Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində onun siyasi və ideoloji irsinə yenidən nəzər salmaq həm tarixi yaddaşın qorunması, həm də müasir Azərbaycan dövlətçiliyinin mahiyyətinin dərindən anlaşılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu gün ölkəmizdə müşahidə olunan sabitlik, ardıcıl inkişaf və milli həmrəylik onun tərəfindən müəyyən edilən uzaqgörən strateji baxışın, böyük siyasi iradənin və sistemli dövlət quruculuğu siyasətinin nəticəsidir.
Bu reallıq Azərbaycan dövlətçiliyinin müasir modelinin məhz Heydər Əliyev irsi ilə bağlı olduğunu bir daha təsdiqləməklə, onun dövlətçilik konsepsiyasının da ölkəmizin milli- mənəvi dəyərlər sisteminə söykənməsi ilə fərqlənir.
Onun yanaşmasında dövlət həm idarəetmə mexanizmi, həm də milli kimliyin, tarixi yaddaşın və mənəvi dəyərlərin qoruyucusu və daşıyıcısıdır. Ulu Öndər dövlət quruculuğunu müstəqilliyini yenicə bərpa etmiş ölkə üçün yalnız vacib struktur və institutların formalaşdırılması kimi deyil, həm də daha çox milli ruhun dirçəldilməsi, tarixi yaddaşın bərpası və gələcəyə inamın möhkəmləndirilməsi kimi dəyərləndirirdi.
Bu yanaşma məticəsində ölkəmiz üçün vacib tarixi anlarda dövlət quruculuğu prosesi ilə milli özünüdərk arasında üzvi əlaqə yaradılmış, cəmiyyətin ideoloji əsasları möhkəmləndirilmiş, milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdi.
Azərbaycan dilinin inkişafı, mədəni irsin qorunması, tarixi şəxsiyyətlərin obyektiv qiymətləndirilməsi, milli-mənəvi sərvətlərin gələcək nəsillərə ötürülməsi bu siyasətin əsas istiqamətlərini təşkil etmişdi. Bu addımlar tarixi keçmişimizə ehtiramla yanaşı, həm də gələcəyin bu möhkəm ideoloji təməllər üzərində qurulması üçün münbit ictimai və siyasi mühitin formalaşdırılması ilə də sıx bağlıdır.
Təsadüfi deyildir ki, onun rəhbərliyi dövründə Azərbaycanda siyasi plüralizmin institusional əsasları yaradılmış, müxtəlif siyasi qüvvələrin sərbəst fəaliyyəti üçün hüquqi zəmin təmin olunmuşdu. Siyasi partiyaların ictimai-siyasi proseslərdə iştirakı təşviq edilmiş, cəmiyyətdə fikir müxtəlifliyi və dialoq mədəniyyəti formalaşdırılmışdı. Bu yanaşması ilə də Ulu Öndər sübut edirdi ki, cəmiyyət və dövlət həyatına müxtəlif baxışların mövcudluğu inkişafın və sağlam ictimai dinamikanın mühüm şərtidir.
Heydər Əliyev cəmiyyətin siyasi və sosial həyatında tarazlığı qorumağı bacaran lider idi. O, sabitliklə inkişaf, milli maraqlarla demokratik dəyərlər arasında incə balans yaratmağı yaxşı bacarırdı. Bu balans bu gün də Azərbaycanın dayanıqlı inkişaf modelinin əsas sütunlarından biri kimi çıxış edir.
Onun siyasətində mühüm yer tutan istiqamətlərdən biri də dini və etnik müxtəlifliyin qorunması, tolerantlıq mühitinin inkişaf etdirilməsi idi. Azərbaycanda tarixən mövcud olan multikultural ənənələr onun rəhbərliyi dövründə dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrildi. Müxtəlif din və konfessiya nümayəndələrinin sərbəst fəaliyyəti üçün yaradılan şərait, dini etiqad azadlığının təmin olunması və qarşılıqlı hörmətə əsaslanan münasibətlər bu siyasətin konkret təzahürləridir.
Bu gün Azərbaycan dünyada multikulturalizm və tolerantlıq nümunəsi kimi tanınırsa, bunun ideoloji və siyasi əsası məhz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Müasir dünyada dini və etnik ziddiyyətlərin artdığı bir vaxtda Azərbaycan modeli sabitliyin, qarşılıqlı anlaşmanın və birgəyaşayış mədəniyyətinin mümkünlüyünü və vacibliyini nümayiş etdirir. Bu isə təkcə siyasi uğur deyil, həm də böyük mənəvi nailiyyətdir.
Heydər Əliyevin ideoloji irsində xüsusi yer tutan azərbaycançılıq məfkurəsi bu proseslərin ideoloji çərçivəsini təşkil edir. Bu məfkurə müxtəlif etnik, dini və sosial qrupları vahid məqsəd ətrafında birləşdirən güclü inteqrativ platformadır. Azərbaycançılıq dövlətə sədaqət, milli maraqların üstün tutulması və vətəndaş həmrəyliyi kimi prinsipləri özündə birləşdirir.
Tarixi baxımdan bu ideologiya Azərbaycanın mürəkkəb geosiyasi şəraitdə öz müstəqilliyini qoruyub saxlamasında mühüm rol oynamışdır. Bu gün isə o, milli birliyin, ictimai sabitliyin və dövlətin dayanıqlığının əsas ideoloji dayağı kimi çıxış edir. Bu məfkurə insanları birləşdirir, onları ortaq məqsədlər uğrunda səfərbər edir və milli həmrəyliyi gücləndirir.
Müasir dövrdə qloballaşma, rəqəmsallaşma və informasiya mühitinin transformasiyası yeni çağırışlar yaradır. Bu çağırışlar fonunda milli dəyərlər sisteminin qorunması daha da aktuallaşır. Belə bir şəraitdə Heydər Əliyevin müəyyən etdiyi ideoloji xətt xüsusi əhəmiyyət kəsb edir. Bu xətt yalnız qoruyucu deyil, həm də inkişaf üçün istiqamətverici funksiyanı yerinə yetirir.
Bu gün Azərbaycanda həyata keçirilən sosial və humanitar siyasət mühüm ideoloji əsaslara söykənir. Bunlar ilk növbədə ailə institutunun möhkəmləndirilməsi, qadınların ictimai-siyasi həyatda fəallığının artırılması, gənc nəslin milli ruhda tərbiyəsi kimi istiqamətlər olmaqla, dövlət həyatında mühüm yer tutur. Bu sahələrdə həyata keçirilən rəsmi dövlət siyasəti cəmiyyətin dayanıqlı inkişafını təmin edən mühüm amillər kimi çıxış edir.
Heydər Əliyev irsinin mühüm istiqamətlərindən biri və birincisi də sadalanan əsaslar üzərində insan kapitalının inkişafıdır. Bu isə özü-özlüyündə mövcud təhsil sisteminin modernləşdirilməsi, elmi potensialın gücləndirilməsi və peşəkar kadrların hazırlanması ilə müşaiyət olunan siyasəti müəyyən etməklə Azərbaycanın inkişafında həlledici rol oynayır. Hazırda bu siyasətin nəticəsi olaraq formalaşan insan resursları ölkənin gələcəyini müəyyən edən əsas qüvvəyə çevrilmişdir.
Onun formalaşdırdığı idarəetmə modeli isə birmənalı olaraq hüquqi dövlət və vətəndaş cəmiyyəti prinsiplərinə əsaslanır. Qanunun aliliyi, insan hüquq və azadlıqlarının qorunması, dövlət-vətəndaş münasibətlərində qarşılıqlı etimadın təmin olunması bu modelin əsas xüsusiyyətləridir. Bu yanaşma cəmiyyətdə sabitliyin, sosial ədalətin və ictimai harmoniyanın bərqərar olmasına xidmət edir.
Bu strateji kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi, iqtisadi inkişafın sürətlənməsi, regionda lider dövlətə çevrilməsi bu siyasətin real nəticələridir.
Eyni zamanda milli dəyərlərin qorunması və inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalır. Mənə görə daha aydın bir termin axtarışında bu ilk növbədə "Heydər Əliyevçilik"- yəni "azərbaycançılıq" kimi bir siyasi anlayış olmaqla, bir həyat tərzi, düşüncə sistemi və mənəvi meyardır.
Bu anlayışın ehtiva etdiyi prinsiplər isə dövlətə bağlılıq, milli maraqlara sədaqət, sosial məsuliyyət və vətəndaşlıq borcu olmaqla, cəmiyyətin inkişaf istiqamətləri arasında tarazlığı təmin edən əsas dayaqlar kimi çıxış edir.
Bu gün qarşıya çıxan çağırışlar - informasiya müharibələri, ideoloji təsirlər və sosial dəyişikliklər - bu ideologiyanın daha da aktuallaşdığını göstərir. Heydər Əliyevin müəyyən etdiyi ideoloji çərçivə həm cəmiyyəti qoruyan sipər, həm də gələcəyə aparan yol xəritəsi kimi çıxış edir.
103-cü ildönümü ərəfəsində bu irsə müraciət edərkən bir daha aydın olur ki, Heydər Əliyevin formalaşdırdığı dövlətçilik ideologiyası siyasi, sosial və mənəvi komponentlərin vəhdətinə əsaslanır. Bu vəhdət Azərbaycanın gücünün, sabitliyinin və inkişafının əsasını təşkil edir.
Nəticə etibarilə, Heydər Əliyevin irsi yalnız keçmişin mirası deyil - o, bu günün reallığı və gələcəyin yol xəritəsidir. Bu irs yaşadıqca, inkişaf etdikcə Azərbaycan da güclənəcək, milli dəyərlər və dövlətçilik ideologiyası isə bu inkişafın sarsılmaz təməli olaraq qalacaqdır.
Bahar MURADOVA,
siyasi elmlər üzrə fəlsəfə doktoru