Ümummilli Lider Heydər Əliyev Azərbaycanın tarixində böyük rolu olan görkəmli dövlət xadimidir. Onun rəhbərliyi altında Azərbaycan bütün sahələrdə sürətli inkişaf dövrü yaşayıb. Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini qoruyan, təmin edən şəxsiyyətdir. Onun müasir Azərbaycan dövlətinin əsasını qoyan lider olaraq tarixdəki yeri çox önəmlidir.
Ulu Öndər 1993-cü ildən 2003-cü ilə qədər Azərbaycanın Prezidenti olaraq ölkənin siyasi, iqtisadi və sosial inkişafını təmin etmək üçün böyük islahatlar həyata keçirib. Həmin dövr dövlət quruculuğu sahəsində atılan addımlar Azərbaycanın müstəqilliyini qorumağa, gücləndirməyə və ölkənin beynəlxalq aləmdəki yerini möhkəmləndirməyə xidmət edib. Ümummilli Lider ölkənin siyasi və iqtisadi inkişafında, dövlət idarəetmə sisteminin qurulmasında, beynəlxalq münasibətlərdə möhkəm təməl yaradıb.
1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə ölkədəki siyasi böhran və qeyri-sabitlik aradan qaldırıldı. O, güclü dövlət idarəetmə sistemi qurmaq üçün ciddi islahatlar həyata keçirdi. Bu islahatlar arasında hüquq-mühafizə orqanlarının təkmilləşdirilməsi, dövlət strukturlarının modernləşdirilməsi və idarəetmə sahəsində peşəkar kadrların yetişdirilməsi önə çəkildi. Həmçinin iqtisadiyyatın inkişafı istiqamətində əhəmiyyətli qərarlar qəbul olundu. Dövlət idarəetmə sisteminin mərkəzləşdirilməsi, siyasi sabitliyin təmin edilməsi nəticəsində Azərbaycan müstəqil inkişaf yoluna çıxdı. Ulu Öndərin idarəetmə fəlsəfəsi yalnız ölkə daxilində deyil, həm də beynəlxalq aləmdə Azərbaycanın güclü bir mövqeyə sahib olmasına imkan yaratdı.
1993-cü ildə hakimiyyətə gəldikdən sonra Ulu Öndər vətəndaş müharibəsi və iqtisadi çətinliklər yaşayan Azərbaycanı sabit və güclü bir dövlətə çevirməyə başladığı üçün müstəqil Azərbaycan tarixində önəmli bir sima olaraq tarixə düşdü. O, Azərbaycanı parçalanmaqdan, müstəqilliyini itirmək təhlükəsindən qurtardı. Azərbaycanda milli həmrəyliyin əsaslarını da Ümummilli Lider Heydər Əliyev qoydu. Məhz Ulu Öndərin sayəsində Azərbaycanda sabitlik yarandı.
Ümummilli Lider müstəqil Azərbaycanda iqtisadi islahatların banisidir. Heydər Əliyevin dövründə Azərbaycanın təbii sərvətlərdən istifadə olunmaqla iqtisadi inkişafının əsası qoyuldu. O, xarici sərmayələri ölkəyə cəlb edərək neft sənayesini və digər sahələri inkişaf yoluna çıxardı. Onun müəllifliyi ilə "Əsrin müqaviləsi" imzalandı və Azərbaycan beynəlxalq neft bazarına daxil oldu ki, bu da ölkənin iqtisadi müstəqilliyini təmin etdi. Ölkəmiz üçün bazar iqtisadiyyatı inkişaf xəttini əsas götürdü. Valyuta ehtiyatları olmayan bir dövlətin yenidən dirçəldilməsi üçün islahatların aparılması vacib idi. Çünki sosialist sisteminin qalıqları olan sovxozlar, kolxozlar, zavodlar və fabriklərdə istehsal prosesləri pozulmuşdu və ölkə iqtisadi böhranla üzləşmişdi. Məhz Ulu Öndərin uzaqgörənliyi sayəsində ölkədə torpaq islahatı və dövlət mülkiyyətinin özəlləşdirilməsi proqramları icra olunmağa başlandı.
Bələdiyyə institutunun formalaşdırılması da Heydər Əliyevin adı ilə bağlıdır. 1995-ci ildə qəbul olunmuş Konstitusiyada ilk dəfə olaraq demokratik cəmiyyətin qurulması yolunda yerli özünüidarəetmə orqanların formalaşdırılmasının hüquqi əsasları yaradıldı. 1999-cu ildən isə ölkəmizdə ilk dəfə bələdiyyə institutu formalaşdırıldı və yerli özünüidarəetmədə xalqın birbaşa iştirakı təmin olundu.
Azərbaycanda ordu quruculuğunun müəllifi də Ümummilli Lider Heydər Əliyevdir. Heydər Əliyev Azərbaycanın ordu quruculuğunda mühüm bir rol oynayaraq bu sahədə bir çox islahat həyata keçirib. Onun rəhbərliyi dövründə Azərbaycan Ordusu ölkənin müdafiəsini təmin etməyə başladı. Bu, xüsusilə 1990-cı illərin əvvəllərində - Azərbaycan müstəqillik qazandıqdan sonra mövcud olan xarici təhdidlər fonunda daha əhəmiyyətli idi.
1991-ci ildə - Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkə ciddi siyasi və iqtisadi çətinliklərlə üzləşmişdi. Həmçinin 1992-1994-cü illərdə Ermənistanla keçmiş Dağlıq Qarabağ münaqişəsi səbəbindən vəziyyət daha da gərginləşmişdi. Odur ki, Ulu Öndər 1993-cü ildə prezident seçildikdən sonra ilk növbədə ölkənin müdafiəsini möhkəmləndirməyə başladı. O, müasir dövrün tələblərinə cavab verən, yüksək döyüş qabiliyyətinə malik ordu yaratmağa qərar verdi. 1993-cü ilin dekabrında Heydər Əliyevin komandanlığı altında həyata keçirilən Horadiz əməliyyatı Füzulinin Horadiz qəsəbəsi və 21 yaşayış məntəqəsinin azad olunması ilə nəticələndi və düşmən atəşkəsə imza atmağa məcbur oldu. Atəşkəsin əldə olunması ordunun yenidən qurulması və Azərbaycanın güclənməsi üçün zaman məsələsi idi. Bu zaman kəsiyində Heydər Əliyev ordunun idarəetmə strukturunu təkmilləşdirdi, ordunun daxilində şəffaflığı təmin etmək məqsədilə bir sıra islahatlar həyata keçirdi. Hərbi xidmətə çağırış sistemini yenidən təşkil etdi, ordunun müasir döyüş şəraitinə uyğunlaşması üçün tədbirlər gördü. Bu islahatlar, həmçinin zabitlərin təhsilinə və hərbi kadrların yetişdirilməsinə xüsusi diqqət yetirilməsini təmin etdi. Azərbaycan Ordusunun beynəlxalq səviyyədə tanınması və gücləndirilməsi üçün Qərb, xüsusilə NATO ilə əməkdaşlıq münasibətlərini qurdu. Bu əməkdaşlıq həm də ordunun təlim və təchizat baxımından güclənməsinə imkan yaratdı.
Heydər Əliyevin siyasi kursunun təməlində azərbaycançılıq ideologiyası əsas yer tutur. Ulu Öndər xarici səfərləri zamanı azərbaycanlılarla görüşür və onları vətənə bağlılığa çağırırdı. Ulu Öndər xaricdə yaşayan azərbaycanlılarla görüşləri zamanı "mən vətənim üçün nə etmişəm" sualının ətrafında düşünməyi hər bir soydaşımıza tövsiyə edirdi. Xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması və koordinasiya olunması üçün Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü təsis edildi. Dünya azərbaycanlılarının qurultayları keçirilməyə və qurultaylara dünya ölkələrində yaşayan, söz sahibi olan soydaşlarımız dəvət olunaraq onların qarşısında vəzifələr müəyyənləşdirilməyə başlandı. Azərbaycan dilinin dövlət dili olaraq tanınması, milli bayramların və adət-ənənələrin ön plana çıxarılması da Ulu Öndərin rəhbərliyinin əhəmiyyətli tərəflərindən biri idi. Bu, Azərbaycanın tarixi və mədəni irsini yaşatmaq və gənc nəsillərə çatdırmaq məqsədini güdürdü.
Azərbaycanın xarici siyasətini müəyyən edən Heydər Əliyev ölkənin beynəlxalq aləmdə mövqeyini gücləndirdi. Onun rəhbərliyi dövründə Azərbaycan Türkiyə, Rusiya və Qərb dövlətləri ilə möhkəm əlaqələr qurdu. Ümummilli Lider, həmçinin Azərbaycanın geosiyasi maraqlarını qoruyaraq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi diplomatik səylər göstərirdi. Ulu Öndərə qədər Azərbaycan işğala məruz qalmasına baxmayaraq, dünyada sanki bir işğalçı ölkə kimi qəbul olunurdu. Təbii ki, bu, 90-cı illərin əvvəlində hakimiyyətdə olanların beynəlxalq siyasətdən xəbərləri olmaması və Ermənistan-Azərbaycan münaqişəsini olduğu kimi tanıtdıra bilməməsindən irəli gəlirdi. Ona görə də 1992-ci ildə ABŞ Konqresində erməni lobbisinin təşəbbüsü ilə "Azadlığa dəstək aktı"na əlavə edilən və Azərbaycana ABŞ-nin birbaşa dövlət dəstəyini qadağan edən 907-ci düzəliş qəbul olunmuşdu. Bu qadağa Azərbaycanı iqtisadi və siyasi sabitliyini asanlaşdırmaq üçün ABŞ hökumətindən birbaşa yardım almayan yeganə postsovet dövlətinə çevirdi.
Heydər Əliyev hər zaman Azərbaycanın beynəlxalq aləmdə daha güclü mövqe tutmasına çalışırdı. Onun 29 sentyabr 1994-cü ildə BMT Baş Assambleyasının 49-cu sessiyasındakı çıxışı Azərbaycanın dünyaya tanıdılması və dünya münasibətlər siyasi sisteminə daxil olması yolunda əhəmiyyətli bir səhifə açdı. Azərbaycan bir çox beynəlxalq təşkilatın üzvü oldu, o cümlədən ATƏT və digər təşkilatlarla əlaqələr quruldu. Bunun nəticəsində Azərbaycan dünya miqyasında nüfuz qazandı.
Cənab İlham Əliyev Heydər Əliyevin dövlətçilik ideyalarını və siyasətini uğurla davam etdirərək, Azərbaycanı həm daxili, həm də xarici siyasətdə güclü və müstəqil bir ölkəyə çevirdi. Prezident İlham Əliyevin rəhbərliyi altında iqtisadiyyatın şaxələndirilməsi, enerji sahəsində strateji mövqenin gücləndirilməsi və beynəlxalq münasibətlərdə təsirli rolun artması ilə Azərbaycan bir sıra mühüm uğurlara imza atmaqda davam etdi. Dövlət başçısı Heydər Əliyevin qurduğu dövlət idarəetmə sistemini davam etdirdi və onun müasir dövrün tələblərinə uyğun inkişafını təmin etdi. Azərbaycan iqtisadiyyatının müasir sahələrə yönəlməsi, infrastruktur layihələrinin həyata keçirilməsi və sosial sahələrin inkişafı bu yanaşmanın əsas nümunələridir. Heydər Əliyevin xarici siyasətindəki müstəqillik və balanslı yanaşma Prezident İlham Əliyevin dövründə də davam etdirildi. O, Azərbaycanın müstəqilliyini qorumaq və beynəlxalq münasibətlərdə ölkənin mövqeyini möhkəmləndirmək məqsədilə çoxsaylı diplomatik təşəbbüslər və strateji tərəfdaşlıqlar həyata keçirdi.
Azərbaycanın müstəqil xarici siyasəti regionda və dünyada ölkənin nüfuzunu artırdı. Prezident İlham Əliyev həmçinin Azərbaycan xalqının milli maraqlarını qorumaq, Ermənistanla olan keçmiş Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqe tutmaq və bu sahədə böyük diplomatik və hərbi uğurlar əldə etmək baxımından müstəsna addımlar atdı.
Azərbaycanın Qarabağda 2020-ci ildə əldə etdiyi qələbə Prezident İlham Əliyevin güclü rəhbərliyinin nəticəsi və Ümummilli Lider Heydər Əliyevin siyasətinin uğurlu davamı idi. Bu qələbə Azərbaycanın həm regiondakı, həm də beynəlxalq arenadakı mövqeyini daha da gücləndirdi. Bu gün Ulu Öndərin ruhu arzuları həyata keçdiyinə görə şaddır. Keçmiş məcburi köçkünlərlə görüşləri zamanı Şuşaya, Ağdama, Kəlbəcərə, Laçına, Zəngilana və digər rayonlara qayıdacağımızı kövrələrək ifadə edən Ulu Öndərin bütün arzuları bu gün reallaşır. Ulu Öndər ərazilərin suverenliyini təmin etmiş və dünya dövlətləri sırasında özünəməxsus yerə və rola malik Azərbaycan görmək istəyirdi. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndər Heydər Əliyevin arzuladığı müstəqil Azərbaycan inkişaf edir, yüksəlir, bütün hədəflərinə çatır.
Heydər Əliyev Azərbaycanın müstəqil dövlət olaraq formalaşmasını və inkişafını təmin edən, tarix yaradan şəxsiyyətdir. Onun fəaliyyəti bu gün də Azərbaycanda görülən hərtərəfli inkişafın əsasını təşkil edir və xalqın yaddaşında əbədi yaşayır!
Azər BADAMOV,
Milli Məclisin deputatı