Hər zaman öz milli-mənəvi dəyərlərinə sadiq qalan Azərbaycan xalqı onu qoruyaraq nəsildən-nəslə ötürüb. Çünki milli-mənəvi dəyərlər xalqımızın varlığının təcəssümüdür. Ümummilli Lider Heydər Əliyev deyirdi: "Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır, xalqımızın fəaliyyətində formalaşıbdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz".
Xalqımızı dünya xalqları arasında tanıdan məhz əsrlərin sınaqlarından keçərək yaşatdığı, təbliğ etdiyi milli xüsusiyyətlər, özünəməxsus adət-ənənələridir. Malik olduğu qədim milli-mənəvi dəyərlər sistemini Azərbaycan xalqı əsrlər boyu ən qiymətli xəzinəsi, milli şüurun, milli ruhun simvolu hesab edib. Ümummilli Lider bildirirdi ki, bizim xalqımız yüz illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıb və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir.
Soykökündən, tarixindən, milli-mənəvi dəyərlərindən uzaq düşən xalqların və dövlətlərin aqibəti hər zaman acınacaqlı olur. Onlar getdikcə milli mənliklərini, özünəməxsusluqlarını itirir, tamamilə yox olmaq təhlükəsi ilə üzləşirlər. Azərbaycan xalqı isə tarixinin keşməkeşli mərhələlərində belə, mənəviyyatın təntənəsinə xidmət edən dəyərlərini unutmadı. Hətta ateizmi təbliğ edən, öz ideyalarını, qayda-qanunlarını sərt şəkildə həyata keçirən sovet hakimiyyəti illərində insanlarımız öz milli-mənəvi dəyərlərindən, adət-ənənələrindən, dini baxışlarından nəinki uzaqlaşdı, əksinə, onlara daha sıx bağlandılar. Həmin dövrdə bir çox qadağaya baxmayaraq, Azərbaycanda Novruz, Qurban və Ramazan bayramları qeyd edildi. Xalqımız hər zamankı kimi milli və dini əxlaqa söykənərək, xeyirxah işlər görməyi, qohum-qonşulara, maddi yardıma ehtiyacı olanlara əl tutmağı özünə mənəvi borc bildi.
Biz həmişə zəngin milli-mənəvi irsimizi və adət-ənənələrimizi yad təzahürlərdən qoruyub saxlayaraq nəsildən-nəslə ötürmüşük. Heydər Əliyev deyirdi: "Biz heç vaxt öz milli dəyərlərimizi unutmamalıyıq. Onu yaşatmaq, ondan bəhrələnmək, ruhlanmaq həyatımızın əsas istiqaməti, gələcək işlərimizin zəmanətidir".
1990-cı illərdə Azərbaycanın tarixində yeni bir mərhələ başladı. Dövlət müstəqilliyinin bərpasından sonra respublikamızda milli və dini bayramlar geniş qeyd olundu. Ümummilli Lider Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə - 1993-2003-cü illərdə xalqımızın milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin dirçəldilməsi, eləcə də islam mədəniyyəti nümunələri olan məscidlərin, tarixi memarlıq abidələrinin, ziyarətgahların bərpası ilə bağlı təqdirəlayiq işlər görüldü, geniş tədbirlər həyata keçirildi. Qurban bayramının qeyd olunmasını rəsmiləşdirən Heydər Əliyev bu bayramın bəşəri-mənəvi dəyərlərindən insanların faydalanmasının əhəmiyyətini vurğulayaraq dedi: "Müsəlmanların böyük bir təntənə ilə həmrəylik və qardaşlıq rəmzi kimi qeyd etdikləri Qurban bayramı insanlar üçün yüksək bəşəri-mənəvi dəyərlərdən faydalanmaq imkanları yaradır. İslamın insanpərvərlik, mehribanlıq və mərhəmət prinsiplərinə həmişə sadiq qalmış Azərbaycan xalqı tarixinin çətin dövrlərində belə, Qurban bayramını özünün ən əziz günlərindən biri kimi qeyd etmişdir. Dövlət müstəqilliyimizin bərpasından sonra bu günün rəsmi şəkildə bayram edilməsi xalqımızın öz milli və dini ənənələrinə sədaqətinin parlaq ifadəsidir".
Sovet rejimindən dinə qarşı mübarizənin ağır nəticələri qalmışdı. Müstəqilliyimiz bərpa olunanda respublikamızda cəmi 17 məscid var idi. Hətta tarixi abidə sayılan qədim məscidlərimiz, ibadətgahlarımız belə acınacaqlı vəziyyətə salınmışdı. "Dinimiz xalqımızın milli-mənəvi sərvətidir", deyən Heydər Əliyevin müstəqil Azərbaycanın Prezidenti olduğu dövrdə bu istiqamətdə də böyük işlər görüldü. Yüzlərlə məscid, ibadətgah inşa və ya bərpa olundu. Bakının ən böyük məscidi olan Təzəpir, qədim tarixə malik Bibi Heybət məscidlərinin, Mir Möhsün ağanın ziyarətgahının bərpası Ulu Öndərin himayəsi altında həyata keçirildi.
Mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə, milli dəyərlərinə böyük ehtiram və sonsuz sevgi ilə yanaşan Ümummilli Lider milli dəyərlərimizi həm milli varlığımızın, həm də dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirirdi. Vurğulayırdı ki, hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq. Bildirirdi ki, azərbaycanlılar harada yaşamalarından asılı olmayaraq, daim öz milli-mənəvi dəyərlərinə, milli köklərinə sadiq olmalıdırlar: "Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Azərbaycan dövləti müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan bütün azərbaycanlılar üçün əsas ideya olub. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir".
Heydər Əliyev harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlıya xalqımıza xas adət-ənənələrimizi yaşatmağı, təbliğ etməyi, azərbaycançılıq ideologiyasına sadiqliyi tövsiyə edirdi. O, Azərbaycanın böyük, qədim tarixə malik olduğunu vurğulayırdı: "Çoxəsrlik tariximizdə xalqımız bir çox sınaqlardan çıxmış, yaşamış, öz mənliyini itirməmiş, öz milliliyini itirməmiş, dünya sivilizasiyasını zənginləşdirmişdir. Ancaq tarixin müxtəlif mərhələlərində azərbaycanlılar bəzi mərhumiyyətlərə düçar olmuşlar. Ona görə də bütün dünyaya səpələnmiş azərbaycanlıların birliyi, həmrəyliyi indi həm bizim üçün, müstəqil Azərbaycan dövləti üçün, həm də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar üçün xüsusi əhəmiyyət kəsb edir".
Ümummilli Lider xarici ölkələrə səfərləri zamanı soydaşlarımızla görüşlərində onlara: "Bizim hamımızın bir Vətəni var - bu, Azərbaycandır. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır", - deyirdi. Heydər Əliyev milli dəyərlərimizə dərindən bələd idi. O, hər zaman soykökümüzə, tariximizə bağlılıq, adət-ənənələrimizə ehtiramla yanaşmaq, dəyərlərimizi qorumağı, yaşatmağı, gələcək nəsillərə ötürməyi, inkişaf etdirməyi əhəmiyyətli hesab edirdi. Odur ki, Ümummilli Lider gənclərimizin bu ruhda tərbiyə olunmasının vacibliyini önə çəkirdi. Bildirirdi ki, hər xalqın özünə, tarixi kökünə, milli-mənəvi dəyərlərinə bağlılığı vacib şərtdir: "Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhvali-ruhiyyədə, saf əxlaqi əhvali-ruhiyyədə tərbiyələndirməliyik".
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"