Bundan əvvəl Berlində "Rus Evi"nin fəaliyyəti qadağan edilmişdir
Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Almaniya hökumətinin Berlindəki “Rus Evi” ilə bağlı müqaviləni ləğv etmək qərarından sonra Höte İnstitutunun ölkədəki hər üç filialının bağlanacağını bildirib.
Sergey Lavrov bunu sentyabrın 3-də Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda (ŞİF) elan edib. Çıxış Xarici İşlər Nazirliyinin YouTube kanalında yayımlanıb. Nazir bildirib ki, "almanların burada - Moskvada, Sankt-Peterburqda və Yekaterinburqda Höte İnstitutunun filialları var. Əlbəttə ki, mədəniyyət mərkəzimiz qovulduqdan sonra onlar bağlanacaq. Əks halda, özümüzə hörmət etməmiş olarıq". S.Lavrovun bu bəyanatı Almaniya hakimiyyətinin bir gün əvvəl Rusiyaya qarşı sanksiyaların sərtləşdirildiyini elan etməsindən və avqust ayında Leypsiq hava limanında baş verən dron hadisəsində Moskvanı günahlandırmasından sonra verilib.
Almaniya hökuməti cavab tədbirlərinin bir hissəsi olaraq Bonn şəhərində yerləşən sonuncu Rusiya baş konsulluğunu 18 sentyabr tarixinə qədər bağlamaq və Berlindəki “Rus Evi”ni tənzimləyən müqaviləni ləğv etmək qərarına gəlib. Bu barədə Almaniyanın xarici işlər naziri Yohan Vadeful bildirib. Eyni müqavilə Höte İnstitutunun Rusiyadakı işini tənzimləyirdi. Bundan əlavə, Berlin Rusiya vətəndaşlarının girişinə nəzarəti gücləndirəcək və Rusiyanın "kölgə donanması"na qarşı tədbirləri gücləndirəcək.
Almaniyalı müstəntiqlər Leypsiq hava limanında pilotsuz təyyarə ilə hücum cəhdində iki şübhəlini müəyyən ediblər. Bu barədə "Die Süddeutsche Zeitung" qəzeti, eləcə də NDR və WDR televiziya kanaqlları məlumat yayıb. Bildirildiyinə görə, şübhəlilər hazırda Latviya vətəndaşlığı olan rusiyalı və Rusiya vətəndaşlığı olan belarusdur. Rusəsilli şəxs planlaşdırılan hücumun logistik təşkilatçısı və təlimatçısı hesab olunur və onun Rusiya kəşfiyyat orqanları ilə əlaqələrinin olduğu deyilir. O, iyulun sonunda Berlin - Brandenburq hava limanına uçub, sonra icarəyə götürülmüş avtomobillə Leypsiq istiqamətində hərəkət edib. Planlaşdırılan hücumdan iki gün əvvəl o, Almaniyanı tərk edərək eyni hava limanından geri qayıdıb. Belaruslunun isə əvvəllər başqa cinayətlərə görə məhkumluqları olub. O, ölkəyə aprelin sonunda Minskdə verilmiş İtaliya turist vizası ilə gəlib.
Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt hücum cəhdinin peşəkarcasına planlaşdırıldığını və həyata keçirildiyini, bunun üçün "yüksək səviyyəli texniki təcrübə və əhəmiyyətli təşkilati xərclər" tələb olunduğunu qeyd edib. O, hücumda birbaşa iştirak edənləri "aşağı səviyyəli agentlər" adlandırıb.
Leypsiq-Halle hava limanı Almaniyanın ən vacib yük hava limanlarından biridir və eyni zamanda hərbi nəqliyyat üçün əsas logistika mərkəzidir. Bu hava limanında Ukraynaya məxsus An-124 yük təyyarəsinə qarşı iddia edilən təxribat cəhdi avqustun 4-də baş verib. Müstəntiqlərin sözlərinə görə, təxribatda cən azı 3 dron iştirak edib. Onlardan biri partlayıcı maddələrlə silahlanmış vəziyyətdə bir neçə Ukrayna yük təyyarəsinin yaxınlığında aşkar edilib. İkinci, ehtimal ki, birinci aşkar edildikdən bir neçə dəqiqə sonra DHL yük təyyarəsinə çırpılıb. Üçüncü dron hadisədən 10 gün sonra - avqustun 14-də hava limanının qərbindəki bir sahədə tapılıb. Müstəntiqlər uçuş aparatının yaxınlığında təxminən 50 qram maddə - heksogen aşkar ediblər.
Rizvan CƏFƏROV,
"Azərbaycan"