Noyabrın 11-də ölkəmizin paytaxtı Bakı şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılış mərasimi keçirildi. Azərbaycanın son illər bir çox nüfuzlu beynəlxalq tədbirlərə evsahibliyi etməsi ölkəmizin dünyada artan iqtisadi və siyasi nüfuzunun parlaq göstəricisi və nümunəsidir.
Bu, həm də 44 günlük Vətən müharibəsində ərazi bütövlüyünü və suverenliyini hərbi gücü ilə təmin etmiş Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallığın beynəlxalq birlik tərəfindən qəbulu və etirafıdır. COP29-un ölkəmizdə keçirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin növbəti tarixi uğurudur. Bu tədbir tez-tez keçirilən adi bir konfrans deyil, dünyanın təhlükəsizliyini, gələcəyini müzakirə edəcək böyük nüfuza malik beynəlxalq platformadır.
Dövlət başçımızın dünyada qazandığı bu uğur, bu yüksəliş, bu ucalıq, bu zirvə hamımızı sevindirir. COP29-un Azərbaycanda keçirilməsi indi sadə insanlardan tutmuş ziyalılara qədər hamını qürurlandırır. Başqa cür ola da bilməz, çünki bu, ölkəmizin dünyada tanınmasına, sevilməsinə xidmət edən beynəlxalq əhəmiyyətli bir tədbirdir. Xalq şairi Vahid Əzizlə söhbətimiz də bu barədə oldu. Vahid Əziz dedi ki, bir ziyalı kimi COP29-un Azərbaycanda keçirilməsi məni çox sevindirir. Bu, Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı Zəfərdən sonra dünyada artan gücündən, qüdrətindən xəbər verən tarixi bir hadisədir. Deməli, dünya dövlətləri ölkəmizə böyük maraq və diqqət göstərir. Belə bir əhəmiyyətli tədbirin respublikamızda keçirilməsi həm də Azərbaycan Prezidenti İlham Əliyevin apardığı düzgün beynəlxalq siyasətin təntənəsi və qələbəsidir. Dövlət başçısının durmadan artan və bütün dünyada böyük hörmətlə qarşılanan siyasi nüfuzudur. Dünya dövlətləri görür ki, beynəlxalq tədbirlər keçirmək üçün Azərbaycan bu gün təhlükəsiz bir ölkədir. Azərbaycan İkinci Qarabağ müharibəsində qazandığı uğurları və zəfərləri ilə həm öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, həm də Qafqazda sülh yaratdı. Daim artan gücü, qüdrəti ilə dünyadakı siyasi iqlimi dəyişdi. Ölkəmizə gəlmiş xarici qonaqlar tariximizlə yaxından tanış olanda görəcəklər ki, Azərbaycan xalqı məğrur, yenilməz xalqdır. Azərbaycan güclü, qüdrətli bir dövlətdir.
COP28-dən sonra dünyada bir çox əlamətdar dəyişikliklər baş verib. Bu gün dünya tədricən günəş enerjisinə, eləcə də başqa alternativ enerjilərə keçmək uğrunda mübarizə aparır, yeni yollar axtarır. Bütün diqqətlər bu istiqamətə yönəldilir. Çin kimi iri dövlətlər öndə gedərək istehsalını, iqtisadiyyatını alternativ enerjilər üzərində qurmağa çalışır. Azərbaycan da bu məsələdə başqa ölkələrə nümunə olacaq uğurlu addımlar atır. İşğaldan azad olunmuş ərazilərdə də bu istiqamətdə qazanılan uğurlar çox ürəkaçandır. Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin işğaldan azad edilmiş torpaqlarını "yaşıl enerji" zonası elan etməsi dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğının təzahürüdür. Bu günə qədər dövlət başçımız işğaldan azad edilmiş ərazilərdə neçə-neçə su-elektrik stansiyalarının açılışını edib. Günəş enerjisinə keçidlə əlaqədar müvafiq layihələr uğurla icra olunur. Azərbaycanın həyata keçirdiyi bu layihələr dünya ölkələri üçün canlı nümunədir. Dünya gör-götür dünyasıdır. Harada, hansı ölkədə iqtisadi yüksəliş gətirən nə yenilik, nə dəyişiklik varsa, onlardan bəhrələnmək yalnız və yalnız işimizin xeyrinədir, Azərbaycanın uğurudur.
İnanırıq ki, COP29 çərçivəsində bütün bu aktual məsələlər qızğın müzakirə olunacaq və onların həlli istiqamətində müvafiq qərarlar qəbul ediləcək. Bizim üçün sevindirici odur ki, dünyamızın inkişafına, tərəqqisinə yönələcək qərarlar Azərbaycanda qəbul ediləcək. Bu gün Avropanın enerji təhlükəsizliyində əvəzsiz rola malik olan Azərbaycan COP29-un nüfuzlu platforması sayəsində beynəlxalq birliyə, tərəfdaşımız olan qardaş və dost ölkələrlə yanaşı, bədxahlarımıza da göstərəcək ki, "yaşıl enerji" ilə bağlı layihələr Azərbaycanın enerji siyasətində prioritet məsələlərdən biridir.
Xalq şairi Vahid Əziz onu da bildirdi ki, COP29-un davam etdiyi günlərdə Azərbaycan dünyanın diqqət mərkəzində olacaq. Dünyanın bütün aparıcı kütləvi informasiya vasitələrinin kameraları ölkəmizə dikiləcək. Dünyanın sabahı, gələcəyi paytaxt Bakıda müzakirə olunacaq. Azərbaycan bu gün dünyamızı narahat edən iqlim dəyişmələrinə qarşı səylərini səfərbər etməklə bu mübarizəyə yeni uğurlu töhfələr verəcək, yeni nailiyyətlər gətirəcək.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"