Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində qazanılan, xalqımızın tarixinə əbədi yazılan Zəfər Gününün ildönümünü qalib ölkə, qalib xalq kimi böyük iftixar və sevinc hissi ilə qeyd edir, bu Qələbəni bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyirik. Noyabrın 12-də isə Azərbaycan dövlətinin tarixində mühüm hadisələrdən və ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biri olan ilk milli Konstitusiyanın qəbulunun 27-ci ili tamam olacaq. Ümummilli lider Heydər Əliyevin müəllifliyi ilə hazırlanan ölkənin hüquqi təsis sənədinin - Əsas Qanununun qəbul olunması ilə Azərbaycanın tarixi inkişafının yeni mərhələsi başlanıb. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul olunmuş Konstitusiya dövlətin konstitusiya quruluşunun əsaslarını, ictimai-siyasi institutlarını, əsas insan və vətəndaş hüquq və azadlıqlarını müəyyən etməklə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun təməlini formalaşdırdı.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Aparatının Konstitusiya hüququ şöbəsinin müdir müavini Rəna Abbasovanın “Konstitusiya hüquq normalarının üstünlüyünün və ali hüquqi qüvvəsinin təmin edilməsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rolu” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.
Dövlətin ali qanunu kimi Konstitusiya ölkənin suverenliyini, müstəqilliyini və dövlət hakimiyyətinin aliliyini təsbit etməklə demokratik inkişafa təminat verən, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında əsaslı dəyişikliklərə zəmin yaradan, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mütərəqqi sənəd oldu.
Müstəqil Azərbaycanın Konstitusiyası əsas insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə yanaşı, onların təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etməklə müdafiəsini də qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının əsas vəzifəsi olaraq müəyyən etdi.
Əsas Qanunda ölkəmizin hüquq sistemi üçün yeni bir təsisatın – səmərəli müdafiə mexanizmi olaraq Konstitusiyanın aliliyini qoruyan konstitusiya ədalət mühakiməsi orqanının yaradılması da əksini tapdı, bu təsisatın dövlət hakimiyyəti sistemində yeri və rolu müəyyənləşdirildi.
Məhz Konstitusiyanın qəbulu ilə ölkəmizdə məhkəmə-hüquq islahatlarının əsası qoyuldu, üçpilləli məhkəmə sisteminin təsbiti ilə insan hüquqlarının effektiv müdafiəsi mexanizmlərinin tətbiqinə, məhkəmə müdafiəsinin əlçatanlığına şərait yaradıldı. Lakin cəmiyyətin sosial, iqtisadi, hüquqi sferalarında zamanla baş verən dəyişikliklərin, yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar 2002-ci, 2009-cu və 2016-cı illərdə keçirilmiş referendumlarla Konstitusiyaya insan hüquqlarının müdafiəsinin və dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasına yönəlmiş bir sıra dəyişiklik və əlavələr edildi. Nəticədə Əsas Qanunumuz daha da təkmilləşdirilərək müasir dövrün tələblərinə uyğunlaşdırıldı.
Xüsusi qeyd edilməlidir ki, konstitusiya hüquq normaları fərd ilə cəmiyyət, fərd ilə dövlət arasında yaranan münasibətlərin əsaslarını tənzimləməklə, hüquqi nizamasalmanın rəhbər müddəa və başlıca prinsiplərini bəyan etməklə qanunvericilik sistemi üçün hüquqi baza rolunu oynayır və ən yüksək hüquqi qüvvəyə malikdir. Konstitusiyanın 147-ci maddəsinə görə, Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir və qanunvericilik sisteminin əsasını təşkil edir. Konstitusiya hüquq normalarının əsasında və müəyyən etdiyi hüdudlarda dövlət hakimiyyət orqanları fəaliyyət göstərir, vətəndaşların hüquq və azadlıqları təmin və müdafiə olunur.
Konstitusiya hüquq normalarının fərqləndirici xüsusiyyəti həm də digər hüquq normalarının keyfiyyət və xarakterinin, hüquqa uyğunluğunun müəyyən edilməsi üçün başlıca meyar olmasındadır. Bununla da Konstitusiya bütünlükdə hüququn inkişafında uzlaşmaya və hüququn sistemləşdirilməsinə kömək edir. Əsas Qanunun 148-ci maddəsi ilə normativ hüquqi aktların iyerarxiyası təsbit edilərkən də ilk pillədə Konstitusiya müəyyən edilib. Odur ki, qanunvericilik sisteminə daxil olan bütün aktlar məhz Əsas Qanunda öz əksini tapmış hüquq qaydaları və prinsipləri əsasında qəbul edilməlidir. Həmçinin heç bir sahəvi hüquq norması konstitusiya hüquq normasının reallaşdırılmasına maneə olacaq şəkildə şərh və tətbiq edilməməli, hər hansı normanın təfsiri və tətbiqi zamanı konstitusiya hüquq normalarının ümumməcburi istiqamətverici xarakteri mütləq şəkildə nəzərə alınmalıdır.
Konstitusiya nəzarətini həyata keçirən təsisat olaraq Konstitusiya Məhkəməsinin fəaliyyətinin əsasını da ilk növbədə Əsas Qanunun normalarının üstün hüquqi qüvvəsinin, normativ hüquqi aktların Konstitusiyaya uyğunluğunun təmin edilməsi təşkil edir.
Konstitusiya Məhkəməsinin Plenumu “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I və II hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 16 sentyabr tarixli Qərarında qeyd olunan Qanununun 29.4-cü maddəsinin müddəalarının (tenderdə iştirak haqqı heç bir halda geri qaytarılmır) malgöndərənlərin (podratçıların) sayının üç iştirakçıdan az olması səbəbindən baş tutmamış tenderlərə şamil edilməsinin Konstitusiyanın 29-cu maddəsinin I və II hissələrinin tələbləri ilə uzlaşmadığı qənaətinə gələrkən də məsələyə məhz Əsas Qanunda öz əksini tapmış mülkiyyətin toxunulmazlığı, mülkiyyətin heç bir növünə üstünlük verilməməsi prinsipləri prizmasından yanaşıb.
Qərarda qeyd olunub ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Əsas Qanunun 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir.
Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunub (Konstitusiyanın 13-cü maddəsinin III hissəsi, 29-cu maddəsinin VI hissəsi və 71-ci maddəsinin II hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir.
Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlib ki, “Dövlət satınalmaları haqqında” Qanunun 29.4-cü maddəsinin müddəalarının malgöndərənlərin (podratçıların) təqsirindən asılı olmayaraq (iştirakçıların sayının üçdən az olması səbəbindən) baş tutmamış tenderlərə şamil edilməsi Konstitusiyanın 29-cu maddəsinin I və II hissələrinin tələbləri ilə uzlaşmamasına səbəb olur. Belə bir ziddiyyətin aradan qaldırılması üçün isə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsində göstərilən əsasa görə baş tutmayan, lakin tender üzrə iştirak haqqını ödəmiş və iddiaçı kimi qeydiyyatdan keçmiş iştirakçıların iştirak haqqının həmin Qanunun 11.5-ci maddəsinə əsasən keçirilən növbəti tenderdə əvəzləşdirililməli olması qərara alınıb.
Məlum olduğu kimi, Konstitusiya Məhkəməsinin Əsas Qanun ilə müəyyən edilmiş səlahiyyətlərindən biri də müxtəlif subyektlərin (Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və s.) sorğusu, həmçinin məhkəmələrin müraciəti əsasında Konstitusiyanın və qanunların şərh edilməsidir. Fəaliyyəti müddətində Konstitusiya Məhkəməsi Plenumunun şərhlə bağlı qərarlarında müxtəlif hüquq normalarının məzmun və mahiyyətinə aydınlıq gətirərkən də sərgilədiyi hüquqi mövqelər məhz Konstitusiyanın əsasları, onun aliliyi və birbaşa qüvvəsi nəzərə alınmaqla formalaşdırılıb.
Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərar qəbul edilərkən də məsələyə ilk növbədə Konstitusiyanın 29-cu maddəsinin VII hissəsi, 60-cı maddəsi, habelə 125-ci maddəsinin I hissəsi əsas götürülməkə yanaşılmış, Əsas Qanunda öz əksini tapmış dövlətin vərəsəlik hüququna, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verməsi, eləcə də məhkəmə hakimiyyətinin ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr tərəfindən həyata keçirilməsi kimi prinsiplər rəhbər tutulmaqla müvafiq nəticəyə gəlinib. Qeyd edilən Qərar Bakı Apellyasiya Məhkəməsinin vərəsələr arasında mübahisə olduğu halda, mirasda vərəsələrin paylarının müəyyən edilməsinin məhkəmənin və ya notariusun səlahiyyətinə aid olmasının müəyyən edilməsinə dair müraciəti üzrə qəbul olunub.
Qərarda göstərilib ki, vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi mürəkkəb və əhəmiyyətli hüquqi fəaliyyət olmaqla bununla bağlı hüquqi mübahisələr vərəsəlik paylarının müəyyən edilməsinə təsir göstərən mübahisələrdir. Odur ki, Mülki Məcəllənin 1291-ci maddəsi ilə yalnız miras əmlakın bölüşdürülməsi ilə bağlı mübahisələrə baxılmasının məhkəmələrə aid edilməsinin nəzərdə tutulmasına əsaslanmaqla, vərəsələrin dairəsi və payların həcmi ilə bağlı mübahisələrə məhkəmələrdə baxılmasının istisna edilməsi hüquqi məntiqə zidd olar.
Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlib ki, vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həll edilməsi səlahiyyəti notariat orqanlarının qanunvericiliklə müəyyən edilmiş təyinat və funksiyasından kənar olmaqla, hüquqi mübahisələrin həlli yeri kimi məhkəmələrə aiddir. Əks yanaşma qanunvericiliyin mövcud sistemi ilə uzlaşmamaqla vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həllində qeyri-müəyyənliyin yaranmasına gətirib çıxara bilər.
Konstitusiya Məhkəməsi, eyni zamanda, fərdi şikayətlər üzrə konstitusiya məhkəmə icraatı qaydasında fiziki və hüquqi şəxslərin konstitusiya hüquqlarının birbaşa təmin edilməsini həyata keçirməklə Əsas Qanunun yaratdığı təminatların reallaşdırılmasına, konstitusiya hüquq normalarının sadəcə şüar, deklarativ xarakterli deyil, real, eləcə də düzgün tətbiq və riayət edilən hüquq qaydaları kimi çıxış etməsinə şərait yaratmış olur.
Məsələn, L.Ramazanovanın şikayəti üzrə 2022-ci il 1 iyun tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, məsələ fərdin Konstitusiya ilə təminat verilən şəxsi və ailə həyatı hüququ ilə bağlı olduğundan ərizəçinin mübahisə etdiyi məhkəmə aktının Konstitusiyaya uyğunluğu Əsas Qanunun 32-ci maddəsinin II hissəsinin müddəaları nəzərə alınmaqla yoxlanılmalıdır.
Konstitusiyanın həmin norması qanunla nəzərdə tutulan hallardan başqa şəxsi və ailə həyatına müdaxilə olunmasını qadağan edir.
Konstitusiya Məhkəməsinin Plenumu Qərarında qeyd edib ki, şəxsi və ailə həyatının toxunulmazlığı hüququnun əsas məqsədi şəxsi və ailə həyatına qanunsuz (özbaşına) müdaxilənin qarşısını almaqdan ibarətdir. Beləliklə, o, ilk növbədə dövlətin neqativ öhdəliyi kimi ifadə olunur. Lakin burada dövlətin pozitiv öhdəliklərinin mövcudluğu da istisna olunmur.
Ad hüququ da şəxsi hüquqlardan olmaqla Konstitusiyanın mətnində birbaşa təsbit edilməməsinə baxmayaraq, bu hüquq Əsas Qanunun müddəalarının məzmunundan irəli gəlir. Belə ki, Konstitusiyanın 34-cü maddəsinin IV hissəsinin ikinci cümləsinə uyğun olaraq, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Həmin konstitusion müddəa valideynlər və uşaqlar arasındakı münasibətlərin tənzimlənməsinə yönələrək valideynlərin öz uşaqlarına qayğı göstərmək və onları tərbiyə etmək hüququnu təmin edir. Göstərilən konstitusion hüquq, ilk növbədə, uşağın rifahına xidmət etməlidir. Valideynlərin övladına qayğı göstərmək hüququnun məzmununa valideynlərin övladına ad qoymaq (vermək) hüququ da daxildir.
Şəxsi ad fərdin özünümüəyyənetməsinin fundamental amillərindən biridir, onun başqalarından fərqləndirilməsi məqsədlərinə xidmət edir. Ad, şəxsiyyətin fərdiləşdirilməsinin əsas təzahürlərindən biri olaraq şəxsi həyat sahəsinə daxildir.
Eyni zamanda ad hüququnun təzahürü kimi ad almaq hüququ mütləq deyil və məhdudlaşdırıla bilər. Ad almaq hüququnun məhdudlaşdırılması üçün məqbul sayılan əsas kimi uşağın mənafeyinin qorunması çıxış edə bilər.
Həmçinin ad almaq hüququ dövlət dilinin işlənməsinə və qorunmasına dair ümumi maraqların təmin olunması üçün də məhdudlaşdırıla bilər. Konstitusiyanın 21-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlib ki, işə baxan məhkəmələr tərəfindən şikayətçinin övladı üçün seçdiyi ad ilə qeydiyyata alınması tələbi rədd edilərkən həmin adın dövlət dilinin işlənmə qaydalarına zidd olmasına istinad edilsə də, iddiaçının bununla bağlı irəli sürdüyü dəlillər araşdırılmamış, habelə gəlinən nəticə əsaslandırılmamışdır. Bu isə ərizəçinin Konstitusiyanın 32-ci və 60-cı maddələrinin I hissələrində təsbit olunmuş hüquqlarının pozulmasına gətirib çıxarıb.
Qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsi qanunvericilik sisteminin və məhkəmə aktlarının konstitusiyaya və qanunlara uyğunluğu üzərində nəzarət, hüquq qaydalarının məzmun və mahiyyətinin açıqlanması kimi vəzifələri yerinə yetirməklə və bununla da əslində konstitusiya hüquq normalarının təkamülünə töhfə verməklə yanaşı Əsas Qanunun funksiyalarından biri olan tərbiyəvi funksiyasının realizəsində, yəni cəmiyyətdə hüquqi düşüncənin inkişafında, hüquq normalarına etimad və hüquqi məsuliyyətin formalaşdırılmasında da böyük rol oynayır.
Konstitusiyanın tərbiyəvi funksiyasından danışarkən ümummilli lider Heydər Əliyevin imzaladığı “12 noyabr – Azərbaycan Respublikasının Konstitusiyası gününün qeyd edilməsi” haqqında Fərman da xatırlanmalıdır. Həmin Fərmanda Konstitusiyanın əhəmiyyəti nəzərə alınaraq kütləvi informasiya vasitələrində Əsas Qanunun mahiyyətini işıqlandıran materialların dərc olunması, məzmunun öyrənilməsi və izahı ilə bağlı elmi-nəzəri konfransların və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Konstitusiya Məhkəməsi tərəfindən də vaxtaşırı olaraq cəmiyyətin nüfuzlu hüquqşünaslarının iştirakı ilə elmi-praktik konfranslar təşkil olunur, konstitusiyanalizm ideyalarına, insan hüquq və azadlıqlarına, habelə hüququn müxtəlif sahələrinə dair çıxışlar dinlənilir, müzakirələr keçirilir.
Sonda qeyd etmək istərdik ki, otuz illik işğala Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və siyasi iradəsi, rəşadətli Ordumuzun şücaəti sayəsində əldə edilmiş Böyük Qələbə nəticəsində son qoyulması, ölkənin ərazi bütövlüyünün bərpası ilə həm də Azərbaycan Respublikası Konstitusiyasının ali hüquqi qüvvəsi tarixi torpaqlarımızda təmin olundu və əminik ki, bundan sonra Əsas Qanunun müəyyən etdiyi prinsip və başlıca müddəalar bütün ölkə ərazisində ardıcıl surətdə tətbiq olunacaq və Konstitusiya Məhkəməsi də qəbul etdiyi qərarlar ilə konstitusiya hüquq normalarının aliliyinin və üstünlüyünün təmin edilməsində öz töhfəsini verməyə davam edəcək.