"Elm və texnikanın inkişafı, həmçinin Yer kürəsinin əhalisinin sayının sürətlə artması fonunda bu gün dünyanı narahat edən və insanlığı təhdid qarşısında qoyan əsas problem, şübhəsiz ki, iqlim dəyişiklikləridir. Ötən dövrün statistikası da narahatlıq üçün kifayət qədər əsaslar olduğunu nümayiş etdirməkdədir".
Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, XVIII əsrdən başlayan sənayeləşmə, xüsusən XX əsrin ortalarından sonra planetin iqlim sisteminə mənfi təsirləri artıq insan həyatında açıq formada hiss edilməkdə, bu çərçivədə digər atmosfer tullantıları ilə yanaşı, istixana effekti yaradan qazların sürətli artımı yaşanmaqdadır. Nəticədə son bir əsrdə planetin orta temperatur göstəriciləri 0,8 dərəcə artıb ki, bu da bir qayda olaraq istilik effekti yaradan qazların təsiri ilə baş verib. "Beləliklə, son 200 ildə atmosferdə karbon qazının ümumi miqdarı 30 faizə, metanın miqdarı isə 60 faizə yaxın artıb ki, bu da real təhlükə deməkdir. Təbii ki, qlobal iqlim dəyişikliklərinin səbəb olduğu problemlər Azərbaycandan da yan keçməyib, nəticə etibarilə son bir əsr ərzində ölkəmizdə orta illik temperatur 1,3 dərəcəyə qədər yüksəlib. Bu da çoxsaylı ekoloji problemlərə yol açmaqda, şoranlaşma, deqradasiya, səhralaşma, yağıntıların və su ehtiyatlarının azalması kimi çoxsaylı təsirlər əhalinin sosial rifahına da təhdid yaratmaqdadır", - deyə o əlavə edib.
Deputat vurğulayıb ki, Azərbaycan da bu reallıqları rəhbər tutaraq beynəlxalq birliyin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişikliklərinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini vermək üçün müxtəlif istiqamətlərdə kompleks tədbirlərə start verib. Xüsusən Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə effektiv fəaliyyət gündəliyi başlayıb. Belə ki, 1995-ci ildə Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivəsi Konvesiyasını ratifikasiya edib, həmçinin bu mexanizmin qarşısında istilik effekti yaradan qaz tullantılarının kadastrının hazırlanması, müntəzəm olaraq yenilənməsi, həmçinin bu sahədə milli məlumatların hazırlanması kimi çox önəmli öhdəliklər götürüb və bunlar sistemli şəkildə yerinə yetirilib. 2000-ci ildə Azərbaycan İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Kioto protokolunu təsdiq edib və bu sənəd üzrə öhdəliklərin yerinə yetirilməsinin ikinci dövrü üçün qəbul edilmiş Doha əlavəsini ratifikasiya edib. Həmçinin 2015-ci ilin sentyabr ayında BMT-nin Sammitində 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində gündəliyin qəbul olunması ilə qlobal subyektlərin 15 il ərzində heç kəsi kənar qoymamaq prinsipini rəhbər tutaraq digər məsələlərlə yanaşı, iqlim dəyişikliklərinə qarşı mübarizənin vacibliyi və bu istiqamətdə dünya ictimaiyyətinin səfərbər olunması ilə bağlı iradi ifadəsindən sonra Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının katibliyinə Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr adlı sənədini təqdim edərək iqlim dəyişikliklərinin qlobal miqyasda qarşısının alınmasında təşəbbüslərinə töhfə olaraq baza ili, yəni 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana effekti yaradan qaz emissiyalarının 35 faiz həcmində azaldılması ilə bağlı hədəflərini bəyan etmişdi.
B.Məhərrəmov xatırladıb ki, Azərbaycan 2016-cı ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına əlavə olan Paris Sazişini imzalayıb: "Üç il əvvəl isə Qlazqo şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişmələri Üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 26-cı sessiyasında, yəni COP26-da ölkəmiz rəsmi olaraq iqlim dəyişikliklərinin təsirini azaltmaq məqsədilə təşəbbüslərə töhfə olaraq 2050-ci ilə qədərki dövrdə istixana effekti yaradan qaz emissiyalarını 40 faizə qədər azaldılmasını hədəf kimi müəyyən edib.
Nəzərə almalıyıq ki, Azərbaycan yalnız öhdəliklər götürməklə kifayətlənmir, bu istiqamətdə effektiv nəticələrə nail olmaqdadır. Məsələn, 1990-2022-ci illər üzrə istilik effekti yaradan qaz emissiyalarının inventarlaşmasına əsasən, Azərbaycan ötən 32 illik dövrdə 34,2 faiz azalmaya nail olmaqla ölkədə həyata keçirilən ekoloji siyasətin doğru istiqamətdə davam etdirildiyini göstərib. Azərbaycan 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair 5 milli prioritetindən biri kimi təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi olmağı müəyyən etməklə, buna uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi, tükənməyən enerji mənbələrindən istifadənin genişləndirilməsi, istilik-elektrik stansiyalarında mazutdan istifadənin dayandırılaraq daha təmiz yanacaq olan təbii qaza keçilməsi ilə bağlı proseslərin, demək olar ki, yekunlaşması, məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsi, müasir avtomobil yollarının çəkilməsi, müasir aqroparkların yaradılması, yeni meşə massivlərinin salınması, bərpaolunan enerji tullantılarının effektiv idarə edilməsi texnologiyalarının tətbiq olunması və sairə kimi ciddi addımlar ataraq bu istiqamətdə iradi ifadəsini ortaya qoyub".
Deputat qeyd edib ki, Ermənistanın 30 ildən artıq həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgəsi, bütövlükdə Livan ölçüdə ərazi ciddi ekoloji böhranla üz-üzə qalıb, bu ərazidə törədilən ekosid bütövlükdə dünya tarixində misli görünməyən nəticələrə gətirib çıxarıb. Təəssüflə qeyd etməliyik ki, Ermənistanın dövlət siyasəti çərçivəsində törətdiyi ekoloji cinayətlərin çoxunun nəticələrinin aradan qaldırılması ya mümkün deyil, ya da bu istiqamətdə Azərbaycana uzun bir dövr lazım olacaq. Məhz bu situasiyanı rəhbər tutaraq Prezident İlham Əliyevin iradəsi ilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası "yaşıl enerji" zonası elan edilib. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ekoloji prinsiplər prioritet olaraq müəyyən edilib. Təsadüfi deyil ki, həmin ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq etmək və ekoloji mühit dostu konfiqurasiya formalaşdırmaqla Azərbaycan ekoloji problemlərin tüğyan etdiyi bir bölgəni tamamilə yeni simaya çatdırılması istiqamətində fəaliyyətə start verib. Sirr deyil ki, Azərbaycan tarixən qazıntı yanacağı ölkəsi olub, dövlətin və xalqın sosial-iqtisadi inkişafının bir çox aspektləri məhz neft-qaz sənayesi ilə bağlı olub. Lakin Prezident ciddi iradə ortaya qoyaraq "yaşıl enerji" növlərinin yaradılması və dünya bazarlarına nəqli istiqamətində Azərbaycanın enerji siyasətinin yeni prioritetlərini müəyyən etməklə tamamilə yeni bir dövr başladıb. Ölkəmiz elektrik enerji istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payını yaxın 5 il ərzində 30 faizə çatdırılmasını hədəfləyir və bu istiqamətdə artıq real addımlar atılmaqdadır. Bu isə o deməkdir ki, Azərbaycanı qazıntı yanacağına sahib ölkə olmaqda günahlandıran dövlətlərdən fərqli olaraq ölkəmiz "yaşıl dünya" naminə həmrəylikdə səmimidir və hələ də kömür və digər yanacaq növlərindən üstünlük verən bir çox Avropa dövlətlərindən fərqli olaraq artıq "yaşıl enerji"yə keçid üçün önəmli bazis formalaşdıra bilib. Bu mənada BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin bu istiqamətdə ortaya qoyduğu effektiv səylər fonunda qiymətləndirilməlidir. "Daha konkret desək, bu gün dünya birliyinin qərəzsiz və ikili standartlardan uzaq düşünən hər bir subyekti tam şəkildə Azərbaycanın qlobal iqlim dəyişmələri üzrə beynəlxalq səyləri birləşdirmək cəhdinə səmimi şəkildə inanır və bu istiqamətdə dövlətimizin töhfə verəcəyinə əmindir. Ötən dövr ərzində Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində bir sıra problemlər, o cümlədən COVID-19-la mübarizədə, həmçinin vaksin millətçiliyinin aradan qaldırılması istiqamətində beynəlxalq səyləri uğurla birləşdirməsi, habelə Fransa və oxşar beynəlxalq subyektlərin müstəmləkə siyasətinə qarşı beynəlxalq təşəbbüsləri ələ alması fonunda iqlim dəyişiklikləri ilə mübarizədə də Azərbaycanın uğurlu liderlik nümunəsi ortaya qoyacağına şübhə yoxdur. COP29-a Azərbaycanın evsahibliyi etməsinin həm də ciddi siyasi əhəmiyyəti var. İlk növbədə məlumdur ki, Azərbaycan beynəlxalq hüququn aliliyini rəhbər tutaraq özünün beynəlxalq hüquqla tanınan ərazilərində işğala və təcavüzə, habelə separatizmə son qoymasının ardınca bir sıra qərəzli və təcavüzkar mahiyyətə malik dövlətlərin qarayaxma, böhtan və ikili standartlara əsaslanan hücumlarına məruz qalıb", - deyə o əlavə edib.
Deputat bildirib ki, Azərbaycanın separatizmə son qoyaraq suveren haqlarını bərpa etməsindən sonra başlanan çoxsaylı hücumlar fonunda COP29 kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə böyük hörmət və etimadı, həmçinin Azərbaycanın milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişikliklərinin qarşısının alınması işində töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda COP29 kimi mötəbər tədbirə evsahibliyinin verilməsi ölkəmizin yaratdığı yeni geosiyasi reallığı dəstəkləyərək anti-Azərbaycan mövqe tutmuş və özünü "beynəlxalq ictimaiyyət" kimi təqdim edən ayrı-ayrı güclərə real beynəlxalq ictimaiyyətin kim olduğunu və Azərbaycana əsl münasibətini göstərdi. Bu da ölkəmizin ciddi siyasi, diplomatik qələbəsi hesab olunmalıdır. Bu gün beynəlxalq ictimaiyyət cənab İlham Əliyevin liderliyində qlobal iqlim dəyişmələri ilə mübarizədə Azərbaycanın səylərinin effektivliyinə inanır və COP29-un substantiv nəticələrə gətirib çıxaran formatda yekunlar ortaya qoyacağına ümid edir. Lakin bir sıra dövlətlərin COP29 Sammitində iştirak etməmək barədə qərarı bir daha göstərir ki, beynəlxalq ictimaiyyətin bəzi üzvləri cılız niyyətlərlə yaşayır və bəşəriyyət qarşısında məsuliyyətini dərk etmir.
Siyasətçi qeyd edib ki, Azərbaycanda COP29 tədbirində iştirak etməmək barədə verilən istənilən qərar, əslində, beynəlxalq subyektlərin əsl mahiyyətinin ifşa edilməsidir. Çünki qlobal iqlim dəyişiklikləri ilə mübarizə istiqamətində Çərçivə Konvensiyasının iştirakçılarının əsas məqsədi iqlim dəyişiklikləri ilə mübarizə qismində bəşəri niyyətlər naminə səylərini birləşdirmək, bu sahədə mümkün töhfələrin verilməsi üçün bərabərsizliklər, qarşılıqlı anlaşılmazlıqlar başda olmaqla, çoxsaylı maneələri aradan qaldırmaqdır. Lakin bəzi subyektlərin COP29 Sammitinə qatılmayacağı barədə qərar verməsi və gətirilən bəhanələrin ümumbəşəri niyyətlər qarşısında cılızlığı onu deməyə əsas verir ki, əslində, bu subyektləri iqlim dəyişiklikləri də daxil olmaqla, qlobal təhlükəsizlik və insan amili maraqlandırmır. Aydındır ki, qlobal iqlim dəyişiklikləri ilə mübarizə istiqamətində Çərçivə Konvensiyasının iştirakçılarının əsas məqsədi iqlim dəyişiklikləri ilə mübarizə qismində bəşəri niyyətlər naminə səylərini birləşdirmək, bu sahədə mümkün töhfələrin verilməsi üçün bərabərsizliklər, qarşılıqlı anlaşılmazlıqlar başda olmaqla, çoxsaylı maneələri aradan qaldırmaqdır. Görünən odur ki, bu subyektlər Azərbaycanın Vətən müharibəsi və antiterror tədbirləri ilə beynəlxalq hüququn aliliyini təmin edərək suverenliyini və ərazi bütövlüyünü bərqərar etməsini Qərb imperializminin rakursundan qiymətləndirərək heç bir formada həzm etmək istəmir və verilən qərarlar da onu göstərir ki, həmin qüvvələr ölkəmiz əleyhinə başlanan qarayaxma kampaniyasının iştirakçılarıdır.
B.Məhərrəmov bildirib ki, iqlim dəyişiklikləri ilə mübarizə ayrıca heç bir dövlətin, o cümlədən, Azərbaycanın daxili məsələsi deyil: "Yəni ümumbəşəri məsələ olan iqlim dəyişiklikləri ilə mübarizədə hər hansı dövlətin belə bir tədbirdə iştirakdan imtina etməsi Qərb imperializmi üçün ümumbəşəri məsələlərdən daha öndə təcavüzkar niyyətlərin və qeyri-proporsional maraqların dayandığını göstərir. Əslində, COP29-da iştirakdan cılız bəhanələrlə imtina planetin əsas çirkləndirici subyekti rolunda çıxış edənlərin öz məsuliyyətindən yayınması bəşəri dəyərləri cılız məqsədlərə qurban verməsi, iqlim dəyişiklikləri ilə mübarizə çərçivəsində bu subyektlərin yeni iqlim maliyyəsi formatından məsuliyyətsizliklə boyun qaçırmasıdır. Öz sərhədlərindən min kilometrlərlə kənarda münaqişə ocaqlarının qızışdırılması və ya yeni münaqişələrin formalaşdırılması, bu məqsədlə revanşist kəsimə dəstək verilməsi, separatizmin təşviq olunması üçün milyonlarla vəsait xərcləyənlər ümumbəşəri təhdid olan qlobal istiləşməyə qarşı maliyyə dəstəyi ayırmaq əvəzinə, yaxud bu istiqamətdə ən azı özlərinin vurduğu zərərin təsirlərinin azaldılması istiqamətində sosial məsuliyyət nümunəsi ortaya qoymaqdansa, müxtəlif bəhanələrlə qlobal iqlim dəyişiklikləri ilə mübarizə sahəsində əsas olan və dünyanın nəbzinin döyündüyü tədbirdən yayınmaqla öz kürsülərindən bu istiqamətdə səslənən bəlağətli nitqlərin puç olduğunu, əslində, bu qurumların iqlim dəyişikliyinə töhfə vermək iradə və niyyətində olmadığını nümayiş etdirir".
Deputat vurğulayıb ki, bu subyektlərin COP29-la bağlı mövqeyi Azərbaycanın liderliyində bu istiqamətdə həyata keçiriləcək tədbirlərin realizəsi qarşısında əngəl kimi çıxış etmir, əksinə, siyasi məqsədlərin alətinə çevrilən bu subyektlərin özlərini çətin duruma salır. Azərbaycanın bu istiqamətdə yolu kifayət qədər aydındır və COP29-a start verilən andan dünya ictimaiyyətinin artan marağı isə göstərir ki, Prezident İlham Əliyev bu sahədə qarşıya qoyulan məqsədlərə uğurla nail olmaqdadır.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"