...Məhəllədəki qapılar bir-birinə bənzəyirdi. Hansına yaxınlaşacağımı bilmədim. Gözümə daşın üstündə oturub gəlinciyi ilə oynayan 4-5 yaşlarında qızcığaz sataşdı. Yaxınlaşıb soruşdum:
- Qızım, şəhid Azərin evini tanımırsan?
- Tanıyıram... Atamdır...
Aprel döyüşlərindən Vətən müharibəsinə...
Zəfər bizə asan başa gəlmədi. Vətən təkcə oğullarını, qəhrəmanlarını itirmədi. Yüzlərlə ailə ata, qardaş, ər həsrətinə məhkum olundu...
Atası Azər şəhid olanda cəmi 3 ay 15 günlük idi Gülay... 4 uşağın ən kiçiyi, ailənin sonbeşiyi, atasının qoxusuna doymadığı körpəsiydi...
Hər bir qız uşağının qəhrəmanıdır atası. Amma Gülayın atası əsl qəhrəmandır. Aprel döyüşlərində də iştirak edən Azər Qasımov İkinci Qarabağ müharibəsində dəfələrlə yaralanmağına baxmayaraq, yenidən cəbhə bölgəsinə qayıdıb. Döyüşlərin birində komandirini xilas edərkən şəhid olub.
Azər Qasımov 1979-cu ildə Tərtər rayonunun Yenikənd kəndində doğulub. 2014-cü ildən müddətdən artıq hərbi qulluqçu kimi Silahlı Qüvvələrdə xidmətə başlayıb. Komandir sürücüsü işləyib. 2016-cı ildə Aprel döyüşlərindəki qəhrəmanlığına görə dövlət mükafatı ilə təltif olunub. 41 yaşlı hərbçi Suqovuşan istiqamətindəki döyüşlər zamanı şəhid olub. İgidlik və şücaət nümayiş etdirdiyinə görə, Prezidentin sərəncamına əsasən, ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
"Bu problem balalarımıza miras qalmamalıdır"
Həyat yoldaşı Nailə Qasımova deyir ki, həm tanışlıqları, həm toyları oktyabra təsadüf etdiyindən bu, ən sevdiyi, həyəcanla gözlədiyi, üzündə gülüş doğuran ay olub. Ta ki 2020-ci ilə qədər...
Həmin ilin oktyabrında son dəfə Azərin səsini eşidib, şəhid xəbərini alıb, torpağa tapşırıb: "Bu ay özümü nə yerdə, nə göydə hiss eləyirəm. Ürəyim parçalanır. O qədər gözəl insan idi ki, Azər. Ətrafımdakı heç kimə bənzəmirdi. Hər kəsin dadına çatar, hamıya kömək etməyə çalışardı. Müharibənin qızğın vaxtında belə... Övladları ilə nəfəs alırdı. Böyük uşaqlar onun necə yaxşı ata olduğunu görüblər. Çox pis oluram ki, Gülay bunu xatırlamayacaq. Azər müharibə günlərində elə ən çox sonbeşiyi üçün darıxırdı. Ondan doymamışdı".
Nailə xanım deyir ki, Azər Polad Həşimovun ölümündən çox təsirlənibmiş. Heç vaxt onu belə görməyibmiş: "Deyirdim ki, Azər, inşallah müharibə olmaz. O isə deyirdi, əksinə, olsun. Qoy indi olsun ki, biz buna son qoyaq. Son qoyaq ki, bu problem balalarımıza miras qalmasın".
Dəfələrlə yaralansa da, döyüş bölgəsinə qayıdıb
2020-ci il sentyabrın 25-i Azərin evdən son çıxışı olub. Bazarlıq edib, bütün əyər-əksiyi tamamlayıb. Deyib ki, işlə bağlı 10 günlük Gəncəyə gedir. O zaman Ağdamda yaşayırmışlar. Gec olub, yatmış uşaqları öpüb. Böyük oğlu Yaqub atası onu öpəndə yuxudan ayılıb. Yuxulu gözlərindən öpüb: "Mən olmayanda evin kişisi sənsən. Anangil sənə əmanət", - deyib.
"Ertəsi gün bir də gördüm qaynımla qayınanam bizi Tərtərə aparmağa gəliblər. Getmək istəmədim. Niyə gedim, axı Azər gələcəm demişdi. Tez özünə zəng elədim. Dedi belə məsləhətdir, sizdən nigaran qalıram. Azər həlak olana qədər dəfələrlə ağır yaralanıb. Birinci dəfə onun olduğu maşını vurublar. Sağalan kimi yenidən döyüş bölgəsinə qayıdıb. İkinci dəfə qolundan yaralanıb və Tərtərə gətiriblər. Təsadüfən də cərrah Tərlan xanım qohumları çıxıb. Deyib ki, qəlpə təhlükəli yerdədir, əməliyyat etsək, qolun iflic qala bilər. Əməliyyatı gözləmədən yenidən döyüşə qayıdıb", - deyir həyat yoldaşı...
Komandirini döyüş ərazisindən çıxartsa da...
Sonuncu dəfə Azərin səsini oktyabrın 15-i axşam eşidiblər. Nailə xanım deyir ki, bu dəfə səsi fərqli gəlirdi. Geri dönməyəcəyini, bizi bir daha görməyəciyini elə bil hiss eləmişdi. "Gecə 4 radələrində anasına da zəng edib, amma o eşitməyib. Buna görə Esmira xala hələ də özünü bağışlamır, "Son dəfə balamın səsini eşitmədim. Balamın mənə deyəcəyi son sözə həsrət qaldım. Elə bil ölüm yuxusu idi, oyanmadım", - deyir.
Sonrakı iki həftə Azərdən xəbər ala bilməyiblər. Nə qədər zəng etsələr də, telefonunun bağlı olduğunu görüblər. Hərbi hissəyə zəng edəndə, əsgər yoldaşlarından xəbər alanda "İndi burda idi", "Bayaq gördük, maşınla keçdi" deyiblər. Həlak olduğunu deməyə heç kimin dili gəlməyib.
Demə, həmin gecə sığınacaqdan çıxıb tapşırıq dalınca gedəndə Azərin komandiri, silahdaşı Ramid Hacıyevi vurublar. Komandirinin döyüş ərazisində qaldığını görən Azər tez özünü ona yetirib. Elə o vaxt ard-arda dabanından və başından snayperlə vurulub. Son gücüylə Ramidi öz tərəfimizə çəkə bilsə də, özü həlak olub.
"O günlərdə heç kim məni sakitləşdirə bilmirdi. Elə hey deyirdilər ki, Aprel döyüşlərindən qayıdıb, indi də qayıdacaq. Amma qayıtmadı. Bakıda, rayonlarda getmədiyimiz xəstəxana qalmadı. Hər yerə zəng edir, amma naümid qalırdıq. Nə yediyimi bilirdim, nə içdiyimi. Suyu içirdim dadını almırdım. Televizorda şəhid şəkillərini verirdilər. Televizora baxırdım, amma beynim dumanlı idi, heç nə görmürdüm. Gördüyümü də anlamırdım. Atamgil də yanımda oturmuşdular. Öz-özümə deyirdim ki, görəsən, belə dağ oğulların anası, atası, yoldaşları necə dözür bu itkiyə. Bilməzdim ki, mən belə düşünəndə ekranda Azərin şəklini göstərəcəklər. Bir də hiss etdim ki, gəlinimiz arxadan atama işarə edib həyətə çağırır. Atam həyətə çıxdı. Birdən duyuq düşüb arxalarınca getdim, gördüm atam ağlayır..."
Hələ də atasının yolunu gözləyir...
Söhbətimiz bitmişdi. Deməyə söz tapmırdım. Azərin kiçik oğlu Yusif əlimdən tutub, üzünü qapıya çevirdi:
- Xala, atam üçün hər gün bu şeiri deyirəm...
Mələklər, atam sizə əmanət,
Bilmirəm, yarası harasındadır.
Əzab-əziyyəti çox olub onun
Ürəyinin odu yarasındadır...
Sağollaşıb ayrıldıq. Dönüb arxaya baxdım. Gülay hələ də o daşın üstündə oturmuşdu. Hələ də atasını gözləyirdi...
Ülkər XASPOLADOVA,
"Azərbaycan"