Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası açılıb. AZƏRTAC-ın əməkdaşları yarmarkada olub, fermerlərin və alıcıların təəssüratlarını öyrəniblər.
Səhər saatlarından Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5, ünvanındayıq. Burada Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunub. İsti havaya baxmayaraq, şəhər sakinləri yarmarkaya axışırlar. Hətta bəzi piştaxtalarda məhsulların çoxu artıq satılıb. Yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlərə birbaşa satış platforması təqdim etməklə dəstək göstərmək və şəhər sakinlərini sağlam, təbii kənd məhsulları ilə təmin etməkdir.
Budəfəki yarmarkanı xüsusi əlamətdar edən amillərdən biri işğaldan azad olunmuş ərazilərdəki həyətyanı sahələrdə yetişdirilən kənd təsərrüfatı məhsullarının satışa çıxarılmasıdır. Şərqi Zəngəzurun Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarından olan fermerlərin öz təsərrüfatlarında yetişdirdikləri məhsulları brendləşdirərək yarmarkaya gətirənlərdən biri də Mələk Zamanovadır.

Zəngilanın Ağalı kəndində yaşayan bacısı ilə birgə əl əməyi, göz nuru ilə yetişdirdikləri kənd təsərrüfatı məhsullarını satan həmsöhbətimiz bağın barını qürurla təqdim edir. İlk dəfə yarmarkada iştirak edən Mələk xanım burada yaradılan şəraitdən məmnundur. O, satdığı məhsulların alıcıların diqqətini cəlb etdiyini bildirib: “Şaftalı, nektarin gətirmişik. Öz həyətimizin məhsuludur, təbii və keyfiyyətlidir. Kimyəvi dərmanlardan istifadə olunmadan yetişdirilib. Çox gözəl məhsuldur, yığıb gətirmişik. Bundan başqa, kərə yağı, pendir, turşular və müxtəlif çiçəklər də təklif edirik. Alıcıların marağı böyükdür, çox yaxşı alırlar. Onları mehribanlıqla yola salırıq. Şaftalının qiyməti 70-90 qəpik arasında dəyişir”.
Bakının Türkan qəsəbəsində yetişdirilən göyərti və bostan məhsullarını satan Əliyar Salamov da fermerlər üçün yaradılan şəraitdən razılıq edib. “Hər yarmarkada canla-başla iştirak edirik. Bizə hər cür şərait yaradırlar – yer verilir, tərəzi ilə təmin olunuruq. Mallarımızı rahat sata bilirik, əlavə xərcimiz də çıxmır”, – deyə o qeyd edib.
Alıcılar isə məhsul bolluğu ilə yanaşı, ciblərinə uyğun qiymətlərdən də razıdırlar. Yarmarkaya ilk dəfə gələn Aynur Hüseynova qiymətlərin sərfəli olmasından danışıb: “Pendir, çiyələk və alça almışam. Qiymətlər marketlərdən xeyli ucuzdur. Marketdə gilasın kiloqramı 6 manatdırsa, burada eyni keyfiyyətdə məhsulu 3 manata tapmaq mümkündür. Mövsümi meyvələrin, həmçinin ağartı məhsullarının qiymətində ciddi fərq var”.
Digər alıcı Nazim Qafarov yarmarkanın daimi müştərisi kimi təşkilatçılara təşəkkür edir: “Hər həftə gəlib buradan meyvə və pendir alıram. Burada məhsulların hamısında qiymətlər çox aşağıdır, ailə büdcəsi üçün çox sərfəlidir. Özüm 8-ci mikrorayonda yaşasam da, mütəmadi olaraq bura gəlirəm”.
Bu yarmarkalara müntəzəm gələn alıcı Ofeliya Babayeva isə ərazinin təmizliyindən və mədəni xidmətdən söz açıb . “Çox diqqətlidirlər, satıcıların mədəni davranışı insanı razı salır. Qiymətlər marketlərdən 10 faiz, bəlkə də daha çox aşağıdır. Ona görə də buranın daimi fəaliyyət göstərməsini arzu edirəm. Evimə yaxın olduğu üçün çalışıram həmişə buradan bazarlıq edim”, - deyə o bildirib.

“Aqrar Tədarük və Təchizat” ASC-nin şöbə müdiri Nilüfər Mustafaqızı ilə də söhbət edirik. O bildirib ki, həftəsonu yarmarkası yay mövsümü boyu davam edəcək: “Yarmarka hazırda həm həftəsonu, həm də mövsüm yarmarkası olaraq fəaliyyət göstərir. Budəfəki yarmarkanın ən əhəmiyyətli məqamlarından biri Şərqi Zəngəzurun Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarından olan fermerlərimizin şaftalı, nektarin, kartof kimi məhsulları satışa çıxarmasıdır. Onlar öz təsərrüfatlarında istehsal olunmuş ət və ət məhsulları, yumurta, bal, quru və təzə meyvələr də gətiriblər. Həm fermerlərimizə dəstək olmaq, həm də paytaxt sakinlərini təbii məhsullarla təmin etmək üçün bütün alıcılarımızı yarmarkamızda gözləyirik”.
Yarmarkanın ən böyük üstünlüklərindən biri də alıcıların aldadılma və ya keyfiyyətsiz məhsul riskindən qorunmasıdır. Satışa təqdim olunan bütün məhsulların keyfiyyətinə və qida təhlükəsizliyinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi birbaşa nəzarət edir. Məhsulların keyfiyyəti ilə bağlı hər hansı şübhəsi və ya sualı yaranan vətəndaşlar dərhal ərazidə fəaliyyət göstərən Səyyar Qida Laboratoriyasına yaxınlaşaraq məhsulları yerindəcə və ödənişsiz analiz etdirə bilirlər.