26 Dekabr 2021 01:21
2980
SİYASƏT
A- A+
Müasir Azərbaycan elminin böyük himayədarı

Müasir Azərbaycan elminin böyük himayədarı

 

“Elm müstəqil Azərbaycanın dövlət siyasətinin prioritet sahələrindəndir”.

İlham ƏLİYEV

 

XX əsrdə Azərbaycan elminin və təhsilinin təşəkkülü və inkişafı bir çox cəhətdən milli və dövlətçilik tariximizin görkəmli siması, müasir Azərbaycan Respublikasının banisi Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlı olmuşdur.

Onun məqsədyönlü milli dövlətçilik, iqtisadi, mədəniyyət, elm və təhsil siyasətini uğurla davam və inkişaf etdirən, dünyanın dövlət və siyasət xadimləri arasında elm adamlarına xüsusi həssaslıqla yanaşması ilə seçilən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndər barədə dediyi sözlərlə həm də müvafiq məsələlərə özünün baxışlarını ortaya qoymuşdur: “Bütün dövrlərdə - 70-ci illərdə, ondan sonra, 90-cı illərdə Heydər Əliyevin elmə diqqəti və qayğısı çox yüksək səviyyədə idi. O, çox gözəl bilirdi ki, hər bir ölkənin, hər bir xalqın tərəqqisində elmin inkişafı müstəsna rol oynayır. Müxtəlif ölkələrin tarixinə, keçmişinə, təcrübəsinə nəzər salaraq görürük ki, ... nə təbii ehtiyatlar, nə coğrafi vəziyyət yox, məhz intellektual potensial, məhz elmin səviyyəsi ölkələrin tərəqqisini müəyyən edir və ölkəni inkişaf etmiş ölkəyə çevirir... Mən bir daha demək istəyirəm, bu, qəti fikrimdir ki, hər bir ölkənin normal inkişafı üçün, ilk növbədə, bilik, savad, elmin inkişafı lazımdır”.

Qeyd olunan sitatlar bir daha göstərir ki, cənab Prezident Ulu Öndərin Azərbaycanda elmin inkişafının dəstəklənməsi ilə bağlı uzaqgörənliklə verdiyi tövsiyələrini də bütün digər vəsiyyətləri kimi ardıcıl şəkildə həyata keçirməkdə, elm, təhsil və mədəniyyətimizi xalqımıza layiq olan yüksəklərə qaldırmaqda israrlıdır.

Böyük idarəçilik və təşkilatçılıq bacarıqları, fitri istedadı, yüksək intellekti, hərtərəfli və dərin bilikləri, problemlərə və onların həllinə novatorcasına yanaşması ilə fərqlənən cənab Prezidenti elm və təhsilin, alim və müəllimlərin böyük himayəçisi adlandırmaq olar. Təsadüfi deyildir ki, Ulu Öndərin ölkənin elm məbədinə - Milli Elmlər Akademiyasına göstərdiyi xüsusi münasibət İlham Əliyevin də elm siyasətinin əsas leytmotividir.

Cənab Prezident elmin hüquqi bazasının təkmilləşdirilməsi istiqamətində də Ulu Öndərin apardığı siyasəti davam və daha da inkişaf etdirmişdir. Azərbaycanda elmin yüksəlişi istiqamətində yeni perspektivlər açan “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu 14 iyun 2016-cı ildə məhz onun məqsədyönlü tövsiyələri əsasında qəbul edilmişdir.

Möhtərəm Prezident İlham Əliyevin 2010-cu və 2015-ci illərdə AMEA-nın yubiley mərasimlərində etdiyi dərin məzmunlu, proqram xarakterli çıxışları, elmin inkişaf perspektivləri ilə bağlı dəyərli tapşırıqları Ulu Öndərin müdrikliklə müəyyən etdiyi və həyata keçirdiyi elm siyasətinin davamı baxımından səciyyəvi olmuşdur. Azərbaycan Milli Elmlər Akademiyasında daha sonralar başlamış böyük islahatların işığında elm məbədinin nizamnaməsində edilmiş yeni dəyişikliklər (Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 dekabr tarixli 386 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2020-ci il tarixli fərmanı misal göstərilə bilər) də bu siyasətin daha bir təzahürü hesab edilə bilər.

Bu bir faktdır ki, sosial-iqtisadi nailiyyətlər möhkəm elmi bazaya əsaslandıqda ölkənin davamlı inkişafını təmin edə bilir. Buna görə də fundamental və tətbiqi elmlərin inkişafı Azərbaycan dövlətinin rəhbərliyinin hər zaman böyük diqqət ayırdığı sahələrdən olmuşdur. Bütün dünyada iri addımlarla irəliləyən 4-cü sənaye inqilabı ilə ayaqlaşmaq, dövrün gözlənilən və gözlənilməyən çətinliklərinə baxmayaraq, milli iqtisadiyyatın dayanıqlılığını təmin etmək, biliklərə və elektronlaşdırmaya əsaslanan informasiya cəmiyyətini formalaşdırmaq, neft kapitalının insan kapitalına çevrilməsi yolunda inamlı addımlar atmaq və dövlətin əsas investisiya qoyuluşlarını məhz bu istiqamətə yönləndirmək yaxın və uzaq perspektiv üçün Azərbaycanın dövlətçilik, elm və təhsil, eləcə də sosial siyasətinin başlıca strateji istiqamətlərindəndir. Müstəqil Azərbaycan dövlətinin inkişafının məhz elmin, elmi-texniki tərəqqinin və təhsilin səviyyəsindən əhəmiyyətli dərəcədə asılı olduğuna diqqət çəkən cənab Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, bütün bunlar yüksəkixtisaslı insan resursları, yeni elmi yanaşmalar və çevik innovasiya fəallığı tələb edir və müasir dünyanın reallıqları Azərbaycan elmi qarşısında tamamilə yeni vəzifələr qoyur. Bu vəzifələrin səmərəli icrasını təmin etmək üçün son illər (xüsusilə 2019-cu ilin sonlarından etibarən) Azərbaycan Milli Elmlər Akademiyasında çoxşaxəli, genişmiqyaslı elmi, texniki və struktur islahatları həyata keçirilməkdədir, bu yöndə ardıcıl şəkildə çox mühüm qərarlar qəbul olunmuşdur və bu gün də olunmaqdadır.

Son illər dövlət başçısının elmə göstərdiyi birbaşa qayğı və diqqət sayəsində AMEA-da həyata keçirilən məqsədyönlü islahatlar AMEA Biologiya və Tibb Elmləri Bölməsindən və onun institutlarından da yan keçməmişdir. Bölmədə biologiya, aqrar və tibb elmlərinin ölkə üçün prioritet olaraq seçilmiş istiqamətləri müəyyənləşdirilmiş, institutların elmi-tədqiqat planlarında bu istiqamətlər və müasir dövrün tələbləri nəzərə alınmaqla dəyişikliklər edilmiş, struktur və kadr islahatları aparılmış, maddi-texniki baza yenilənmiş, bina və laboratoriyalar təmir edilmiş, iş şəraiti yaxşılaşdırılmış, kadr hazırlığı gücləndirilmiş, avadanlıq və cihazların, kimyəvi reagentlərin alınması və səmərəli istifadəsi sayəsində müsbət irəliləyişlərə nail olunmuşdur. Elmi-tədqiqat işlərinin planlaşdırılmasına, onlardan alınan nəticələrin dərin analizinə, həmçinin institutların mühüm nəticələrinin qiymətləndirilməsinə, beynəlxalq əlaqələrin genişləndirilməsinə tələblər və diqqət artırılmışdır. Nəticədə bölmə əməkdaşlarının elmi əsərlərinin yüksək reytinqli nəşrlərdə çap olunması və onlara edilən istinadların sayı çoxalmış, ixtisaslı kadrların hazırlanması işi xeyli yaxşılaşdırılmışdır.

Burada xüsusi qeyd etməyi lazım bilirəm ki, Azərbaycan dövləti və cənab Prezident tərəfindən elmi kadr hazırlığına göstərilən diqqət və qayğı olduqca qürurverici və təqdirəlayiqdir. Bu gün həmin dəstək sayəsində bütün ölkədə olduğu kimi, AMEA-da da yeni dövrün tələblərinə cavab verən alim ordusu yetişməkdədir. Qeyd etmək istəyirəm ki, AMEA Biologiya və Tibb Elmləri Bölməsində molekulyar-genetik və biotexnoloji yanaşmalar tətbiq olunmaqla bitkilərin stres amillərin təsirinə davamlılığının artırılması, bitki xəstəliklərinin diaqnostikası və identifikasiyası, biomüxtəlifliyin mühafizəsi, bitki ekspressiya sistemlərindən istifadə etməklə əczaçılıq məhsullarının alınma texnologiyasının yaradılması və onların sintezi, yeni molekulyar və hüceyrə biotexnologiyalarının fundamental əsasları, Azərbaycan populyasiyası, xəstəliklərin prenatal və neonatal təyini, ətraf mühitin bioloji saflaşdırılması, ərzaq və qida təhlükəsizliyi üzrə, xüsusən də dünya üçün prioritet hesab olunan digər elm sahələrində (biomühəndislik, neyrobiologiya, kompüter biologiyası, maşınöyrənmə üsulları, süni intellekt, nanomateriallar, alternativ enerji mənbələri və s.) ciddi doktorant, dissertant və magistr hazırlığı aparılır.

Elmlə təhsilin vəhdətinin prioritet məsələ olmasını nəzərə alaraq AMEA-da təhsilin magistratura pilləsinin yaradılması tədqiqatçı kadrların hazırlanmasında mühüm bir hadisə hesab edilə bilər. Önəmli bir faktdır ki, son illərdə Biologiya və Tibb Elmləri Bölməsinin magistraturasını bitirmiş onlarca gənc nəinki ölkədə, həmçinin dünyanın aparıcı elm mərkəzlərinin, tanınmış universitetlərinin doktoranturalarında təhsillərini davam etdirməklə yüksək ixtisaslı alim və mütəxəssis kimi yetişir.

Gənclərin təhsilin hər 3 pilləsi üzrə (bakalavr, magistratura, doktorantura) xaricdə təhsil almaları vacib bir məsələdir. Hələ sovet hakimiyyəti dönəmində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və himayəsi nəticəsində 1970-80-ci illərdə 80-dən yuxarı sahəni əhatə edən 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gənc (1980-ci illərin əvvəllərindən başlayaraq ildə 1000-1400 nəfər) SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox nüfuzlu ali məktəbində təhsil almağa göndərilmiş, onlara güclü mütəxəssis kimi yetişmək üçün hər cür şərait yaradılmışdı. Yəni gənclərin xaricdə təhsil alması məsələsi Ümummilli Liderin təşəbbüsü və himayəsi ilə həm sovet dönəmində, həm də Azərbaycana rəhbərliyi dövründə geniş xarakter almışdı. Sevindirici haldır ki, bu siyasət dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam  və daha da inkişaf etdirilmişdir. Cənab Prezidentin gənc alimlərin xaricdə təhsil alması ilə bağlı fərmanları, onun təşəbbüsləri ilə qəbul edilmiş dövlət proqramları Azərbaycanın  elm və təhsilinə verilmiş misilsiz töhfələrdir. 

Ulu Öndərin milli kadr potensialını gücləndirmək siyasətinin ən önəmli istiqamətlərindən biri olan milli hərbi kadrların hazırlanması və onların yüksək vətənpərvərlik ruhunda tərbiyə edilməsi sahəsində cənab Prezidentin atdığı ardıcıl addımlar, əldə etdiyi nailiyyətlər nəticəsində bu gün müstəqil Azərbaycan dövləti regionda ən güclü orduya sahibdir və Silahlı Qüvvələrimiz qarşısına qoyulan ən mürəkkəb tapşırıqları şərəflə yerinə yetirmək qüdrətinə malikdir.

Son onilliklər ərzində elmin maliyyələşdirilməsi sistemində islahatların aparılması və sistemin təkmilləşdirilməsi istiqamətində də çox işlər görülmüşdür. Burada ilk növbədə 2009-cu ildə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunu qeyd etmək lazımdır. Fond dövlət sifarişi əsasında fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli sahələr üzrə elmi tədqiqatları və digər elmi tədbirləri qrant şəklində məqsədli maliyyələşdirməklə, elmin inkişafına xidmət edən qeyri-kommersiya qurumu olan hüquqi şəxsdir. Fond yarandığı gündən Azərbaycan Respublikasında təbiət, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli elmi tədqiqat proqramları və layihələrini qrant şəklində ünvanlı maliyyələşdirir, alimlərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara azad yaradıcılıq imkanı yaratmaq, habelə elmi müəssisələrin fəaliyyətinin təkmilləşməsini nəzərdə tutan və inkişafını dəstəkləyən tədbirləri həyata keçirmək yolu ilə Azərbaycanda elmi-texniki potensialı qoruyur və inkişaf etdirir. İqtisadiyyatın inkişafında bu potensialdan səmərəli istifadə etmək, mühüm sosial problemlərin həllində elm və texnikanın rolunu yüksəltmək və dövlətin elmi informasiya və innovasiya ehtiyatlarını artırmaq kimi məsələlərdə dövlət siyasətinin həyata keçirilməsinə ciddi dəstək göstərir.

Qeyd etmək lazımdır ki, ölkədə elmin inkişafını dəstəkləyən digər fondların da yaradılması və səmərəli fəaliyyətində cənab Prezidentin təklif, göstəriş və tövsiyələrinin həlledici rolu var. Elmin daha effektiv maliyyələşdirmə mexanizmlərinin axtarışı və tətbiqi istiqamətində AMEA-da da kompleks işlər görülməkdədir və bu məsələlər elmin yeni dövrdə inkişafı üzrə strateji sənədlərdə öz əksini tapacaqdır.

Burada fərəh hissi ilə deməliyəm: nə qədər ki, Azərbaycan Respublikasına İlham Əliyev kimi böyük dövlət xadimi rəhbərlik edir, xalqımız və müstəqil dövlətimiz ixtiyari qlobal və regional problemin, beynəlxalq və lokal böhranların öhdəsindən gəlməyə qadirdir.

Son iki ildə bu cür qlobal problemlərdən biri kimi bütün dünyanı lərzəyə gətirmiş COVID-19 pandemiyasını göstərmək olar. Bu pandemiya bütün dünyanın nizamında yeni, bu vaxta qədər görünməmiş situasiya yaratmış, dövlətləri, onların təhlükəsizlik sistemlərini qəflətən, hazırlıqsız yaxalamışdır. Lakin dünyanın əksər dövlətlərindən fərqli olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ciddi nəzəri və praktiki analizə, dünya üzrə toplanmış tarixi təcrübəyə və uzaqgörən təfəkkürə əsaslanan qərarları, xalqımızın sağlamlığının və rifahının qorunması, təhlükəsizliyinin təmin olunması istiqamətində atdığı düşünülmüş addımlar, həyata keçirilmiş müxtəlif yerli, regional və beynəlxalq layihələr öz müsbət nəticəsini vermişdir. Koronavirusun ölkədə kütləvi yayılması buxovlanmış, təhlükə törədə biləcək miqrasiya prosesləri, karantin proseduru yarada bilən hallar tam nəzarətə götürülmüş, əhali arasında yüksək səviyyədə maarifləndirmə işi təşkil edilmişdir. Bununla da bütün çətinliklərə, o cümlədən paralel gedən qlobal maliyyə böhranlarına baxmayaraq, bu gün ölkənin iqtisadiyyatının kifayət qədər normal şəkildə inkişafı, yeni-yeni meqalayihələrin icrası təmin edilmişdir. Əlamətdar haldır ki, pandemiya nə qədər geniş yayılsa və onun yaratdığı problemlər nə qədər güclü olsa da, məhz dövlət başçımızın bütün vəziyyəti öz əlində saxlamaq qabiliyyəti sayəsində bunlar doğma Qarabağımızın düşmən işğalından azad edilməsinə mane ola bilməmişdir. Onu da qeyd etmək lazımdır ki, pandemiya ilə mübarizə istiqamətində Azərbaycanın nümunəvi təcrübəsi beynəlxalq miqyasda müsbət qiymətləndirilmiş, bir çox ölkə tərəfindən fəaliyyət proqramı kimi geniş şəkildə istifadə olunmuşdur.

AMEA-da da koronavirusla bağlı dövlət başçısının tapşırıq və tövsiyələri əsasında fəaliyyət planları qəbul edilərək icrası təmin olunmuşdur. Cənab Prezidentin diqqət və qayğısını hiss edən elmi tədqiqat institutları, alim və mütəxəssislərimiz dünyada koronaviruslarla bağlı aparılan tədqiqat işlərinə qoşulmağa, mövcud imkanlar çərçivəsində elmin müvafiq sahələrinin də inkişaf etdirilməsində öz sözlərini deməyə çalışırlar. Burada qeyd etməyi lazım bilirəm ki, rəhbəri olduğum AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda yeni vaksin və antibiotiklərin işlənib hazırlanması üçün yetərli bilik və bacarıqları, eləcə də müəyyən təcrübələri olan kadr potensialı formalaşmaqdadır. Əminəm ki, yaxın illərdə institutun laboratoriyaları lazımi şərait və avadanlıqlarla təchiz edildikcə ölkənin digər müvafiq elmi qurumları və dövlət təşkilatlarını da cəlb etməklə vaksinlərin və müvafiq müalicə vasitələrinin hazırlanması üzrə tədqiqatların aparılması mümkün olacaqdır.

Dünyanın böyük xalqlarının tarixində elə mühüm dönüş nöqtələri, elə məqamlar olur ki, bu zaman baş verənlər həmin xalqların və onların sərkərdələrinin adının qarşısında “böyük” epitetinin həkk olunmasına haqq qazandırır. Azərbaycan xalqı və onun sarsılmaz lideri də “böyük” adına layiq olduqlarını 44 günlük Vətən müharibəsində bir daha sübut etdilər.

Cənab Prezident torpaqlarımızın düşmən tapdağı altında qalmasına dözməyəcəyini ən müxtəlif səviyyələrdə dəfələrlə bildirmişdi. Ali Baş Komandan bu istiqamətdə nələrin ediləcəyini, hansı addımların atılacağını bilirdi və bunu tam şəkildə bilən, torpaqların qaytarılacağına tərəddüdsüz inanan, bəlkə də tək şəxsiyyət idi. O,  hərb meydanlarında qazanılmış Böyük Zəfəri ötən illər ərzində siyasi və hərbi strateq kimi xüsusi ustalıqla, məhz elmi əsaslarla hazırlamışdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə və milli Silahlı Qüvvələrimizin, şəhid və qazilərimizin şücaəti sayəsində son 220 ildə ilk dəfədir ki, Azərbaycan itirilmiş ərazilərini geri qaytarmağa müvəffəq olmuşdur.

Böyük tarixi Zəfərin qazanılması Azərbaycan elmi qarşısında da yeni bir pəncərənin açılmasına şərait yaratmışdır. Məlumdur ki, Qarabağda cənab İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı bərpa işlərinə, kənd təsərrüfatının və müxtəlif sənaye sahələrinin təşəkkülünə start verilmiş, erməni barbarlığının əyani sübutu olan xarabalıqların abad yaşayış məskənlərinə çevrilməsi istiqamətində böyük quruculuq fəaliyyətlərinə başlanılmışdır. Ardıcıl planlaşdırılan və gerçəkləşdirilən infrastruktur, “ağıllı” kənd və şəhər layihələri, strateji əhəmiyyət daşıyan avtomobil və dəmir yollarının çəkilişi, bir hava limanının istifadəyə verilməsi və digər ikisinin tikintisinin sürətlə davam etdirilməsi, torpaqların minalardan təmizlənərək əkin dövriyyəsinə qaytarılması regionun simasını sürətlə dəyişdirməkdədir. Əminliklə demək olar ki, Qarabağ bölgəsi cənab Prezidentin dediyi kimi, tezliklə gülüstana çevriləcəkdir.

AMEA hələ müharibənin gedişində və qələbədən dərhal sonra Azərbaycan alimlərinin Böyük Dirçəlişə öz töhfələrini verməyə hazır olduğunu bəyan etmişdir. Artıq deyə bilərik ki, Qarabağa elmin də Böyük Qayıdışına başlanılmışdır. Bu gün Azərbaycan Milli Elmlər Akademiyası, elmi kollektivlərimiz bərpa proseslərində fəal iştirak edir, Qarabağın yeraltı və yerüstü, canlı və cansız, təbii və mədəni sərvətlərinin, mövcud bioloji və ekoloji durumunun, gələcək inkişaf perspektivlərinin öyrənilməsi üzrə ciddi multidissiplinar tədqiqatlar aparırlar.

Azərbaycanın elmi ictimaiyyəti, alim və mütəxəssisləri müqəddəs torpaqlarımızın işğaldan azad olunması ilə ölkənin ərazi bütövlüyünün təmin edilməsinə, bununla da Qarabağda tədqiqatların aparılması üçün tarixi şansın yaradılmasına görə Müzəffər Ali Baş Komandana minnətdardırlar, bu şansı ən yüksək səviyyədə dəyərləndirməyə, Qarabağın çiçəklənməsi istiqamətində bütün qüvvələri səfərbər etməklə bundan sonra da yorulmadan çalışmağa hazırdırlar.

Biz Azərbaycanın iqtisadi və hərbi qüdrətinin gücləndirilməsi, ekoloji və bioloji təhlükəsizliyinin qorunması və daha da möhkəmləndirilməsi istiqamətində cənab Prezidentin tapşırıq və tövsiyələrini fəaliyyət planı kimi qəbul edərək yerinə yetirmək üçün bütün imkanlarımızı səfərbərliyə almaqda, elmimizin səviyyəsini yüksəltməkdə israrlıyıq. İnanıram ki, dövlət başçımızın ətrafında daha sıx birləşərək qarşımıza qoyulan bütün vəzifələrin öhdəsindən ən qısa zamanda uğurla gələ biləcəyik.

Sonda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevi - xalqımızın və dövlətimizin əvəzolunmaz liderini, elmimizin böyük himayədarını 60 illik yubileyi münasibətilə AMEA Biologiya və Tibb Elmləri Bölməsinin üzvləri və elmi kollektivləri adından səmimi-qəlbdən təbrik edir, ona və gözəl ailəsinə uzun ömür, möhkəm can sağlığı, Vətənimizin çiçəklənməsi, iqtisadi, siyasi, hərbi qüdrətinin artırılması, xalqın rifahının yüksəldilməsi, demokratikləşdirmə, Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyünün dönməzliyi istiqamətində müqəddəs fəaliyyətlərində daha böyük uğurlar arzulayıram.

Ulu Tanrı Azərbaycan xalqını və onun müasir tarixinin yazılmasında misilsiz rol oynayan BÖYÜK LİDERİNİ qorusun!

 

İradə HÜSEYNOVA,

AMEA-nın vitse-prezidenti, akademik

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Moldova Respublikasının Prezidenti Maya Sandudan

16:54
24 Dekabr

Dövlətlərarası Aviasiya Şurasının prezidenti Tatyana Anodinadan

16:53
24 Dekabr

Rusiya Federasiyası İnquşetiya Respublikasının birinci Prezidenti, Sovet İttifaqı Qəhrəmanı Ruslan Auşevdən

16:52
24 Dekabr

Maya Sandu Moldova prezidenti kimi and içib

16:50
24 Dekabr

Qırğızıstanda Beynəlxalq qar bəbiri günü qeyd olunub

16:30
24 Dekabr

Sankt-Peterburqda Putinlə Paşinyan arasında ayrıca görüş nəzərdə tutulmayıb

16:28
24 Dekabr

Faiq Qarayev: Prezident İlham Əliyev hər zaman idmana, idmançılarımıza diqqət və qayğı göstərib  

16:26
24 Dekabr

Rusiyanın “Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Aleksey Millerdən  

16:24
24 Dekabr

Azərbaycan Quru Qoşunları komandanı türkiyəli həmkarı ilə görüşüb

16:22
24 Dekabr

Azərbaycan Prezidenti: Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq

16:20
24 Dekabr

Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib YENİLƏNİB

16:14
24 Dekabr

Prezident İlham Əliyev: Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq  

15:59
24 Dekabr

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib

15:49
24 Dekabr

Çay və qəhvə xərçəng riskini azaldır

15:41
24 Dekabr

Prezident: Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir  

15:24
24 Dekabr

Prezident İlham Əliyev: Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir

15:22
24 Dekabr

Prezident İlham Əliyevin qətiyyətli siyasəti Azərbaycanı qüdrətli və nüfuzlu dövlətə çevirib

15:15
24 Dekabr

Prezident: Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək

15:09
24 Dekabr

Havaydakı Kilauea vulkanı aktivləşib

15:03
24 Dekabr

Səsdən 4 dəfə daha sürətli təyyarə mühərriki testdən keçirilib

14:52
24 Dekabr

Qazaxıstan 2025-ci il yanvarın 1-dən BRICS-in tərəfdaş ölkəsi olacaq

14:43
24 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!