Ermənistanda siyasi müstəvidə müşahidə edilən qütbləşmə getdikcə dərinləşməkdədir. Bütün bunların fonunda Moskva ilə İrəvan arasında vəziyyət daha da kritik hədd alıb. Yəni Ermənistanda anti-Rusiya ab-havası zaman keçdikcə daha da güclənir. İrəvan düşdüyü vəziyyətə görə bir çox xarici dövlət, o cümlədən də əsas müttəfiqi olan Rusiyanı ittiham edir. Elə buna görədir ki, bütün istiqamətlərdə Rusiyanın maraqlarına uyğun gəlməyən addımlar atır.
Göründüyü qədərilə rəsmi İrəvan hərbi müttəfiqi Rusiyaya qarşı çıxaraq Qərbin verdiyi vədlərə güvənir. Hər halda Paşinyan hakimiyyətinin nümayiş etdirdiyi xarici siyasətdə konkret seçim etdiyi görünür.
Erməni politoloq Stepan Danielyan deyib ki, Ermənistanın hazırkı hakimiyyətinin xarici siyasət kursu yoxdur. Onlar qərarları ani verirlər və bu, xaricdən diktə olunur. Bildirib ki, Ermənistan de-yure Avropa Birliyinə gedir, amma de-fakto artıq BRICS-dədir. Ermənistanın bütün iqtisadi layihələri BRICS-lə bağlıdır. Qonşuları da BRICS-lə əməkdaşlığa can atırlar. Lakin hökumətin fəlakətli səhvlərindən biri Rusiya qoşunlarını Ermənistan-Türkiyə sərhədindən çəkmək olacaq. Hələlik bu qərar verilməyib, amma hakimiyyət Rusiya qoşunlarının Ermənistandan mərhələli çıxarılması imkanlarını istisna etmir.
Danielyan iddia edir ki, Ankara Rusiya qoşunlarının Ermənistanda olmasına öz sərhədinin müdafiəsi kimi baxır, çünki PKK terrorçularının buradan ölkəyə girməyəcəyinə inanır: "Rus ordusunun gedişindən sonra Türkiyə Ermənistan ərazisində antiterror əməliyyatı keçirmək üçün legitim haqq əldə edəcək. Başqa sözlə, rus ordusu təkcə Ermənistanı Türkiyədən yox, həm də Türkiyəni PKK-dan qoruyur. Hazırda Qafqazda Rusiya, İran və Türkiyə arasında konsensus yaranır. Bu ölkələrdən birinin gedişi konsensusu pozacaq. Nəticədə ərazimizdə sözügedən ölkələr arasında böyük müharibə başlayacaq".
Digər erməni politoloq Robert Qevondyan isə qeyd edib ki, Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampın seçilməsi Ermənistanın maraqlarına uyğun deyil. Bildirib ki, Tramp artıq bəyan edib ki, seçiləcəyi təqdirdə Cənubi Qafqaz prioritet olmayacaq, Ukrayna isə sülh naminə Rusiyaya güzəşt etməlidir.
Qevondyanın fikrincə, Tramp iqtisadi amili geosiyasi məqsədlərdən öndə tutur: "Trampın konkret siyasəti iqtisadiyyatla bağlıdır, yəni hər hansı bir regionda iqtisadi imkanlar, çoxlu pul qazanmaq şansları olmasa, bunlar ABŞ-ni maraqlandırmayacaq. Bunu 2020-ci ildə baş verən 44 günlük müharibədə də gördük, ABŞ Cənubi Qafqazı unutmuşdu. Tramp seçilərsə, bu, Ermənistan üçün ciddi problem olacaq. Əlbəttə, heç kim Kamala Harsisin seçiləcəyi təqdirdə Ermənistanın uğur qazanacağını söyləmir, amma o, bizim üçün faydalı ola bilər, bu halda Amerika regionu tərk etməyəcək. Tramp seçilsə, ABŞ-ni regiondan dərhal uzaqlaşdıracaq".
Elçin CƏFƏROV,
"Azərbaycan"