Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və yenidənqurma prosesinin səmərəli təşkili, iqtisadi fəaliyyətin genişləndirilməsi və investisiya imkanlarının artırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Anar Axundov Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində təşkil olunan “Mina təhlükəsi ilə üzləşmiş şəhərlərin bərpasına siyasətlərin inteqrasiyası” mövzusunda panel sessiyada çıxışı zamanı deyib.
O bildirib ki, ölkəmizin işğaldan azad edilmiş 12 yaşayış məntəqəsində daşınmaz əmlak və infrastruktur obyektlərinin inventarizasiyası prosesi artıq başa çatdırılıb.
Nazir müavini qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin bərpası və dayanıqlı inkişafı Azərbaycanın əsas strateji prioritetlərindəndir. Bu proses təhlükəsiz məskunlaşma, iqtisadi reinteqrasiya, investisiyaların cəlb edilməsi və yeni iqtisadi imkanların yaradılmasını əhatə edir.
Onun sözlərinə görə, humanitar minatəmizləmə ilə iqtisadi inkişaf birbaşa əlaqəlidir. Minatəmizləmə yalnız təhlükəsizlik tədbiri deyil, eyni zamanda, infrastrukturun qurulması, investisiyaların cəlb edilməsi və uzunmüddətli iqtisadi artım üçün zəruri şərait yaradan mühüm amildir. İnvestisiya mühitinin yaxşılaşdırılması, istehsal fəaliyyətinin təşviqi və sahibkarlığın inkişaf etdirilməsi məqsədilə işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı dəstək və güzəşt mexanizmləri tətbiq olunur.
Anar Axundov diqqətə çatdırıb ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında vergi uçotunda olan və bilavasitə həmin ərazilərdə fəaliyyət göstərən fiziki və hüquqi şəxslər 2033-cü il yanvarın 1-dək ƏDV və gömrük rüsumlarından azaddırlar.
İqtisadi siyasət mina fəaliyyətinə də birbaşa dəstək verir. Belə ki, işğaldan azad edilmiş ərazilərdə və müharibədən zərər çəkmiş digər ərazilərdə minatəmizləmə işlərində istifadə olunan avadanlıq və texniki vasitələrin istehsalı və satışı ƏDV-dən azaddır.
Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə, o cümlədən sənaye parklarında istehsal fəaliyyəti ilə məşğul olan müəssisələr indiyədək idxal etdikləri maşın, texnoloji avadanlıq və xammala görə vergi və gömrük rüsumları üzrə ümumilikdə 17,4 milyon manat məbləğində güzəştlərdən yararlanıb.