1993-cü ilin ikinci yarısında Ümummilli Lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin milli maraqlarının və mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. Heydər Əliyev özünün zəngin dövlətçilik təcrübəsinə əsaslanaraq bir sıra mühüm və təxirəsalınmaz vəzifələrin yerinə yetirilməsini qarşıya məqsəd kimi qoymuşdu. Həmin vəzifələrdən biri və ən əsası Azərbaycanı beynəlxalq aləmdəki təcrid vəziyyətindən çıxartmaq, ölkəmiz haqqında yaradılmış mənfi ictimai rəyi dağıtmaq və xalqımızın haqq işini dünya ictimaiyyətinə olduğu kimi çatdıraraq informasiya blokadasını yarmaqdan ibarət idi. Ona görə də yeni siyasi kursu həyata keçirmək üçün hər şeydən əvvəl müharibə dayandırılmalı və dinc şərait təmin edilməli idi.
Ümummilli Lider Heydər Əliyev bildirmişdir ki, Azərbaycanın müstəqilliyini möhkəmləndirmək üçün əsas vəzifələrdən biri ölkəmizin mənafeyini dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasət olmasıdır. Digər mühüm vəzifələrdən biri də bəzi dövlətlər ilə münasibətlərdə əsassız yaradılmış gərginliyi aradan qaldırmaq, balanslı və milli maraqlara əsaslanan xarici siyasət xəttini təmin etmək, region dövlətlərlə münasibətlərə daha çox diqqət yetirməklə qarşılıqlı əməkdaşlıq və mehriban qonşuluq əlaqələrinin qorunmasına nail olmaq idi. Qarşıda duran ən mühüm vəzifələrdən biri də münaqişənin ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi şərti ilə ədalətli şəkildə həll olunması üçün böyük dövlətlərin, eləcə də beynəlxalq təşkilatların səylərini gücləndirməyə nail olmaqdan ibarət idi.
Demokratik dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycan Respublikasının müstəqillik əldə etdikdən sonra üzləşdiyi sosial-iqtisadi və siyasi problemlərin müvəffəqiyyətlə həlli ölkəmizin beynəlxalq aləmdəki mövqeyi və ayrı-ayrı ölkələrlə milli dövlət maraqlarına cavab verən qarşılıqlı faydalı əlaqələri və dünya birliyinə inteqrasiyası prosesinin intensivliyi ilə sıx bağlı idi. Bu mənada, Azərbaycanın beynəlxalq münasibətlər sistemində layiqli yer tutması üçün dünya siyasətinin formalaşmasında aparıcı rol oynayan dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərin tənzimlənməsi və inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edirdi.
Ümummilli Lider çox bacarıqlı, son dərəcə təcrübəli dövlət başçısı və yetkin siyasi xadim kimi bu çətin və mürəkkəb vəzifələrin öhdəsindən müvəffəqiyyətlə və böyük ustalıqla gəlmək bacarığı nümayiş etdirdi. Ölkəmizin sistemli şəkildə dünya birliyinə inteqrasiya olunmasında ikitərəfli və çoxtərəfli siyasi münasibətlərin genişlənməsi istiqamətində atılan addımlar mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair 1994-cü il sentyabrın 20-də imzalanmış "Əsrin müqaviləsi" ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı əlaqələrinin dərinləşməsi və beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə güclü təkan verdi. "Əsrin müqaviləsi" və sonrakı illərdə imzalanmış çoxsaylı neft müqavilələri Azərbaycanın dünya birliyinə inteqrasiyasını sürətləndirdi.
Azərbaycanın enerji siyasətinin əsasını təşkil edən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz əsas ixrac boru kəmərlərinin tikintisinə başlandı. Sonrakı illərdə onların işə salınması nəticəsində Azərbaycan nəinki özünün enerji təhlükəsizliyini təmin etdi, eyni zamanda Avropanın enerji təminatında mühüm rol oynamağa başladı. Həmçinin enerji diplomatiyası Azərbaycan dövlətinin beynəlxalq mövqelərini möhkəmləndirdi.
1998-ci il sentyabrın 7-8-də 32 dövlətin və 13 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə tarixi böyük İpək yolunun bərpası üzrə keçirilmiş Bakı beynəlxalq konfransı və onun nəticələri Azərbaycanın qazandığı ən mühüm nailiyyətlərindən biridir.
İlk növbədə Avropa ilə Asiyanın qovşağında çox mühüm və geosiyasi bir ərazidə yerləşən və müstəqilliyini bərpa etmiş Azərbaycanın qonşu dövlətlərlə - Türkiyə, Rusiya, İran, Gürcüstan, Qazaxıstan və Türkmənistan ilə münasibətlərinin inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin əsas prioritet istiqamətlərindən biri oldu. Həmin ölkələrlə münasibətlərdə başlıca məqsəd mehriban qonşuluq və qarşılıqlı əməkdaşlığa əsaslanan ikitərəfli və çoxtərəfli əlaqələr qurmaq idi.
Bununla yanaşı, Azərbaycan dövlətinin xarici siyasətinin əsas istiqamətlərindən biri də Avropa ölkələri ilə münasibətlərin qurulması və inkişaf etdirilməsi idi. Bu baxımdan, xarici siyasətin başlıca məqsədi Azərbaycanı müstəqil dövlət kimi tanıtmaq, beynəlxalq mövqelərini möhkəmləndirmək idi. Bu dövrdə, yalnız ikitərəfli deyil, çoxtərəfli əsasda da fəal xarici siyasət yürüdülərək Azərbaycanın beynəlxalq təhlükəsizlik və əməkdaşlıq sistemində özünəməxsus yer tutması üçün bir sıra mühüm addımlar atıldı.
Azərbaycan Respublikasının xarici siyasət strategiyasının mühüm istiqamətlərindən biri beynəlxalq təşkilatlara hərtərəfli əməkdaşlıq etməkdir. Bunun başlıca səbəbi ondan ibarətdir ki, Azərbaycan Respublikası beynəlxalq təşkilatlarla əməkdaşlığı bütövlükdə ümumi təhlükəsizliyə, iqtisadi inkişafa və demokratiyaya dəstək verəcək vasitə kimi görür.
Azərbaycanın beynəlxalq təşkilatlara üzv olması ilə yanaşı, onların işlərində fəal surətdə iştirak etməsi və səmərəli əməkdaşlıq ölkəmizin problemlərini dünya ictimaiyyətinə çatdırmaq üçün mühüm əhəmiyyət kəsb edir. Məhz buna görə də dünya birliyinə bərabərhüquqlu üzv kimi daxil olmağa çalışan və müstəqilliyinin ilk addımlarını atan, eləcə də Ermənistanın hərbi təcavüzü nəticəsində ərazi bütövlüyü pozulmuş Azərbaycan Respublikasının xarici siyasətində dünya birliyinə inteqrasiya, ikitərəfli və çoxtərəfli münasibətlər, o cümlədən beynəlxalq və regional təşkilatlarla əlaqələrin yaradılması və inkişaf etdirilməsi Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin başlıca istiqamətlərindən birini təşkil etmişdir.
Ümummilli Lider Heydər Əliyev xarici siyasət xəttində beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi məsələlərinə çox böyük diqqət yetirirdi. Bu baxımdan 1994-cü il mayın 4-də Heydər Əliyevin "Sülh naminə tərəfdaşlıq" proqramının çərçivə sənədini imzalaması Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi istiqamətində atılan mühüm addımlardan biri oldu.
Bununla yanaşı, Ulu Öndərin BMT Baş Məclisinin sessiyalarında və digər yüksək səviyyədə keçirilən müxtəlif iclaslarda və çoxsaylı görüşlərdə bu əlaqələr inkişaf etdirildi. Azərbaycan dövlətinin başçısı kimi ilk dəfə Ümummilli Lider 1994-cü il sentyabrın 29-da BMT Baş Assambleyasının 49-cu sessiyasında çıxış edərək, bu universal beynəlxalq təşkilatın tribunasından ölkəmizin bir çox məsələləri ilə bağlı, xüsusilə Ermənistanın Azərbaycana təcavüzü haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırdı. 1995-ci il oktyabrın 22-də BMT-nin 50 illik yubileyi ilə bağlı keçirilən Baş Məclisinin xüsusi təntənəli iclasında çıxış edən Heydər Əliyev bu qurumun yüksək kürsüsündən dünya dövlətlərinə müraciət edərək, mövcud qlobal problemlərə dair Azərbaycan dövlətinin prinsipial mövqeyini açıqlamış, xüsusilə Ermənistanın təcavüzünün aradan qaldırılması ilə bağlı təcili tədbirlərin görülməsinə və beynəlxalq səylərin artırılmasına çağırmışdır.
2000-ci ilin sentyabrında BMT-nin minilliyin sammitində çıxış edən Ulu Öndər Heydər Əliyev dünyada sülhün və təhlükəsizliyin qorunmasında əsas missiyanı öz üzərinə götürmüş bu beynəlxalq təşkilatın kürsüsündən Azərbaycanın mövqeyini bir daha dünyaya bəyan etmiş, bəşəriyyətin üzləşdiyi problemlərin həllində BMT-nin fəaliyyətini daha da gücləndirmək məqsədilə təşkilatda islahatların aparılmasının zəruriliyini vurğulamışdır.
1996-cı il aprelin 22-də Lüksemburqda Avropa İttifaqı və Azərbaycan Respublikası arasında ticarət, sərmayə, iqtisadiyyat, qanunvericilik, mədəniyyət, immiqrasiya və qeyri-qanuni ticarətin qarşısının alınması sahəsində əməkdaşlığı nəzərdə tutan "Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi" imzalanmışdır. Bu müqavilənin imzalanması Azərbaycanın xarici siyasətinin ən uğurlu səhifələrindən biri kimi qiymətləndirilir. Dövlətimiz və xalqımız üçün mühüm tarixi əhəmiyyət kəsb edən bu müqavilə Azərbaycanın Avropa strukturları və institutları ilə əlaqələrinin genişlənməsi, xüsusilə inteqrasiya istiqamətində hüquqi baza rolunu oynayır. Hazırda Azərbaycan Respublikası ümumavropa sisteminə inteqrasiya olunmaqla yanaşı, qitənin təhlükəsizlik arxitekturasına öz töhfəsini verərək Avropa ölkələrinin enerji təchizatının təmin olunmasında çox mühüm rol oynamaqdadır.
Ümumiyyətlə, Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illərdə respublikamız üçün həlledici illər olmuşdur. Məhz həmin illərdə dövlətçiliyimizin möhkəm təməli qoyulmuşdur. O illərdə Azərbaycanın xarici siyasətlə bağlı strateji xətti müəyyən edilmiş, ölkəmiz dünya birliyinə qovuşmuşdur. Azərbaycanın beynəlxalq təşkilatlara üzv olmaqla yanaşı, onların işlərində müntəzəm, eləcə də fəal surətdə iştirak etməsi səmərəli əməkdaşlığımız, ölkəmizin problemlərini dünya ictimaiyyətinə çatdırmaq üçün mühüm əhəmiyyət kəsb etmişdir.
1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edilmiş, siyasi sistem möhkəmləndirilmiş və ölkəmizin uğurlu inkişafı üçün möhkəm zəmin yaradılmışdır. Bu illər ərzində görülmüş işlər ölkəmizin uğurlu inkişafını şərtləndirmişdir. Həmin dövrdə başlanmış layihələr bu gün çox uğurla davam etdirilir.
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla inkişaf etdirən Prezident İlham Əliyevin yüksək diplomatik istedadı sayəsində son 20 il ərzində ölkəmizin dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri keyfiyyətcə yeni müstəvidə daha da inkişaf etdirilir. Nəticədə Azərbaycan yalnız beynəlxalq regionda gedən proseslərdə deyil, eyni zamanda beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanmışdır.
Prezident İlham Əliyevin 2019-cu il oktyabrın 3-də "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısı kimi mühüm beynəlxalq platformada qətiyyətlə söylədiyi "Qarabağ Azərbaycandır və nida işarəsi" devizi bir ildən sonra, xüsusilə 44 gün ərzində reallığa çevrildi.
İkinci Qarabağ müharibəsinin 44 günü ərzində dövlətimiz, beynəlxalq hüquq prinsiplərini, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək hüququndan istifadə edərək uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarımızı şərtləndirdi. Azərbaycan dövləti oktyabrın 4-də Cəbrayıl şəhərinin, 17-də Füzuli şəhərinin, 20-də Zəngilan şəhərinin, 25-də Qubadlı şəhərinin işğalçılardan azad olunması ilə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan 874 və 884 saylı qətnamələrini özü icra etdi.
Azərbaycanın hərbi-diplomatik qələbəsi ilə nəticələnən 44 günlük İkinci Qarabağ müharibəsinin nəticəsində noyabrın 20-də Ağdamın, həmin ayın 25-də isə Kəlbəcərin işğaldan azad edilməsi noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müvafiq maddəsinin yerinə yetirilməsini, eləcə də münaqişənin hərbi-siyasi həllini müəyyənləşdirdi. Bununla yanaşı, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi nəticəsində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan, eləcə də işğalçı qüvvələrin Azərbaycan Respublikasının Kəlbəcər və Ağdam rayonlarından çıxmasını nəzərdə tutan 822 və 853 saylı qətnamələr də məhz Azərbaycanın şərtləri ilə icra edildi.
2020-ci il noyabrın 8-i isə tariximizə ən şanlı gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın baş tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə ciddi təsir göstərdi.
Üçtərəfli Bəyanatın müvafiq maddəsinə əsasən, Ermənistan silahlı qüvvələrinin 2020-ci il dekabrın 1-dən Laçın rayonundan çıxması Azərbaycanın hərbi-diplomatik uğurlarının nəticəsi kimi qiymətləndirildi.
Bu baxımdan qeyd etmək lazımdır ki, Azərbaycanın milli maraqlarını uca tutan, Prezident İlham Əliyevin prinsipial mövqeyi hərb, diplomatiya meydanında olduğu kimi, informasiya savaşında da uğurlarımızı şərtləndirirdi və İkinci Qarabağ müharibəsində tarixi Qələbənin əsası qoyuldu.
2023-cü il sentyabrın 19-20-də Azərbaycan apardığı lokal antiterror tədbirləri nəticəsində həm ərazi bütövlüyünü, həm də suverenliyini bərpa edərək Cənubi Qafqaz regionunda sülhün bərqərar olması üçün əsaslı zəmin yaratdı. 2023-cü il oktyabrın 15-i daha bir şərəfli gün kimi tarixə düşdü. Ali Baş Komandan, Prezident İlham Əliyev Ağdərədə, Xocalıda, Əsgəranda, Xocavənddə və Xankəndidə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.
Hazırda Azərbaycanın qlobal miqyasda qazandığı uğurlar və tarixi nailiyyətlər ölkə daxilində milli birliyin təmin olunmasına, dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə təkan vermiş, xüsusilə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı daha da ruhlandıraraq ölkəmizin milli maraqları ətrafında sıx birləşməsinə zəmin yaratmışdır.
Bütün bunlar onu deməyə əsas verir ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kursu Prezident İlham Əliyevin çox uğurla davam və inkişaf etdirməsi, eləcə də dinamik, çoxşaxəli və milli maraqlara əsaslanaraq həyata keçirilən xarici siyasət nəticəsində Azərbaycanın çox böyük uğurlara imza atması ölkəmizin dünya birliyində mövqelərinin yüksəlməsini təmin etmişdir.
Elçin ƏHMƏDOV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Qarabağ İrsini Araşdırma Mərkəzinin rəhbəri, professor, siyasi elmlər doktoru