Fransanın növbəti uğursuzluq koalisiyası ölkəni təlatümlərə sürükləyir
Milad bayramı ərəfəsində, prezident Emmanuel Makronun 73 yaşlı Fransua Bayrunu baş nazir təyin etməsindən on gün sonra ölkənin yeni hökumətinin tərkibi məlum olub. Hazırkı dövlət başçısının çoxdankı müttəfiqi, mərkəzçi "Demokratik Hərəkat" Partiyasının sədri böyük təcrübəyə malik "ağırçəkililər"dən ibarət nazirlər kabinetini formalaşdırmağa söz vermişdi. Bayru geniş siyasi spektri təmsil edən insanlara ona qoşulmaq imkanı yaratmaq niyyətində idi. Üstəlik, strateji mövqelərə yeni adamlar gətirə biləcəyinə ümid edirdi.
Lakin baş nazir Bayrunun Matinyon sarayında cəmi 90 gün qalan sələfi Mişel Barnyenin səhvlərini nəzərə almaqla bağlı verdiyi bütün vədlər, əslində, xoş niyyətdən başqa bir şey deyilmiş.
Amma bütövlükdə o, heç nəyə nail ola bilmədi. Belə ki, Bayru bir vaxtlar sağ mərkəzçi Respublikaçılar Partiyasının üzvü olmuş Jerald Darmenini xarici işlər naziri postunda görmək istəyib, lakin planı baş tutmayıb. Və sonda prezidentliyə namizəd Jan-Noel Barro XİN-in başında qalıb. Sebastyan Lekornünun rəhbərlik edəcəyi Müdafiə Nazirliyində də eyni mənzərə yaranıb. Guman ki, o, Yelisey sarayının Kiyevə silah tədarükü ilə bağlı göstərişlərini ciddi şəkildə yerinə yetirməkdə davam edəcək və Qərb kontingentlərinin Ukraynaya göndərilməsi mövzusunu qaldıracaq.
Bayrunun komandasına əvvəlki kabinetdən daha 6 nazir, o cümlədən daxili işlər və mədəniyyət nazirləri daxil edilib ki, bu da bir parlamentariyə istehza ilə yeni kabineti "Barnye - bis hökuməti" adlandırmaq imkanı verib. Fransızları təəccübləndirən daha bir yenilik Bayrunun komandasına iki keçmiş baş nazirin daxil olmasıdır. Bunlar siyasi səhnədən çoxdan getmiş sosialist Manuel Vals və 2022-ci ildən 2024-cü ilin yayına qədər hökumətə başçılıq etmiş Elizabet Borndur. Onlar, müvafiq olaraq, xarici ərazilər və milli təhsil nazirləri postlarını tutublar.
Bir sözlə, Bayrunun Matinyon sarayında cəmi 90 gün qalan sələfinin səhvlərini nəzərə almaq üçün verdiyi bütün vədlər, əslində, yaxşı qarşılanmadı. Təbii ki, bu, qəzəbli müxalifətə baş naziri və Makronu tənqid etməyə əsas verib.
Sosialist Partiyasının birinci katibi Olivye For nazirlərin hazırkı seçimini, onun tərəfdaşlarından heç birinin hökumətə dəvət edilməməsi səbəbindən bunu açıq şəkildə "təxribat" adlandırıb. Həm də ona görə ki, yeni təyin olunmuş baş nazir qanunların parlamentdə müzakirə olunmadan qəbul edilməsinə imkan verən 49.3-cü konstitusiya dəyişikliyinə əl atmamaq barədə dəqiq öhdəlik götürməyib. Forun deyir ki, "biz Milad bayramını səbirsizliklə gözləyirdik, amma, əslində, biz Hellouin bayramında gəzən ölülərlə rastlaşdıq".
Milli Assambleyadakı radikal solçu "Yenilməyən Fransa" fraksiyasının lideri Matilda Pano daha sərt çıxış edib. Onun sözlərinə görə, bu kabinetin bir gələcəyi var - etimadsızlıq səsverməsi və buna görə də Bayru yıxılanda kral Makron çılpaq olacaq və onun gedişi qaçılmazdır.
Hətta indiki baş nazirin missiyasına prinsipcə dözümlü olan sağçı "Milli Birlik" partiyası da nazirlərin seçilməsindən narazılıq nümayiş etdirib. Partiya lideri Jordan Bardella, ehtimal ki, Marin Le Penin fikrini ifadə edərək müəyyən istehza ilə deyib: "Təəssüf ki, fransızlara rəhm edilmədi: Bayru "uğursuzluq koalisiyası"nı qurdu".
Parlamentin buraxılmasından və Milli Assambleyaya yay seçkilərindən sonra altı aydır davam edən ən dərin siyasi böhrana hakimiyyətin reaksiya verə bilməməsi fransızları məyus edir. Yerli "Le Figaro" qəzeti hazırkı vəziyyəti yekunlaşdıraraq yazıb: "Makron - Bayru, son şans hökuməti"...
Rizvan CƏFƏROV,
"Azərbaycan"