14 Noyabr 2024 08:40
114
SİYASƏT
A- A+
İqlim Dəyişmələri üzrə Bakı konfransı nümunəviliyi ilə tarixə düşdü

İqlim Dəyişmələri üzrə Bakı konfransı nümunəviliyi ilə tarixə düşdü



Azərbaycan yeni tarixinin daha bir möhtəşəm hadisəsini reallaşdırır. Ölkəmiz artıq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 kimi mötəbər bir tədbirə evsahibliyi edir. 

Belə bir möhtəşəm tədbirin Azərbaycanda keçirilməsi, beynəlxalq ictimaiyyətin bununla bağlı yekdil qərar qəbul etməsi ölkəmizə olan böyük hörmət və etimadın, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində bu gün tarixinin ən qüdrətli mərhələsinə çatmış respublikamızın uğurlarına münasibətin, eləcə də milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfələrimizə verilən yüksək qiymətin ifadəsidir. Dünya bir daha bizim imkan və bacarıqlarımızın, dövlət və qeyri-hökumət sektorunun əməkdaşlığının, vətəndaşlarımızın intellektual səviyyəsinin, ümumilikdə isə insan potensialımızın gücünün və perspektivlərinin şahidi olur.


Azərbaycana yüksək beynəlxalq rəğbət


Bakıda davam edən COP29-da dünyanın 196 ölkəsindən prezidentlər, vitse-prezidentlər və baş nazirlər iştirak edir. Onların əksəriyyətinin konfransın ilk günü çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə ayrıca görüşü gerçəkləşdi. Bu görüşlərdə konfransın gedişatı və müzakirə predmeti olacaq mövzularla yanaşı, ikitərəfli münasibətlər baxımından gündəmdə olan problemlər və tərəfləri maraqlandıran perspektivli layihələr barədə fikir mübadiləsi aparıldı. Bakı bu günlərdə təkcə iqlim dəyişmələri ilə bağlı nüfuzlu tədbirin keçirildiyi yer deyil, həmçinin müxtəlif dövlətlərin liderlərinin bir araya gəlib aktual məsələləri müzakirə edə bildikləri əlverişli məkandır. Bu, Azərbaycanın bir dövlət olaraq dünyanın gündəmində duran və həlli fövqəladə əhəmiyyət kəsb edən problemlərinin diskussiya obyektinə çevrildiyi etibarlı məkan olduğunun göstəricisidir.

COP29-da Avropanın əksər dövlətlərinin liderləri iştirak edirlər. Bunlardan təqribən 15-i Avropa İttifaqını təmsil edir. Onların bir qismi qurumun aparıcı və gündəmini müəyyən edən üzvləridir. COP29-da İspaniya və İtaliya hökumət rəhbərləri səviyyəsində təmsil olunurlar. Belçika belə COP29-da baş nazirlə təmsil olunur. Dünyanın fövqəlgüclərindən olan Böyük Britaniyanın baş naziri Bakıya 6 nazirlə birlikdə gəlib. Avropa qitəsinin aparıcı siyasi institutları da konfransı diqqətdən kənarda qoymayıblar. 


Siyasi iradə və aydın hədəflər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev COP29-un Liderlər Sammitinin açılış mərasimində çıxış etdi. Sammit iştirakçılarını salamladı və COP29-a aparan yolda Azərbaycana verdiyi dəstəyə görə BMT-nin Baş katibi Antonio Quterreşə və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyinə təşəkkürünü bildirdi. Xüsusi vurğulandı ki, ötən ilin dekabrında təxminən 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a evsahibliyi etmək şərəfi verildi: "Biz bu qərarı ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsi kimi görürük".

Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla əlaqələri və onlarda fəal iştirakı bizə müxtəlif qitələrin ölkələri arasında körpülər salmaq və ya onları gücləndirmək, eləcə də həmrəyliyini möhkəmləndirmək imkanını yaradır. Dövlətimizin başçısı Liderlər Samitindəki çıxışında bu məsələni də önə çəkərək dedi: "Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu, təkcə coğrafiya ilə bağlı deyil. Biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib". 

Prezident İlham Əliyev çıxışında Azərbaycanın 120 ölkənin yekdil qərarı ilə dörd il ərzində, BMT-dən sonra ikinci beynəlxalq qurum olan Qoşulmama Hərəkatına uğurla sədrlik etdiyini vurğuladı. Ölkəmizin həmçinin təxminən 60 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü olduğunu, Avropa İttifaqının 10 üzvü ilə sazişlər imzaladığını və Strateji tərəfdaşlıq haqqında bəyannamələrin qəbul edildiyini bildirdi: "Bütün bunlar bizə düşünməyə imkan verir ki, biz iqlim dəyişmələri məsələsində fərqli  mühüm iştirakçılar arasında körpülərin salınmasında çox faydalı və yardımçı ola bilərik. Azərbaycan çoxtərəfliliyin tərəfdarıdır. Eyni zamanda biz mədəniyyətlərarası dialoqda fəal rol oynayırıq".

Azərbaycanın "yaşıl gündəliy"inə gəldikdə isə, xüsusi vurğulanmalıdır ki, hazırda "yaşıl enerji"yə keçid artıq bütün dünyada labüd zərurətə çevrilmişdir. Bu, müasir dünyamızın çağırışıdır. IV sənaye inqilabı dövründə bir tərəfdən dayanıqlı inkişafı, insanların rifahını təmin etmək, digər tərəfdən isə planetimizin təbii resurslarını qorumaq, Yer kürəsini gələcək nəsillər üçün yaşamağa daha uyğun hala gətirməkdən ötrü "yaşıl enerji"yə keçid mütləqdir. Bəşəriyyət tarix boyu bir neçə dəfə belə proseslərdən keçib. Bu, həyatın inkişaf məntiqidir. İnsan zəkası inkişaf etdikcə, texnoloji tərəqqi irəlilədikcə, hər bir kəs ənənəvi təcrübəni irəli aparıb əvvəlkindən daha yaxşısını, yaşayış tərzi və ətraf mühit üçün daha yararlısını etməyə çalışır. Bu baxımdan, "yaşıl enerji"yə keçid prosesləri də getdikcə sürətlənəcək. 

Belə proseslərdə, adətən, dəyişiklik meyillərini vaxtında dəyərləndirib ona çevik şəkildə uyğunlaşan dövlətlər, cəmiyyətlər böyük nailiyyətlər əldə edirlər. Sevindirici haldır ki, Azərbaycan bu prosesin önündə addımlayan ölkələrdəndir. Zəngin neft resursları ilə tarixən enerji ölkəsi kimi tanınmış respublikamız hazırda "yaşıl enerji"yə keçid sahəsində də nümunələr yaradaraq ənənələrini qoruyub inkişaf etdirir. Eyni zamanda qlobal miqyasda bu istiqamətdə təşəbbüslərə real layihələrlə böyük faydalar verir. 


Azərbaycanın sərvətləri və təşəbbüsləri


Ölkəmizin ərazilərinin dörddəbiri hazırda daha təmiz dünya naminə "yaşıl bölgə" elan olunub. Naxçıvan, Qarabağ və Şərqi Zəngəzurda müasir dünyanın başlıca trendi olan "yaşıl texnologiya"lar tətbiq edilir, bərpaolunan enerji mənbələrindən geniş istifadə yüksək səviyyədədir, 30 ilə yaxın öz ölkəsində məcburi köçkün həyatı sürən və bu gün dogma yurdlarına dönən əhali üçün yeni "ağıllı" yaşayış məskənləri salınır. Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın o ayrılmaz hissələridir ki, on illər boyu bizi indi ittiham edən dövlətlərin və dairələrin səssiz razılığı, müşahidəsi ilə bir müddət işğal altında qalıb, talan edilib, viran qoyulublar. Hazırda biz ölkəmizin bu dilbər guşələrində inşa etdiyimiz alternativ enerji mənbələrindən əldə edəcəyimiz elektrik enerjisini həmin Avropaya ixrac edəcəyik. 

Dövlətimizin başçısı Liderlər Sammitindəki çıxışında malik olduğumuz "yaşıl enerji" ehtiyatlarını dünyaya bir daha elan etdi: "Bərpaolunan enerjidə texniki potensialımız quruda 135 giqavat və dənizdə isə 157 giqavat təşkil edir. Ötən il BƏƏ-nin "Masdar" şirkəti bir regionumuzda 230 meqavatlıq günəş enerji stansiyasının açılışını etdi. Səudiyyə Ərəbistanının "Acwa Power" şirkəti isə hazırda 240 meqavatlıq külək enerjisi stansiyasını tikir. COP29 çərçivəsində Birləşmiş Krallığın BP şirkəti ilə 240 meqavatlıq günəş enerjisi stansiyasının dörd il əvvəl erməni işğalından azad edilmiş Cəbrayıl rayonunda tikilməsi ilə bağlı saziş imzalanacaq. Bu layihə sayəsində dünyanın ən iri neft və qaz terminallarından biri olan Səngəçal terminalında dekarbonlaşma təmin ediləcəkdir".

Prezident İlham Əliyev "yaşıl enerji" istehsalı ilə bağlı bu gün Azərbaycanın ciddi təşəbbüslərinin olduğunu da vurğuladı: "Biz 2030-cu ilə qədər təxminən altı giqavatlıq günəş, külək və hidroenerji stansiyalarının tikilməsini planlaşdırırıq. Lakin bu, tam planlarımızın hamısı deyil, 10 giqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanıb. Biz, həmçinin ixrac bazarlarına diqqət yetiririk və Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsini nəzərdə tutan digər mühüm enerji təhlükəsizliyi layihəsinin həyata keçirilməsi üçün tərəfdaşlarımızla fəal çalışırıq. Bu, bizə Avropaya "yaşıl enerji"ni ixrac etmək imkanı verəcək və bu kabelin texniki potensialı dörd giqavatdır. Yeri gəlmişkən, texniki-əsaslandırma işləri bu yaxınlarda bitəcək. Lakin yenə də bu, yalnız başlanğıcdır".

Azərbaycanın hasil etdiyi qaz və neft də günəş, külək enerjisi kimi bizim milli sərvətimizdir. Bu baxımdan, fəaliyyətimizə heç kim kölgə salmaq iqtidarında deyil, heç buna haqları da yoxdur. Birincisi, Xəzərin Azərbaycan sektorunda çalışan beynəlxalq transmilli şirkətlərin siyahısına, mənsub olduqları ölkələrə nəzər yetirsinlər. İkincisi isə, söhbət təbiətə və ətraf mühitə vurulan zərərdən gedirsə, statistikaya müraciət etsinlər. Azərbaycan Prezidenti COP29-un açılış mərasimindəki çıxışında dedi: "Bu gün Azərbaycan qlobal neft hasilatında 0,7 faiz, qlobal qaz hasilatında isə 0,9 faiz paya malikdir. Amma dünyada birnömrəli neft və qaz hasilatçısı olan, Azərbaycandan 30 qat artıq neft hasil edən ölkənin yalan xəbər mediası bizi neft dövləti adlandırır. Yaxşı olardı ki, ən azı onlar özlərinə və Azərbaycandan 10 dəfə artıq neft hasil edən özlərinin qonşuluğundakı ölkəyə baxsınlar. Azərbaycanın qlobal qaz atılmalarındakı payı cəmi 0,1 faizdir". 

Bəzi siyasətçilər neftimizin olmasında bizi ittiham edirlər. Bu, bir növ Bakıda il ərzində 250-dən artıq günəşli günün olmasında bizi günahlandırmağa bənzəyir: "Bu, Tanrının bəxş etdiyi hədiyyədir", - deyə Azərbaycan Prezidenti bildirdi və əlavə etdi ki, biz "yaşıl keçid"in güclü carçısı olacağıq və bunu edirik. 

Dövlətimizin başçısı Liderlər Sammitindəki çıxışında onu da bildirdi ki, ölkələrə qiymət başqa meyarlara görə verilməlidir. Məsələn, Azərbaycanda işsizliyin səviyyəsi 5,4 faiz, yoxsulluğun səviyyəsi 5,2 faizdir. Azərbaycanın xarici borcu ÜDM-in cəmi 7,5 faizini təşkil edir.

Bu gün COP29-da 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçı var. Onların sırasında 80 prezident, vitse-prezident və baş nazir təmsil olunur. Beləliklə, dünya Bakıya toplaşıb.

COP29-un uğurlu təşkili və keçirilməsi artıq bir sıra beynəlxalq media orqanları tərəfindən Azərbaycanın qələbəsi, nailiyyəti kimi qiymətləndirilir. İlk növbədə ona görə ki, total gözdənsalma, qərəz kampaniyasına baxmayaraq, konfrans dünya liderlərinin diqqətini cəlb edib. İkincisi isə ona görə ki, tədbirin gedişatında taleyüklü qərarlar qəbul olunur. İqlim dəyişmələri üzrə Bakı konfransının tarixə düşəcəyi isə heç kimdə şübhə doğurmur.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Heydər Abdikərimov: Orta Dəhlizin regional və beynəlxalq səviyyədə əhəmiyyəti böyükdür  

11:22
14 Noyabr

COP29 çərçivəsində TDT ölkələri ekologiya nazirlərinin görüşü olub

11:17
14 Noyabr

Azərbaycanın idman gimnastları Daşkənddə bürünc medal qazanıblar  

11:12
14 Noyabr

Prezident İlham Əliyev Monteneqronun Prezidenti ilə görüşüb YENİLƏNƏCƏK  

11:07
14 Noyabr

İsveçin iqlim fondlarına töhfəsi tənqidlə qarşılanıb  

11:02
14 Noyabr

Mərkəzi Bankın sədri: Biz yaşıl maliyyə üçün funksional ekosistem hazırlayacağıq  

10:57
14 Noyabr

ICESCO-nun Baş direktoru: Karbon emissiyalarını azaltmaq, ilk növbədə, ətraf mühit üçün vacibdir  

10:52
14 Noyabr

Nabrandan payız ətirli 

10:47
14 Noyabr

Dünya birjalarında neft ucuzlaşıb  

10:42
14 Noyabr

Parlamentlərarası İttifaqın Baş katibi Azərbaycana səfərə gəlib  

10:37
14 Noyabr

Azərbaycan neftinin bahalaşması davam edir  

10:32
14 Noyabr

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 79-cu sessiyasının Prezidenti ilə görüşüb YENİLƏNƏCƏK  

10:27
14 Noyabr

AZPROMO-nun rəhbəri: Məqsədimiz qlobal keçidi sürətləndirməklə maliyyənin vacib rolunu gücləndirməkdir  

10:22
14 Noyabr

Prezident İlham Əliyev Banqladeş Müvəqqəti Hökumətinin Baş müşaviri ilə görüşüb YENİLƏNƏCƏK  

10:17
14 Noyabr

“ASAN xidmət” hamı üçün təhlükəsiz mühit təmin etmək məqsədilə yaşıl enerji ambisiyaları ilə nümunə olur  

10:12
14 Noyabr

Bakıda “ASAN xidmət”in təşkilatçılığı ilə “Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumu” keçirilir  

10:07
14 Noyabr

COP29 çərçivəsində biznes, investisiya və xeyriyyəçilik üzrə İqlim Platforması işə başlayıb  

10:02
14 Noyabr

Metyu Brayza: COP29 Azərbaycan tarixində böyük hadisədir  

09:57
14 Noyabr

Malayziya Enerji Komissiyasının baş icraçı direktoru: COP platformasını yüksək qiymətləndiririk  

09:52
14 Noyabr

İtaliyanın Valtellina vadisində 280 milyon illik fosil ekosistemi tapılıb  

09:47
14 Noyabr

Görmə zəifliyinin müalicəsində istifadə edilən süni kök hüceyrələr uğurlu nəticələr verib  

09:42
14 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!