31 May 2024 08:00
1313
İQTİSADİYYAT
A- A+

Kapital daha çox bərpa-quruculuq işlərinə yönəldilir

 

Qlobal miqyasda baş verən siyasi gərginlik və qarşıdurmanın iqtisadi tənəzzülə səbəb olmasını hiss etməyən ölkə yoxdur. Bu səbəbdən hazırda bütün dünya iqtisadiyyatında artım dinamikası aşağıdır. Hətta həmişə iqtisadi artımda yüksək nəticələrə nail olan Çində də azalma müşahidə olunur.
İqtisadi fəallığın azalması bir sıra Avropa ölkələrindən də yan keçmir. İqtisadi inkişaf tempi dinamik və əhalinin sosial vəziyyəti yüksək olan həmin ölkələrdə bu gün bir sıra problemlər yaşanır. Dünyanın nəhəng iqtisadiyyatına malik və valyutası beynəlxalq dəyər ölçüsü olan ABŞ-də də vəziyyət ürəkaçan deyil. Bir sözlə, dünya üçün problemlər yaradanların özləri problem içindədir. 
Qərb tərəfindən Rusiyaya və dolayısı ilə bir çox ölkələrə tətbiq olunan sanksiyalar və o üzdən ticarət əlaqələrinin zəifləməsi son anda qlobal kapital dövriyyəsinə də mənfi təsir göstərir. Yəni dönərli valyutaya sahib olan Qərb sərmayədarları nəhəng bazarlarda kapital qoyuluşundan məhrumdurlar. Belə geri dönüş bir çox iri kapital sahibi olan banklarda ciddi sıxıntılar yaşadır.   
Məlumdur ki, dünya iqtisadiyyatının dinamikasını təmin edən üç əsas prinsip var: istehsal, ticarət və investisiya. Bu qaydaların hamısı bir-birinin inkişafını təmin edir. İndi onların başlıca elementlərindən biri olan investisiya qoyuluşu böyük ölçüdə azalıb.
Bütün bunların fonunda Azərbaycanda iqtisadiyyatın davamlı kapitallaşmasına xüsusi əhəmiyyət verilir. Bu səbəbdən ölkəmizdə əlverişli investisiya mühiti formalaşır, dövlət əksər qlobal layihələrin reallaşmasında investor kimi çıxış edir, paralel olaraq özəl sektoru sərmayəçi kimi belə layihələrə qoşulmaları üçün stimullaşdırır və s. Rəqəmlərə müraciət edək: Dövlət Statistika  Komitəsindən verilən məlumata görə, cari ilin yanvar-aprel aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5 milyard 230,4 milyon manat və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,5 faiz çox investisiya yönəldilmişdir. 
Hesabat dövründə neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 6,2, qeyri-neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 15,2 faiz artmışdır. Ümumi sərmayənin 2 milyard 828,9 milyon manatı məhsul istehsalı sahələrinin, 1 milyard 979,3 milyon manatı xidmət sahələrinin, 422,2 milyon manatı  yaşayış evlərinin tikintisinin payına düşmüşdür. 
Cari ilin 4 ayında kapital qoyuluşunda dövlətin vəsaiti daha çox olmuşdur - 56,1 faiz. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın dəyəri isə ümumi sərmayənin 80,5 faizini təşkil etmişdir. Bu dövr ərzində yatırılan sərmayənin 70,5 faizindən tikinti-quraşdırma işlərində istifadə olunmuşdur ki, bu da əsasən işğaldan azad edilən Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında aparılan bərpa-quruculuq işlərinin həcmi ilə bağlıdır.
Qlobal səviyyədə baş verən məlum səbəblər üzündən dünyada investisiya qoyuluşu azalıb. Çünki investorlar risk etmək istəmirlər, gərginliyin bitməsini gözləyirlər. Bu səbəbdən ölkəmizə də xarici sərmayə qoyuluşu azalıb. Buna baxmayaraq, ölkəmizdə olan münbit investisiya mühiti və iqtisadi göstəricilərinin yüksək olması xarici sərmayə qoyuluşunu dayandırmayıb. Hesabat dövründə xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycan iqtisadiyyatına 970,3 milyon manat investisiya qoyulması da bunu təsdiqləyir. Həmin investisiyanın 95,1 faizi Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, ABŞ, Türkiyə, İsveçrə, Yaponiya, Rusiya, Norveç, İran, Hindistan və Fransa sərmayədarları tərəfindən yatırılmışdır.
Məlumdur ki, hazırda Milli Məclisdə 2024-cü ilin dövlət büdcəsinə dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi müzakirə olunur. Vurğulayaq ki, 2024-cü ilin dövlət büdcəsində işğaldan azad edilən ərazilərin bərpa edilməsi üçün 4 milyard manat vəsaitin ayrılması nəzərdə tutulmuşdu. Dövlət büdcəsində edilən dəyişikliklər isə bu sahəyə əlavə 1 milyard 160 milyon manat vəsaitin ayrılmasına imkan yaradacaq.

Rüstəm KAMAL,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video