Dünya müharibələr meydanına çevrilib!
Dövlətlər bir-biriləri ilə silah dili ilə danışmağa başlayıblar!
Tökülən qanlardan torpaq doymur!
Dağıdılan şəhər və kəndlərin, uçurulan evlərin sayı-hesabı bilinmir...
Artıq insan ölümü faciə sayılmır, gündəlik statistikaya çevrilib.
Daha qaçqınların gedəcəkləri yer, tapacaqları çörək, yaşayacaqları çadır şəhərcikləri də qalmayıb.
BMT aciz duruma düşüb, Avropa İttifaqı ikili standartlarla işləyir, AŞ PA qərəzli, sifarişli bəyanatlar qəbul edir.
Beynəlxalq hüququ saya salan, onunla hesablaşan yoxdur!
İndi haqlılar yox, həm də güclü olanlar qalib gəlirlər!
***
Qarabağ müharibəsi qurtardı, Rusiya-Ukrayna müharibəsi başladı.
Rusiya-Ukrayna müharibəsi qurtarmamış Həmas-İsrail müharibəsi başladı.
Son müharibələrdə ən çox narahatlıq doğuran cəhət mülki obyektlərin hədəfə alınması, yaşayış binalarının dağıdılması, şəhər və kəndlərin xarabalıqlara çevrilməsi, dinc əhalinin daha çox ziyan çəkməsi, qurban getməsidir.
Müharibələr hələ də davam edir:
* Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmayıb!
* Rusiya ilə Ukrayna danışıqlara gəlmir!
* Həmasla İsrail isə hərbi əməliyyatlara təzə başlayıblar!
Lakin müəyyən təhlil aparmaq, nəticəyə gəlmək, müharibə meydanında baş verənləri ilkin qiymətləndirmək mümkündür.
Ən azı Qarabağ müharibəsi ilə müqayisəli şəkildə.
***
AZƏRBAYCAN ƏDALƏTLİ MÜHARİBƏ APARDI.
1988-ci ildə keçmiş SSRİ-də "yenidənqurma" adlı bir oyunbazlıqla başlanan və 1991-ci ildə qırmızı imperiyanın dağılması ilə başa çatan prosesdən bəhrələnən Ermənistan Azərbaycana məxsus keçmiş DQMV-ni və ona bitişik 7 rayonu işğal etdi.
Bu işğala SSRİ-nin birinci və sonuncu prezidenti M.Qorbaçov gizli və açıq şəkildə dəstək verdi.
Bu işğalın baş tutmasına 366-cı sovet alayı kömək göstərdi.
Bu işğala şərait yaradan bir sıra səbəblər - həmin dövrdə Azərbaycana maymaq, qorxaq, təcrübəsiz və səriştəsiz insanların başçılıq etmələri, vaxtında ordu qurulmaması, torpaqların müdafiəsinin təşkil olunmaması, xəyanətkar əməllər, Azərbaycan xalqının əsl rəhbərindən uzaq düşməsi oldu.
BMT Azərbaycan torpaqlarının işğalı faktını qəbul etdi və bununla bağlı Təhlükəsizlik Şurasının dörd qətnaməsi qəbul olundu.
Həmin qətnamələrdə açıq şəkildə göstərilirdi ki, "Ermənistan silahlı birləşmələri Azərbaycan ərazilərini qeyd-şərtsiz tərk etməlidirlər".
Beynəlxalq hüquq da Azərbaycanın tərəfində idi.
Odur ki, Azərbaycanın öz torpaqlarını azad etmək uğrunda müharibəsi ədalətli müharibə sayılır!
***
AZƏRBAYCAN PEŞƏKAR MÜHARİBƏ APARDI.
Artıq tarixə qovuşmuş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün Rusiya, ABŞ və Fransanın həmsədrliyi ilə ATƏT-in Minsk qrupu yaradıldı.
Azərbaycan bu qurum tərəfindən problemin dinc yolla həll ediləcəyinə inanırdı.
Lakin ...
Otuz il müddətində ATƏT-in Minsk qrupu Bakıya və İrəvana saysız-hesabsız səfərlər etdi, çoxsaylı görüşlər keçirdi, həmsədr dövlətlər və qurum tərəfindən bir xeyli bəyanatlar və açıqlamalar verildi.
Nəticə isə nəticəsizlik idi.
Azərbaycan sülh danışıqlarını aparmaqla bərabər, ordu quruculuğuna da mühüm diqqət və vəsait ayırırdı:
* Yeni vətənpərvər gənclər nəsli tərbiyə olundu;
* Ölkənin və xarici ölkələrin hərbi məktəblərində savadlı hərbi kadrlar, mütəxəssislər hazırlandı;
* Xüsusi təyinatlı qüvvələr formalaşdırıldı;
* Müntəzəm hərbi təlimlər keçirildi;
* Hərbi əməliyyatların yüksək peşəkarlıq səviyyəsində aparılması üçün zəruri işlər görüldü və vaxtdan səmərəli istifadə olundu!
Hərbi əməliyyatın başlandığı ilk günlərdən Azərbaycan Ordusunun düşmən ordusundan peşəkarlıq baxımından nə qədər üstün olduğu açıq-aydın görünürdü.
vvv
AZƏRBAYCAN XXI ƏSRİN ƏN YENİ MÜHARİBƏSİNİ APARDI.
Azərbaycan Ordusu təkcə ən yeni texnologiyalara əsaslanan silahlarla təchiz edilməmişdi.
O, həm də ən yeni strategiya və taktika tətbiq edirdi.
Hücum planlarının hazırlanması və hücum əməliyyatlarının həyata keçirilməsi, hədəflərin irəlicədən təyin edilərək dəqiq zərbələrlə vurulması, döyüş əməliyyatlarının idarə olunması, ordunun ruh yüksəkliyi ən yüksək səviyyədə idi.
Düşmənin hücum cəhdlərinin elə başlanğıcda iflasa uğradılması, atəş nöqtələrinin və müdafiə mövqelərinin sürətlə müəyyənləşdirilərək mərmi və PUA-larla darmadağın edilməsi, düşmən ordusunda arxa cəbhə ilə əlaqələrin iflic vəziyyətinə salınması, canlı qüvvə arasında qorxu və panika yaradılması, düşmənin gözləmədiyi, I Qarabağ müharibəsindən tam fərqli yeni döyüşlər aparılması qələbəni təmin edən ən mühüm amillər oldu.
***
AZƏRBAYCAN HÜCUM MÜHARİBƏSİ APARDI.
Müharibənin öz qanunları var: yazılmış və yazılmamış!
Yazılmamış qanunlar uzun illərin, çoxsaylı müharibələrin təcrübəsi əsasında formalaşıb.
Belə qanunlardan biri hücum əməliyyatı ilə bağlıdır.
Hər bir ordu hərbi əməliyyata başlayanda onu ən qısa müddətdə başa çatdırmağa can atır.
Bu halda müharibə tez başa çatır və itkilər də nisbətən az olur.
Lakin arzu bir şeydir, reallıq isə bambaşqa.
Sürətli və qısamüddətli müharibə aparmaqdan ötrü güclü ordun, müasir silahların, peşəkar, yüksək hazırlıqlı şəxsi heyətin, fasiləsiz təminatın və təchizatın olmalı, ön cəbhə ilə arxa cəbhənin daimi və möhkəm əlaqəsi qurulmalıdır.
Əsas məqamlardan biri isə zəngin kəşfiyyat bilgilərinə, düşmənin atəş nöqtələri, müdafiə sistemi, malik olduğu silahlar, habelə hücum zamanı qarşılaşa biləcəyin digər maneə və çətinliklər barədə məlumata malik olmaqdır!
Azərbaycan hərbi əməliyyatlara başlayandan sonadək dayanmadan hücuma keçdi, daim irəli getdi.
* Bu, tətbiq edilən yeni taktika və strategiya sayəsində mümkün oldu!
* Bu, ordunun sərəncamındakı ən müasir silahların sayəsində mümkün oldu!
* Bu, əsgər və zabitlərimizin yüksək peşəkarlığı, ruh yüksəkliyi, qorxmazlığı və igidliyi sayəsində mümkün oldu!
* Bu, hərbi əməliyyatların yüksək səviyyədə və bacarıqla idarə edilməsi sayəsində mümkün oldu!
Beləliklə, 27 illik işğala ən qısa müddətdə - 44 gündə son qoyuldu!
44 gün ərzində Ermənistan ordusu darmadağın edildi, qorxaqlar və fərarilər yığnağına çevrildi!
Müzəffər Ali Baş Komandan İlham Əliyevin "dəmir yumruğ"u qarşısında tab gətirə bilməyən düşmən silah-sursatını, tank və toplarını, zirehli texnikasını və avtomobillərini ataraq qaçmağa üz qoydu!
Əsl hücum müharibəsi baş tutdu!
***
AZƏRBAYCAN LƏYAQƏTLİ MÜHARİBƏ APARDI.
Müharibədə ölüm, dağıntı, əsir və girov düşmə, qaçqınlar və köçkünlər ordusunun yaranması təbii haldır.
Müharibədə mülki obyektlərə, dinc əhaliyə də ziyan dəyə bilər.
Şübhəsiz, əsas hədəf hərbi obyektlər, atəş nöqtələri, canlı qüvvə və hücum silahları sayılır.
Lakin bəzən müharibə edən tərəflər əhali arasında qorxu və çaxnaşma yaratmaq məqsədilə yaşayış məntəqələrinə hücumlar təşkil edir, dinc insanları və onların yaşadıqları evləri hədəf seçirlər.
I Qarabağ müharibəsi dövründə ermənilər Azərbaycana qarşı hərbi əməliyyatlarda şəhər və kəndləri sistemli şəkildə "Qrad" və mərmi atəşinə tutdular, dinc əhalini girov götürərək olmazın işgəncələr verdilər, yaşayış məntəqələrini xarabalığa çevirdilər, XX əsrin ən dəhşətli faciəsi sayılan Xocalı soyqırımını törətdilər.
Beləliklə, vəhşi, barbar, murdar simalarını öz əməlləri ilə nümayiş etdirdilər.
II Qarabağ müharibəsində yenə eyni əməllər törətməyə cəhdlər etsələr də, gücləri və imkanları çatmadı.
Yalnız hərbi əsirlərə qarşı vəhşiliklər törətdilər.
Azərbaycan nə qədər güclü, hər növ silahlara və imkanlara malik olsa da, erməni barbarlığını təkrarlamadı.
Azərbaycan ləyaqətli müharibə apardı!
Azərbaycan düşməndən qisasını hərb meydanında, onun ordusunu darmadağın edərək aldı!
Sentyabrın 19-20-də keçirilən lokal antiterror tədbirləri isə 23 saatda başa çatdırılaraq müharibələr tarixinə ən qısa hərbi əməliyyat və bir mülki vətəndaşa belə zərər vurulmayan yüksəksəviyyəli təmizləmə prosesi kimi düşdü!
Beləliklə, 44 günlük hərbi əməliyyat və 23 saatlıq lokal xarakterli antiterror tədbirləri zamanı yerlərdəki erməni əhaliyə qarşı heç bir zorakılıq, etnik təmizləmə halları və mülki əhalinin hədəf seçilməsi baş vermədi.
Azərbaycan ərazisini tərk edənlərə isə nə dəyib-dolaşan, nə təzyiq göstərən, nə də maneçilik törədən oldu!
Bunu Azərbaycana gələn BMT missiyası da təsdiq etdi!
Ləyaqətli xalq müharibəni də ləyaqətlə aparmağı bacarır.
***
AZƏRBAYCAN BİR NEÇƏ CƏBHƏDƏ MÜHARİBƏ APARDI.
Keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başlanan gündən Azərbaycan təkcə düşmənə, onun müdafiəçilərinə və havadarlarına qarşı deyil, həm də ikili standartlarla çarpışmalı olub!
İlkin vaxtlarda həm beynəlxalq qurum və təşkilatlarda, həm də informasiya müharibəsində uduzub.
Çünki dünya erməniliyinin əli hər yerə çatdığından, müxtəlif dövlətlərdəki, habelə Avropa İttifaqı və AŞ PA-dakı deputatları, senator və konqresmenləri korrupsiya və rüşvət yolu ilə ələ aldığından Ermənistan işğalçı və ədalətsiz tərəf sayılsa da, müdafiə edilirdi.
Hücum diplomatiyasına keçdikdən, Azərbaycan-Türkiyə diasporunun əlbir fəaliyyəti təmin olunduqdan sonra vəziyyət yaxşılığa doğru xeyli dəyişdi.
Müzəffər Ali Baş Komandan İlham Əliyev II Qarabağ müharibəsinə hazırlaşarkən bütün bu məqamları irəlicədən nəzərə almışdı.
Hər şey gözlənildiyi kimi oldu: Hərbi əməliyyatlar başlayan kimi dünya erməniliyi tərəfindən maliyyələşdirilən və pulla ələ alınan xarici KİV-i, o cümlədən informasiya agentlikləri, televiziya kanalları aktiv fəaliyyətə başladılar.
44 günlük müharibə dövründə təkcə cənab İlham Əliyev 30-dan çox telekanala, informasiya agentliyinə və qəzetə 4 dildə müsahibə verdi.
Bir-iki jurnalist istisna olunmaqla qalan müxbirlərin sual və yanaşmalarında tərəfkeşlik, qeyri-obyektivlik, hətta bəzən qərəz də açıq-aydın hiss edilirdi.
İlham Əliyev bütün bu sualları təmkinlə, soyuqqanlılıqla cavablandırır, əsl həqiqətləri söyləyir, faktiki olaraq Azərbaycana qarşı yönləndirilən ermənipərəst mətbuatın öz tribunasından Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması yönündə istifadə edirdi.
Diplomatiya sahəsində də gərgin çarpışma gedirdi.
Ermənistanın ağır məğlubiyyətə uğradığını görənlər status-kvonun qorunması üçün hərbi əməliyyatların dərhal dayandırılmasına can atır, fasiləsiz olaraq Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngləri edir, hətta hərdən təsir və ya təzyiqə də can atırdılar.
Lakin Müzəffər Ali Baş Komandan qarşıya qoyduğu şərtlər yerinə yetirilməyənədək hərbi əməliyyatları dayandırmadı, Ermənistanı kapitulyasiya aktını imzalamağa vadar etdi!
***
AZƏRBAYCAN DAİM SÖZÜNƏ SAHİBLİK EDİR.
Azərbaycan Prezidenti İlham Əliyev sözünün sahibi, dediyini edəndir.
Bütün dünya onun sözünün imzası qədər etibarlı olduğuna şahiddir.
10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatını Rusiya Prezidenti V.Putinlə Azərbaycanın dövlət başçısı İlham Əliyev televiziya kameraları qarşısında, Ermənistanın baş naziri Paşinyan isə haradasa gizlində imzaladı.
Paşinyanın kapitulyasiya aktını bu sayaq imzalaması, əslində, onun mahiyyətinə tam uyğundur. Çünki Ermənistanın baş naziri gündə bir söz söyləyib sonra arxasından qaçmağa, dediyini danmağa, yalan söyləməyə meyillidir.
Azərbaycan Prezidenti bu günədək kapitulyasiya aktındakı bütün razılaşmalara sadiq qaldığını sübut edib.
Paşinyan isə gah sözünü danır, gah özünə təzə ağa axtarır, gah da arabir revanşizmdən dəm vuraraq məğlub ordusunu yenidən silahlandırır.
Müzəffər Ali Baş Komandan İlham Əliyev məqsədinə, hədəflərinə doğru inamla, dayanmadan gedir.
Həm də nəyi nə vaxt və necə edəcəyini dəqiq müəyyənləşdirməklə!
Ermənistan Azərbaycanın təbii sərvətlərini oğurlayıb aparmaqda, ərazimizə Laçın yolu ilə mina, silah-sursat daşımaqda, qanunsuz hərbi birləşmələrinin rotasiyasını həyata keçirməkdə davam edirdi.
Azərbaycan 23 aprel 2023-cü ildə Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yaradaraq bütün bu yaramazlıqların qarşısını aldı.
Ermənistan Xankəndidəki 11 min nəfərlik qanunsuz silahlı birləşmələrini çıxarmaq, terror və minalama əməllərinə son qoymaq istəmirdi.
Azərbaycan 19-20 sentyabrda 23 saatlıq lokal xarakterli antiterror tədbirləri keçirərək Ermənistan ordusunun qalıqlarını ləğv, silah-sursatlarını və hərbi texnikalarını isə müsadirə etdi.
Azərbaycan Xankəndidəki separatçı qurumun özünü buraxmasını tələb etdi.
9 oktyabrda separatçı qurumun yeni "prezidenti" Şahramanyan qondarma qurumun fəaliyyətinə son qoyulduğu barədə "fərman" imzaladı.
Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində dövlət bayrağımızı ucaltmaqla Azərbaycan ərazisində separatizmin tam məhv edildiyini və ikiəsrlik Qarabağ probleminə son qoyulduğunu bütün dünyaya bəyan etdi.
Azərbaycan sülh müqaviləsinin imzalanmasında, Zəngəzur dəhlizinin açılmasında, sərhədlərin delimitasiya və demarkasiya olunmasında da israrlıdır.
Seçim Ermənistanındır: könüllü və ya vadaretmə yolu ilə!
***
AZƏRBAYCAN BAĞIŞLAMAĞI DA, CƏZALANDIRMAĞI DA BACARIR.
Azərbaycan qalib tərəfdir!
Qalibləri isə mühakimə etmirlər - bu, qədim misaldır!
Amma qaliblər mühakimə edirlər, üstəlik, qanunun bütün sərtliyi ilə, həm də cəzalandırırlar.
Azərbaycan 44 günlük Zəfər müharibəsindən sonra separatçılardan könüllü təslim olanların və silahı yerə qoyanların amnistiyası məsələsinə baxa biləcəyini bəyan etmişdi.
Azərbaycan həm də dinc əhaliyə qarşı qəddarlıq törədənlərin, separatçılıq hərəkatına rəhbərlik edənlərin və müharibə cinayətləri törədənlərin bir qismi barədə cinayət işi açaraq onları beynəlxalq axtarışa vermişdi.
23 saat çəkən lokal xarakterli antiterror tədbirlərindən sonra qanunsuz erməni hərbi birləşmələri tərkibində döyüşənlər silahlarını yerə qoyduqdan sonra Laçın nəzarət-buraxılış məntəqəsindən keçərək Ermənistana getmələrinə heç bir maneə yaradılmadı.
Nə onları incidən oldu, nə sorğu-suala çəkən, nə də zorakılıq törədən.
Qondarma qurumun keçmiş "prezidentləri" həbs edilərək Bakıya gətiriliblər. Onlardan Arkadiy Qukasyan və Bako Sahakyan separatçı quruma rəhbərlikləri dövründə törətdikləri cinayətlərin hesabını verəcəklər.
Arayik Harutyunyan həm də Gəncənin ballistik raketlə vurulması əmrinə görə məsuliyyət daşıyır.
Ruben Vardanyan və Laçın nəzarət-buraxılış məntəqəsindən keçib qaçmağa cəhd edərkən yaxalanan Vaqif Xaçatryan isə terrorçuluqla bağlı əməllərinə görə sorğu-suala çəkilirlər.
Dustaqların hər biri vəkillə təmin olunub və saxlanma şəraitlərindən narazı deyillər.
İnanırıq ki, törətdikləri əməlləri araşdırılıb sübuta yetirildikdən sonra onlar verilən cəzadan da razı qalacaqlar.
Bəli, heç kim unudulmur, heç nə yaddan çıxmır!
***
AZƏRBAYCAN BÖYÜK QAYIDIŞI UĞURLA HƏYATA KEÇİRİR.
Təkcə biz torpağımız üçün deyil, torpağımız da bizim üçün darıxıb!
* Çünki torpaq da bilir ki, o, bizim doğma, əzəli və əbədi Vətənimizdir!
* Çünki torpaq da bilir ki, biz yaradan, quran, sülhsevər xalqıq!
* Çünki torpaq da bilir ki, onu əkib-becərib, qoynunu laləzarlığa yalnız biz çevirəcəyik!
Odur ki, artıq "məcburi köçkün" adını "itirən"lər tezliklə, lap tezliklə doğma yurda qovuşmağa can atırlar.
Bu istəkdə dövlət də onların yanındadır!
Dövlət başçısı İlham Əliyev isə xalqın ən böyük arzusunu yerinə yetirdikdən sonra növbəti arzusunun - Böyük qayıdışın tezliklə baş tutması üçün hər bir şərait yaradır.
Otuz il ərzində xarabalıqlara çevrilən, "ölüm toxumları" basdırılan, "tələ minaları" qurulan ərazidə quruculuq aparmaq asan deyil.
Əsas maneə minaların təmizlənməsidir və bu sahədə işin sürətlə getməsindən ötrü bütün tədbirlər görülür.
İlham Əliyev keçmiş məcburi köçkünləri keçmiş kəndlərinə qaytarmır.
Bütün infrastrukturu, yeni iş yerləri, sahibkarlıqla məşğul olmaq üçün əlverişli imkanları, hər cür rahatlığı, təmirli mənzilləri olan, bağ-bağçalı "ağıllı" şəhər və kəndlərə qaytarır.
İnsanlar toy-bayramla, gülə-gülə, həm də sevinclərindən ağlaya-ağlaya geri dönürlər.
Məktəblər, uşaq bağçaları, xidmət sahələri bütün yaş qrupundan olanların yolunu gözləyir.
Artıq 2 şəhər və 3 kənddə məskunlaşma olub.
2026-cı ilədək işğaldan azad edilən ərazilərə 34 min 500 ailənin köçürülməsi nəzərdə tutulub.
Bu isə növbəti illərdə 160 min insanın ata-baba yurduna qayıtması deməkdir.
***
* Azərbaycan ləyaqətli müharibə apardı.
* Azərbaycan heç zaman mülki obyektləri, yaşayış binalarını hədəf götürmədi.
* Azərbaycan I Qarabağ müharibəsində Ermənistanın ona qarşı etdiklərini təkrarlamadı.
* Azərbaycan indiyədək görünməmiş sürət və peşəkarlıqla lokal xarakterli antiterror tədbirləri keçirdi.
* Azərbaycan kütləvi amnistiya tətbiq etdi, terrorçuların, qanunsuz hərbi birləşmələrdə ona qarşı vuruşanların ölkədən maneəsiz çıxmasına imkan yaratdı.
Halbuki bütün bunların əksini çox asanlıqla edə bilərdi.
Bununla Azərbaycan ortaya alicənab müharibə nümunəsi də qoydu!
Bəxtiyar SADIQOV