Bakıda davam edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) beynəlxalq aləmdə böyük maraq var. Dünyanın aparıcı KİV-inin əsas xəbər başlıqlarını COP29-la bağlı ən son məlumatlar bəzəyir. Bəzi televiziyalar və agentliklər Bakıdan canlı bağlantı qururlar.
İtaliyanın aparıcı medialarında Bakıda keçirilən COP29 Liderlər Sammitinin açılış mərasimi ilə bağlı məqalələr yayılıb. "La Reppublica" qəzeti, ANSA, "Rai" informasiya agentlikləri və "Qui Finanza", "3b Meteo", "Venezia Today", "Wired", "Avvenire" kimi portalların yaydığı materiallarda COP29-da iştirak edən müxtəlif ölkələrin dövlət və hökumət başçılarının diqqətinin iqlim dəyişikliyi ilə mübarizəyə yönəldiyini bildirirlər.
"La Reppublica" qəzetinin hazırladığı məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Liderlər Sammitinin açılış mərasimindəki çıxışında COP29-a evsahibliyi edən ölkəmizə ünvanlanan tənqidlərə sərt cavab verdiyi vurğulanır: "Azərbaycan COP29-a ev sahibi seçildikdən dərhal sonra biz əlaqələndirilmiş və yaxşıca təşkil olunmuş qarayaxma və böhtan kampaniyasının hədəfinə çevrildik. Qərbin yalan xəbər mediası, dırnaqarası müstəqil QHT-ləri və bəzi siyasətçiləri sanki ölkəmiz haqqında dezinformasiya və səhv məlumatın yayılmasında yarışa çıxıblar. Neftimizin olmasında bizi ittiham etmək bir növ Bakıda il ərzində 250-dən artıq günəşli günün olmasında bizi suçlamağa bənzəyir".
"Rai" İnformasiya Agentliyində Azərbaycan Prezidentinin təbii sərvətlərin Tanrının bəxş etdiyi hədiyyə olduğunu vurğuladığı bildirilir: "Hər bir təbii sərvət - istər neft, qaz, külək, günəş, qızıl, gümüş və mis - bunların hamısı təbii sərvətlərdir. Ölkələr onların olmasına görə günahlandırılmamalı və bazarda onlara tələbatın olması səbəbindən onları bazara çıxardıqlarına görə suçlanmalı deyillər". Materiallarda Azərbaycan Prezidentinin bu fikirlərinə yer verilib: "Dünyada birnömrəli neft və qaz hasilatçısı olan, Azərbaycandan 30 qat artıq neft hasil edən ölkənin yalan xəbər mediası bizi neft dövləti adlandırır. Yaxşı olardı ki, ən azı onlar özlərinə və Azərbaycandan 10 dəfə artıq neft hasil edən özlərinin qonşuluğundakı ölkəyə baxsınlar".
"Venezia Today" nəşrinin hazırladığı reportajda isə Prezident İlham Əliyevin 2022-ci il enerji böhranından sonra məhz Avropa İttifaqının Azərbaycandan daha çox təbii qaz tədarük etməsini xahiş etdiyini xatırlatdığı qeyd olunur. Yazıda BMT-nin Baş katibi Antonio Quterreşin və Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayevin fikirlərinə də yer verilib. İtki və Zərərlərə Cavab Fondunun 2025-ci ildə həssas ölkələrə maliyyə vəsaitləri ayıracağı bildirilib.
Böyük Britaniyanın məşhur BBC televiziyası da Bakıdan davamlı olaraq canlı yayımlar edir. Eləcə də, tədbirdə səslənən önəmli fikirləri paylaşır. Kanalın son paylaşımında qeyd edilir ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkəsinin "neft dövləti" kimi göstərilməsinə etiraz edir: "Çünki Azərbaycan dünya qazının cəmi 0,1 faizini istehsal edir".
BBC həmçinin xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Keir Starmerin dünya liderlərinin əksəriyyətinin Bakıda toplaşdığı bir vaxtda çıxış edəcəyi gözlənilir: "Sammitdə iştirak edən liderlər, həmçinin dövlətlərin 2015-ci ildə Paris Sazişində müəyyən edilmiş hədəf kimi uzunmüddətli qlobal temperatur artımını 1,50 C-yə qədər necə məhdudlaşdıracaqlarını müzakirə edəcəklər".
Türkiyənin "Akşam" qəzeti "Dünya liderlərinin iqlim zirvəsi" başlıqlı xəbəri manşetdə verib. Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin COP29-un Liderlər Sammitinin açılışındakı nitqi barədə ictimaiyyətə məlumat verilib, sammitin gündəliyindən və Türkiyə Respublikasının liderinin səfər proqramından danışılıb.
"Haber Global" telekanalı tamaşaçıların diqqətini COP29 ilə bağlı Azərbaycana qarşı aparılan dezinformasiya və yalan kampaniyasına cəlb edib. Telekanal Prezident İlham Əliyevin Azərbaycan iqlim sammitinin təşkilatçısı seçilən kimi respublikaya qarşı mütəşəkkil və razılaşdırılmış böhtan kampaniyasına başlanılması barədə fikirlərini efirə verib. Azərbaycanın dövlət başçısı deyib ki, özlərini müstəqil adlandıran bəzi QHT-lər və siyasətçilər sanki Azərbaycan haqqında daha çox yalan və dezinformasiya yaymaq üçün bir-biri ilə rəqabət aparırlar.
"Takvim" qəzetində yer alan "Bakıda zirvə var" adlı məqalədə isə Azərbaycanın erməni işğalından azad edilmiş ərazilərinin bərpası istiqamətində göstərdiyi səylərə, o cümlədən respublikanın bu hissəsində "yaşıl layihə"lərin həyata keçirilməsinə də diqqət yönəldilib. Oxuculara Azərbaycanın iştirakı ilə həyata keçirilən, Avrasiyada enerji və nəqliyyat marşrutlarını dəyişdirən meqalayihələr barədə məlumat verilib. Qlobal müzakirələrin davam etdiyi Bakı Olimpiya Stadionunun ərazisində Türkiyənin dövlət başçısının tədbirlərdə iştirakını əks etdirən şəkillər və videogörüntülər yayımlanıb.
Türkiyənin ekoloji sahədəki səylərinin uğurlu nümunəsi kimi Türkiyə liderinin xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə həyata keçirilən "Sıfır Tullantı" təşəbbüsündən də bəhs edilib.
Azərbaycanda keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası Səudiyyə Ərəbistanının media qurumlarının diqqət mərkəzindədir.
Krallığın Londonda nəşr olunan "Əş-Şərq Əl-Ausət" qəzetində "COP29-un müəyyən edilmiş Prezidenti: Biz ədalətli iqlim ambisiyaları və davamlı maliyyələşdirməni hədəfləyirik... və Səudiyyə Ərəbistanının səylərini yüksək qiymətləndiririk" başlıqlı məqalə dərc olunub. Məqalədə vurğulanıb ki, COP29-un prezidenti Muxtar Babayev ambisiyaları artırmaq, 1,5 dərəcə hədəfinə nail olmaq və iqlim dəyişmələrinə qarşı fəaliyyətə imkan yaratmaq üçün konfransın aydın baxışa malik olduğunu diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan rəsmisi Səudiyyə Ərəbistanının kritik iqlim problemlərinin həllində səylərini yüksək qiymətləndirib. Qeyd olunub ki, Azərbaycan noyabrın 22-dək davam edəcək COP29 konfransına evsahibliyi edir və burada əsas prioritet iqlimin maliyyələşdirilməsi üçün yeni hədəfin razılaşdırılması olacaq.
Səudiyyə Ərəbistanının nüfuzlu "Ər-Riyad" qəzeti isə oxucularını Almaniyanın xarici işlər naziri Annalena Berbokun açıqlamaları ilə tanış edib. Qəzetin "Dünya liderləri COP29 konfransında toplanırlar" başlıqlı məqaləsində BMT-nin illik iqlim konfransının inkişaf etməkdə olan ölkələrə istixana qazlarının emissiyalarını azaltmaq və iqlim dəyişikliyinə uyğunlaşmaq üçün yeni maliyyə yardımının hədəflənməsi ilə yekunlaşmalı olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, yeni hədəf 2009-cu ildə qarşıya qoyulan və 2022-ci ildə çətinliklə reallaşdırılan yüz milyard dollarlıq hədəfi əvəz edəcək.
Məqalədə Bakıda qəbul ediləcək qərarların iqlim dəyişikliyi ilə mübarizəyə və 1,5°C həddinə riayət olunmasına əhəmiyyətli dərəcədə təsir göstərə biləcəyi bildirilib. Qeyd olunub ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok qlobal istiləşmə nəticəsində yaranan ciddi təhlükələr barədə xəbərdarlıq edib.
COP29 Liderlər Sammitinin açılış mərasimi və Prezident Rəcəb Tayyib Ərdoğanın qlobal müzakirələrdə iştirakı Türkiyə mediasında mərkəzi mövzulardan biri olaraq qalır. Türkiyədəki telekanalların, qəzetlərin və xəbər qaynaqlarının gündəmi məhz bu məsələlərə həsr olunub.
Qazaxıstanın "Akorda.kz" portalı isə xəbər verir ki, ölkə Prezidenti Kasım-Jomart Tokayev Bakıda COP29 Dünya İqlim Sammiti çərçivəsində nümayəndə heyətlərinin rəhbərləri ilə qısa görüşlər keçirib: "O, Böyük Britaniyanın Baş naziri Kir Starmer, BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan, Moldova Prezidenti Maya Sandu, Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Tacikistan Prezidenti Emoməli Rəhmon və digər yüksəkvəzifəli şəxslərlə danışıb". Qeyd edilib ki, görüşlər zamanı müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, qlobal iqlim gündəliyindəki məsələlər, o cümlədən beynəlxalq strukturlar çərçivəsində qarşılıqlı fəaliyyət müzakirə edilib.
Belarusun "Belta" Agentliyi xəbər verir ki, Bakıda keçirilən COP29 sammitində Belarus Prezidenti Aleksandr Lukaşenko iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal fəaliyyət təkliflərini səsləndirib. Prezident bəyan edib ki, iqlim dəyişib və bu, artıq faktdır: "Ona görə də əsas vəzifə milli iqtisadiyyatların, ilk növbədə, kənd təsərrüfatının dəyişmiş şərtləri nəzərə alaraq yenidən konfiqurasiya edilməsi, yeni şəraitə uyğunlaşdırılmasıdır".
Aleksandr Lukaşenko vurğulayıb ki, Belarus bu mövzuda fəal iştirak edir və öz təcrübəsini bölüşməyə hazırdır. Dövlət başçısı inkişaf etməkdə olan ölkələrin milli maraqlarına xələl gətirmədən "yaşıl texnologiya"lara bərabər çıxış əldə etmələrinə kömək göstərməyə çağırıb.
Tacikistanın məşhur "Centralasia.news" portalında yayımlanan məqalədə qeyd edilib ki, Azərbaycanın paytaxtında dünyanın 196 ölkəsinin nümayəndələrini bir araya gətirən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası öz işinə başlayıb. COP29 qlobal iqlim siyasətinin müzakirəsi üçün ən nüfuzlu və genişmiqyaslı platformalardan biri kimi özünü təsdiq edib. Konfransda iqlim dəyişikliyinin təsirlərini minimuma endirmək və enerjiyə keçid prosesini sürətləndirmək üçün effektiv həllərin tapılmasına həsr olunmuş bir sıra müzakirələr aparılacaq.
Qeyd edilib ki, cari sessiyanın özəl xüsusiyyəti maliyyənin diqqət mərkəzində olmasıdır - təşkilatçılar tədbiri "maliyyə COP-u" adlandırırlar. Gündəliyin əsas məsələsi iqlim dəyişikliyi ilə mübarizəyə yönəlmiş fəaliyyətlərin maliyyələşdirilməsi üçün yeni qlobal məqsədin müəyyən edilməsi olacaq. Bu qərar beynəlxalq iqlim təşəbbüslərinə maliyyə dəstəyinin həcmini və mexanizmlərini müəyyən etmək üçün nəzərdə tutulub.
Hazırladı:
Elçin CƏFƏROV,
"Azərbaycan"