Rusiya Azərbaycanla informasiya müharibəsi aparır
Rusiyanın Azərbaycana qarşı başlatdığı informasiya müharibəsi gün keçdikcə daha da şiddətlənir. Bu ölkənin dövlət xəbər agentliyi TASS-dan, əsas təbliğat ruporu olan "Moskovskiy komsomolets" qəzetindən sonra dövlət televiziyası da anti-Azərbaycan kampaniyasına aktiv şəkildə qoşulub. Bu günlərdə Rusiya dövlət televiziyasında Azərbaycana qarşı növbəti təxribat xarakterli materiallar yayımlanıb. Belə ki, hazırlanan materiallarda Ermənistan hökuməti Qarabağdan köçən erməniəsilli şəxslərə yardım etməməkdə ittiham olunub. Guya onlar məcburi şəkildə Qarabağdan çıxarılıblar. Həmçinin beynəlxalq hüquqa zidd olaraq, dövlət televiziyasında uydurma "Artsax" sözündən istifadə olunub.
Rusiyanın ölkəmizin suverenliyini və ərazi bütövlyünü açıq şəkildə hədəf alan bu cür qərəzli fəaliyyəti isə heç şübhəsiz iki ölkənin münasibətlərinə birbaşa zərbə vurur.
Hansı ki, Azərbaycan mehriban qonşuluq prinsiplərini hər zaman ön planda tutur və şimal qonşusu Rusiya ilə də əlaqələrinin yaxşı olmasına çalışır. Ancaq qarşı tərəfin sərgilədiyi aqressiv və imperializm meyillərini özündə ehtiva edən siyasət nəticəsində hazırda Bakı ilə Moskva arasındakı münasibətləri "buz kəsib", desək, yanılmarıq.
Riyakarlıq, qərəzli kampaniya
2023-cü ildə Qarabağda keçirilən antiterror tədbirləri sayəsində torpaqlarımızda separatizmə son qoyuldu, suverenliyimiz təmin olundu, konstitusiyamız bütün ərazilərimizdə hüquqi qüvvəyə mindi. Bu sayədə Rusiya sülhməramlı kontingentinin ərazilərimizdə fəaliyyətinə heç bir lüzum qalmadı. Qeyd edək ki, Rusiya sülhməramlılarının ərazilərimizdən çıxarılması Prezident İlham Əliyevin şəxsi səyləri nəticəsində baş verib. 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatında sülhməramlıların 2025-ci ilə qədər müvəqqəti olaraq yerləşdirilməsi maddəsinin öz əksini tapması və burada "müvəqqəti" şərtinin qoyulması da Prezident İlham Əliyevin israrı sayəsində mümkün olmuşdu. Dövlətimizin rəhbərinin qətiyyətli siyasətinin təzahürü kimi, 2024-cü ildə bu proses məntiqi sonluğuna çatdırıldı. Onu da vurğulayaq ki, adıçəkilən hərbi kontingent ərazilərimizdə qanunsuz fəaliyyəti ilə diqqət çəkirdi. Xankəndidə rəssam İvan Ayvazovskinin büstünün qeyri-qanuni şəkildə quraşdırılması da bu qanunsuzluqdan biri idi. Hansı ki, haqlı olaraq Azərbaycan tərəfindən demontaj olunan bu büst ətrafında Rusiya süni ajiotaj yaradaraq müxtəlif platformalarda ölkəmizə qarşı qərəz kampaniyası aparır.
İvan Ayvazovskinin büstünün sökülməsi məsələsini şərh edən Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoy Azərbaycan tərəfinin bu addımının dərin təəssüflə qarşılandığını, bunun Rusiyaya qarşı xoşagəlməz və qeyri-dost addım kimi qiymətləndirildiyini bildirib. O, Azərbaycan tərəfini "ehtiyatlılıq nümayiş etdirməyə", "abidələrlə müharibə"yə, rus mədəniyyətinin "ləğv edilməsi" tədbirlərinə son qoymağa çağırış edib. Bununla yanaşı, Rusiyanın dövlət xəbər agentliyi olan TASS məsələ ilə bağlı dərc edilmiş "informasiya"da Azərbaycanın Xankəndi şəhərini "Stepanakert" adlandırıb. Æurnalistikanın prinsiplərini kobud şəkildə pozan agentlik təxribat xarakterli səhvini yalnız Azərbaycan Xarici İşlər Nazirliyinin sərt tələbindən sonra, o da iki cəhddən sonra düzəldib. Belə ki, əvvəlcə məqalənin sərlövhəsindəki "Stepanakert" sözü "dağlıq Qarabağ"la dəyişdirilib, sonda isə öz hüquqi adı ilə - Xankəndi ilə əvəzlənib.
Rusiya Azərbaycana qarşı növbəti media hücumunu "Moskovskiy komsomolets" qəzeti üzərindən etdi. Adıçəkilən nəşrdə yayımlanan qərəzli məqalədə hüquqi ərazilərimizdə sökülmüş qanunsuz heykəl bəhanə gətirilərək Azərbaycan nasist Almaniyası ilə müqayisə edildi. Halbuki Azərbaycan o ölkədir ki, alman nasizminin məğlubiyyətə uğradılmasına misilsiz töhfələr verib. Eyni zamanda erməni nasizmi ilə qəhrəmanlıqla mübarizə aparıb. Bu mənada Rusiyanın Azərbaycanı nasiszmdə ittiham etməsi riyakarlıqdır.
Məqsədyönlü təxribat
İnformasiya savaşının növbəti dalğasını bu günlərdə Rusiya dövlət televiziyasında müşahidə etdik. Burada yayımlanan materiallarda Qarabağdan köçən erməniəsilli şəxslərin guya məcburi şəkildə bu ərazidən çıxarılmalarından bəhs edilib.
Onsuz da biz qərəzli xarici dairələrin Qarabağdan könüllü köçən erməniəsilli sakinlərdən Azərbaycana qarşı vaxtaşırı təzyiq aləti kimi istifadə edilməsinə alışmışıq. Bu dəfə həmin kartla Rusiya oynamağa başlayıb. Halbuki, Qarabağda yaşayan erməniəsilli sakinlərin yaşamı, həyatı üçün heç bir risk olmadığı halda onlar öz xoşları ilə kütləvi şəkildə Ermənistana köç etməyi seçdilər. Gerçəklik isə budur ki, Ermənistan tərəfindən bir milyondan çox azərbaycanlının fundamental hüquqları pozulub. Təcavüzkar ölkənin apardığı etnik təmizləmə siyasəti nəticəsində təkcə 1980-ci illərin sonlarında üç yüz min azərbaycanlı tarixi yurdundan qovulub. Bu günün özündə də Qərbi azərbaycanlıların qayıdış hüququ təmin olunmayıb. Eyni zamanda Ermənistanın Birinci Qarabağ müharibəsi zamanı həyata keçirdiyi işğalçı müharibə yüz minlərlə azərbaycanlını məcburi köçkünə çevirib. Bu faktların Rusiyaya gün kimi aydın olması da bir ayrı gerçəklikdir. Ancaq şəxsi ambisiyalarına görə rəsmi Moskva azərbaycanlıların pozulmuş hüquqlarından danışmağı lazım bilmir.
Rusiya dövlət televiziyasında uydurma "Artsax" sözündən istifadə olunması ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün şübhə altına alınması deməkdir.
Beynəlxalq hüququn normalarına əsasən, Qarabağ Azərbaycanın tərkib hissəsi, suveren ərazisidir. İndi qondarma "Artsax" qismində terror yuvasının adının hallandırılması ölkəmizə qarşı məqsədyönlü təxribatdan başqa bir şey deyil.
Təbii ki, şimal qonşumuz Rusiyanın Azərbaycanı sistemli şəkildə hədəfə almasının, media vasitəsilə hücumlara məruz qoymasının altında bir çox mətləblər yatır. Bunlardan birincisi ölkəmizin müstəqil və qətiyyətli siyasət yürütməsi, yerləşdiyi bölgənin üçüncü qüvvələrin poliqonuna çevrilməsinə imkan verməməsidir.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"