05 Oktyabr 2024 09:05
2257
Təhsil
A- A+
Mənim Musa müəllimim

Mənim Musa müəllimim


Onu son dəfə görəndə qəhər məni elə boğdu ki, heç yaxınlaşıb görüşə də bilmədim... 

Artıq saçları çallaşmış, alnında, üzündə qırışların dərin iz buraxdığı bu nurani insana - vaxtilə Azərbaycan dili və ədəbiyyat müəllimim olmuş Musa (Musasoltan) müəllimə baxanda məcburi köçkünlük, məktəb illərim, o zaman yaşadığım acılı-şirinli günlər hamısı bir-bir gözlərimin önündən kino lenti kimi ötüb keçməyə başladı...

1993-cü ildə Kəlbəcər rayonunun Sınıqkilsə (indi Hacıkənd) kəndindən didərgin düşərək Qobustan şəhərinə (o zaman Mərəzə qəsəbəsi) sığınmışdıq. Həmin vaxt cəmi 10 yaşım vardı və yurdumuzdan ayrı düşməyin, didərginlik həyatının mənəvi çətinliklərini bəlkə də o qədər dərindən dərk etmirdim. Amma uşaq olsam da, həmin illərin maddi sıxıntılarını iliyimə qədər hiss etdiyim sözsüz idi...

İstər aclıq, geyim yoxluğu, istərsə də məktəbdə yazı yazmağa qələm belə tapmamağım olsun...

5-ci sinfə A.O.Çernyayevski adına Mərəzə qəsəbə tam orta məktəbində (indi Qobustan şəhər 1 saylı tam orta məktəb) getdim. Təbii ki, ölkənin mərkəzinə yaxın yerləşən bir ərazidəkiylə ucqar dağ kəndindəki yaşam bir olmadığı üçün psixoloji anlamda çox problemlər yaşayırdım. Burada istər-istəməz ləhcə, geyim... fərqi özünü qabarıq büruzə verirdi. O zaman 10 yaşlı bir uşaq sinifdəki 20-25, məktəbdəki yüzlərlə uşağa qarşı necə psixoloji savaş verə bilərdisə, mənim də o qədərinə gücüm çatırdı... 

Yadımdadır, hətta ayaqqabım cırıq olduğu üçün lövhəyə çıxmayım deyə öyrəndiyim dərsi belə bilmədiyimi söylədiyim anlar olub... Mənə elə gəlirdi ki, lövhəyə çıxanda bütün uşaqlar ayaqqabımın cırıq olduğunu görüb güləcəklər... 

Parta bir növ sığınacağım idi... O qədər olurdu ki, partaya başımı qoyub heç kimə bildirmədən göz yaşı tökürdüm... Belə anlarda müəllimlərimi, sinif yoldaşlarımı, məktəbimi, çantamı,  kitab-dəftərimi qoyub gəldiyim Kəlbəcər, kəndimiz  üçün daha çox darıxırdım...

Ancaq bu mənəvi problemləri mənə dərs deyən Sabir, Səmid, Hüriyyə, Rəna, Nazilə, Yaxşıxanım, Sevinc, Ülviyyə (tarix müəllimi), Xuraman, Firuzə, Tərlan və digər adlarını çəkmədiyim dəyərli müəllimlərim sayəsində çox tezliklə aşa bildim. Yeni mühitə uyğunlaşmağımda, həyata tutunmağımda ələlxüsus Azərbaycan dili və ədəbiyyat müəllimim Musa müəllimin müstəsna rolu oldu. Elə onun sayəsində də ədəbiyyata vurğun oldum...  


Görkəmli nəslin nümayəndəsi 


Musasoltan Mustafa oğlu Eyyubov 1954-cü il iyun ayının 5-də Qobustan şəhərində anadan olub. İbtidai məktəbə Qobustan rayonunun Göylər kəndində gedən M.Eyyubov 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (indi BDU) Şərqşünaslıq fakültəsinin Ərəb dili şöbəsinə daxil olub. İlk əmək fəaliyyətinə 1977-ci ildə A.O.Çernyayevski adına Mərəzə qəsəbə tam orta məktəbində başlayıb və üç il həmin məktəbdə Azarbaycan dili və ədəbiyyat fənnini tədris edib. 1980-1982-ci illərdə Liviyada tərcüməçi işləyib. Vətənə dönəndən sonra yenə adıçəkilən məktəbdə müəllimlik fəaliyyətini davam etdirib. Yüksək müəllimlik bacarığı, pedaqoji səriştəsinə görə onun iş təcrübəsi rayonda öyrənilib, pedaqoji ustalığı "Baş müəllim" adına layiq görülüb. M.Eyyubov Azərbaycan müəllimlərinin VII qurultayının nümayəndəsi olub. Prezidentin sərəncamına əsasən, respublikanın Əməkdar müəllimi fəxri adına layiq görülb. 

Musasoltan Eyyubov həm də Azərbaycanda tanınmış bir nəslin nümayəndəsidir. O, Azərbaycanda böyük hörmətə sahib olan, ocağı ziyarətgaha çevrilən  övliya Şıx Eyyub babanın nəslindəndir. Tədqiqatçılar yazırlar ki, haşimilər nəslindən olan Şıx Eyyub babanın şəcərəsi Məhəmməd Peyğəmbərin əmisi Həzrət Həmzəyə bağlanır. 


Şagirdlərinin gözündə özünəməxsus obrazı var idi...


Adı Musasoltan olsa da, biz ona sadəcə Musa müəllim deyərdik... Elə bir şagird yox idi ki, onun dərsini səbirsizliklə gözləməsin. Hətta ən zəif oxuyan uşaqlar da ədəbiyyat və Azərbaycan dili fənlərini yaxşı oxumaq üçün böyük səy göstərirdilər. Dəcəl şagirdlərin çox olduğu hay-küylü sinfin uşaqları da onun dərsində "quzu balası"na dönür, cınqırlarını da çəkmədən dərsə qulaq asırdılar. 

Musa müəllimin şagirdlərinin gözündə özünəməxsus obrazı var idi. Arıq, ucaboylu, qarasaçlı, nurani üzlü, təmkinli, ən əsası ciddi xarakterli bu gənc müəllim elə bil sirli bir qüvvəyə malik idi. Kiçik-böyük fərq etməzdi, sanki hər kəs ona hörmət etməyi özünün mənəvi borcu sanardı. Təkcə biz şagirdlərin yox, bütün məktəb kollektivinin, müəllim yoldaşlarının, el-obanın böyük hörmətini, sevgisini qazanmış əsl insani keyfiyyətlərin daşıyıcısı olan şəxsiyyət idi Musa müəllim...

Qocaman müəllim indi şagirdləri, el-obası tərəfindən necə böyük ehtiram görürsə, 20-30 yaşlarında da o hörməti qazanırdı. Gənc olsa da, hər zaman Qobustan camaatının ağsaqqallarından biri sayılırdı. Dərin zəkası, biliyi, savadı, zəhmətkeşliyi, insanpərvərliyi idi Musa müəllimi insanların gözündə bu mərtəbəyə qaldıran... Tam məsuliyyətlə deyə bilərəm ki, bu günə qədər kimsə deyə bilməz ki, Musa müəllimi nə zamansa hirslənən, kiməsə qarşı səsini qaldıran görüb. Yumşaq, həlim xasiyyətli, yuxa ürəkli Musa müəllim, - bəzən deyirlər filankəs bir qarışqanı da incitməz, - bax elə insanlardandır... 

İndi necə deyərlər, əldə çıraq gəzdiyimiz müəllim nüfuzuna malik idi Musa müəllim... 


"Xatirələr cığırıyla"


Məktəbdə ən sevdiyimiz kabinet, heç şübhəsiz Azərbaycan dili və ədəbiyyatı otağı idi. Bu kabinet Musa müəllimin özünəməxsus səliqə-sahmanı ilə diqqət çəkirdi. Dərs otağının divarlarında klassik yazıçı və şairlərimizin portretləri sıralanmış, hər birinin altında isə müdrik sözlər, qəzəllərdən parçalar Musa müəllim tərəfindən əsl xəttatlıq istedadı ilə yazılmışdı (onun özünün də şeir yazmaq qabiliyyəti var). Kitab rəflərində dünya ədəbiyyatından, yerli ədəbiyyatdan seçmələr cərgələnmişdi. O bu kitabları şagirdlərinə həvəslə verərdi ki, aparıb oxuyaq. Dəyərlərimizə, adət-ənənələrimizə böyük önəm verən Musa müəllim bizə milli bayramlarımızın, anım  və tarixi günlərimizin əsl mahiyyətini başa salırdı. 

Onun dərs keçmə metodu da tam fərqli idi. Bir də görürdün ki, hansısa müəllimimiz gəlməyəndə Azərbaycan dili və ədəbiyyatı otağında Musa müəllim iki sinfə bir yerdə dərs deyərdi. Bax bu, əsl bayram olardı şagirdlər üçün... Müəllimimiz, adətən, biliyimizi əyləncəli yolla sınağa çəkməyi sevərdi. Lövhədə krosvord yazar və tutaq ki, hansısa yazıçının əsərini, ya hansısa əsərdəki obrazın adını soruşardı. Sinifdə bir bilik yarışı, bir rəqabət olardı ki, gəl görəsən...

Musa müəllim xasiyyətcə ciddi olsa da, özünəxas yumor hissi, satirik zarafatları da vardı. Yaxşı lətifələr danışardı. Müəllimimizin bu zarafatlarına gülməkdən uğunub getdiyimiz anlar da çox olub... Bayram şənliklərində biz şagirdlərini başına yığıb  "Kəndimiz" mahnısına necə ağıryana oynaması, Nəbi Xəzrinin "Xatirələr cığırıyla" şeirini necə möhtəşəm ifadə ilə söyləməsi gözlərimin önündədir...  


Fədakar pedaqoq 


Məktəb illərindən Musa müəllimlə bağlı o qədər xoş xatirələrim var ki, indi  hansını bölüşəcəyimi bilmirəm. Sadəcə onlardan mənim üçün ən əzizi səhv etmirəmsə, 7-ci sinifdə oxuyarkən atam Qənaət müəllimin ədəbiyyat dərsimdə iştirakı ilə bağlıdır. İndi düşünürəm ki, görünür ədəbiyyat fənnini  yaxşı oxuduğum üçün Musa müəllim  atamdan dərsimdə iştirak etməsini istəmişdi. Həmin gün dərsdə Abbas Səhhətin "Yay səhəri" şeirini təhlil etməli, oradakı arxaik sözlərin mənasını deməli idim... O gün mənim üçün dəyərli iki müəllimin qarşısında imtahandan "əla" çıxmağım, həm atamın, həm də Musa müəllimin razılıqla gülümsəməsini görməyim, həyatımda indiyədək aldığım ən böyük mükafatlardan olub... 

Musa müəllim məcburi köçkün olduğumuz üçün, əmim qızı Bəyistana və mənə xüsusilə həssas yanaşırdı. El-obasından deyildik, amma o heç zaman imkan vermədi ki, özümüzü yad hiss edək. Həmişə böyük inamla deyirdi ki, "Bir gün mütləq Kəlbəcərə dönəcəksiniz..." 

Budur, artıq biz o xoşbəxt günləri yaşayırıq... 

Tam mübaliğəsiz deyirəm ki, geniş və işıqlı, milli ab-havanın hiss olunduğu Azərbaycan dili və ədəbiyyatı kabinetində 45 dəqiqə yox, bəlkə də saatlarla oturub Musa müəllimin izah etdiyi dərsə qulaq asmaqdan heç bir şagird imtina etməzdi... 

Azərbaycanın məcburi köçkünlük problemi ilə üzləşdiyi, torpaqlarının işğal altına düşdüyü, bütün ölkədə maddi problemlərin yaşandığı 1990-cı illərin əvvəllərində təhsil sahəmiz də dərin böhran içərisində idi. Latın qrafikalı dərsliklərə keçildiyi üçün kitab tapmaq çətin idi. Çoxu pulla satılırdı. Bir sinifdə iki, ya da uzağı üç şagirdin dərsliyinin hamısı olardı. Ölkədə ümumi vəziyyət pis olduğu üçün təkcə biz məcburi köçkünlər yox, əksər yerli uşaqlar qələm-dəftər, çanta, geyim çətinliyi çəkirdi...  

Ata-anam müəllim olduğu üçün yaxşı bilirəm ki, o dövrdə  müəllimlərin də məvacibləri çox az idi. Maaşları on günlərlə gecikirdi... 

Müəllim ailələrindəki bu sosial sıxıntılara baxmayaraq, Musa müəllim bizə təmənnasız olaraq dərsdən əlavə məşğələlər keçirdi, əlindən gələn qədər çalışırdı ki, şagirdlərinə bilik öyrətsin. O zamanlar rayonda qaz olmadığı, odun, ümumiyyətlə, yanacaq tapılmadığı üçün qış fəslində məktəblərə getmək həm şagirdlər, həm də müəllimlər üçün, sözün əsl mənasında, məşəqqət idi. Amma buz kəsən sinifdə Musa müəllim bizi başına yığıb dərs keçirdi, məşğələləri davam etdirirdi. 

Necə ki çalışdığı məktəbin adını daşıyan böyük ziyalı A.O.Çernyayevski Qori Seminariyasında azərbaycanlı balaların maariflənməsi üçün çətin də olsa ölkəmizi diyar-diyar dolaşıb seminariyaya uşaq topladı, Musa müəllim də o ağır dövrdə fədakarlıqla çalışdı ki, şagirdləri təhsildən uzaq düşməsinlər... 

Bəli, əvvəllər bir sinifdə 40 nəfər uşağa 45 dəqiqə dərs deyib o uşaqları böyük nailiyyətlərə çatdıran müəllimlər var idi.. Amma indi 20-25 uşağa bilik öyrətməyə çətinlik çəkir müəllimlər. 

Əslində, bunun səbəbini həm bilirik, həm də bilmirik...


"Siz hamınız mənə doğma, əzizsiniz" 


Bir keçmiş məcburi köçkün olaraq əgər bu gün hansısa yerə gəlmişəmsə, bu, valideynlərimdən sonra məhz haqqında danışdığım Musa müəllimin üzərimdəki böyük əməyinin, zəhmətinin nəticəsidir. Uşaqlığımın, ümumiyyətlə, həyatımın hər mərhələsində onun izi olub, indi də var...

Əbəs deməyiblər ki, müəllim ikinci valideyndir... Musa müəllim də şagirdlərini övladları qədər sevən müəllimlərdən olub... O bizə təkcə bilik öyrətməyib, həm də həyat dərsi keçib... Düzgünlüyü, xeyirxahlığı, əqidəli olmağı, vətənpərvərliyi aşılayıb...

2000-ci il mayın 25-i - "son zəng" günü XI b sinfinin məzunları olaraq Musa müəllimlə vidalaşdığımız anlarda hamımızın gözlərindən yaş axırdı. Müəllimimizə o qədər bağlanmış, ondan o qədər doğmalıq görmüşdük ki, hətta sual etmişdik ki, o, bizdən sonra gələcək şagirdlərini də bizim qədər çox istəyəcəkmi? 

Uşaq sadəlövhlüyü ilə verdiyimiz bu suala Musa müəllim gülümsəyərək və kövrələrək "bəs necə, sizə qədər də mənim xeyli şagirdlərim olub, onları çox istəmişəm, sizdən sonra da yeni uşaqlar gələcək, onları da çox istəyəcəm. Siz hamınız mənə doğma, əzizsiniz" - cavabını vermişdi.  

Əbəs yerə müəllim həyatını bağbana bənzətmirlər. Onun becərdiyi güllər bizlərik... Hansı peşəyə yiyələnməyimizdən asılı olmayaraq, həyatda qazandığımız bütün uğurlarda müəllimlərimizin əməyi, zəhməti var. Görkəmli şairimiz Bəxtiyar Vahabzadənin dillərdə əzbər olan bu şeirində mükəmməl şəkildə ifadə olunduğu kimi:


Ey hörmətli müəllim,

Hər könüldə yerin var.

Hər kənddə, hər şəhərdə

Sənin meyvələrin var.

* * *

Əkdiyin ağacların

Gülü, çiçəyi solmaz.

Dünyada sənin kimi

Barlı bağban tapılmaz.


50 ilin ziyası


Bu, 70 illik ömrünün 50 ilini çətin və şərəfli müəllimlik peşəsinə həsr etmiş Musa müəllimin örnək pedaqoq həyatına şagirdlərindən biri tərəfindən ötəri baxışdır... Əminəm ki, Musa müəllimlə bağlı hansı şagirdini danışdırsan, dəyərli ziyalı haqqında qat-qat təsirli və nümunə olacaq xatirələri yada salacaq... Onun yaxşı müəllim olduğunu vurğulayacaq... 

Əslində, müəllimin pisi olmur, onların hamısı yaxşıdır və bu gün onların günüdür. Mən də 5 Oktyabr Müəllimlər Günü münasibətilə 70 yaşlı qocaman müəllim Musa Eyyubovun timsalında bütün Azərbaycan müəllimlərini təbrik edirəm. Onların hər birinə şagirdləri tərəfindən daim xoş xatirələrlə anılmağı arzulayıram...

Dünyada əbədiyaşarlığın açarı da elə budur, məncə...

 

Yasəmən QƏNAƏTQIZI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident: Qara dənizin dibi ilə enerji kabelinin texniki əsaslandırma işləri bu yaxınlarda bitəcək  

12:32
12 Noyabr

IRENA-nın baş direktoru: COP29 ən yüksək səviyyədə təşkil olunub  

12:32
12 Noyabr

Prezident: Azərbaycanın başladığı meqalayihələr Avrasiyada enerji və daşımalar yollarını dəyişib  

12:30
12 Noyabr

Prezident İlham Əliyev: COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr arasında konsensusun tapılmasına töhfə verməyə çalışacaq  

12:30
12 Noyabr

Prezident İlham Əliyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir  

12:29
12 Noyabr

Azərbaycanın energetika naziri COP29-da dəstəklənməsi vacib olan təşəbbüsləri açıqlayıb  

12:29
12 Noyabr

Nazir: Bərpaolunan enerjinin 11 min giqavat istehsal gücünə çatdırılması üçün əhəmiyyətli investisiyalara ehtiyac var  

12:27
12 Noyabr

Baş prokuror: COP29 çərçivəsində “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər olunması” adlı sessiya keçiriləcək  

12:26
12 Noyabr

Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilir YENİLƏNİB

12:09
12 Noyabr

İƏT-in Baş katibi Azərbaycana səfərə gəlib  

12:07
12 Noyabr

Baş nazir Əli Əsədov Antiqua və Barbudadan olan həmkarı ilə söhbət edib  

11:49
12 Noyabr

Baş nazir Əli Əsədov Esvatininin Baş naziri ilə görüşüb  

11:39
12 Noyabr

Pərviz Şahbazov: bp ilə yaşıl enerji zonası - Şərqi Zəngəzurda 240 MVt gücündə Günəş elektrik stansiyasının təməli qoyulacaq  

11:36
12 Noyabr

COP29 iştirakçılarına gənclərin iqlim siyasətində roluna dair məruzə təqdim edilib  

11:34
12 Noyabr

Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib  

11:17
12 Noyabr

Nazir Məcnun Məmmədov FAO-nun Baş direktoru Qu Dongyu ilə görüşüb

11:15
12 Noyabr

Azərbaycan, Qazaxıstan və Çin Bakı Limanında yeni İntermodal Yük Terminalının inşası üçün birgə müəssisə yaradıb 

11:13
12 Noyabr

COP29-da neft hasilatının ətraf mühitə təsiri tendensiyasının dəyişməsi mövzusu müzakirə olunub  

11:12
12 Noyabr

Bu gün “Şəfəq” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçiriləcək  

11:11
12 Noyabr

Azərbaycan nefti ucuzlaşıb

11:10
12 Noyabr

COP29: Paris Sazişi hədəflərinə nail olmaq istiqamətində töhfələrə dair panel keçirilib  

11:09
12 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!