda yayımlanacaq bu verilişin qonaqları olacaqlar. "Daily Show" proqramının on iki buraxılışı dünyanın dörd qitəsini əhatə etməklə 47 telestudiya ilə əməkdaşlıq çərçivəsində gündəlik onlayn yayımlanacaq və milyonlarla tamaşaçı bu verilişə ödənişsiz şəkildə baxa biləcək. Bundan əlavə, hər gün yayımdan sonra verilişlər COP29-un rəsmi YouTube və digər sosial media kanallarına yüklənəcək.

Bu formatda ilk dəfə yayımlanan "Daily Show" proqramı kommunikasiya sahəsində məşhur agentlik və yayım şirkəti olan "Hi Impact" ilə əməkdaşlıq çərçivəsində ərsəyə gəlib. Veriliş konfransda şəxsən iştirak edə bilməyən beynəlxalq auditoriyaya COP29 əsnasında cərəyan edən hadisələri unikal formatda izləməyə imkan yaratmaqla COP29-un inklüzivliyinin təmin edilməsi öhdəliyini təcəssüm etdirir.

Türkiyənin "Sabah" qəzeti də Azərbaycanda COP29 çərçivəsində Türkiyənin prioritetləri barədə oxuculara məlumat verib və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirak etdiyi qlobal tədbirin gündəliyinə diqqət çəkib. "Bakıda bəşəriyyət üçün iqlim dəyişikliyi və qlobal istiləşmə ilə mübarizənin kritik yolları müzakirə olunur. COP29 çərçivəsində digərləri ilə yanaşı, Türkiyə liderinin xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə həyata keçirilən "Sıfır tullantı" adlı ekoloji layihə də təqdim olunacaq. Təqdimat Heydər Əliyev Fondunun dəstəyi ilə açılan birgə pavilyonda reallaşacaq", - deyə məqalədə bildirilib.

Türkiyənin "TRT Haber" telekanalı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda işə başlaması ilə bağlı reportaj hazırlayıb. Telekanal iqlim dəyişmələri ilə mübarizə üzrə konkret addımları müzakirə etmək üçün dünyanın hər yerindən dövlət və hökumət başçılarının, alimlərin və ekoloji fəalların Bakıda toplaşdığını qeyd edir: "Tarixi COP29-un gündəliyinə atmosfer emissiyalarının qlobal şəkildə azaldılması, iqlim dəyişikliyinə uyğunlaşma addımları və "iqlim ədalətinin" təmin edilməsi kimi mühüm mövzular daxildir. Ekoloji böhrana qarşı müqavimət göstərməyə getdikcə daha az vaxt qalıb, ona görə də beynəlxalq ictimaiyyət Bakıdakı müzakirələrdən maksimum nəticə gözləyir".

Qardaş ölkənin NTV kanalının hazırladığı reportajında Türkiyənin COP29-dan gözləntiləri və hədəfləri barədə tamaşaçılara məlumat verilib və qardaş ölkənin iqlim konfransında açıqlanacaq uzunmüddətli iqlim dəyişikliyi strategiyasına dair yeni yol xəritəsinin işlənib hazırlanmasından bəhs olunub. Reportajda qlobal iqlim dəyişmələrinin bəşəriyyət üçün ciddi sosial və iqtisadi nəticələrinə diqqət çəkən Türkiyənin İqlim Dəyişmələri İdarəsinin rəhbəri professor Xəlil Hasarın rəyi də yer alıb. Xəlil Hasar çıxışında ötən il Dubayda keçirilmiş COP28 sessiyasının nəticələrini xatırladıb və bu sessiya çərçivəsində enerji sektorunun ətraf mühitə təsiri ilə bağlı fəal müzakirələrin aparıldığını vurğulayaraq COP29-un əsas gündəliyinin Yeni Kollektiv Kəmiyyət Məqsədinin qəbul edilməsi, yəni iqlim maliyyələşdirilməsi məsələsi olduğunu bildirib. O eyni zamanda inkişaf etmiş ölkələrin iqlim məqsədləri üçün inkişaf etməkdə olan ölkələrə 100 milyard dollar ayırmaqla bağlı öhdəliklərini də xatırladıb.

Rusiyanın TASS Agentliyi COP29-la bağlı müxtəlif səpkidə materiallar təqdim edir. Belə reportajlardan birində bildirilib ki, Bakıda açılmış BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransında 60-dan çox dövlət öz pavilyonlarını təqdim edib. Rusiya stendi iri qırmızı yuva kuklaları - matryoşkalarla  və buğda sünbülləri ilə bəzədilib. Qırğızıstan pavilyonu öz milli koloriti ilə seçilir - burada keçədən hazırlanmış qırğız yurtasını görmək olar.  Çin stendində tədbir iştirakçıları üçün yelpiklər rənglənir və onlara hədiyyə verilir. Türkiyə pavilyonunda "ebru" - su ilə boyama texnikası üzrə ustad dərsi keçirilir. Oman pavilyonu isə 2025-ci ilin fevralında sultanlıqda iqlim həftəsini elan edir.

COP29-da təşkil olunan konfranslar zamanı 100-dən çox ölkədən olan nümayəndə qlobal istiləşmənin mənfi təsirləri ilə mübarizə aparmaq üçün effektiv həllərin işlənib hazırlanmasını nəzərdən keçirəcək, ədalətli və hamı üçün bərabər olan "yaşıl gündəliyi" uyğunlaşdıracaqlar. BMT-də əsas vəzifələrdən biri qlobal temperaturun 1,5 dərəcədən çox artmasının qarşısını almaqdır. İştirakçılar inkişaf etməkdə olan ölkələr üçün iqlimin maliyyələşdirilməsi məsələlərini necə həll edəcəyini müzakirə edəcəklər.  Təşkilatçıların sözlərinə görə, Bakıya müxtəlif ölkələrdən 80 minə qədər nümayəndə, o cümlədən iri biznes və vətəndaş cəmiyyətinin nümayəndələri, alim və ekspertlər gəlib.

Serbiyanın "RTS" radio-televiziya kanalı Bakının evsahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) birinci günü ilə bağlı reportaj yayımlayıb. Reportajda Bakı Olimpiya Stadionunun COP29-un əsas məkanı olduğu, 200-dək ölkənin tədbirdə dövlət və hökumət başçıları, ekspertlər və digər nümayəndələrlə təmsil edildiyi bildirilir. Vurğulanır ki, iştirakçılar karbon qazı emissiyalarının məhdudlaşdırılması və qlobal istiləşmə səviyyəsinin azaldılması yollarını müzakirə edəcəklər.

Diqqətə çatdırılır ki, Serbiya Prezidenti Aleksandar Vuçiç COP29-da iştirak etmək üçün Azərbaycana səfər edib və Prezident İlham Əliyevlə görüşüb. Aleksandar Vuçiç jurnalistlərə açıqlamasında Prezident İlham Əliyevlə görüşdə Serbiya və Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın təkmilləşdirilməsi barədə müzakirələrin aparıldığını qeyd edib. O, Serbiyanın Azərbaycanla birgə Niş şəhəri yaxınlığında qazla işləyən elektrik stansiyası tikmək niyyətində olduğunu bildirib, iki ölkə arasında ticarət mübadiləsinin əvvəlki illərlə müqayisədə 30 dəfə artdığını vurğulayıb.

Reportajda bildirilir ki, COP29-da əsas diqqət inkişaf etməkdə olan ölkələrin iqlim dəyişmələrinə uyğunlaşa bilməsi üçün maliyyə dəstəyinə və yeni resursların yaradılmasına yönələcək.

Gürcüstanın aparıcı informasiya portalları Azərbaycanda keçirilən COP29 beynəlxalq iqlim konfransı, bu mötəbər tədbirdə iştirak etmək üçün Bakıya səfər edən Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Prezident İlham Əliyevlə görüşü barədə silsilə materiallar dərc edib.

"Gaxa.ge" informasiya portalının yaydığı materialda deyilir ki, dünyada ən irimiqyaslı və mötəbər tədbirlərdən biri hesab edilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Bakıda işə başlayıb. Noyabrın 22-dək davam edəcək COP29 Azərbaycanın indiyə qədər təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur. Materiallarda COP29-dan əsas gözləntinin iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarət olduğu qeyd edilir.

"Resonancedaily.com" portalı Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündən yazır. Bildirilir ki, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində keçirilən görüşdə tərəflər konfransda müzakirə olunacaq məsələləri və iki ölkənin strateji tərəfdaşlığını nəzərdən keçiriblər. Onlar müxtəlif sahələrdə uğurlu əməkdaşlığın mövcudluğunu, regional əhəmiyyətli birgə layihələrin ölkələrin və regionun inkişafı üçün rolunu vurğulayıblar.

Gürcüstanın İctimai televiziyasında (1tv.ge) yayımlanan materiallarda İrakli Kobaxidzenin Prezident İlham Əliyevlə görüşü barədə məlumat verilir. İ.Kobaxidzenin Bakıda jurnalistlərə verdiyi müsahibə əsasında yayımlanan məlumatda deyilir: "BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iştirak edirik. Bu gün cənab İlham Əliyevlə görüşmək imkanım olduğu üçün şadam. Görüşdə Gürcüstan-Azərbaycan münasibətlərindən, strateji tərəfdaşlıqdan, bizim iki ölkəni birləşdirən dostluq münasibətlərindən danışdıq. Bütün mövzularda olduqca mehriban və məhsuldar görüş keçirdik. Haqqında danışdığımız mühüm mövzulardan biri enerji və enerji təhlükəsizliyi, əlaqələndiricilik idi. Bizi bir-birimizə olduqca mühüm strateji layihələr bağlayır, həmçinin bu istiqamətdə, o cümlədən Orta dəhliz təşəbbüsü çərçivəsində əməkdaşlığın daha da dərinləşdirilməsi üçün birlikdə işləyirik. Əlbəttə, tərəfdaşlığımız daha da dərinləşəcək".

Bundan başqa, "interpressnews.ge", "aktual.ge", "24news.ge", "newsday.ge" və "realnews.ge" informasiya portalları da COP29 və konfrans çərçivəsində keçirilən görüşlər barədə məlumatlar yayıb.


Hazırladı:

Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Darra" Böyük Britaniyanı vurdu

22:11
07 Dekabr

Azərbaycan Prezidenti: İndi dünyada bütün insanlar görürlər ki, beynəlxalq hüquq anlayışı tamamilə sarsılıb  

21:40
07 Dekabr

Aİ-də ən aşağı doğum səviyyəsi qeydə alınıb  

20:13
07 Dekabr

Azərbaycan-Pakistan parlamentlərarası dostluq qruplarının fəaliyyətinə dair fikir mübadiləsi aparılıb

19:34
07 Dekabr

Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələri inkişaf edir

19:12
07 Dekabr

Azərbaycanın İstanbuldakı baş konsulu İstanbul Konsullar Korpusunun yeni dövr sədri seçilib  

19:08
07 Dekabr

Bakıda “İctimai diplomatiyada parlamentlərin rolu: Azərbaycan və Türkiyə nümunəsi” mövzusunda dəyirmi masa təşkil olunub YENİLƏNİB

18:54
07 Dekabr

DYP küləkli hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib 

18:33
07 Dekabr

“Yüksəliş” müsabiqəsi tərəfindən Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş intellektual yarış keçirilib  

18:05
07 Dekabr

Cənubi Koreya Prezidentinin impiçmenti mümkün olmayıb 

17:59
07 Dekabr

Ziyafət Əsgərov Azərbaycan və Türkiyənin təhlükəsizlik məsələlərində birgə fəaliyyətinin əhəmiyyətindən danışıb  

17:56
07 Dekabr

Birinci yeri tutan gimnast: Çəkilən əziyyətin bəhrəsini görmək çox gözəl duyğudur

17:45
07 Dekabr

Qadın voleybolçuların çempionatında II tura yekun vurulub

17:43
07 Dekabr

Bakıda “Parlamentarizm: ənənələr və perspektivlər” adlı beynəlxalq konfrans keçirilib YENİLƏNİB 

17:35
07 Dekabr

Azərbaycan Sarayevodakı xeyriyyə yarmarkasında iştirak edib

17:09
07 Dekabr

Azərbaycan-Türkiyə qardaşlığı bu iki dövlətin qlobal arenada daha fəal mövqe tutmasına imkan yaradıb  

17:01
07 Dekabr

Ədliyyə naziri Ağdamda vətəndaşların müraciətini dinləyib

16:57
07 Dekabr

Əli Əhmədov: Beynəlxalq münasibətlər sistemi və beynəlxalq hüquq ağır böhran içərisindədir 

16:52
07 Dekabr

“İctimai diplomatiyada parlamentlərin rolu: Azərbaycan və Türkiyə nümunəsi” mövzusunda beynəlxalq dəyirmi masa keçirilir

16:40
07 Dekabr

Rusiyalı alim 2027-ci ilə qədər Arktika dənizlərində buzların tamamilə yox olacağını ehtimal edir  

16:33
07 Dekabr

Qətərdə 22-ci Doha Forumu başlayıb  

16:26
07 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!