Oktyabrın 13-də daha iki Azərbaycan vətəndaşı işğaldan azad edilmiş yerlərimizdə minaya düşdü. Mina hadisəsi Füzuli rayonunun Aşağı Veysəlli kəndi ərazisində minalardan təmizlənməyən məkanda baş verdi. Bu barədə Daxili İşlər Nazirliyinin və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yaydılar. İlkin məlumata əsasən, tank əleyhinə mina partlayışı nəticəsində "QAZel" markalı maşının sürücüsü 1987-ci il təvəllüdlü Famil İlyas oğlu Əbilov həlak olub, "KamAZ" tipli yük maşınının sürücüsü 2000-ci il təvəllüdlü Namaz Nəbadi oğlu Bayramov xəsarət alıb.
Bir neçə gün qabaq isə Tərtər rayonunun Həsənqaya kəndi yaxınlığında minalardan təmizlənməyən ərazidə faciə baş verdi. Piyada əleyhinə minanın partlayışı nəticəsində rayonun Həsənqaya kənd sakini 1986-cı il təvəllüdlü Zaməddin Qəzənfər oğlu Həsənov xəsarət aldı, onun hər iki ayağı amputasiya edildi. Oktyabrın 6-da daha bir mina hadisəsi Tərtər rayonunun Çaylı kəndi yaxınlığında minalardan təmizlənməyən ərazidə baş verdi. OZM tipli qəlpələnən piyada əleyhinə minanın partlayışı nəticəsində rayonun Həsənqaya kənd sakini 1989-cu il təvəllüdlü Yaquar Əliheydər oğlu Hadıyev həlak oldu. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin Mətbuat Xidmətinin məlumatında bildirildi ki, bu il martın 9-da Yaquar Hadıyev həmin ərazidə baş verən piyada əleyhinə minanın partlayışı nəticəsində zərərçəkmiş, sol ayağı topuqdan aşağı amputasiya edilmişdi. ANAMA bir daha xəbərdarlıq etdi: "Unutmayın, işğaldan azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursat təhlükəsi hələ də davam etməkdədir".
Otuz ilə yaxın davam edən işğal nəticəsində ölkəmizin ərazisinin ondabir hissəsi işğalçı Ermənistan tərəfindən məqsədyönlü şəkildə minalarla çirkləndirildi, bu ərazilərdə 1,5 milyondan çox mina basdırıldı. 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra da Ermənistan terror əməllərini davam etdirdi. Qəsbkar ölkə tərəfindən Azərbaycan torpaqlarında yeni minalar basdırıldı. Nəticələri isə çox ağırdır. Prezident İlham Əliyevin oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasının iştirakçıları ilə görüşdə bəyan etdiyi kimi: "İkinci Qarabağ müharibəsi başa çatandan sonra bizim 315 nəfər hərbi və mülki vətəndaşlarımız həlak olmuş və ağır şəkildə yaralanıb. Təəssüf ki, onların sayı hər həftə artır".
Dövlətimizin başçısı diqqətə çatdırdı ki, 2020-ci ildən 2023-cü ilin əvvəlinədək Azərbaycanın Laçın rayonunda sərhədə nəzarət etmədiyi bir vaxtda oraya sayı milyonlarla ölçülən nəhəng döyüş silah-sursatı daşınıb, bu isə tamamilə yaxın vaxtlarda aşkara çıxarılıb: "Minalar gətirilib, ərazi əlavə olaraq minalanıb. Bütün bunların hamısı ona gətirib çıxarıb ki, azərbaycanlılar öz torpaqlarında həlak olmağa davam ediblər".
Ermənistanın isə terrorçu əməllərini davam etdirmək qəsdi ilə minaladığı ərazilərin dəqiq xəritəsini verməkdən boyun qaçırması yeni faciələrə səbəb olur. Basdırılmış minalar həmin ərazilərdə, öz dədə-baba yurdunda yaşayan, işləyən, yaxud o yerlərə qonaq gedən azərbaycanlıların həyatı, sağlamlığı üçün təhlükə mənbəyidir.
Mina təhlükəsinin böyüklüyü, vəziyyətin acınacaqlı olması bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini labüd edir. Bir qrup xarici QHT, vətəndaş cəmiyyəti fəalları "Minadan azad dünya üçün qlobal təşəbbüs" adlı petisiyaya bu səbəbdən başlayıb. "Jotform" beynəlxalq platformasında "Dünya Qafqazda sülh üçün" ("World for Peace in Caucasus") adlı beynəlxalq kampaniya çərçivəsində elan edilən petisiyada bildirilib ki, minalar və partlamamış hərbi sursatlar (PHS) mülki əhalinin sağlamlığı, həyatı və təhlükəsizliyi üçün ciddi təhlükə yaradır, münaqişələr bitdikdən sonra da minalar insanları öldürməyə və şikəst etməyə davam edir. Minalar ömürlük əlilliyə səbəb olur, ailələrin faciəsinə çevrilir.
BMT-yə üz tutaraq bəyan edilib ki, dünyada 60 milyon insan hələ də mina təhlükəsi altındadır. Laos Xalq Demokratik Respublikası, Anqola, Azərbaycan, Kamboca, Konqo Demokratik Respublikası, Vyetnam dünyanın mina ilə ən çox çirklənmiş ölkələri sırasındadırlar. Müraciətdə mina problemindən xeyli əziyyət çəkən ölkə olaraq Azərbaycana da geniş yer verilib. Vurğulanıb ki, son 30 ildə Azərbaycanda 3400-dən çox insan mina qurbanı olub, onların 90 faizi mülki şəxslərdir.
Ermənistanın Azərbaycan ərazilərini minaladığı, 2020-ci ildə 44 günlük müharibədən sonra da bu prosesi davam etdirdiyi, yalnız ölkəmizdə Laçın yolunda sərhəd-keçid məntəqəsi qurduqdan sonra vəziyyətin nəzarətə götürüldüyü faktları sözügedən müraciətdə qeyd edilib. Bu ilin sentyabrın 19-20-də aparılan son antiterror tədbirləri nəticəsində Azərbaycanın 480 kilometrlik xətt boyunca Ermənistan silahlı qüvvələrinin qalıqları tərəfindən azı yarım milyon əlavə minanın yerləşdirildiyi aşkarlanıb. Bu faktdan dəhşətə gələn müraciət müəllifləri tələb ediblər ki, Ermənistan yeni basdırılmış minaların xəritələrini də dərhal Azərbaycan dövlətinə təhvil verməlidir.
Xarici QHT, vətəndaş cəmiyyəti fəalları Prezident İlham Əliyevin BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi "minasız dünya" məqsədinin elan edilməsi təşəbbüsünü alqışlayıb, qlobal mina probleminə diqqətini artırması üçün BMT-yə çağırış ediblər.
Elan edilməsindən qısa müddət keçməsinə baxmayaraq, artıq 10-a yaxın ölkədən 100-dən çox vətəndaş cəmiyyəti fəalının minalara qarşı qlobal səfərbərlik kampaniyasına qoşulduğunu bəyan etməsi, problemin qlobal həllinə dəstək verməsi müraciətin cidd rezonans doğurduğunu söyləməyə əsas verir.
Azərbaycan dövləti yalnız ölkəsində, regionda deyil, bütün dünyada sülhün, əmin-amanlığın tərəfdarıdır. Eyni zamanda milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq, bütün vətəndaşlarının təhlükəsiz şəraitdə yaşamasına səy göstərir. Azərbaycana qarşı işğalçılıq mövqeyindən uzun illər əl çəkməyən, terrorlar törədən Ermənistan, nəhayət, bəd əməllərindən, məkrli niyyətlərindən uzaqlaşmalı, sülh şəraitində, dinc yaşamağı öyrənməlidir. Bu yolda atacağı ilk addımlardan biri minaladığı ərazilərin dəqiq xəritəsini Azərbaycana verməsi olmalıdır. Bununla mina terrorunu dayandıra bilər. Bir daha mina partlayışları nəticəsində günahsız insanlar həlak olmaz və ya sağlamlığını itirməz.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"